Sözləri
ağrı olub üstünə qaçan Esmira Məhiqızı
Bambaşqa olmadı olanlar da...
bambaşqa gəlmədi havalar da,
qış qış kimi gəldi,
payız payız kimi
yağışlar yağış kimi
yağdı,
küləklər külək kimi əsdi,
hər şey olduğu kimi oldu,
hər şey gəldiyi kimi gəldi.
Amma mən hər şeyi
olmadığı kimi xəyal eləmişdim,
qışı yaz kimi,
payızı ümid kimi,
ayrılığı sevda kimi.
Onun dünyasını duymaq,
bu dünyaya poeziya demək üçün bu şeiri oxumaq
da kifayətdir. Şeirləri elə canlı, dili elə
anlaşılan, elə maraqlıdır ki! İmzasını
tanısam da, şəxsi tanışlığımız yox
idi. Bircə dəfə
görüşmüşük. Esmira Məhiqızı
ilə çox sevdiyim Vasif Ayanın və Nigar xanımın
təşkil etdiyi tədbirdə - "Başlanğıcda
söz vardı" poeziya günündə - tanış
oldum. Söz veriləndə sakitcə şeirlərini
oxudu. Utancaq dəydi gözümə.
Bir az söhbətləşdik. Kitabını ərməğan etdi. Şeirlərini oxudum. Oxuduqca
heyran oldum. Heyran olduqca sevdim. Sevdikcə
yenidən oxumaq istədim:
Bütün fəsillərdə
payızdı...
və mövsümünü
itirir şəhər,
mövsümünü itirir dəniz,
küçələr, kədər.
Gülməli ağlayır bir kloun,
ağlamalı gülür
qocalar evinə getmək istəməyən,
amma getməyə
yır-yığış edən bir qarı.
Qızı təsəlli verir:
- Yanına gəlməyə
çalışacam bazarları.
mövsümünü itirir uşaqlıq...
biz başqa yerdə qalanda,
evimizdən
ötrü ağlıyardıq.
İndi övladlarının
dalınca ağlayır qocalar,
evlərindən ötrü
barmaqlarının ucu göynəyir
Ki... o doğma divarlara
sığal çəkələr.
özüm görmüşəm...
detdomlarda böyükdü
uşaqlar,
qocalar evində uşaqdı
qocalar.
Mövsümünü itirir həyat...
atasının sənədlərini düzəldir
qocalar evinə
bir oğul da...
bir kabinetin önündə çox
gözlədiyinə görə
ədalətsizlikdən şikayətlənir də...
Poeziya
yaradıcılıqdı - yaratmaqdı. Rəssam rənglərlə,
qələmlə, fırçayla tablo yaratdığı
kimi, şair də sözlə tablo yaradır - içindən
keçənlərin, duyduqlarının şəklini çəkir.
Öz dramatik poeziyasıyla Esmira Məhiqızı nəinki
bir şəkil yaradır, adam elə bil
yığcam süjetli bir filmə baxır.
Mənsə utanıb əllərimi
çəkərəm,
- nənəmin əlləri
deyil, Humay xala!
Osa öpər əllərimi, nənəmin
əlləri kimi,
sonra qapısının bircə fərəsini
kəsər
əziz qonağına,
amma... Humay xala da çoxdan ölüb,
getməyə yer tapmayanda... bilirəm.
Təhkiyəçinin nənəsi
üçün darıxan, qəribsəyən Humay
xalanın nisgilli gözlərini, sevgi dolu əllərini
gördünüzmü? Mən də gördüm. Humay
xalanı da, onsuz qalan evi də... Metaforalar, bənzətmələr
o qədər maraqlıdır ki, elə bil şeir oxumursan,
kimləsə söhbət edirsən. Şeirləri
danışır Esmira Məhiqızının.
- Sabaha neçə gecə var.
Heç bilirsən necədi.. necədi e, necədi
ayrılıqdan sonra da...
ayrılıqdan əvvəlki
ayrılığa oyanmaq...
Nə gözəldi. Hər misra dərdləşir
oxucu ilə. Reallığın
poeziyası - poeziyanın reallığıdı bu. Kədərin
poeziyası, poeziyanın kədəridi. O vaxt
kitabını oxuyanda sosial şəbəkədə
axtardım onu. Rastlaşdığım
yazılarını oxudum. Elə
misraları var ki, adamın beyninə işləyir, elə
bilirsən, psixoloqla danışırsan. Düşüncəsi,
həyatı görməsi mənə yaxın idi. Duydum, hiss elədim onu şeir-şeir, misra-misra.
