Bəyimlik
poeziyası - Diri-biri
Nisə
BƏYİM
- Uzun...
qısa... uzun...
- Nə
deyir?
- Qolunu
deyir, köynəyin qolunu.
- Köynəyin
qolu olar də...
- Uzun istəyir.
-
Üşüyür?
- Nə
bilim, uzun istəyir. Deyir, örtülü olsun.
- Belə
de, anladım... örtülü istəyir. Onun
üçün alırsan?
- Hə...
Bir qədər
susduqdan sonra:
- Əslində, hər şey örtülü olsa
yaxşıdır, düz deyir.
- Yəni
köynək...
- Hmmm... sən bilirsən də, köynək qəliz
məsələdir. Hər adam baş
aparmır, köynəklidi, köynəksizdi... özü
hardadı?
- Kim?
- O də...
köynəkli...
- Nə
bilim? Görünmür ki... elə hərdən
səsi gəlir.
-
Örtülü...
***
- Kim var
orda? Auuuuu... kimsə yoxmu?
Səssizlikdən yorulmuşdu. Dünya belə səssiz
yaranıb, görəsən? Bəs,
böyük partlayışdan danışırdılar.
Partlayış olubsa, demək, böyük səs
də olub. Bəs, niyə o, səssizlikdədir?
Bəlkə, ölüb?
Hə də, ölüb. Amma necə
öldüyünü xatırlamır.
Orda səs olduğu dəqiq yadındadır.
***
Səsi
tutmaq istədim,
Nə
yönü var, nə yolu,
Nə
başı-gözü görünür,
Nə
üzü, nə surəti var...
Qeybdəndir
doğuluşu...
Dünyanı
doğan səsdir...
Doğan,
böyüdən, öldürən,
Yenidən
dirildən səsdir...
Kim
görüb ilkinliyini,
Kim bilir mümkünlüyünü?
Yaradılan,
yarananmı,
Kimə açar sirr örtüyünü?
***
Şüa
ilə axdı... şüa onu apardı...
***
İçindən
keçmək istərsən,
O sənin
içindən keçər...
suyunu
içmək istərsən,
O sənin
qanını içər.
Görərsən
ki, adam deyil,
Sən elə
səsə dönmüş səssən...
Hardasa
düşüb qalası,
İçinə
qapanmış kəssən...
Tanınmazsan,
bilinməzsən,
Səsinin
canı olmasa...
Tanrı
sənə nəfəs verməz,
göylərin canı olmasa...
***
Səsi səsə bağlayıb uzatdı. Özünə
zaman şüası kimi yol açdı. Burdan
keçmək üçün nə qədər kiçilməli
idisə, kiçildi. Hara
çıxdığının fərqinə varmadan,
şüa ilə axdı.
Yastılanıb yerdə qalmışdı. Gözünü
açmağa qorxurdu, birdən, yenə də həmin yer, həmin
adamlar, həmin ağrılar, həmin əzablar olar.
İlahi! Daha ora qayıtmağa, ordakı
işgəncələri çəkməyə tabı yoxdur.
Başını çıxarmağa qorxurdu.
-
Diri-biri...
Gözlərini açıb baxdı. Gülümsəyib
ona baxan adamı tanıdı. Qıs-qıvraq geyinib,
güzgünün qarşısında qısa, lap qısa,
darağa gəlməyən saçını
darayırdı. Əslində, başımın dərisini,
sinirlərimi darayıram, - deyirdi.
-
Diri-biri, dur, mən gedirəm. Sən də topla
özünü. Daha heç yerə gedəsi
olmadın.
Özünə baxdı. Qapqara qoşa muncuq
kimi göz idi. O qədər balaca idi ki,
özü-özünü görmürdü. Nə
əli var idi, nə ayağı. Cəhd
edib tərpəndi. Ağrımağa
baxmadan, əlinin yerini tapdı, sonra ayağını. Dayanmadan dartınıb uzanırdı. Ağrı da sevincinə qarışıb ona
kömək edirdi.
- Diri-biri,
dayanma, bacaracaqsan, bacaracaqsan... bax, əllərin
çıxır, ayaqların da çıxacaq, duracaqsan,
görərsən, duracaqsan!..
Səsdən, sanki qüvvət aldı. Bir az da
hərəkət elədi. Artıq bədəni
görünürdü.
