Gözətçi
qadın
(Hekayə)
Xalq yazıçısı Anara ithaf
edirəm
Ayağının altında atılıb-düşən
alabəzək, kənarları dilik-dilik yarpaqları seyr edə-edə,
tələsmədən irəliləyirdi. Yerə
baxa-baxa yol getmək uşaqlıqdan adətiydi. Yerə
baxa-baxa getmək bir az da dincəlmək,
özündən, başqalarından aralanmaq deməkdi. Kiminsə yaxasından qırılıb yerə
düşmüş iri, qara düyməni də,
atılıb qalmış paslı sancağı da artıq
neçə gündür eyni yerdə görürdü.
Hələ uşaqlıqdan bir adəti də
vardı. Özüylə
danışmağı sevərdi. Özüylə
danışarkən ikinci adam olurdu. Dəftərçəsinin
kənarına belə bir cümlə də
yazmışdı: "Hər bir İnsan öz
keçmişi üçün ikinci adamdır". O da
ötüb-keçənləri bir-bir ürəyindən
keçirər, həm də hadisələri
dağınıq halda deyil, nizamla, bəzəkli-düzəkli
şəkildə gözlərinin qarşısında
canlandırar, sonra vaxt tapan kimi qələmə alardı.
Bağın o biri başında, ağacların
arasından üstü qırmızı örtüklü,
çox illər bundan əvvəl tikilmiş bina
görünürdü. Hərdən düşünürdü
ki, bu bina onun alın yazısıdır, taleyinin
üzüdür. Taleyinsə insanın
qarşısına çıxması onsuz da təəccüblü
deyil.
Hər səhər
onu bu binanın qapısı ağzında kasıb görkəmli,
amma ağ, zərif üzündə dopdolu
bir nəciblik hiss olunan gözətçi qadın
qarşılayırdı. Ortayaşlı,
arıqbədənli, xoşsifət qadındı. Bu qadın qapının ağzında oturub həm gəlib-gedənə
nəzarət edir, həm də bir qədər
naşılıqla, taxtadan hazırlanmış, cəmi iki
kitab şkafından ibarət balaca köşkdə kitab
satmaqla məşğuldu. İşə gələn
gündən bu qadını burda görmüşdü.
Yəqin ki, bu qadın lap çoxdan bəlkə
də, hələ bu bina inşa olunmazdan, dünya yaranmazdan əvvəl
burdaydı. Kim bilir... Elə insanlar var
onları nə vaxt tanıdığını ağlına gətirəməzsən
ki... eləcə tanıyarsan, vəssalam. Hər
gün ayağının altındakı çat-çat
olmuş asfalt örtüyü, ağacların arasından
süzülən işığı görməyə adət
etdiyi kimi, bu qadını da qapının ağzında
görməyə adət etmişdi. Qadın
onu görən kimi ayağa qalxır, hörmətlə
salamlaşırdı. O da ehtiramla salamını
alırdı. Sonra qadın ürəyində
onunla hal-əhval tuturdu. O da ürəyində cavab
verirdi. Bilirdi ki, qadın həmişə ona dua
edir. Doğrudur, onu əllərini göyə
açıb dua edərkən görməmişdi. Amma inanırdı ki, qadın hər gün
onunçün dua edir. Qadının
qarşısından keçib yuxarı, ikinci mərtəbədəki
iş otağına qalxardı. Qadın onun
arxasınca boylanaraq "yaxşı yol, oğul, işin
uğurlu olsun!" söyləyirdi. O da ürəyində
qadına təşəkkür edirdi.
