Nəsimi sözünün
ecazkar vüsəti
Ədəbiyyat tarixinə
ümumi şəkildə nəzər salsaq söz sənətinin
üç böyük tarixi mərhələ keçdiyinin
şahidi oluruq. Birinci mərhələyə
folklor və şifahi yaradıcılıq nümunələri
daxildir. Bu halda söz sənəti öz
sadəliyi, aydınlığı və
axıcılığı ilə seçilir. Daha çox sadə təzad, cinas, təkrir, təşbih,
məcaz və istiarələr işlənir. Yəni şair sözü, sözün hüsnilə
yoğrulur.
İkinci və zəngin mərhələ klassik ədəbiyyatı
əhatə edir. Bu dövrə xas ədəbi üslub bir neçə
cəhətdən diqqəti cəlb edir:
1.
Türk sözləri ilə yanaşı, ərəb və fars sözlərinin geniş işlənməsi;
2.
Müxtəlif mənşəli sözlər arasında
uzlaşma;
3.
İslam mədəniyyəti ilə bağlı yeni anlam və
düşüncə tərzi;
4. Ənənəvi
motiv, mövzu və süjetlərin yeni təəssürat
bağışlayan müxtəlif üslublarda təzahürü;
5.
Sözlərin bədii-poetik baxımdan qəliblənməsi;
6.
Şeir şəkilləri, obrazlar və bədii deyim və
ifadələrin ənənəvi şəkil alması.
Qazi Bürhanəddinin əsərlərində həm
Divan ədəbiyyatına xas zəngin şeir növü və
şəkilləri, həm də bədiiyyat sisteminə aid
poetik qəlibləri və ifadə vasitələrini müfəssəl
şəkildə izləmək olar. Bununla belə, Divan ədəbiyyatı
ənənələri bu hökmdar şairin
yaradıcılığında tam oturuşmamış və
təsbitləşməmiş halda qalır. Onun
şeirlərində şifahi xalq
yaradıcılığından gələn motivlər və
ənənələr, həm də yerli ədəbi ənənələr
mühüm yer tutur. Eyni zamanda, Qazinin
poeziyasında təsəvvüf motivləri də qabarıq
deyildir. Bir sözlə, Qazinin bədii irsi
qəliblənmiş Divan şeirinin bütün incəliklərini
və dərinliklərini əhatə etmir. Bununla belə, milli ədəbi ənənələrin,
dil-üslub xüsusiyyətlərinin klassik Divan ədəbiyyatında
işlənməsi və onlara yeni həyat verilməsi
baxımından Qazi Bürhanəddinin xidməti
böyükdür.
Anadilli
Divan ədəbiyyatında bədii dilin poetik baxımdan
cilalanmasında, heç şübhəsiz ki, Nəsiminin xidməti daha
böyükdür, yəni o, anadilli şeirimizin yerli
dil-üslub cəhətdən Divan poeziyası qəlibində
təşəkkülü prosesini başa
çatdırmışdır.
Nəsimi öz düşüncələrini son dərəcə
səmimi və inandırıcı bir dil ilə qələmə
almışdır. O, Azərbaycan dilində yaranan şeirin ölməz
nümunələrini yaratmış, Orta əsrin ədəbi
janrlarında gözəl əsərlər
yazmışdır. Şairin bədii dili olduqca
zəngin, söz ehtiyatı çoxdur. O, bir tərəfdən
idiomatik ifadələrlə zəngin olan canlı
danışıq dilinin imkanlarından bacarıqla istifadə
edir, ikinci tərəfdən isə klassik şeir dilinin
çox yayılmış bədii ifadələrini məharətlə
işlədir, eyni zamanda ərəb, fars
şeirinin ifadə vasitələrindən bəhrələnməklə
şeir dilimizi zənginləşdirir.