Adamın
səsi, sanki qeybdən gəlirdi:
- Dayanma.
Səni
qurban verəcəkdilər!
Təəccüblə, nə qurban, - deyə
düşündü.
- Nə
qurbanı?
Qıs-qıvraq
adam qəfil onun qarşısında peyda
oldu.
- Qurban də...
bilmirsən qurban nədir?
- Niyə,
axı, mən neyləmişəm?..
- Özləri
üçün. Öz zövqləri
üçün.
Öz xoşbəxtlikləri naminə. Sən
onların bütün bədbəxtliklərini
yığıb özünlə aparacaqdın.
- Mən
niyə?
-
Çünki sən çox güclüsən, onlardan deyilsən.
Onlar güclü adamları, səni də
sevmirlər.
- Bilirəm.
- Onlar
hamısı birdir, sən təksən.
Yadına düşdü. Hamısı
yığışıb üstünə gəlmişdi.
Qəzəblə
qışqırırdılar, onu təhdid edirdilər. Onu görmədiyi, bilmədiyi, etmədiyi əməllərə
görə ittiham edirdilər. Sanki bir kino
idi. Filmlərdə belə epizodlar
çox olur. Onu birinci kim vurduğunu
xatırladı. Ürəyi sıxıldı.
Huşunu itirib xeyli yerdə cansız, hissiz
qalmışdı.
Sonra şüa onu bura atmışdı.
-
Diri-biri, qalx, sənə qıymıram, heyifsən!
- Mən
hamıdan kiçiyəm, zəifəm, mənim heç
gücüm yoxdur. Mən kimi xilas edə bilərəm,
axı?
Qıs-qıvraq
adam məyus-məyus:
- Ruhun
ordandı, güclüdü... bunu da onlar bilir.
Nədənsə, çoxdan olmuş bir əhvalat
heç zaman yadından çıxmırdı. Bir dəfə
həyətdə pilləkənin yanında durmuşdu, əlüzyuyanda
əlini yuyurdu. Qəfil göydə elə
bir ildırım çaxdı ki, sanki göy yüz yerə
bölündü. Hamısı da alovlu
idi. Biri düz həyətlərinə
düşdü. Küləyi otları belə qarsıb
ötüşdü... Ən dəhşətlisi,
yanından ötəndə paltarını qapdı, bir tərəfində
ağır zərbə hiss elədi, amma ona heç nə
olmadı. Sadəcə, bir saniyədə
dünyanın kül olacağını anladı. Gücün nə olduğunu onda
anlamışdı. O dəhşətli qasırğada
sağ qalmağı möcüzə idi. Evdə
bütün elektrik əşyaları xarab olmuşdu, antenalar
yanmışdı. Hər şeyi
sıradan çıxaran ildırım ona
toxunmamışdı.
O zaman
sağ qalmağını ilahi möcüzə ilə
bağlayırdı. İndi də onu xilas edən
möcüzə oldu. O hələ ölümün nə
olduğunu bilmirdi. Əslində, heç kim
bilmir.
Qıs-qıvraq
adam onu ehtiyatla yerdən götürüb
çarpayıya uzatdı.
-
Özündən başqa, heç kim səni
dirildə bilməz. Mən sənə kömək
eləyərəm, amma mənim möcüzəm yoxdur. Diri-biri, adın nə idi, xatırlayırsan?
Diri-biri fikrə getdi. Xeyli fikirləşəndən sonra
gözləri işıqlandı, duyğusalca:
- Bəyim,
- dedi.
Qıs-qıvraq ciddiləşib onun yanında oturdu.
- Bəyim...
bəy... böyük. Böyük göy deməkdir,
bilirsən? Böyü, Bəyim, tez böyü. Böyük ol. Sənə nə
lazımdır?
- Səsimi
qaytarmalıyam. Mənə öz səsim
lazımdır.
- Doğ
özünü təzədən, səsini doğ. Qayıdanda səni bütöv görmək istəyirəm.
Haydı, başla!
Doğ,
doğul,
Doğudan,
doğaldan doğul,
Kimsənin
görmədiyi,
Kimsənin
bilmədiyi
Qudsal
bağadan doğul!
