Klassik filoloji irs müasir ədəbiyyatşünaslıq kontekstində, yaxud qədim mətnlərin həniri

 

 

Bəzən klassik dövr söz adamından bəhs edərkən filoloji düşüncədə ani tərəddüd yaranır və bu bir anlıq çaşqınlıq illərlə sürür; məsələn, bizə elə gəlir ki, Orta əsrlər şairini belə deyək, filosof kimi təqdim edəndə onun masştabı, böyüklüyü, əzəməti boyaboy görünəcək və bu təsadüfdə biz həmin şairi bütün nöqtələri ilə görəcəyik, amma nəticə tərsinə alınır: biz heç nə görmürük, metod elə seçilib ki, bu təsadüfdə şair də, filosof da "oyundan kənarda" qalır. Axı, əgər şair şairdirsə, onu ayrıca filosof kimi incələməyin nə mənası var? Hər şey axı şair adlı, poeziya adlı mətndədir... Bu da var, bəzi tədqiqatçılar təsəvvüf terminologiyasından "əbcəd üsulu" kimi istifadə edirlər, yəni baxırsan, Füzulini həmin o riyazi əbcədlə yaxşı da araşdırır, ancaq... Məni candan usandırdı//cəfadan yar usanmazmı // Fələklər yandı ahımdan//muradım şəmi yanmazmı... kimi, həm də: Sorun kim bu nə sevdadır, bu sevdadan usanmazmı... kimi iddiasız, şərh tələb etməyən, ancaq çox mükəmməl  "eşq düsturu" və onun içindəki dünyanı bürüyən gözəllik... unudulur.

 

Böyük filoloq və ədəbiyyatşünas şübhəsiz ki, elmi düşüncənin masştabı ilə seçilir. Keçən əsrin 50, 60 və 70-ci illər Azərbaycan ədəbiyyatşünaslığının sərhədləri, potensial və nəzəri ümumiləşdirmə çərçivəsi bir neçə şəxsiyyətin yaradıcılığı ilə bəllənir.

 

İllər keçir, zaman dəyişir, adıçəkilən böyük masştablı düşüncə özünün adi gözlə görünməyən mahiyyəti sayəsində dərhal dəyişən zamanın nəbzini tutur və onu özünə uyğunlaşdırır. Bu tipli düşüncə sahibləri yer üzündə barmaqla sayılan qədər olur, məhz bunun sayəsində hər dəfə preroqativlər dəyişəndə, lap elə yolu, istiqamətini dəyişəndə elmi düşüncədə həmin böyük filoloqların qoyduğu izlər, onların "damğası" və möhürü üzə çıxır. Zaman keçdikcə dünyada modalar kimi "izmlər", nəzəri postulatlar, paradiqmalar da dəyişir, yaşayır, əsl mahiyyətini zamanın nəfəsinə verdikdən sonra sıradan çıxır, tarixə çevrilir; hər "izm" və nəzəri postulat keçmişin düşüncə tərzindən təkcə terminoloji bazası ilə fərqlənməyəndə oxuduğumuz, nəsillərin mütaliə etdiyi klassik əsərlərin, bədii mətnlərin mahiyyəti ilə bağlı çoxsaylı suallar yaranır. Bu qəliz suallar klassik və müasir ədbi irsi yenidən oxumaq zərurətini yaradır. Bu zərurət, yəni bədii mətnlərə dəfələrlə, zamanların döngəsində yenidən qayıtmaq şövqü elə bu böyük alimlərin zəkası, onun zamanla açılan qatları sayəsində baş verir.

 

Bir alimin, filoloqun nə qədər əsəri (fundamental, yaxud adi...) çap edilsə də, zaman keçdikcə bunların hamısı bir nöqtənin ətrafında birləşir, bir mətnə çevrilir, həmin əsərlərin içində yad, "xaric" təsiri bağışlayan mətnlər yazıldıqları zamanın vadisində ilişib qalır, həmin nöqtənin deyil, öz oxu ətrafında fırlanır və içindəki sözlər tükənən kimi sakit, ətalətli vəziyyətə keçir. Təsəvvür edin, Firidun bəy Köçərlidən üzü bəri Məhəmməd Füzuli haqqında nə qədər tədqiqat qələmə alınıb, zaman keçdikcə bu filoloji xassəli mətnlərin bir çoxu, bəlkə də böyük əksəriyyəti əsl mənanı tutmadıqlarına görə həmin vadidə ilişib qalıb, ümumi sözlərə çevrilib, ancaq Füzuli yaradıcılığının mahiyyətinə yaxınlaşa bilən əsərlər zamanı həmişə ötüb-keçən, onu özüylə bir hərəkət etdirən nöqtənin ətrafına yığışıb. Üstəlik, nəzərə alaq ki, M.Füzuli haqqında müasir və ultra-müasir metodlarla tədqiqatlar da qələmə alınıb, özü də təkcə bizdə yox, bütün dünyada.