Oxucusu oldum. Şairi şeirlərində
görmədinsə, deməli, şair deyil. Şeiri gərək
duyasan, şairi gərək görəsən şeirində:
Uçmaq qədər böyümədi
qollarım...
amma boşluqların adam itkisini
qucmaq qədər
böyüdü.
Hər gün qırılmış
qanadlarımı
bağrıma basıram...
bağrımın başında itirdiyim kəslərin
boş yerləri hava axını
kimi
küləklər əsir hamının yerində,
və hamının yerində
qucağım boş qalır.
bilmirəm qucduğum kimin boş yeridi
-
özündən sonra...
ya ölümündən sonra
gülmək qədər böyümədi
dodaqlarım...
amma büzülmək qədər
böyüdü.
dodaqlarımın ucundakı gülüşlər
də qaçdı
dodaqlarım büzüldükcə...
tutub saxlaya da bilmədim ki,
- hara
qaçırsan, dost?
Sevgi qədər böyümədim
özüm də,
amma ayrılıq qədər
böyüdüm...
böyüyə bilmədi əllərim də...
əllərimdən qabaq əllərimin
vida yerləri böyüdü,
böyüdü gözlərimdən qabaq
gözlərimin ağlamaq yerləri.
və mənsizlik
böyüdü məndən qabaq...
Şeirləri o qədər
yaralıdı ki, nümunələri qısa
yazmaq-yarılamaq, yaralamaq istəmirsən. Hər misrada
özü var, çox içdən duyduğu ağrılar,
ağırlıqlar var. Həyat var. Gerçək üzü
var yaşadıqlarımızın. Oğlunun qəfil
ölümündən sonra Vəzifə xalanın
yaşadıqları kimi:
Kimi görürdüsə deyirdi:
- qulaq as, gör
ürəyim nə deyir?..
Hamı da başını bulayıb
gedirdi,
Elə bilirdilər dəli
olub yazıq arvad.
Bircə məhəlləmizin
uşaqlarından,
yəni bizdən soruşanda ki,
- ay uşaqlar,
ürəyim nə deyir?..
Xorla qışqırardıq: - Məzahir!
Çox dərdlidi şeirləri. Amma bu, sevdiklərinin
dərdidi - sevgidəndi - İnsana sevgidən. Esmira xanım Məzahirin anasını da, Humay
xalanı, Vəzifə xalanı, qonşu qızı Zəminəni
də sevir. Vətən
torpağını, onun hər kəndini, hər məhləsini,
hər daşını sevir. Onun
bütün ağrılarını yaşayır.
Nədəndisə... bilmirəm,
bilmirəm nədən olur,
ürəyim ağrıyanda hər tərəf
vətən olur...
Esmira Məhiqızı əsasən
sərbəst vəzndə yazır. Amma müasir dövrdə
sərbəst şeir yazan nəslin bir çoxlarından fərqli
olaraq misraları əlaqəsiz səpələnmir, sərbəst
şeirin poetik qanunauyğunluqlarını qoruyur. Onun imkanlarından istifadə edərək hadisələri
aça bilir və gerçəkliklə oxucunu sillələyir,
silkələyir. Esmira xanım deyir ki:
Yaşadıqlarımı unutmaq
üçündü bu şeir də,
Yazıb başımı
qatıram hərflərlə.
Sonra hərflər söz olur,
sonra
sözlər ağrı olur,
Hara qaçıram
üstümə yüyürür.
İnanıram ki, hərflər
onun dilində, ürəyində, qələmində sözə
dönəcək. Və bu sözlər onun üstünə
yüyürəcək və o, poeziya yaradacaq. Sadəcə, çox istərdim ki, Esmira Məhiqızının
üstünə yüyürən sözlərdən
yaratdığı poeziyası bu qədər dərd
yüklü olmasın. Esmira xanım da bu
torpağı sevən hər kəs kimi sevinsin və bu sevinci
bölsün oxucularıyla.
Kamalə
Abiyeva
Ədəbiyyat
qəzeti.- 2019.- 12 oktyabr. S. 13.