Ədəbiyyata
sədaqətlə
İsa
Həbibbəylinin 70 illiyinə bir neçə söz
60-70-ci illərdə filoloji (həm
də nəinki filoloji!) mühitdə iki elmi ocaq öz rəsmi
adı ilə yox, o ocağa rəhbərlik edən şəxslərin
adı ilə məşhur idi: Mir Cəlal müəllimin
kafedrası (o zamankı Dövlət Universitetində "Azərbaycan
ədəbiyyatı kafedrası") və Məmməd Cəfər
müəllimin şöbəsi (Nizami Gəncəvi adına
Ədəbiyyat İnstitutunda "Ədəbiyyat nəzəriyyəsi
şöbəsi").
Mən
aspiranturanı bitirdikdən sonra Məmməd Cəfər
müəllimin şöbəsində Gülrux Əlibəyli,
Yaşar Qarayev, Şamil Salmanov, Vəli Osmanlı ilə
birlikdə çalışırdım və yaxşı
yadımdadır, aşağı-yuxarı 45 il bundan əvvəl
(!) Naxçıvandan gəlib, yenicə aspiranturaya daxil
olmuş arıq, uzun saçları qıvrım bir oğlan
bizim Məmməd Cəfər təbəssümlü və
nüfuzlu (çox da məhrəm!) aurası altında
cani-dildən ədəbiyyatla məşğul olan kollektivimizin
üzvü oldu. Onun səmimiyyəti və ədəbiyyat
sevdası bu şöbənin ab-havası ilə
üst-üstə düşürdü və mən burada
"ədəbiyyat sevdası" ifadəsini gəlişi
gözəllik naminə işlətmirəm.
Bu
gün o arıq, qıvrımsaçlı aspirant - akademik
İsa Həbibbəyli Milli Elmlər Akalemiyasının
vitse-prezidentidir, Ədəbiyyat İnstitutunun direktoru, millət
vəkili, Milli Məclisdə Komitə sədridir, görkəmli
pedaqoq və elm təşkilatçısıdır və bu
şərəfli siyahını xeyli uzatmaq da olar, ancaq mənim
üçün İsa ilə bağlı ən mühüm
cəhətlərdən biri, bəlkə də birincisi odur
ki, harda işləməsindən asılı olmayaraq, o, ədəbiyyata
son dərəcə sədaqətli bir qələm sahibidir.
Ədəbiyyat, elə bil, güclü bir maqnit kimi onu
özünə çəkərək - bu sözlərin də
gurultulu səslənəcəyindən ehtiyat etmirəm - onun
bütün varlığına hopub.
Bu sədaqət
40-45 il bundan əvvəl yazılmış "XX əsrin əvvəlləri
Azərbaycan romantik lirikası"ndan başlayaraq, lap bu
günlərdə nəşr olunmuş "Azərbaycan ədəbiyyatı:
dövrləşdirmə konsepsiyası və inkişaf mərhələləri"
adlı fundamental monoqrafiyasınacan böyük elmi-nəzəri
və ədəbi bir məsafə qət edib. Onun keçdiyi
bu uzun ədəbi yol boyu ədəbiyyatın, o cümlədən
romantik poeziyanın və satiranın nəzəri problemləri,
aktual poetika məsələləri
araşdırılmış, klassiklərimizlə
bağlı tədqiqatlar nəşr olunmuş, müasir
yazıçılarımızın
yaradıcılığı təhlil edilmiş,
axtarışlar aparılmış, ciddi nəticələr əldə
edilmişdir.
İsa
Həbibbəyli vaxt tapıb, nə qədər kitablar tərtib
etmiş və onların redaktoru olmuş, onlara ön sözlər
yazmışdır və mən elə yalnız son nəşrlərdən
üçcildlik "Müstəqillik dövrü Azərbaycan
ədəbiyyatı"nı, yaxud onun ümumi redaktəsi ilə
Nizami İnstitutunun nəşr etdiyi "Azərbaycan ədəbiyyatı
tarixi"nin birinci cildini xatırlasam, güman edirəm ki,
kifayətdir. Onun bu istiqamətdə apardığı
işin bir mühüm cəhətini də ayrıca qeyd etmək
istəyirəm: toplayıb, tərtib edib, geniş ön
söz yazdığı Eynəli bəy Sultanovun
"Publisistika"sının rus dilində nəşri, yaxud
Moskvada nəşr olunmuş "Azərbaycan poeziya
antologiyası" kimi kitabların ədəbiyyatımızı,
ictimai fikrimizi başqa xalqlara tanıtmaq, təbliğ etmək
baxımından əhəmiyyətli və əlamətdardır.