Bir adəti vardı ki, işçilərini incitməz, bacardıqca heç kimin xətrinə dəyməzdi. Köməkçisi deyirdi ki, işçilərinə qarşı çox rəhmlisən, təşkilat rəhbəri belə olmamalıdır. Bir qədər sərt olmaq lazımdır! İstehzayla gülərdi. Nədənsə, ürəyinin dərinliyində insanlara yazığı gəlirdi. İnsanlar haqqında düşünərkən özünü də onlardan ayırmazdı. Nə olur-olsun, adam incitmək onluq deyildi. "Bəlkə də, bu qədər lazım deyil, belə aşırı heç lazım deyil, bəlkə də acizlikdir", - deyə özünü danlayırdı. Yəqin ki, doğru qərarlar çıxarmaq üçün polad kimi bərk omaq lazımdı. Elədikləri hərəkətin alt qatına enməyən bütöv, metal səth kimi möhkəm adamlar da vardı. Sərt adamlara baxıb bəzən ürəyində onlara qibtə edərdi. Hərdən belə adamları qapıya da bənzədirdi. Qapı kimi adam. Yalnız özüyçün açılan, özüyçün bağlanan adam. Bənzətməsinə bəzən özü də gülərdi. Adlı-sanlı, tanınmış ailədə doğulub böyümüşdü. Hesabla gərək ki, ərköyün olaydı. Amma tamamilə əksinəydi. Doğrudur, atasından gəlmə qüruru yerindəydi. Heç vaxt söz götürməzdi. İlahidən gəlmə bir hazırcavablığı da vardı. Vəzifəsi də balaca vəzifə deyildi. Hiss edirdi ki, kənardan çox zəhmli görünür. Bəzən ona bir sözü demək üçün yaxınlaşan, dili tutularaq kəkələyən adamlar da vardı. Bu iş yerində təkcə köməkçisi ona istədiyi kimi ərk edə bilirdi. Gözünü açandan köməkçisi onunla bərabər idi. Həm uzaq qohum, həm də qonşu olduqlarından uşaqlıqdan bir yerdə böyümüşdülər. İş elə gətirmişdi ki, ali məktəbdə də birlikdə oxumuşdular. Həyətdə də, elə məktəbdə də köməkçisi hamıdan diribaş idi. Həll edə bilmədiyi heç nə yoxdu. Dərs oxumaqla arası olmasa da, bütün müşkül məsələləri yerindəcə həll edərdi. İnsafən, həmişə onun qayğısına qalardı. Bura, bu məsul işə təyin edilərkən köməkçisi onunla birlikdə gəlmişdi. Əslində, o, heç vəzifə filan sevən də deyildi. Ondan olsa, elə sakitcə yazı-pozusuyla məşğul olar, azad ruhuyla baş-başa qalardı. Köməkçisi həmişə zarafatla deyirdi ki, ay Allah, sən niyə iştahı birinə, yeməyi isə başqasına verirsən axı?..
Bu səhər yenə də qapıdan içəri girən kimi qadınla salamlaşdı. Bu dəfə qadının yanında nimdaş geyimli bir kişi dayanmşdı. Əlində içi köhnə əşyalarla dolu sellofan torba vardı. Tör-töküntülü görkəmindən bir qədər də küçədə dolaşan bomjları xatırladırdı. Qadının həmişə sakit görünən sifətində bir təlaş dolaşırdı. Hiss olunurdu ki, "bomj"la əməlli-başlı mübahisə edib. Elə indi də onun qarşısını kəsməyə çalışırdı. Axı buranın sakitliyini, səliqə-sahmanını ona tapşırmışdılar. Amma bomj görkəmli kişi inadla irəli keçmək istəyirdi.
- Bağışlayın, bu adam sizi görmək istəyir. Nə qədər elədim saxlaya bilmədim, -qadın əməlli-başlı həyəcanlanmışdı, üzündə günahkar bir ifadə vardı - bilmirəm nə istəyir.
Kişi irəli yeridi və birbaşa mətləbə keçdi:
- Pul istəyirəm, başqa nə istəyəcəm ki...
Kişinin üzünə baxdı. Tüklü üzündə həyat nişanəsi görünmürdü. Təkcə gözlərinin dərinliyində zəif bir işartı vardı.
Əlini cibinə atdı. Cibindən çıxartdığı iri pulu onun ovcuna basdı.
Bomj görkəmli kişi, deyəsən, gözlərinə inanmadı. İri açılmış gözlərini ona zillədi. Görünür, əksini gözləyirdi. İlk dəfəydi ki, ona heç bir təmənnasız belə böyük pul verirdilər. Başqa vaxt bir-iki qəpik-quruş alana kimi adamlara ilan dili çıxardır, yalvarıb-yaxarırdı. Qadın ərklə ona təpindi:
- De pulunu
aldın, çıx get!
Kişi səndələdi:
- Gedirəm,
amma yenə gələcəm!
Artıq
hər ay, demək olar ki, eyni vaxtda kişi
bura gəlir, halalca maaşını alırmış kimi
eyni məbləğdə pulunu alıb gedirdi. O qədər gəlib-getmişdi
ki, deyəsən, qadınla da dostlaşmışdı. Bəzən
ara günlərdə də bura gəlir,
gözdən yayınaraq qadının kiçik və isti
köşkünün bir küncündə əyləşib
qızınırdı. Qadın da ona isti
çay süzür, qayğısına qalırdı.
O da ordan keçərkən özünü görməməzliyə
vurur, səssizcə pillələri qalxırdı. Qadın ürəyində kişinin hekayəsini ona
danışmışdı. "Bu kişi
əvvəllər hörmətli adam olub. Sonra
bir günün içərisində, qəza nəticəsində
bütün ailəsini itirib. Birdən-birə
dörd əzizini dəfn edib geri dönüb. Az qalıb dəli ola. Amma dəli
olmayıb, içkiyə qurşanıb. Var-dövlətini,
əlində olan hər şeyini itirib. Bu,
çoxdan olub, indi heç nəyi xatırlamır. İndi kasıb bir daxmada tək-tənha
yaşayır. Bəzən dilənərək,
bəzənsə kiminsə sədəqəsi hesabına
özünü saxlayır, acından ölmür".