 

Məsələn, Məmməd Cəfər Cəfərovun keçən əsrin əllinci illərində qələmə aldığı "Füzuli düşünür" məqaləsinin ilk sətirlərinə diqqət edin: "Füzulidən sonra dörd yüz ildir ki, Azərbaycan şeiri tərəqqi edir, yeni fikirlər, bədii ifadələrlə zənginləşir. Lakin Füzuli şeiri köhnəlmir, öz təzəliyini, təravətini itirmir, hər hansı dövrdə olur-olsun, Azərbaycan şeirini Füzulisiz təsəvvür etmək mümkün deyil".

 

Məqaləni oxuduqca yuxarıdakı sitatın içindəki məna, daha doğrusu, qoyulan sual (...Füzuli şeiri köhnəlmir...) açılır, həm də bizim indiki təsəvvürlərimizlə çarpazlaşaraq açılır, yəni biz onu oxuyanda, təbii olaraq, beynimizdəki yeni ideya və fikirlərlə ona qarşı durmalı oluruq, müəllif qeyd edir ki, Füzulinin diri qalması, köhnəlməməsi təkcə özündən sonra gələn ədəbi nəsillərə, düşüncə tərzinə təsiri ilə məhdudlaşmır və... "Füzulini yaşadan sözün geniş mənasında xalq olmuşdur". Daha sonra müəllif həmin "xalq məhəbbətinin" parametrlərindən söz açır, yəni filoloji çərçivədən uzaqlaşır, daha doğrusu, bədii mətni xalqın əsərlər boyunca necə oxuması anlamına münasibətdə araşdırır. Alimin məqalə boyunca istinad etdiyi nöqtələr təkəmseyrək olsa da, dəqiq seçilib və bunlar Füzulinin həm idrak aləmini, onun masştabını müəyyənləşdirməyə, həm də şeirinin, Füzuli lirikasının ən qabarıq cəhətlərini ayırd etməyə imkan yaradır. Bizim münasibətdə əsas məqam, yəni alimin mətni ilə fikrən mübahisələrin, zəruri toqquşma və fərqli mülahizələrin kontekstində yaranan obrazı incələməkdir, inamımıza görə, Məmməd Cəfər müəllimin nə yazdığı ilə nə yazmaq istəməsi, ancaq zamanın saxlancından çıxa bilməyən "yazıları" məhz modern, müasir təfəkkür kontekstində açılır, bizə qoşulur, hətta bizim yazılarımızla da mübahisə aparır. Fikrimizcə, hər hansı böyük alimin missiyası və düşüncə genişliyi məhz bundan ibarətdir. Alim yazırdı: "...Feodal dünyasında hökm sürən dini ideyaların tutqun, qaranlıq səmasında Füzuli üzünü əql-idrak günəşinə doğru çevirmiş, çox yerdə eşq adlandırdığı bu əql-idrak günəşində qızınmış, özünün dönə-dönə qeyd etdiyi kimi, bu eşqin parlaq şüalarından mərifət hasil etmiş, zahirdə eşq-məhəbbət, əslində isə zamanına görə elmi bir dünyagörüşü olan ölməz eşq dastanını yaratmış, bu aşiqanə məhəbbət dastanı ilə də səadətin və ədalətin yolunu nurlandırmağa, sağır göylərə sığınmış olan məhkum insana bacardığı qədər həqiqəti deməyə çalışmışdır". Yəni burda bizim təklif etdiyimiz "oxu variantı" hansıdır, mahiyyəti nədən ibarətdir? Fikrimizcə, şair hansı dövrdə yaşayır-yaşasın, həqiqəti deməyə çalışmır, belə olsaydı, yazdığı, xəyalından süzülən nəsnənin bədii mətn forması almasına da ehtiyac qalmazdı, şair istənilən halda, söhbət "xəyal məhsulundan" getdiyi üçün birbaşa və sövq-təbii nəfəsinə gələn duyumları sözə çevirib nələrəsə işarə edir, özü də söhbət Füzuli kimi heç bir təriqətin məkanında ayaq saxlamadan keçmiş "xalis şairdən" gedirsə... Bu fikirlər, müasir filoloji fikirdən hasil olan digər mülahizələr böyük alimin məhz bədii mətni incələməsində meydana çıxır, görürük ki, məsələn, Məmməd Cəfər müəllimin mətni, əslində, bizim düşündüyümüz kimi tək qatlı deyil, üst-üstə yığılmış laylardan ibarətdir, burada həm klassik ülgülərə, həm də müasir dövrün düşüncə tərzinə yer, məkan mövcuddur. Məmməd Cəfər müəllimin tutduğu bir məqam, Füzulini şair edən, sözün böyük mənasında "tərəddüd aşırımları" onun yaradıcılığı və ədəbi şəxsiyyətinin formalaşmasında mühüm rol oynamışdır. Böyük şairin şəxsiyyəti və naturasındakı unikal bir cəhət, rastlandığı, aləmi başına götürən məslək və təriqətlərdən yan keçmək, onlarla mübahisədə nəyinsə təsiri altına düşmədən xalis qəlb şairi olmaq inadı Füzulinin obrazında ən qiymətli aspektlərdən birincisidir.