Əsas o idi ki, adını bilirdi. Adıyla birgə
qulağına o qədər səs gəlirdi ki, onların
köməyilə düşdüyü çevrəni təyin
eləməyə çalışırdı. Hardan gəldiyini, ilkinliyini, onu bu vəziyyətə
salan səbəbləri xatırlamağa
çalışırdı. Onun heç
kimi yox idimi? Məlum idi ki, onu bura
Qıs-qıvraq gətirmişdi. Niyə,
nədən ötrü? Kim idi o? Anlayırdı ki, o, özününkülərdən
deyil. Özününkülərin
hamısı onu satmışdı. Tək-tük
uzaqda, görünməz olanlardan başqa.
Daha onları görməyəcəkdi. Hər halda,
ona elə gəlirdi ki, kimsə onun keçdiyi yerdən
keçə bilməz.
Xeyli vaxt idi ki, Qıs-qıvraqdan xəbər yox idi. Qəribədir,
onu burda qoyub hara yox olmuşdu? Diri-biri
böyüyüb, əvvəlki kimi olmuşdu. Yeriyirdi, hərəkət edirdi,
düşünür, Qıs-qıvrağı gözləyirdi.
Bəlkə
də, Qıs-qıvraq onun arzularında çox sevdiyi adam olmuşdu.
Yaxşı bilirdi, həyatında çox sevdiyi biri var
idi. O adam onunla birlikdə gəlmişdi həyata. Nə eləyirdisə, nə
düşünürdüsə, onunla
bölüşürdü. Arzularını,
xoşbəxtliyini, işıqlı günlərini, kədərini,
tənhalığını - içində özündən
də böyük olan varlıqla yaşayırdı.
Hər yerdə onu axtarırdı. Nə zamansa
rast gələcəyini bilirdi. Ola bilməz ki, bu boyda
dünyada onun bu qədər dərin duyğularla sevdiyi adam olmasın. Gec-tez
görüşəcəklər, mütləq
görüşəcəklər. Əgər
belə bir şey baş verməyəcəksə, o zaman illərlə
yaşadıb qoruduğu sevgi mənasız imiş. O, bətnində
illərlə ölü uşaq gəzdirirmiş.
Özləri də bilmədən, indi tale onları
qarşılaşdırmışdı. Elə bil
Qıs-qıvrağı min il idi
tanıyırdı, dediyi hər sözə inanırdı.
Nəhayət, Qıs-qıvraq qayıtdı. Diri-biri
çox sevindi, hətta onun boynuna sarıldı.
Qıs-qıvraq təəccüblə:
- Sən
lap əvvəlki kimi olmusan, afərin! Mən
bilirdim ki, sən hər şeyin öhdəsindən gələcəksən.
- Mən
çox darıxırdım. Niyə gec gəldin?
Qıs-qıvrağın gözləri məmnunluqdan
qıyıldı.
- Bax,
gör sənin üçün nə gətirmişəm?
Əlindəki iri qara, parlaq torbadan yaşıl bir qovluq
çıxardı.
Diri-biri intizarla onu izləyirdi. Yaşıl qovluğu
görəndə, rəngi ağardı. Həyəcanla:
- Aman,
Allahım! Bunu hardan tapdın? Heç ümidim qalmamışdı.
Qıs-qıvraq qovluğu tumarlayaraq ona uzatdı. Gülümsəyərək:
-
Götür, belə şeylər itmir, hərlənir-fırlanır
üzə çıxır nə vaxtsa.
Qovluğun üstündə "Bəyimlik
poeziyası" yazılmışdı. Diri-biri
qovluğu açıb vərəqləməyə
başladı. Doluxsunaraq:
- Məni
necə sevindirdiyini təsəvvür edə bilməzsən. İndi doğrudan da, dirildim. Çox-çox
minnətdaran.
Qıs-qıvraq
onun yanında oturaraq:
- Eh,
Diri-biri, əslində, biz sənə minnətdar
olmalıyıq.
- Elə,
soruşmaq istəyirəm, niyə mənə Diri-biri deyirsən?
Qıs-qıvraq
diqqətlə onun gözlərinin içinə baxdı, əlini
tutaraq:
-
Çünki sən dirisən.
***
- Sonra nə
oldu?
Qıs-qıvraq çiynini çəkdı.
-
Heç nə! Gələn dəfə gələndə,
o artıq yox idi. Qovluqsa stolun üstündə
idi. Üstünə də
yazılmışdı "Diri-biri".
Ədəbiyyat qəzeti.-2019.-12 oktyabr.-s.15