"Torpaq ol, yaşa!"
"Ana torpaq"
deyirik ona. Üstündə ilk addımlarımızı atandan son evimiz olana qədər bizi tək qoymur.
Uğrunda qanlar tökülür,
canlar fəda olur onun. Torpaq... Müqəddəs
torpaq...
Knut Hamsunun "Torpağın bərəkəti"
romanını oxuyanda
özünü o yerlərdə
- "Sellanro"da, "Ay işığı"nda hiss edirsən.
İsakla İngerin torpağa məhəbbəti
ona niyə "ana torpaq" deyildiyini bir daha izah edir...
Bu insanların baxımsız torpaqda yaratdığı xariqələrin
əsas səbəbi torpağa sevgi idi. Zəhmətkeş, torpaqda möcüzələr
yaradan isaklar, ingerlər azdırmı?
Azərbaycan elə yurdunu, torpağını
sevənlərin ölkəsi
deyilmi?.. Azərbaycan ədəbiyyatında
torpağa, vətənə
həsr olunmuş saysız-hesabsız bədii
əsərlər, şeirlər
var... Xalqımızın
vətənə, torpağa
bağlı olduğunu
əsrlərdir yazılanlar,
deyilənlər, qəhrəman
oğul-qızlarımız da təsdiq edir... Həqiqətən də igidlər, qəhrəmanlar öz xalqlarının qüruru,
fəxridir...
Yurd-yuvasından didərgin düşənlərin
doğulduqları torpağa
qovuşmaq üçün
necə həsrət çəkdiklərini, şəhid
olan vətən övladlarının canlarını
necə fəda etməsini görməmək
olarmı?
Knut Hamsun "Torpağın
bərəkəti" romanını
yazmaqla sənayeləşmənin
cəmiyyətə gətirdiyi
yenilikləri qəbul
etmədiyini bildirmişdi. Bu əsərlə Nobel mükafatına layiq görülən yazıçı
torpağa sevgini bildirmişdi oxucuya.
Bu sevgi rahatlığın,
az zəhmətin
qarantı olan texnologiyanın yox, insan əllərinin sayəsində yaranmışdı.
Gözlər doymayanda...
Tolstoyun "İnsana çoxmu
torpaq lazımdır"
hekayəsində kəndli
Paxomun torpaqdan gözü doymur. Torpağını artırmaq, əkib-becərib
pul qazanmaq üçün başqa bir şəhərə - başqırdların yanına
gedir. Sövdələşmə
zamanı başqırdların
ağsaqqalı şərtlərini
açıqlayır: bir
günə nə qədər yeri dolaşıb gəzsən,
sənindir, qiyməti
isə min manatdır.
Amma nə qədər dolaşsan da gün batanda burda olmalısan. Əks halda, pulun batacaq.
Paxom sevinir və səhər tezdən yola düşür.
Daha çox torpağa sahib olmaq üçün xeyli məsafə qət edur. Gün batanda ağsaqqalın dediyi yerdə olmaq üçün tez-tez yeriyir, qaçır. Gün əyiləndə
isə sözləşdikləri
yerə qayıda bilir. Yorulub əldən düşən
Paxom çatar-çatmaz
yıxılır, ağzından
qan gəlir və ölür. Bir başqırd muzdur Paxom üçün
boyu uzunluqda - üç arşın qəbir qazır və onu basdırır...
Torpaqdan gözü
doymayan bütün acgözləri gözləyən
aqibəti yazır
Tolstoy bu hekayəsində...
Axırda onlara üç
metr torpaq lazım olur.
Özgə torpaqlarında
ölənlər...
"Torpaq, əgər uğrunda ölən varsa, vətəndir" sözləri
vətənə, ana torpağa məhəbbəti,
şəhidlərin müqəddəsliyini
ehtiva edir. Doğulub boya-başa çatdığın
vətəni sevməmək
olarmı?
