"Şeir rakursu" rubrikası
Şeir dayanacağı...
İki ayrı yoldan...
...Vaqif Səmədoğlu
1969-cu ildə "Rekviyem"
poemasını yazıb.
Poemanın ideyası
budur ki, biz öz iradəmizdən asılı
olmayaraq bu cahana gəlirik, kimin uşağı, hansı
vətənin övladı
kimi doğulmaq, hansı dənizin sahilində bu dünyaya göz açmaq bizim ixtiyarımızda deyil. Bəs ölüb yenidən diriləndə, yaxud başqa bir varlıq kimi bu dünyaya qayıdanda, görəsən, bizə yaranışımızla bağlı seçim imkanı veriləcəkmi? Biz daş, küçə, kol, türbə, araba təkəri, qaya ətrafında dolanan kölgə, yaxud bir may səhəri kimi dünyaya gələcəyikmi? Məsələn, şair düşünür ki, Dilcan dağlarının dolama yolları
olmaq pis olmazdı,
sonra isə
fikirləşir ki, o yollardan qırx üçüncü ildə
ağır hərb maşınları dağa gedən köçü basıb və oxşar hadisə
onun gələcək həyatında da ola bilər...
Serpuxovda dayanmayıb
Moskvaya çatan qatarın
Səsi olmaq pis olmazdı...
Damından payız yağışı axan
Yük vaqonlarında qatillərlə
Canilərlə bir yerə
Atılmış şairlər olmasaydı...
Şair birdən xəyal eləyir ki, yeni həyatında pələng olmaq olar, sonra yadına düşər ki, köhnə at əti yeyib Tokio heyvanxanasında saxlamaq təhlükəsi də var.
Poema boyunca insan nəyəsə ümid edir və dərhal da bel bağladığı məsələylə
əlaqədar təlaşa düşür. Vaqif Səmədoğlu bu durumu
"qorxuyla ümidin müttəfiqliyi" adlandırır. Həyatı
"qorxuyla ümidin mühasirəsi"ndə təsvir edir. Bütün bu ümid və ümidsizlik sadalamaları
sonda azadlıq düşüncəsi ilə
yekunlaşır. Sonra min bir tərəddüdlə də olsa dilə gətirir ki, "azadlıq olmaq pis olmazdı,
sonradan azadlığı
boğmaq gərək olmasaydı". Və poema belə
sonlanır: "Düşdün ümidlə qorxunun mühasirəsinə. Çıxdın. Allah rəhmət eləsin". Deməli, ölüm bizi qorxuyla ümidin əsarətindən qurtarır. Amma kimsəyə elə
gəlməsin ki, o, başqa bir varlıq kimi dünyaya, bəşəriyyətə daha artıq xidmət edə bilər. İnsan öz ilahi missiyası
ilə
ucadır. Vaqif Səmədoğlu, əslində,
bütün tərəddüdlərindən sonra insanın Tanrı tərəfindən müəyyənləşdirilən missiyasına inanır. Nizami Gəncəvi Allahın insana və
təbiətə tapşırdığı missiya haqda belə
yazır:
Kimə
səxa verib bəxşiş paylasın,
Kimi xəsis edib daim pay alsın.
Nə pay alan
bilir bu işləkləri,
Nə pay verən bilir bu hikmətləri.
Nə atəş bilir ki, yandırıcıdı,
Nə də su bilir ki,
dirilik saçır.
Nizami Gəncəvi ilə Vaqif Səmədoğlu məhz bu müstəvidə
(insan üçün
əsas olan ilahi missiyanı yerinə yetirməkdir) birləşirlər, sadəcə,
Nizami həmin məqama inamla, imanla, Vaqif Səmədoğlu
isə ruhi təbəddülatlarla, şübhələrlə
gəlib çıxır.
"Dayanacaq" isə
eynidir...
İnam sığınacağı
V.Səmədoğlunun "Robin Qud" poemasını xatırlayaq: Poemanın qəhrəmanı dəli
olub, ancaq heç kəs onun niyə dəli olduğunu dəqiq bilmir. Günlərin bir günü kəndə "Robin Qud" filmi "gəlir". Filmin sonunda qəhrəman öz sevgilisinə
qovuşur. Bu filmi dəli Topal da seyr edir və
ondan sonra onu film göstərilən yerdən çıxara bilmirlər. Çünki o, müharibədən sonra xoşbəxtliyinə qovuşmuş insanı
məhz orada tapır. Amma bunu heç kəs anlamaq istəmir, onu zorla oradan çıxarırlar və
dəlixanaya aparırlar. Əsər belə
tamamlanır:
Bilirdi ki,
Bu qaranlıq
Dünya boyda olsa da
Sadiq dostlar
Yetirəcəklər özlərini Robin Quda.
Poemada əsas olan inam məsələsidir.
Yəni insan inandığı həqiqətin ardıyca gedir, ona dönə-dönə
qayıdır. Çünki inam ruh ilə
bağlı məsələdir,
inanmaq ruhun saflığından irəli
gəlir. Rafiq Tağının
"Əsli və Kərəm" adlı hekayəsi var, əsərdə baş qəhrəmanların uşağı
olmur. Onlar həyatlarındakı rəngsizliyi doldurmaq üçün daim komediyaya baxmağa gedirlər. Günlərin bir günü
onların "teatr səfəri" faciəyə
təsadüf edir.
Faciədə isə baş
qəhrəman uşaqdır.
Daha o hadisədən sonra onların hər ikisi çalışır
ki, faciəyə baxmağa getsinlər.
Çünki faciədəki uşaq
onların ümidsizliyinin
bitəcəyi günə
olan inamlarıdır və onlar hər
dəfə faciəyə
baxmağa getməklə
həm də öz inamlarının ardınca gedirlər.
Necə ki, "Robin Qud" filmində qəhrəmanın
sevgilisinə qovuşduğunu
görən dəlinin
qəlbinə inam hissi hakim kəsilir.
Bu məqam da Vaqif Səmədoğlu ilə Rafiq Tağının gözlədiyi
"dayanacaqdır...".
Fərid Hüseyn
Ədəbiyyat qəzeti.- 2019.- 5 oktyabr. S. 25.