Kiçik janrın böyük
sərgüzəşti
"Ədəbiyyat qəzeti"ndə nəşr
etdirdiyim ""Rodnoye slovo" - dilimizin doğma
kitabı" adlı məqalədə böyük rus
pedaqoqu Uşinskinin məşhur dərsliyindəki mətnlərin
sonradan Azərbaycanda yeni bədii düşüncənin
formalaşmasında, xüsusilə də poetik sistemin yerdəyişməsində
oynadığı rolu işıqlandırmağa
çalışmışdım. Məqalədə
qoyulan məsələlərdən biri də "Rodnoye
slovo"dakı bəzi mətnlərin Abdulla Şaiq və
Abbas Səhhət kimi böyük söz ustaları tərəfindən
Azərbaycan dilinə tərcüməsinin dilimizin orijinal mətnləri
kimi qəbul edilməsi, milli yaddaşın sərvətinə
çevrilməsi idi.
Ancaq təəssüflər olsun ki, istər sosial şəbəkə
müzakirələrində, istərsə də bəzi
yazılarda mənim məqaləmdə qoyulan məsələ
öz mahiyyətindən uzaqlaşdırılaraq diqqətdən
kənarda qaldı. Bir daha vurğulayıram ki, məni
maraqlandıran və müasir Azərbaycan ədəbiyyatşünaslığı
üçün aktual olan məsələ estetik sistemin
transformasiyası, konkret desək, Azərbaycan şeir (nəzm)
düşüncəsinin Şərqdən Qərbə yerdəyişməsidir.
Həmin
prosesi müşahidə və təhlil etmək üçün
faydalı yanaşmalardan biri də mövzunun janrın təkamülü
kontekstində araşdırılması ola bilər. Bu qeydlərdə Şərq və Qərb ədəbiyyatı
üçün ortaq janrın - təmsilin sırf
"milli" janra çevrilməsi ilə bağlı
maraqlı bir fakt barədə mülahizələrimi
bölüşməyə çalışmışam.
Söhbət Abdulla Şaiqin 1910-cu ildə qələmə
aldığı "Tıq-tıq xanım" təmsilindən
gedir. Bu əsər dilin və ədəbi təcrübənin,
eləcə də uşaqla ünsiyyətə pedaqoji
yanaşmanın onillər boyunca davam edən
axtarışlarının və tərəddüdlərinin
yekunu idi...
Azərbaycan ədəbiyyatında kökü qədim
zamanlara gedib çıxan təmsil yazılı ədəbiyyatda
klassik divan kanonları çərçivəsində
Ümumşərq səciyyəsi daşıyırdı. Bu da
maraqlıdır ki, təmsil süjetləri yazılı ədəbiyyatdan
şifahi ədəbiyyata keçir, əksər hallarda "xəlqiləşir",
zərb-məsələ və lətifəyə - folklora
çevrilirdi. Paradoks da bundadır ki, eyni
təmsilin şifahi və yazılı variantları fərqli
poetik xüsusiyyətlər daşıyır.
XX əsrin əvvəllərində yaranmaqda olan yeni ədəbiyyatın
qarşısında duran vəzifələrdən biri də
bu iki qütbü bir araya gətirmək, onların sintezinə
nail olmaq idi.
Bu, lokal coğrafi hadisə deyildi, hüdudları Azərbaycandan
kənara uzanırdı. XIX əsr Osmanlı ədəbiyyatında
da Azərbaycan ədəbiyyatı ilə eyni olmasa belə,
oxşar yeniləşmə prosesi gedir, Qərbə meyil, Qərbi
mənimsəmək, özünü Qərbin bir hissəsi
kimi görmək tendensiyası güclənirdi. Bu mürəkkəb prosesdə nəzərə
çarpan gerçəkliklərdən biri ədəbiyyatda
təmsil janrının fəallaşmasıdır. Osmanlıda qərbləşmə hərəkatının
önündə gedən şəxsiyyətlərdən
İbrahim Şinasinin, Əhməd Midhət Əfəndinin,
Tofiq Fikrətin fransız dilindən çevirdikləri əsərlər
arasında Lefontenin təmsilləri xüsusi yer tutur. Tərcümələrdən
başqa, həmin müəlliflərin
yaradıcılığında orijinal təmsillər də
var. Onu da qeyd etməyə dəyər ki, bu təmsillər
istisnasız olaraq məktəbə, təhsilə, yeni nəslin
tərbiyəsinə (o cümlədən estetik tərbiyəsinə!)
yönəldilib...