 

Ey Füzuli, özünü guşənişin et, xümi-meytək,

 

Ola nagah olasan kaşifi-ərari həqiqət.

 

Yaxud:

 

Dərdü möhnət torudur dairəsi dünyanın,

 

Oldur arif ki, belə dairədən oldu kənar.

 

Yəni dairədən kənar olub möhnətə düşməmək, təriqət və fikir cərəyanlarının toruna düşüb  şair varlığını itirməmək duyğusu onun yaradıcılığından qırmızı xətlə keçir və filoloqun da ilk olaraq sezdiyi cəhət məhz budur. Yəni alimlə mübahisədə belə bir fikir də hasil olur ki, Füzuli klassik olduğu qədər də müasirdir, unikal dərəcədə modern poetik düşüncə sahibidir, yəni Füzulinin böyüklüyü filoloqun dediyi kimi, "o, insanı, insan mənəviyyatını, şüurları, zövqləri Orta əsrin hakim, ənənəvi qənaətləri, zehniyyətləri, puç etiqadları çərçivəsindən xilas etməyə can atmış, zamanın hakim ideyalarını və feodal münasibətlərini cəsarətlə ittiham etmiş, bu fikirləri ilə də özündən əvvəlki Azərbaycanın və ümumiyyətlə, Şərqin böyük mütəfəkkir şairlərinin davamçılarından biri olmuşdur". Ancaq bu fikir müasir filoloji təfəkkürdə özünə yer alan ideyalarla toqquşmada yuxarıda qeyd etdiyimiz kimi, yeni layların üstünün açılmasına səbəb olur, yəni "xalis şairin" obrazını yaradan, ilk növbədə, onun dünya və gerçəkliyə qarşı durmasındadır, zamanı ötüb-keçməsindədir. Əgər Füzuli, belə deyək, sufi və təsəvvüf xəttinə qarşı da ironiya ilə yanaşmasaydı, yəni tam olaraq həmin və digər cərəyanların qəlibinə sığmış olsaydı, yuxarıda qeyd edilən inadını gerçəkləşdirə bilməzdi.  Həm də onun qəzəllərində dünyanın ilkin çağında yaranmış mətnlərin "həniri" hiss edilir, sanki böyük şair yazmır, qələmi o qədim mətnin üstüylə gəzdirib, bu səbəbdən Füzuli mətnləri həm çox qədimdir, həm də müasir, bəlkə də ultra-müasir; bu mətnləri oxuyanda bizdə belə bir təəssürat yaranır: ... hansısa bir qədim əlyazmanın sətirlərinin üstüylə yazırsan, bir ömür bir an kimidi burda, ya da bir ah kimi... Hesab eləyirsən ki, bax bu misradan sürüşsən, ömür bitəcək...

