Gəl,
danışaq süd nağılı, süd yoluna axıb gedək...
Dünya bizim yuxumuzdu
biri vardı, biri yoxdu,
bu nağılı
kim oxudu;
deyirlər, dünya
yuxudu,
hələ ki, oyağıq, gedək;
burnumuz kükürd qoxulu,
gözlərimiz süd yuxulu;
gəl, danışaq süd nağılı,
süd yoluna axıb gedək;
harda yoxuq, harda varıq,
buluduq, yağışıq,
qarıq;
bir ayrı dünya axtaraq,
ayrı yerə yağıb gedək;
yediyimiz üzüm deyil,
dediyimiz düzüm deyil;
heç, dünya
da bizim deyil,
dünyadan uzağıq,
gedək;
payıza, qışa
düşürük,
qana, qarğışa
düşürük;
çox şeyi
başa düşmürük,
hələ, çox
uşağıq, gedək;
varımızdı, yoxumuzdu,
acımızdı, ağrımızdı;
dünya bizim yuxumuzdu,
yuxumuzdan çıxıb
gedək.
Bir acı sözdən
yıxıldım
bir acı sözdən yıxıldım,
üzüm-gözüm qan içində;
qayıdın, götürün
məni,
ölmüşəm, bir an içində;
bu nə cığır, bu nə yoldu,
ruhum harda yatıb qaldı;
qarşı dağlar
itib qaldı,
qaldı, kor duman içində;
tanrının haqqı
boynumda,
fələklər öz oyununda;
yurd yeri əli qoynunda,
lalıyır, zindan içində;
könlümü bir od qarsalar,
həsrət saçıma
qar salar;
solur, şipşirin arzular,
qocalır, güman
içində;
kimdi, bizi dilə tutan,
alnımıza güllə
tutan;
gözümüzü küllə
tutan,
min illik yalan içində;
yayda nə var, qışda nə var,
gözündəki yaşda
nə var;
öpdüyün o daşda
nə var,
bu dəli dövran içində;
itib-batan yaddaş
kimin,
dərd də olub, qardaş kimi;
dünya fırlanır
daş kimi,
köhnə dəyirman
içində.
Gedək, bir ömür
yaşayaq
ürəyimə bir söz axıb,
kövrəlib dolduğum
yerdə;
payız nədən
at oynadır,
baharın solduğu
yerdə;
tac oldum, taxtdan yıxıldım,
bir şirin baxtdan yıxıldım;
nədən, tələsib
doğuldum,
dərdin doğulduğu
yerdə;
mən dərdi gördüm, yaxından,
alışıb yandım,
ahından;
anam çəkilmir,
yuxumdan,
saçını yolduğu
yerdə;
hanı arzu, hanı dilək,
nə cinəm, nə də ki, mələk;
göydən daş yağaydı, fələk,
sənə qul olduğum yerdə;
hər tərəfdə
fitnə gəzir,
bu yurdda yad it, nə gəzir;
xeyir-bərəkət nə gəzir,
haqqın boğulduğu
yerdə;
divara kilim yaraşır,
çəkənə zülüm
yaraşır;
adama ölüm yaraşır,
yurddan qovulduğu yerdə;
neynirik, dərdi daşıyaq,
daş götür, dərdi daşdıyaq;
gedək, bir ömür yaşıyaq,
dərdin sovulduğu
yerdə.
Ağlımı kim aldı, deyim
göy üzünü
yarı bölüb,
ağ buludlar, barı kimi;
qara tellərin dağılıb,
könlümün qubarı
kimi;
çəmən çiçək,
bağça çiçək,
sarmaşıb ağaca,
çiçək;
görürsənmi, ağca
çiçək,
saçlarımın qarı
kimi;
doymadım, bu yol-yolaqdan,
su içdim, bir xoş bulaqdan;
payız boylanır
uzaqdan,
rəngi-ruhu sarı
kimi;
ağlımı kim aldı, deyim,
dilim-ağzım laldı,
deyim;
dodaqların baldı,
deyim,
baharın nübarı
kimi;
gözüm baxır,
Ay üzünə,
tellərini yay, üzümə;
çıxım gedim göy üzünə,
səni sevim, Tanrı kimi.
Gəl, burdan çıxaq
gedək
yorub təngə gətirdik,
yolları, yolaqları;
biz dünyanın ən fağır,
ən məsum uşaqları;
harda batdım günaha,
nə qalıbdı, sabaha;
ürəyim küsdü,
daha,
unutdum, bulaqları;
kimin simsarı gəlir,
payız sap-sarı
gəlir;
elə bil, darı dəlir,
fələyin qulaqları;
seldi-sudu, hər
yanım,
kim çağırsın,
oyanım;
əriyir bu dünyanın,
min illik buzlaqları;
hələ sağam,
üzülmə,
nə vaxt gəldim özümə;
rüzgar çırpır
üzümə,
qarları, sazaqları;
buludlar ətək-ətək,
yığışaq, pambıq
didək;
gəl, burdan çıxaq gedək,
sevirəm uzaqları.
Mən adda adam
yoxdu
kimdi, qapımı döyən,
axı, bu gecə vaxtı;
mən nə vaxtdan yatmışam,
təkcə ruhum oyaxdı;
durum gedim hayana,
sular axıb dayanar;
bəs o, alışıb
yanan,
ulduzlar hardan axdı;
tay, qönçələr
boy atmır,
kimsə məni
oyatmır;
əllərim göyə
çatmır,
göy üzü çox uzaqdı;
mən nə sində, nə üzdə,
bu bətdə, bu bənizdə;
ruhum uzaq dənizdə,
bir yelkənsiz qayıqdı;
deyir, bəduğurmuşam,
harda dərd udurmuşam;
deyən, unudulmuşam,
mən adda adam yoxdu.