Nəsimi Azərbaycan ədəbiyyatında ana dilində
yaranan şeirin şəkli xüsusiyyətlərinin təkmilləşməsində
də çox mühüm rol oynamışdır. O, hər şeydən əvvəl
əruz vəzninin müxtəlif bəhrlərində və
müxtəlif şəkillərində Azərbaycan dilində
şeirlər yazmışdır. Nəsimi əruz
vəzninin bəhrlərini Azərbaycan dilinin xüsusiyyətlərinə
uyğunlaşdırmağa çalışmışdır.
Daxili qafiyələr yaratmaq, şeirin musiqisini təmin
etmək istərkən, şair dilin təhrif edilməməsinə
də diqqət yetirmişdir.
Nəsimi bir sıra şairlərdən fərqli olaraq
şeirin qafiyəsinə xüsusi əhəmiyyət
vermiş, hər üç dildə yaratmış olduğu
şeirlərdə Orta əsr poetikasının tələblərinə
uyğun olaraq müvəffəqiyyətli qafiyələr
işlətmişdir. Şair qafiyələrinin təkrar edilməməsi
üçün rədif qafiyələrə daha çox
fikir verir. Bəzən misranın
yarıdan çoxu rədif kimi təkrar edilir. Məsələn:
Üzünü
məndən nihan etmək dilərsən, etməgil,
Gözlərim yaşin rəvan etmək dilərsən,
etməgil.
Bərgi-nəsrin
üzrə mişkin zülfünü sən
dağıdıb,
Aşiqi bixaniman etmək dilərsən, etməgil.
Qaşların
qövsündə müjganın xədəngin gizləyib,
Ey gözü məstanə, qan etmək dilərsən,
etməgil.
Sona qədər eyni ahənglə davam edən bu
şeirdə misranın yarısından çoxunu "etmək
dilərsən, etməgil" rədifi tutur. Rədiflərdən
belə çox istifadə etmək şairi qafiyə yeknəsəqliyindən
qurtarır.
Şairin
eyni şəkildə başqa bir qəzəli də vardır:
Zülfünü
ənbərəfşan etmək dilərsən, etməgil,
Qarəti-din, qəsdi-can etmək dilərsən, etməgil.
Yuxarıda qeyd edilən ümumi mülahizələrdən
aydın olur ki, Nəsimi anadilli şeirimizin istər forma və
şəkil, istərsə də məzmun cəhətdən
təşəkkül və təkamülündə önəmli
yer tutmuşdur. Ancaq burada bizim məqsədimiz Nəsiminin
hər şeydən öncə sözə münasibətini
və bununla bağlı onun klassik söz sənətində
yaratdığı bir sıra özünəməxsus cizgiləri
konkret nümunələrlə ortaya qoymaqdır.
İlk növbədə qeyd etməliyk ki, Nəsimi
sözə tam mənası ilə hakim olan qüdrətli sənətkardır
və onun poetikası daha cilalı və daha zəngindir. Xilqətin əsasını
sözdə axtaran Nəsimi düşüncənin də əsasını
sözdə görür. Nəsimi
üçün söz hər şeydir və eyni zamanda hər
şeydən üstündür. Söz
eyni zamanda müqəddəsdir, Allahın kəlamı da
sözlə öz ifadəsini tapmışdır. Bu
fikir öz əksini şairin "Sözü rəhmanir-rəhim,
məcmui-Quran göstərir", - misrasında da tapır. Nəsimidən öncə də müsəlman
Şərq mədəniyyətində sözün məqamını
uca bilmişlər və bu səbəbdən onu inciyə,
dürrə, saf suya bənzətmişlər, hətta
sözü bütün dəyərli seylərdən
üstün hesab etmişlər.