 

Müəllif özündən əvvəl Füzuli haqqında yazan digər müəlliflərin əsərlərinə də istinad edir, onlara tənqidi yanaşır. Onun belə bir yanaşması doğrudan çox maraqlıdır, deyək ki, "Leyli və Məcnun" poemasının son fəslində yer alan eşq məvhumu Füzulini izah etdiyi qədər də onu məhdudlaşdırır, yəni qəlb şairi Füzulinin obrazının tamamlanması tam başqa elmi metodlarla açıqlanmalıdır. Bu tezis - Füzuliyə ən müasir elmi-filoloji metodlarla yanaşma ehtiyacı Məmməd Cəfər müəllimin hələ keçən əsrin 50-ci illərinin sonlarında yazdığı məqaləsində qabarıq şəkildə mövcuddur. Alimin Köprülüzadə və İsmayıl Hikmətin Füzulinin eşq anlayışına tənqidi yanaşması da maraqlıdır. "Füzuli təvəkküldə dərin bir ilahi zövq duyan şairdir...". Üstündən illər keçəndən sonra həm Köprülüzadə, İsmayıl Hikmət, Bəkir Çobanzadə və xüsusən də Məmməd Cəfər müəllimin Füzulinin eşq anlayışına münasibətləri, daha sonralar Mir Cəlal Paşayevin böyük qəlb şairinin eşq anlayışına münasibəti necə deyərlər, Füzulinin özünün əsərləri ilə müqayisədə "aydınlaşmış", onları nə dərəcədə izah edib-edə bilməmələri bir kontekstin ətrafına yığışmışdır. Hasil olan mənzərə bir əsr ərzində aparılan tədqiqatların bədii mətnlərə münasibətində nəyin səhv, nəyin doğru olduğunu aşkarlayır. Bu alimləri, o cümlədən Gölpınarlı və A.Qaraxanı tərəddüdlərə sövq edən təkcə təriqət, ilahiyyat, sufilik, təsəvvüf ideyalarının mahiyyətinə varmaq, bunu Füzulinin bədii düşüncəsi ilə əlaqələndirmək problemi deyildir. Əsas məsələ bədii mətnin araşdırılmasında şairin obrazının "yaddan çıxarılmasıdır". Yəni şair, onun qəlbi, naturası... bir maqnit sahəsidir, elə bir cazibə sahəsi ki, qəlbinə, xəyalına yaxın olan (dərman olan...) nə varsa özünə çəkir, özününküləşdirir, yəni hansı əsrdə yaşamasından, hansı fikir cərəyanlarına yaxın və ya uzaq olmasına rəğmən, əsas məqam üslubi başlanğıcdır, daha doğrusu, onun ədəbi şəxsiyyətinin diktəsidir. Diqqət edin: "Üslub yazıçının ədəbiyyata münasibətdə seçim və refleksiya aktı yox, bir az da özündə şey olan şəxsi başlanğıcıdır. Üslub ədəbi mərasimdə xüsusi hüquqlarla çxış edir, o, yazıçının fərdi mifologiyasının dərinliklərindən baş qaldırır və onun məsuliyyətinin sərhədlərindən kənarda çiçəkləyir." Məhəmməd Füzulinin fərdi mifologiyasının dərinliklərini "ölçə" bilmək üçün bu məqam - yəni şairin gerçəklik və dünya ilə müxalifətdə olması ideyası əsas götürülməlidir, onun dünyəvi, yaxud sufi eşqi tərənnüm etməsi məsələsi bu məqamda filoloji təfəkkürün sərhədlərindən kənarda görünür və Məmməd Cəfər müəllim də bunu qeyd edir. Şəxsi başlanğıc, yəni üslubi məqam şairin içindəki gizli materiyanın səsidir, bu səs-zərurətdir, sözün konkret mənasında şair, Rolan Bart demişkən, "varlıqla kənar dünyanın sərhədində doğulur". Daha doğrusu, "üslub - qəribə inkişaf fenomenidir, şəxsiyyətin üzvü keyfiyyətlərindən kənarda meydana gələn bir nəsnədir". Ona görə də, üslubun işarə etdiyi bütün şeylər dərinlərdə, ənginliklərdə yerləşir, bu məsələni sufidir / sufi deyildir oppozisiyası ilə izah və həll etmək mümkün deyildir. Məmməd Cəfər müəllim yazır: "Məsələn, Füzuliyə heç bir zaman sufi demək olmaz, - deyən