Ciddi maraq doğuran bir məsələ
də var ki, eyni süjeti olan, lakin fərqli müəlliflərə
aid edilən bəzi təmsilləri Osmanlı şairləri
Lefontendən, Azərbaycan şairləri Krılovdan tərcümə
etmişdilər. Məsələn, "Xoruz və Mirvari dənəsi",
"Cırcırama və Qarışqa" kimi...
Lefontenin
"Xoruz və Mirvari dənəsi", eləcə də
"Cırcırama və Qarışqa" təmsillərini
türk dilinə Rəcaizadə Mahmud Əkrəm, Tofiq Fikrət
kimi türk ədəbiyyatında mühüm yeri və Azərbaycan
bədii düşüncəsinə ciddi təsiri olan
şairlər tərcümə ediblər. "Xoruz və
Mirvari dənəsi" süjetinin Krılov variantını
Azərbaycan dilinə "Vətən dili" dərsliyinin
birinci hissəsində Həsənəliağa xan Qaradağinin tərcüməsində
görürük. Rəşid bəy Əfəndiyev
isə həmin təmsili 1912-ci ildə dilimizə nəsrlə
tərcümə edib.
Avropa və
rus ədəbiyyatından eyni təmsillərin eyni dövrdə
Osmanlı və Azərbaycan dillərinə tərcümə
edilməsinin (o vaxt bu dillər arasında fərq qoymaq da birmənalı
qarşılanmırdı) müxtəlif izahları ola bilər. Mənə elə gəlir
ki, burada ən mühüm faktor təhsilə münasibətdir.
Artıq həm Osmanlıda, həm də Azərbaycanda ədəbiyyat
(təkcə ədəbiyyat deyil, bütövlükdə məktəb!)
uşaqla ünsiyyətin yeni "dilini" axtarırdı və
bu yeni dil həm Avropa, həm də rus dərsliklərinin
nümunəsində cəlbedici görünürdü. Qalırdı həmin təcrübənin "milliləşdirilməsi",
türk dilində (həm Osmanlıda, həm də Azərbaycanda)
qarşılığının tapılması. Bunu Uşinskinin "Rodnoye slovo" dərsliyinin Azərbaycan
uşaq ədəbiyyatına təsirində çox aydın
görürük. Azərbaycan uşaq ədəbiyyatında
rus və dünya ədəbi təcrübəsinə
marağın güclənməsində başlıca məqsəd
Lefonteni və ya Krılovu təqdim və təbliğ etmək
deyil, uşaqla ünsiyyətin yeni tərzini, üslubunu, yeni
estetik sistemini tapmaq və yaratmaq idi.
Bu axtarışlar öz bəhrəsini XX əsrin əvvəllərində
verəcəkdi. Azərbaycan uşaq ədəbiyyatının
indiyə qədər də tərcümə
olub-olmadığına əhəmiyyət vermədiyimiz
şedevrləri yaranacaqdı. Abdulla Şaiqin, Mirzə
Ələkbər Sabirin, Abbas Səhhətin, Rəşid bəy
Əfəndiyevin ən gözəl uşaq ədəbiyyatı
nümunələri bu axtarışların məhsulu kimi
dünyaya gələcəkdi...
1914-cü ildə Osmanlıda Tofiq Fikrətin nəşr
etdirdiyi "Şərmin" uşaq kitabı isə türk
dilinin və ədəbiyyatının, xüsusilə bu dilin
uşaqlarla ünsiyyətinin yeni bir səviyyəsini müəyyənləşdirəcəkdi.
Azərbaycanda "Tıq-tıq xanım"ın
yaranması isə tək Abdulla Şaiq
yaradıcılığının deyil, ümumilikdə ədəbiyyat
tariximizin mühüm hadisəsi kimi qiymətləndirilməlidir.