Nəsimi böyük bir məktəb keçmişdir. Təsadüfi
deyil ki, XIV-XVI yüzilliklərdə hürufilik
ideyalarının geniş yayılması Nəimi və Nəsiminin
adı ilə bağlıdır. "Ey Nəsimi -
"Cavidani-namə"dir Həlli-əşkari-cəmü-müşkilat",
- beytini yazan Nəsimi, Fəzlullah Nəiminin "Cavidannamə",
"Növnamə" ("Yuxu haqqında kitab"),
"Əsrarnamə" və "Vəsiyyətnamə"
əsərlərinin sayəsində hürufiliyin elmi əsaslarına
yiyələnmişdir. Aşağıdakı beytlər
söylədiklərimizin Nəsimi sözündən
qaynaqlandığını şairanə şəkildə təsdiqləyər:
Elmi-hikmətdən
bilirsən bir bəri gəl, ey həkim,
Sən Nəsimi
məntiqindən dinlə, Fəzlullahı gör!
***
Fəzli-ilahə
canını eylə fəda, Nəsimi, sən,
Olma məlul,
ayıtma kim, bəndü həsar
içindəyəm.
***
Hər
ki, Nəsimitək sücud Fəzli ilahə qılmadı,
Div kimi bu gün anı bəlkə bu yolda dayinə.
***
İrmiş
idi Nəsimiyə Fəzlin inayəti,
Kövnü məkanü sübh ilə şam olmadan hənuz.
***
Adım Nəsimidir,
bu gün oldum kəlami-natiq uş,
Həm
ayinə, həm nuri-həq,
həm
Fəzli-yəzdan olmuşam.
***
Favü
zadü lamdır Fəzli-ilah,
Fəzlinə qurban edəlim canımız.
Abbas əl-Əzzaviyə
görə, "... Nəsimi ustadı Fəzlullahdan
daha çox səs salmış, hürufilik yoluna sapanlar
arasında yüksək mövqe qazanmışdır. Heç kimin etmədiyini o etmişdi. Nəsimi olmasaydı, hürufilik sönər,
batardı".
Nəsiminin dövründə hürufilik bir məslək,
əqidə, dünyagörüşü kimi geniş
yayılmışdır. ... Öz kökü
ilə xalqa bağlı olan bu təriqət xalqın ruhunu,
ictimai-siyasi görüşlərini, həyata münasibətini
əks etdirirdi. Nəsimi yazır:
Gərçi
bu gün Nəsimiyəm, haşimiyəm, qureyşiyəm,
Məndən uludur ayətim, ayətə, şanə
sığmazam.
Nəsimi sözü öz mənşəyini bu
qaynaqlardan əxz etdiyi üçün şair sözün məqamına
məhz elə bu baxımdan yanaşır. Əlbəttə,
hürufilikdə söz və hərfə xüsusi münasibət
vardır və şair həmin firqənin ideologiyasını
daşıdığı üçün sözü dəyərləndirərkən
Fəzlullahın ideoloji doktrinasının təsiri altında
qalır. Bu fikir yuxarıda qeyd etdiyimiz
şeirlərdə bir daha şairin dili ilə təsdiqini
tapır.
Nəsiminin söz sənətinə münasibəti
onun həm də sözə olan sevgisindən qaynaqlanır. Buna görə
sözü bacardığı qədər cilalayır və
ürəyəyatımlı şəklə salır.
Söhbət tək-tək sözlərdən deyil, söz
düzümündən, sözlərin ahəngdar sıralanmasından, söz və
məna arasındakı əlaqədən, sözlərin
poetik mətndə kəsb etdiyi fərqli və rəngarəng
məna incəliklərindən gedir.
Qeyd edək
ki, Nəsimi klassik Şərq poetikasını dərindən
bilən usta sənətkardır, belə ki, o, əruz və
qafiyə ilə yanaşı, bəlağət kateqoriyalarını mükəmməl
mənimsəyən şairdir. Həmin
kateqoriyaların "Quran" bəlağətindən
qaynaqlandığını nəzərə alsaq, deyə bilər
ki, bu deyilənlər onun söz sənətində geniş
şəkildə və məharətlə işlənmişdir.