Saçlarıma bir səhər
çək
gümüş yuxular kimiyəm,
gecələrim çiçək-çiçək;
dönüb qayıtmır
üstümə,
xəyallarım, gerçək-gerçək;
axı, nədən belə kürsən,
elə könlümü
ütürsən;
gedib sənə dərd gətirsəm,
ağla, sızla, birtəhər çək;
mən hansı cığırda azdım,
qar tutubdu alın yazım;
pörşülənib, dilim-ağzım,
göz yaşından bir zəhər çək;
ağca sular axıb gedər,
həsrət məni
yaxıb gedər;
qoyma, ruhum çıxıb gedə,
ürəyinə bir çəpər çək;
dünyanı çapım,
gətirim,
dərdin ağ sapın gətirim;
bir fırça tapım, gətirim,
saçlarıma bir səhər çək.
Daha, yolumu gözləmə
özümə bir dua yazım,
atım, göyün ortasına;
sonra, sonra da, and içim,
bu günün günortasına;
yapışım, bir ağ buluddan,
qoy aparsın, külək məni;
yuxumda sevib oxşayır,
bir ağılsız
mələk məni;
bax, bir azdan,ulduzlar da,
silkələnib töküləcək;
tanrılar da, göy üzündən,
uzaqlara çəkiləcək;
axı, bizi kim danışıb,
bir yalançı nağılıq, biz;
yalan - yalan yuxulardan,
bu dünyaya doğulduq, biz;
mən də, bir eşqin zəvvarı,
ağ buludlar yetim-yetim;
hələ, bir az da yolum
var,
hava qaralınca gedim;
onsuz da, yollar qısadı,
bir gün gələr axır, çatar;
dəli-dəli sevdalardan,
mənə də, bir nağıl çatar;
payız da, qış da, ləngiyir,
yazı, yayı da, bilmirəm;
daha, yolumu gözləmə,
birdən, qayıda
bilmərəm.
Nə var, yoxdan o yana
ox atdım, dağa düşdü,
gedək, oxdan o yana;
alnına nə yazılıb,
o gül baxtdan o yana;
yolu hardan əyirsən,
kola-kosa dəyirsən;
padşah ol, istəyirsən,
yeri, taxtdan o yana;
buludlar
dəstə-dəstə,
ömür gedir, ahəstə;
durub yolların üstə,
qara, ağdan o yana;
bu göy üzü aynadı,
könlüm, gözüm
oynadı;
bir acı su qaynadı,
buz bulaqdan o yana.
kim fırladır, dünyanı,
uçub gedir, bir yanı;
xeyir-bərəkət hanı,
gedib çoxdan, o yana;
dünya belə
hərlənir,
hərə bir cür girlənir;
gözüm yoxa dirənir,
nə var, yoxdan o yana.
Sonuncu dünya
əlini qoy sinəmə,
gör, ürəyim ordamı;
buluddan sel açılıb,
çökür, göylərin
damı;
kimdi, mənim həyanım,
tez çağırın,
oyanım;
Tanrı
quran dünyanın,
divarından
su damır;
bulud çalma-çalmadı,
ayrılıqlar solmadı;
daha bir şey qalmadı,
sular yuyur, odamı;
bu Yer üzü nə sində,
nə saatda, nə gündə;
gözümüzün önündə,
qoca dağlar budanır;
dərd də bir çiçəyüzü,
mən, kimin ögey üzü;
öləziyir, göy
üzü,
sönür, Günəşin
şamı;
daha bəsdi, dayanın,
gəlin, od vurun, yanım;
mən, sonuncu dünyanın,
ən dəlisov adamı.
Quşların son baharı
dönür yayın
sonuna,
quşların son baharı;
yenə qayıdıb gəlir,
ürəyimim qubarı;
bu ömür-gün
bir içim,
gəlim, nazını
çəkim;
yarpaqlar büküm-büküm,
yarpaqlar sarı-sarı;
ağ saçım qardan düşüb,
yolum hasardan düşüb;
alnıma hardan düşüb,
tanrının dərkənarı;
dağ uçdu, qarı böldü,
qəfil daş narı böldü;
göy üzün yarı böldü,
buludların divarı;
qönçələr puçur-puçur,
küləklər hara qaçır;
deyəsən çiçək
açır,
əllərimim qabarı;
ruhum harda çərriyər,
itən yurdda kiriyər;
od yandırma, əriyər,
göy üzünün
kənarı.
Yenə, kimsə gələcək
yenə, o qərib səsdi,
ürəyimi oxudan;
yıxıldım Yer üzünə,
bir qarışıq
yuxudan;
açdılar bələyimi,
yoldular lələyimi;
asdılar ürəyimi,
bir həsrətin oxundan;
Yer üzü günahıydı,
hərə bir padşahıydı;
axı, kimin ahıydı,
tanrıları qorxudan;
dönüb hara sapırdım,
ağrı-acı tapırdım;
yuxuda at çapırdım,
ayaqları qarğıdan;
yorub çatdım, yolları,
hanı, eşqin qulları;
kimdi, bu göy suları,
göy üzündən
axıdan;
buludlar lələk-lələk,
bax, indi töküləcək;
yenə, kimsə gələcək,
bu dünyanın yoxundan.
Nazim Əhmədli
Ədəbiyyat qəzeti.-
2019.- 5 oktyabr. S. 28.