İsa
Həbibbəyli inanılmaz dərəcədə məhsuldar
bir qələm sahibidir və əsas da odur ki, hərdən ədəbiyyatşünaslığımızda
təsadüf etdiyimiz kimi, bu məhsuldarlıq keyfiyyət ilə
tərs mütənasib deyil, əksinə, onun imzası izlənilən,
maraq doğuran, öyrənən və öyrədən
imzadır.
Yəqin,
Azərbaycan ədəbiyyatının tarixən elə bir
görkəmli simasını tapmaq çətindir ki, İsa
Həbibbəyli onun haqqında sanballı söz deməsin,
ancaq bir böyük ədibimiz - Cəlil Məmmədquluzadə
onun nəinki tədqiq, təhlil və təbliğ etdiyi, əsərlərinin
elmi nəşrini hazırladığı əsas ədəbi
simadır, hətta məndə elə bir təəssürat
var ki, elə bil, İsa Həbibbəyli ilə Mirzə Cəlil
arasında, əgər belə demək mümkünsə, ədəbi-genetik
bir doğmalıq var.
İsa
Həbibbəyli Mirzə Cəlillə fəxr edir və Mirzə
Cəlilə güvənir.
Onun
Mirzə Cəlillə bağlı tədqiqatları bilavasitə
faktlara, sənədlərə söykənir və bir
çox faktları elə o özü aşkar edib, sənədləri
üzə çıxarıb, yazıçının naməlum
yazılarını tapıb çap etdirib. Mirzə Cəlilin
hələlik ən mükəmməl dördcildlik
"Əsərləri"ni tərtib edən və geniş
elmi izahat yazan da İsa Həbibbəylidir. Yeri
düşmüşkən xatırladım ki, onun doktorluq
dissertasiyası da - "Cəlil Məmmədquluzadə:
mühiti və müasirləri" - Mirzə Cəlil
haqqında idi və həmin dissertasiya əsasında
hazırladığı monoqrafiya bu böyük
yazıçımız haqqında yazılmış ən
yaxşı elmi əsərlərdən biridir.
Mən
"Vətən" Cəmiyyətində işləyəndə
onun hansı bir həvəs və enerji ilə ədəbi
axtarışlar aparmasının bilavasitə şahidi
olmuşam və o zaman - 1988-89-cu illərdə 250 min tirajla nəşr
etdiyimiz "Odlar yurdu" qəzetinin müəlliflərindən
biri də İsa Həbibbəyli idi. Respublikamızda da,
Türkiyədən tutmuş ABŞ-a, Avropaya, hətta
Avstraliyayacan xarici ölkələrdə yaşayan həmvətənlərimizin
arasında da çox populyar olan "Odlar yurdu"
üç qrafikada - kiril, ərəb, 1939-cu ildən sonra
Sovet İttifaqında ilk dəfə latın qrafikasında nəşr
olunurdu, xarici ölkələrə göndərilirdi və
ikicə günün içində o boyda tiraj
qurtarırdı.
İsa
"Odlar yurdu" qəzetində ədəbiyyatımızdan,
ilk növbədə Mirzə Cəlildən, onun şəcərəsinin
xaricdə yaşayan nümayəndələrindən tamamilə
yeni faktlara əsaslanan məqalələr yazırdı və
həmin məqalələr xüsusən həmvətənlərimiz
arasında böyük maraqla qarşılanır, milli ədəbiyyatdan
uzaq düşmüş bu oxucuların maariflənməsində,
milli dəyərlərə, ədəbi irsimizə sahib
çıxmasında, ədəbiyyatımızın təbliğində
ciddi rol oynayırdı, onları hələ də sovet sərhədləri
daxilində qalmış vətənə
yaxınlaşdırırdı.
Yadımdadır,
İsa Həbibbəyli Mirzə Cəlilin izi-sorağı
itmiş (itirilmiş!) oğlu Ənvər Məmmədquluzadə
haqqında ilk məlumatı "Odlar yurdu"nda oxuculara təqdim
etdi və 1979-cu ildə İranda rəhmətə getmiş
Ənvərin qəbrini ziyarət etdi, onun övladlarıyla
da (Mirzə Cəlilin nəvə-nəticələri ilə!)
görüşdü, Fransada, Polşada, İspaniyada
yaşayanları da soraqlaşıb, axtarıb tapdı, onlarla
əlaqə yaratdı.