Söhbət Nəsimi sözünün ecazkar bəlağətindən
gedirsə, bir məqamı da qeyd etməyi zəruri hesab
edirik. Nəsiminin sənətkarlıq xüsusiyyətlərini
dövrün ab-havası, şair sözünün ehtiva etdiyi
məna tutumu və Şərq poetik sistemi bucağından
1990-cı ildə filologiya üzrə fəlsəfə
doktoru, dosent Səadət Şıxıyeva tədqiq
etmişdir.
Onun "Nəsiminin lirikası" adlı
dissertasiyasında Orta əsrlər Şərq poetikası əsərlərinə
istinadən təşbeh, eyham, istiarə, müraatün-nəzir,
epitet, hüsni-təlil, irsalül-məsəl, cinas kimi
fiqurların Nəsimi şeirlərindəki funksiyası
açıqlanmışdır.
Nəsimi şeirlərinin klassik Şərq poetikası
işığında təhlili üçün iki
mühüm cəhət diqqət mərkəzində
dayanır.
Bunlardan biri və birincisi:
1.
Şairin şeirlərində əruz və qafiyə ilə
yanaşı, ahəngdar nizam yaradan digər poetik vasitələrin
geniş işlənməsi.
Həm
Lövhü Tovratü Zəbur, İncilü Quranü sühəf,
Həm mən
kəlami-natiqəm,
həm
cəm'i Quran gəlmişəm.
***
Nigarım,
dilbərim, yarım, ənisim, munisim, canım,
Rəfiqim,
həmdəmim, ömrüm,
rəvanım,
dərdə dərmanım.
Əslində, burda bir məqamı da qeyd etmək istərdim
ki, irfani şairlərin yazılışında, zənnimcə,
ilk və son nöqtə, sözün geniş mənasında,
Nəsimiyə məxsusdur.
Məlum
olduğu kimi, Nəsiminin qəzəllərininin əsas
üslubi xüsusiyyətlərindən biri təkrarlar üzərində
qurulan təntənəli ifadə tərzidir ki, bu da onun qəzəllərinə
xüsusi ahəng və ritm zənginliyi bəxş edir:
Mən
mülki-cahan, cahan mənəm, mən
Mən Həqqə məkan, məkan mənəm, mən.
Klassik Şərq poetikasında da diqqəti çəkən
əsas cəhətlərdən biri - təkrarlar sistemidir. Söhbət
sadəcə sözlərin adi təkrarından deyil,
onların mətndə yaratdığı ecazkarlıq və
işlənmə yerinə görə yaranmış olan
növlərindən gedir. Əslində, təkrirdən
danışarkən bir məqamı qeyd etməyi vacib bildik.
Belə ki, beyt və ya qəzəl boyu yerdəyişmə
yolu ilə işlədilən hər söz təkrir
olmayıb, məzmuna incəlik qatan "raddus-sadr aləl əcz"
və onun əks növüdür:
Dutdu
gülzari-cəhani əbri-gövhərbar bar,
Bar-darəd əbri-neysan yüz şəqayiqvar var.
Söhbət
təkrirdən gedərkən, təkrar üstündə
sözlərin deyil, ifadələrin
şeirə gətirilməsi nəticəsində yaranan və
bununla da şeirin ritmik ahənginə əsrarəngiz gözəllik
qatan "əks", "təbdil və tədvir"in
adını da çəkmək lazımdır.
Şeirin
düzən və ahənginə ecazkarlıq gətirməklə
yanaşı, seçilən ifadənin əks
versiyasının daha qüvvətli səslənməsi,
şairdən hər cür bacarıq və zəka tələb
edir:
Cana, Nəsimini
gör, gör Nəsimini cana,
İstin qamudan sözü, sözü qamudan istin.
Təkrarlarla bağlı əsas məqamlardan biri də
türk dillərində, o cümlədən Azərbaycan
dilində təkrarlar sisteminin poetik dilin, üslub işlətmələrinin
başlıca stimullarından biri kimi çıxış etməsidir. Bu sayaq mətnlərdə
ritmiklik, şeir əlamətləri güclüdür. Əslində, qədim türk şeiri bu sistemə
söykənir.