A.Gölpınarlı ikinci tərəfdən "Leyli və Məcnun" əsərini sufiyanə eşqi tərənnüm edən bir əsər adlandırır və belə hesab edir ki, bu əsərdəki sufi ideyalar da Nizaminin təsiridir. O, hətta Füzulinin qəzəllərində də sufiyanə eşq axtarır". Qeyd edək ki, tədqiqatçı bədii mətnlə işlərkən, onu araşdırdığı zaman o məkanda istədiyi nəsnəni axtarmaq haqqına malikdir, bir şərtlə ki, bu araşdırma və axtarışın kritik məqamında müəllif özü ilə də mübahisəyə girməyi unutmasın, yəni fikirlərini bədii mətnə zorla və ya assosiativ qaydada müncər etməsin. Filoloji təcrübəyə görə, "adi nitq üfüqi struktura malikdir, ona aid olan istənilən gizlin şey, istənilən sirr onun tərkibindəki sözlər kimi eyni bir səthdə qərar tutur və onun gizlətməyə cəhd etdiyi nəsnələr prosesin özündə üzə çıxır". Yəni Füzuli kimi şairin açıq dediyi sözlərlə gizlətməyə cəhd etdiyi nəsnələr prosesin gedişində laylar, strukturlar yaradır və bütün bu gizlinlər oxu zərurəti deyilən bir problemi formalaşdırır. Şairin birbaşa ifadə etdikləri ilə gizli saxladığı şeylərin kəsişməsini tapmaq üçün iti alim gözünə ehtiyac var, bəzi alimlər birbaşa deyilənlərdən məna çıxarır, digərləri ancaq gizlinləri faş etməyə cəhd göstərir və bir sıra, əksər təsadüflərdə də bu gizlinlərin toruna ilişib qalırlar, üçüncü tip alimlər daha sonra, yəni bu ikisi arasında qovğalar bitdikdən sonra meydana gəlir: tədqiqatçı nitqdə ifadə olunanlarla gizlin saxlanılan, alt qatda laylar şəklində sıralanan strukturların vəhdətindən çıxış etməlidir. Yəni dil baxımından yanaşsaq, belə demək olar: nitqdə hər şey birbaşa ifadə üçündür, burada söz, sükut və onların hərəkəti hələlik mövcud olmayan mənaya doğru yönəlir. Yəni tədqiqatların əksəriyyətində Füzuli lirikasındakı məna problemi qoyulmur, sözdən bəhs edilir, qəzəllər şərh edilir, sükutsa yaddan çıxır. Nitq, dediyimiz kimi, üfüqi ölçüdür, üslubsa şaquli, R.Bartın dediyi kimi, o, şəxsi yaddaşın kar və kor sirlərinə bələnmişdir, üslub həmişə metaforadır, yəni müəllifin ədəbi niyyəti ilə onun ruhunun strukturu arasında bir müraciətdir". Məmməd Cəfər müəllim Füzuli lirikasının özəlliklərindən bəhs edərkən yazır: "Göydəki səyyarələr də, Ay da, günəş də şairin nəzərində eşqin, gözəlliyin bir timsalıdır, onun bir təzahürüdür:

 

Günəş lövhi deyil göydə

 

                        şüa üstündə zərrin xətt

 

Fələk almış əlinə bir vərəq

 

                        hüsnün kitabından...".

 

Qeyd edək ki, Füzulini, onun, yaxud digər klassik şairlərin mətnlərinə bu yanaşma, bu şəkildə onları şərh etmək bizim ədəbiyyatşünaslıq üçün bir ənənədir və fikrimizcə, bu ənənə yeni nəfəs və metodla müşayiət olunmalıdır. Yəni Məmməd Cəfər müəllimin Füzuli haqqında, onun məhəbbət lirikasının özəlliklərinə dair tutulan nüanslar gələcək tədqiqatçılar üçün münbit mübahisə zəmini yaradıb-formalaşdırır. Fikrimizcə, hər bir böyük alimin ilkin missiyası da elə budur, Məmməd Cəfər müəllimin Füzulinin məhəbbət lirikasını həm cəmiyyət, həm də özündən əvvəlki və o dövrün poeziyasına qarşı bir müxalifət kimi təqdim etməsi davam etdirilməli bir ideyadır.

 

Cavanşir YUSİFLİ

Ədəbiyyat qəzeti.- 2019.- 5 oktyabr. S. 26-27.