Bu, uşaqla ünsiyyətin Qərb modeli
idi və həm dil, həm də ictimai psixologiya həmin
modeli yolunu çoxdan gözlədiyi doğma övladı
kimi qəbul elədi.
Yazılı ədəbiyyatda mətnin uşağa
ünvanlanması təzə hadisə olmasa da,
"Tıq-tıq xanım"da müəllif mətnlə
uşaqlar arasındakı ünsiyyətin fərqli bir səviyyəsindən
çıxış edib. Mətn nağıl
danışanın uşaqlara müraciəti ilə
başlayır: "Gəlin sizə, uşaqlar, eyləyim bir
hekayət...".
Müraciətin bu tərzi "Rodnoye slovo", yaxud o
vaxtın yeni tipli dərsliklərindən gəlirdi və həmin
kitabların yaranmasında, həmçinin yeni dərslik
konseptinin formalaşmasında Abdulla Şaiq yaxından
iştirak edirdi.
"Tıq-tıq xanım"ı müəllif ona
görə təmsil adlandırmağa tərəddüd
edirdi ki, bu mətn mövcud janr hüdudlarından kənarda
idi. Əsərin əsas obrazı yalqızlıqdan
şikayət edən Dozanqurdu uşaq dünyası
üçün seçilmiş yeni bədii obraz tipi idi.
Adının çəkilməsi ilə ilk anda
ikrah doğuran, eybəcərlik və çirkab təsəvvürü
yaradan Dozanqurdu kiçik oxuculara qara və çirkin qız
kimi təqdim edilir. Bununla belə, onun təqdimatı
uşaqlar üçün (elə böyüklər
üçün də!) gözlənilməzdir və öz
gözlənilməzliyi ilə maraq doğurur: soğan
qabıqlarından özünə şıq-şıq
çadra tikir, fındıq qabıqlarından tıq-tıq
çarıq geyir, qaşına qara yaxır, gözünə
sürmə çəkir, başına ətir vurur,
özünə bəzək verir və yola düşür.
Əsər boyu ayrı-ayrı detallar öz təbii səsləri,
ilə kino anlayışı ilə desək, interşumla
müşayiət olunur: "Tarak-turak atlılar, atları
qanadlılar", "Saçı uzun Suray xanım",
"Əlini mənə, bəsdərəcik, Yox-yox mən səndən
küsdərəcik" və s.
Əsərdə Dozanqurdunun təqdimatı ilə folklor
yaddaşımız arasında dərin əlaqə var.
"Tıq-tıq xanım"da qaravəlli ifa texnikası və
ritmi düzgülərin ("A teşdi-teşdi-teşdi
kimi...) ritmi ilə bir araya gətirilib. Hekayədəki motivlər
də folklor yaddaşımızdan qaynaqlanır: məsələn,
"Üç bacı" nağılında qalın
meşədə azan üç bacıdan biri rastlarına
çıxan padşah oğluna vəd edir ki, oğlan
onları xilas eləsə, soğan qabığında elə
bir aş bişirər ki, oğlanın bütün qoşunu
həmin aşdan yeyib doyar...
Buradakı
sənət sirrini açmaq üçün nağıl
şərtiliyini - "nağıl yalanını" nəzərə
almaq lazım gəlir: "...nağıl şən bir
farsdır. Nə nağıldanışan, nə də dinləyici
nağılı gerçəkliyə aid etmir... Nağıl məqsədli və poetik fiksiyadır.
O, heç vaxt gerçəkliyin yerinə
çıxış eləmir". V.Y.Propp.
Nağıl
uşaq üçün (həm də elə
böyük üçün!) ona görə maraqlıdır
ki, dinləyən nağılda baş verənləri
fantaziyanın məhsulu olan bir aləmdən, uydurma bir
dünyadan gətirilən xəbər kimi qəbul edir və
qavrayır. "Tıq-tıq
xanım"ın maraqlı cəhətlərindən biri
oradakı obrazların uşaq dünyasının rəngli
fantaziyaları, eləcə də folklor yaddaşı ilə
qovuşmasında, sintez edilməsindədir.