Nəsimi yaradıcılığının zəngin məxəzlərini
göstərmək üçün bir məqamı da qeyd etməyi
vacib hesab edirik. Məlum olduğu kimi, folklor və klassik
dövr ədəbiyyatı yerli-milli ənənələr
üzərində təşəkkül tapıb. Bir tərəfdən
folklor və klassik dövr ədəbiyyatının milli ənənələr
üzərində təşəkkülünü, digər tərəfdən,
təkrarlar sisteminin Azərbaycan dilinin poetik dil və üslub
işlətmələrinin başlıca istiqamətlərindən
olduğunu nəzərə alsaq, əlavə heç bir fikir
söyləmədən, İmadəddin Nəsimi
yaradıcılığının klassik ədəbi irsin
müştərək əsasları ilə yanaşı,
milli-yerli ənənələr və mənsub olduğu poetik
sistemə xas özəllik və kateqoriyaların vəhdət
mehvəri olduğunu görürük. Nəsimi şeirlərinin
klassik Şərq poetikası işığında təhlili
üçün mühüm olan cəhətlərdən biri
də aşağıda qeyd etdiyimiz məqamdır:
2. Nəsimi
şeirlərində işlənən poetik vasitə və qəliblərə
gəlincə, onlar həm Şərq poetikasının bəyan
bölməsinə aid obrazlar sistemini, həm də bədiiyyat
bölməsinə daxil olan mühüm söz və məna
gözəlliklərini əhatə edir.
Nəsiminin
işlətdiyi təşbihlər, istiarələr, kinayə
və məcazlar demək olar ki, Divan ədəbiyyatına xas
ənənəvi motivləri ifadə edir, ancaq bunlar
arasında şairin öz fərdi zövq və üslubundan
irəli gələn, yüksək sənətkarlıqla cilalanan zərif
deyimlər daha çox diqqəti cəlb edir. Şairin
ənənəvi motiv və qəliblərə gətirdiyi
yeniliklər həm söz və həm də mənanı əhatə
edir.
Nəsiminin işlətdiyi bədiiyyat sistemi zəngin və
gözəldir, şair hər sözü, ifadəni, ibarə
və deyimi yerli-yerində işlətməklə
yanaşı, söz və məna oyunu qurmaqda da öz məharətini
ortaya qoyur.
Nəsimi sənətkarlığının özünəməxsusluğu
özünü həm də şairin bir poetik formanı digər
poetik forma üstündə nəzmləşdirməsində
də göstərir. Belə ki, Nəsimidə /Bir üzü gül,
qönçə ləb dildar derlər, iştə sən; Sən
gülə bülbül kimi bir zar derlər, iştə mən
/ hüsnül-mətləsi ilə başlayan qəzəlində
"təfriq" sənətindən istifadə edən
şair, sən və mən obrazlarının səciyyəvi
tərəflərini birinci yerdə, obrazların
özünü isə ikinci yerdə şeirinə gətirir,
yəni inversiya yolu ilə verir. Bununla da bir
növ təfriq sənətini, düzəni baxımından
iki və daha artıq anlamı bir obrazda birləşdirən
cəm sənəti ilə müəyyən anlamda səsləşdirmiş
olur.
Qəzəlin özəl cəhəti bir də sən və
mən obrazlarının hüsnül-mətlədə misra
daxilində, qəzəlin mabədində isə beyt boyunca təfriqlənməsinə
bağlıdır.
Son dərəcə orijinal şəkildə yazılan
bu qəzəl həm dilinin, həm məzmununun, həm bədii
ifadə vasitələrinin özəlliyi ilə diqqət
çəkir.