Erməni kimi bütün
qəsbkarlar, başqasının
torpağına göz
dikənlər sonda onlara üç metr torpaq lazım
olduğunu bilməmiş
deyillər.
Erməni əsgərlərin,
hərbçilərin qorxaq
baxışları hər
şeyi deyir: Bizi zorla döyüşməyə,
ölməyə göndərirlər.
Biz özgə torpağı
uğrunda vuruşmaq,
özgə torpaqlarında
ölmək istəmirik!
Lələtəpə döyüşü zamanı erməni işğalçılarından geri alınmış torpaqlarımız dilə
gəlsəydilər nələr
deməzdilər bizə? "Nəfəsinizdən, əllərinizin zəhmətindən
ötrü darıxmışıq"
- deyərdilər. Neçə
illik əsarətdən
xilas olmalarının,
yenidən əllərimizin
toxunuşuyla gülüstana
dönəcəklərinin sevincini bölüşərdilər
bizimlə...
"Mənim sadiq yarım..."
Oxuduğumuz kitabların, baxdığımız
filmlərin əksəriyyətinin
əsas mövzularından
biridir torpaq sevgisi. Müharibəyə
həsr olunmuş nə qədər roman, hekayə, şeir, poema var. Hər birini oxuduqda, o mövzuya həsr olunmuş filmlərə baxdıqda biz də özümüzü, sanki
həmin müharibələr
gedən məkanlarda,
təsvir olunan qəhrəmanların yerində,
yaxud yanında hiss edirik. Onlarla birlikdə məğlubiyyət
acısını, qələbə
sevincini yaşayırıq,
ölənlərin halına
acıyırıq. Bütün
bunlar oxucuda, tamaşaçıda intuitiv
olaraq bir hiss oyadır: vətən və torpaq sevgisi. Empati qururuq, oxuduqlarımızı,
baxdıqlarımızı daha yaxşı anlayır, başa düşürük...
Torpaq haqda
saysız-hesabsız şeirlərdən
biri də ömrümüzün sonda
yenə ona həvalə edilməsini diktə edən Aşıq Veysəl Şatıroğlunun şeiridir:
Dost, dost deyə neçəsinə sarıldım,
Mənim sadiq yarim qara torpaqdır.
Bihudə dolandım
boşa yoruldum,
Mənim sadiq yarim qara torpaqdır.
Şairlər torpağı unutmurlar,
onun haqda yazmağı sevirlər. İnsanın doğulub boya-başa çatdığı
müqəddəs torpaq
haqda Zəlimxan Yaqub yazır:
Yaşat dünyanı,
Yaşat cahanı,
Yaşat insanı,
Torpaq ol
yaşa!
Zəlimxan Yaqub
da son evimizin torpaq olacağını bilməyinə baxmayaraq torpaq olub yaşamağı
üstün tuturdu... Adətən,
torpağın son evimiz
olduğunu yazan söz adamlarından fərqli düşünür
Z.Yaqub bu şeiri vasitəsilə.
Demetra
Yunan mifologiyasında da
torpaqla ana birlikdə ifadə olunur. Demetra - torpaq sözündəki
meter ana deməkdir. Demetra yunan mifologiyasında əkinçilik və bərəkət tanrıçasıdır.
Əfsanəyə görə,
Plutos onun
İasiondan olan oğludur. Torpağın ana kimi müqəddəsliyini göstərən
izahlardan biridir bu.
Hamımız sonda köçəcəyik
bu dünyadan, son evimiz, məkanımız
3 metrlik torpaq olacaq. İstəməsək də bu, belə olacaq. Və bunu hamımız bilirik. Bu həyatda alnıaçıq, üzüağ
yaşayanlar da var və çoxdurlar...
Vay o dünyada yerləri cəhənnəm
olacaq pislərin və Paxomun taleyini yaşayanların halına...
Xuraman Hüseynzadə
Ədəbiyyat qəzeti.- 2019.- 5 oktyabr. S. 25.