Qadın bunları ürəyində
danışmışdı, sonra da ürəyində ona təşəkkür
eləmişdi: "Allah sənin ürəyinə görə
versin!". O da ürəyində
qadına " Bir şey deyil, çox sağ ol!" söyləmişdi
və düşünmüşdü ki, bu kişi
də nə vaxtsa onun hekayə qəhrəmanına
çevriləcək. Bütün bunlar içəridə
baş verirdi. Amma bəlli günlərdə kişi içəridə deyil, çöldə,
düz qapının ağzında, ciddi görkəmdə onu
qarşılayır, pulunu alıb çıxıb gedirdi.
Bu küləkli gündə yadına düşdü
ki, bu gün kişinin pul alacağı gündür. Ona verəcəyi
pulu ayırıb ovcunda gizlətdi. Qapıdan
keçərkən kişini orda görmədi.
Qadından onu soruşdu.
- Daha gələ
bilməyəcək. Ayaqları tutulub. Evinin içində sürünə-sürünə
gəzir. Küçəyə
çıxa bilmir. Yeməyini də
qonşular verir. Evini tanıyıram.
Bizim tərəflərdə qalır.
Ovcunda
tutduğu pulu bir qədər tərəddüdlə
qadına verdi:
- Bəlkə
çatdırasınız...
Qadın kövrəldi, ürəyində minnətdarlıq
elədi.
Beləcə, daha hər ay kişinin pulunu qadına
verirdi.
Bir dəfə kişiyə pul verərkən ürəyindən
keçdi ki, bəlkə qadına da kömək eləsin. Onsuz da məvacibi
elə də yüksək deyil. Yəqin
ki, bunun özünün də ehtiyacı var, havalar soyuqdur əyin-başı
da elə qalın deyil. Əlindəki əlavə
pulu qadının ovcuna qoydu.
- Bunu da
özün xərcləyərsən.
Qadın qəti şəkildə etiraz etdi. - Yox, məvacibim bəsdir!
- qətiyyən olmaz! Pillələri qalxa-qalxa
düşündü: Qəribə adamdır, kasıb olsa da,
çox qürurludur. İndi belə adamlar azdır...
Beləcə, günlər sürətlə gəlib
keçirdi. Hər şey öz rəngində, öz ahəngində
ötüşürdü. Dünya da istədiyi
şəkildə fırlanırdı. İstedadına,
bacarığına görə ona daha böyük vəzifələr
təklif edirdilər. Bəlkə də,
bu çox yaxşıydı. Amma o, imtina
edirdi. Heç nədə gözü
yoxdu. Sakit həyat istəyirdi. Həm də bu idarə ona çox doğmaydı və
ürəyində bir sadiqlik hissi vardı. Onsuz da öyrəşdiyi heç nəyi ata
bilmirdi.
Bir
gün qapıdan içəri girən kimi bir boşluq hiss
etdi. Qapıçı qadın yerində yox
idi. İlk dəfəydi ki, onu
qarşılayan yoxdu. Ertəsi günsə
işçilərdən biri gəlib kədərli səslə
xəbər verdi ki, qadın vəfat edib. Sən demə, ürəyi xəstə imiş.
İlk dəfə qapıdan çıxarkən
ürək ağrısıyla çıxdı. İndi onu hər səhər qapının
ağzındakı boşluq qarşılayır, boşluq da
yola salırdı.
Qadını düşünərkən, eyni zamanda,
bomju da düşünürdü. Bu qadın ona kömək
edirdi. Yəqin, indi o kişi də
qadının yolunu gözləyir.
Bir neçə gün keçmiş, daha doğrusu,
kişiyə pul veməli olduğu gün, ona bir kağız
gətirdilər.
-
Qapıçı qadın sizə kağız yazıb. Ölməmişdən əvvəl
tapşırıb ki, bunu məhz bu gün sizə
çatdırsınlar.
Onu maraq bürüdü, - görəsən, qadın nə
yazmış olar?
Kağızda
əyri-üyrü xətlə bir ev
ünvanı qeyd olunmuşdu. Başa
düşdü ki, bu, bomj görkəmli kişinin
ünvanıdır. Ünvanın
aşağısında isə belə bir cümlə
yazılmışdı:
"Özündən
muğayat ol, onsuz da bu dünya fanidir!".
Uzun-uzadı gözlərini vərəqə zillədi. Qadının
xəttini ilk dəfəydi görürdü. Fikir verdi ki, hərfləri bir-birinə söykəməyib.
Ona elə gəldi ki, hərflər indicə
bir-birinin üstünə aşacaq və sözlər
yıxılacaq.
Sürücünü
çağırıb ünvan yazılmış
kağızı və pulu ona verdi.
Sonra yenidən qadının xəttini xatırladı. Hardansa
oxumuşdu ki, söz səsin şəkil formasıdır.
Qadının səsi qırıq-qırıq
idi, qırılıb tökülmüş təsbeh dənələri
kimi... Qırılıb yerə tökülmüş səs...
Narıngül
Ədəbiyyat qəzeti.- 2019.- 5 oktyabr. S. 29.