Araşdırmalar əsnasında maraqlı bir məqamla
üzləşdik. Belə ki, Rəfii İmadəddin Nəsiminin özəlliklərini
qabarıq şəkildə göstərmək
üçün "təfriq" sənətindən istifadə
etmişdir:
Ol Nəsimi
- rəhməti-fəzli-xuda,
Ol İmadəddin - sirri- Mürtəza.
Ol şəhidi
- eşqi-fəzli- zülcəlal,
Bəndü - zindanlarda yatan mahü sal.
Ol bəladan
ahü əfğan etməyən,
Söyləyən əsrarı, pünhan etməyən.
Sanki Nəsiminin bir çox formalara olan xüsusi sevgisi,
ona da ayan olmuşdur.
Şərq nəzəri sisteminə həsr olunmuş
kitablarda "mutabaqa" haqqında məlumat verilmədiyini nəzərə
alaraq, bu poetik formanın Nəsimi
yaradıcılığında tutduğu önəmli yeri
göstərməyi vacib bildik. Dil ilə bədiiyyat arasında
körpü duran "bəyan" elminə daxil edilmiş
"təzad", əslində, "mutabaqa"nın
növüdür. "Təzad" sözə
həm məna, həm də bədiiyyat baxımından
gözəllik və özəllik qatan bədii ifadə vasitəsidir.
Araşdırdığımız nəzəri mənbələrə
əsasən "təzad" "mutabaqa"nın
növüdür. Birincisində sözlərin
leksik mənaları təzadlı şəkildə
qarşılaşdırılırsa, mutabaqada misralar bir-birilə
müqabilləşdirilir, sintaktik paralel aparılır.
Yeri gəlmişkən bir məsələni də qeyd
edək.
"Mutabaqa" sənəti Nəsimi
yaradıcılığında Həllac Mənsurla
bağlı mövzuların şairanə əksində
özünü daha qabarıq şəkildə göstərir:
Zülfünün
darində, şaha, asılan Mənsur idi,
Hər ki, Mənsur olmadı, zülfündə bər-dar
olmasın.
***
Gər ənəlhəq
söyləməkdən darə asılmış nə qəm,
Bunca Mənsurin
asılmış başı bər-dar üştə
gör!
Nəsimi şeirə musiqi ovqatı, ahəngdarlıq
qatmağı sevən şairdir. Bu anlamda onun
yaradıcılığında məzduc - sözlərin
qoşa və qafiyəli işlənməsi də önəmli
yer tutur.
Səcdən fərqi, qoşa sözlərin arasında
digər tərkib və sözlərin işlədilməməsidir. "Şərq
poetikasının əsas kateqoriyaları" (Bakı, 2010,
s.161) kitabında bu bədii ifadə vasitəsi öz
açıqlamasını tapıb.
Orta əsr
nəzəri qaynaqlarında "məzduc"un
yeni bir növü ilə rastlaşdıq. Cütləşmiş
həmahəng sözlərdən fərqli olaraq, bu növə
fikir, arzu, əməl və s.-nin bir-birində
qovuşması, birləşməsi, birinin digəri üzərinə
tərtibi özünü göstərir:
Sən
mana yar ol ki, könlüm bir dəxi yar istəməz,
Könlümün dildarı sənsən, özgə
dildar istəməz.
İmadəddin
Nəsiminin əksər qəzəllərinin
"Hüsnül-məqtə" hissəsində
yazdığı beytlər /Peyğəmbər
sözüdür, həm Tanrının kəlamı/, /Nəsiminin
sözü həqdir.../, /Həqdən gələn kəlamın
möcüzdür.../, /Heç kimsə Nəsimi
sözünü kəşf edə bilməz, Bu quş dilidir,
bunu Süleyman bilir ancaq/ və s. misra və beytlər
şairin "Quran"a bağlılığına, ondan
geniş şəkildə bəhrələndiyinə nümunədir.
Bu anlamda Nəsimi yaradıcılığında
"Quran"dan bu və ya digər şəkildə Azərbaycan
ədəbiyyatında istifadənin poetikası - təzmin,
işarə, həll və s. geniş yer verilib.