Folklor
yaddaşının və dilin dərinliyindən gələn
bu mətndə Krılovun təmsilləri barədə
Belinskinin göstərdiyi keyfiyyət qüvvəyə minir:
bu hekayəni başqa dilə tərcümə etmək,
başqa dildə səsləndirmək, başqa mədəniyyətə
ötürmək olduqca çətindir. Burada
bir-birini əvəz edən obrazlar (Çoban, Tülkü, Siçan
kimi), həmin obrazların gəldiyi nağıl
dünyası, uşaq təxəyyülünün rəngləri,
oxucu təfəkkürünün miqyasları son dərəcə
millidir. Sözlərin səslənməsi,
təhkiyənin ritmi uşaqların səviyyəsinə və
bədii zövqünə uyğunluğu, səslənmə
ilə məzmun arasında ahəngdarlıq uşaq
düşüncəsinin sərhədlərinin genişləndirilməsinə
xidmət edir. Bundan sonra uşağın kim,
nə, niyə sualları başlayır...
Y.M.Lotman
Krılov təmsillərinin rus ədəbiyyatındakı
yerindən danışarkən bu təmsillərin "mətn"
ilə "əxlaq"
arasında münasibətdə mövcud şablonu
dağıdaraq yeni səviyyə yaratdığını qeyd
edirdi. Y.M.Lotmana görə, rasionallığa əsaslanan təmsil
janrında mətn ilə əxlaqın münasibəti
ümumi qaydaların illüziyası kimi təqdim edilir və
Krılov yaradıcılığı bu sxemdən kənara
çıxır: "Səciyyəvidir
ki, Krılov təmsilin janr rasionalizmini aradan qaldıraraq
"mətn" ilə əxlaq arasında daha mürəkkəb
sistem yaratdı. Onda əxlaq mücərrəd
həqiqətin ifadəsi kimi verilmir, xalq düşüncəsinin,
sağlam fikrin səsi kimi verilir".
Biz bu keyfiyyəti Azərbaycan ədəbiyyatında
Abdulla Şaiqin "Tıq-tıq xanım" (bir il sonra
"Tülkü həccə gedir") təmsilində daha
aydın görürük. Bu əsərlər
uşaqlara (eləcə də böyüklərə!) məişət
səviyyəsində əxlaq dərsi verməyə,
oradakı hadisələrdən ibrət götürməyə
hesablanmayıb. Hətta uşaqların yaş
ölçüsündən kənaraçıxma da
(Tıq-tıq xanımın ər axtarması) nağılda
qalır, real hadisə kimi qavranılmır. Buradakı sənət sehri isə uşaq təxəyyülü
ilə nağıl dünyası arasında bir
bütövlük yarada bilməsindədir. Uşaq dinlədiyinin nağıl olduğunu bilir.
Ona maraqlı olan isə içində
yaşadığı, hər gün gördüyü aləmdən
uzaqda öz ölçüləri ilə mövcud olan
nağıl dünyasıdır. Həmin
dünya uşaq üçün həmişə cəlbedicidir.
Burada ünsiyyətin səmimiliyi, uşaq
üçün əyləncəli olması məntiqi nəticəyə
əsaslanan ibrət dərsindən daha əhəmiyyətlidir.
Uşaq hekayəni bir əxlaq dərsi kimi deyil, əyləncə
kimi qavrayır və eşitdiklərindən həzz
alır...
Məsələyə bu mövqedən baxanda Qərb
bədii düşüncə sisteminin Azərbaycana gəlişində
və Azərbaycan dili, bədii düşüncəsi ilə
qaynayıb-qarışmasında "Tıq-tıq
xanım"ın rolu aydın görünür. Bu yol ilk dəfə
Krılovun kiçik bir təmsilini dilimizə çevirən
Abbasqulu ağa Bakıxanovdan başlayaraq təxminən
yüz il davam etmişdi...
Məti Osmanoğlu
Ədəbiyyat qəzeti.-
2019.- 5 oktyabr. S. 30.