İsa
Həbibbəylinin ədəbiyyata sədaqətinin əlamətdar
bir göstəricisi də odur ki, ömürlərini bu ədəbiyyatın
tədqiqinə və təhlilinə həsr etmiş qələm
sahiblərinə dərin hörmət və məhəbbət
bəsləyir və bu münasibəti daima qələmə
alır. Onun Məmməd Cəfər Cəfərov, Abbas
Zamanov, Əziz Mirəhmədov, Kamran Məmmədov, Bəkir
Nəbiyev, Yaşar Qarayev kimi ədəbiyyatşünasların
yaradıcılığından bəhs edən məqalələri
həmin hörmətin, məhəbbətin və qədirşünaslığın,
eyni zamanda, məncə, ədəbi-mənəvi borcun ifadəsidir.
Mən
Məmməd Cəfər müəllimin (mənim də
unudulmaz ədəbi-mənəvi müəllimim!) 2003-cü
ildə nəşr olunmuş üçcildlik
"Seçilmiş əsərlər"inin elmi redaktoru
idim, cildlərə ön söz də yazmışdım və
həmin nəşrin üçüncü cildinə onun bir
neçə hekayəsi də daxil edilmişdi. Ancaq bu gün
biz böyük ədəbiyyatşünasımızı məhz
İsa Həbibbəylinin xidmətləri sayəsində həm
də gözəl bir yazıçı kimi
tanıyırıq və bunu da qeyd etmək istəyirəm
ki, Məmməd Cəfər müəllim gənc İsa Həbibbəyliyə
çox istiqanlı bir münasibət bəsləyirdi, onun gələcəyinə
inanırdı və İsa da bu gün onu həmişə
ehtiramla yada salır, əsərlərini nəşrə
hazırlayır, yeni-yeni əsərlərini üzə
çıxarır, kitablarına ön söz yazır.
Ədəbiyyat
xalqı ifadə edir və ədəbiyyata sədaqət
böyük mənada xalqa sədaqətdir, xalqın tarixinə
və taleyinə bağlılıqdır və bu mənada
İsa Həbibbəylinin yaradıcılığında da, fəaliyyətində
də azərbaycançılıq mühüm yer tutur. Onun Səməd
Vurğun yaradıcılığına da, Şəhriyar
yaradıcılığına da elmi yanaşmasının
arasından Araz çayı axmır, aparılan təhlil və
əldə edilən nəticə eyni milli-bədii
yaddaşın diktəsi ilə yazılır. Eyni zamanda, onun
nəzəri mülahizələri, nəzəriyyə
haqqında yazdıqları məhəlli səciyyə
daşımır və bu baxımdan, elə bilirəm ki,
İsanın yuxarıda da adını çəkdiyim "Azərbaycan
ədəbiyyatı: dövrləşdirmə konsepsiyası və
inkişaf mərhələləri" monoqrafiyası ədəbiyyat
tariximizlə bağlı müstəqillik dövrünün
konseptual elmi-nəzəri bəhrəsidir.
İsa
Həbibbəyli mənim yazılarım haqqında da az
yazmayıb və həmin məqalələrdə söylənən
fikirlərin səmimiliyinə heç vaxt mənim
şübhəm olmayıb, çünki onun ədəbiyyata
sədaqəti həmişə sünilikdən, yalandan uzaq
olub.
Mən
bu qısa qeydləri Məmməd Cəfər müəllimin
şöbəsini (bizim şöbəmizi!) xatırlamaqla
başladım, ancaq o şöbəni də, Məmməd Cəfər
müəllimi də Nizami adına İnstitutdan ayrı təsəvvür
etmək mümkün deyil və mənim üçün
olduqca xoşdur ki, bu gün İsa Həbibbəylinin rəhbərlik
etdiyi o institut genişlənib, orada yeni şöbələr
açılıb, müasir texnologiyadan istifadə olunur,
geniş və səmərəli beynəlxalq ədəbi əlaqələr
yaranır, ən başlıcası isə institut sanballı
elmi bəhrə verir.
Beləliklə
də, Nizami adına İnstitutu ən yaxşı ənənələri
nəinki davam edir, onların miqyası genişlənir, zənginləşir.
70
illik yubileyində mən İsa Həbibbəyliyə
cansağlığı və xoşbəxtlik arzu edirəm.
Ədəbiyyata sədaqət isə həmişə onunla və
onun qələmi ilə bir yerdədir.
4 oktyabr 2019
Bakı
ELÇİN
Ədəbiyyat
qəzeti.- 2019.- 12 oktyabr. S. 4.