Nəsiminin maddi-mənəvi irsi, zəngin bədii-estetik
və əqli-mənəvi dünyası dərin bir dəryaya
bənzəyir və bu dəryanın içindəki inciləri
çıxarmaq üçün klassik ədəbiyyatın qəvvası
olmalısan.
Nəsiminin zəncirvari poetik sistem üstündə
yazılan, onun bədii-estetik və mənəvi
dünyasını açıqlayan qəzəllər, onun
iç dünyasının nəzmə çəkilmiş tərənnümüdür.
"Xoş ol kimsəyə kim, vardır həbibi,
səntək məhru, Şəkər göftarü
gülrüxsarü miskin xalü ənbərbu", - mətləli
qəzəli bu silsilədəndir.
Qəzəldə tənsiqüs-sıfat, ləff və
nəşr, təfriq kimi poetik vasitələrdən istifadə
edilib. Onu da qeyd edək ki, bir neçə bədii ifadə
vasitəsinin birgə işlədilməsi klassik Şərq nəzəriyyəsində
zəncirvari poetik sistem deyil, ibda' adlanır. İbda' - bədii
sənətlərin bir çoxunun bir cümlədə və
ya şeirdə işlədilməsidir.
Nəsimi sənətkarlığı bir dəryadır. Onun bir zərrəsinə
sahiblənmək üçün müəllif
sözünün ehtiva etdiyi məna və bu mənanın təqdim
poetikası bucağından çıxış etmək
lazımdır. Ecazkar bəlağət dolu bu sənəti
müəllifin öz sözü ilə bitirək: "Həqdən
gələn kəlamın möcüzdür, ey Nəsimi!".
Sonda tövsiyə xarakterli bir məqamı da qeyd etmək
istərdik.
Şərq ədəbiyyat tarixinə nəzər salsaq, IX əsrin
əvvəllərinə qədər ədəbiyyatın
yeniləşmə mərhələsinə böyük
önəm verildiyinin şahidi oluruq, IX əsrin
üçüncü onilliyindən etibarən "ənənələrə
qayıdış"a ehtiyac duyulur və X əsrin əvvəllərinədək
bu dönəmə üstünlük verilir və hətta X əsr
"Müsəlman intibahı" dövrü adlanır.
Azərbaycan ədəbiyyatının tarixinə nəzər
salsaq, bu "ənənələrə
qayıdış" ifadəsinə rast gəlmirik. Çünki
ədəbiyyatın müxtəlif ədəbi cərəyanlar,
dövrləşmə dönəmində yaşamına
baxmayaraq, ənənəvi ədəbiyyatın qorunub
saxlandığının şahidi oluruq. Düzdür,
müxtəlif dönəmlərdə ənənəvilik,
bir növ, zamanla səsləşmə baxımından
zamanın çərçivəsi daxilində (rəmzlər,
simvollar, məcazlar və s.) və hətta
yaşadığımız həyatın özü qədər
real şəkildə, zamanın fövqündə belə,
öz yaşamını davam etdirmişdir.
Möhtərəm
Prezidentimizin 11 yanvar 2019-cu il tarixli Sərəncamı
ilə 2019-cu ilin "Nəsimi ili" kimi elan edilməsi -
İmadəddin Nəsimiyə, onun şəxsiyyət və sənətinə
verilən qiymətdir. Mən deyərdim ki,
ümumilikdə Azərbaycan mədəniyyət və ədəbiyyatına
verilən yüksək dəyərdir.
Bizim payımıza, bir ziyalı olaraq, ənənələri
qoruyub saxlamaq, onu nəfis şəkildə yaşatmaq
düşər. Bu isə müəllif sözünə,
müəllif mətninə bağlıdır. Unutmayaq ki,
"yazılan söz yadigardır".
Mahirə Quliyeva
Ədəbiyyat qəzeti.-
2019.- 5 oktyabr. S. 22-23.