Çərpələng
şeirlər
1
Dilin içində, dildə
yaşamaq ifadəsi var. İnsan ölənə qədər
orda yaşayır, oranı özünə məskən
seçir. Varlığın sakral əsaslarını
hamıdan çox duyduğuna görə şair
üçün bu, qaçılmaz bir şeydir. Bəzən
bizə belə gəlir ki, dünyanın mənəvi cəhətdən
kasad vaxtlarında şeirə, poeziyaya ehtiyac qalmır,
çünki bu qafiyəli-qafiyəsiz nəsnələr
adamı bir az da qıcıqlandırar, deyə
düşünə bilərik. Diqqət eləmisinizsə,
ayrı-ayrı, dünyanın say-seçmə şairlərinin
yaradıcılığında birdən bəzi, tək-tük
mövzular seçkin hala gətirilir, yəni zamanın həmin
kasad vaxtında şair məhz poetik
yaradıcılığın mahiyyəti və şairin vəzifəsindən
yazır, ən azından buna cəhd edir, yaxud bunu yazmadan,
susaraq düşünür. Taleyin həmin kəskin dönəmində
poetik istedad zamanlararası hərəkətə
başlayır, zamanı dünyanın başqa, bundan
çox fərqli bir dönəminə sarı çəkməyə
çalışır.
Yaxud başqa bir müşahidəni
də bölüşmək istərdim. Milli poeziyaya
böyük bir istedad gəlir, ədəbiyyat səmasında
görünüb də yox olur, saldığı izlər
bütün məkanı tutur, ayaq basıb özün kimi
addımlamağa yer qalmır. Belədə varlığın
sakral əsaslarını duya bilən isimlər həmin
böyük şairin izləriylə gedib yenə də poetik
yaradıcılığın mahiyyəti və şairin
missiyasından yazırlar. Orijinal yollar həmin böyük, dərin
nəfəsdən ayrılır. Milli poeziyada Sabir, Seyid
Əzim, Nəsimi, Füzuli, Səməd Vurğun və Rəsul
Rzaya həsr edilən mətnlər təkcə ithaf nümunələri
deyildir, daha çox dünyanın
"boşaldığı", kasadlaşdığı
vaxtı "geriyə çəkmək" inadıdır.
Əgər şair olmasa, dünya, vaxt, zaman... doğrudan
boşalar, tükənər, bitər. Amma şair, əsl
şair, təsvir edən yox, yoxdan var edən şair, yaradan...
Həm də, şairin
bütün mətnləri dillə qarşılıqlı təmas,
dillə söhbətdir. Bir müasir müğənni var,
"Elə demə zalım yar" xalq mahnısını
özünəməxsus aranjimanda ifa edir, burda, bu ifada bir məqam
yetişir (burda deyim, indi söylənəcək
müşahidə mənim deyil, çox yaxın bir adam dedi və
getdi...), müğənninin səsiylə kamanın səsi
anidən birləşib ayrılır və sanki o dərdli, kədərli
səs həsrətə toxunub keçir, dərd, qüssə
bitməzlik, tükənməzlik effekti doğurur: elə demə
zalım yar...
2
...Elə şeirlər var ki, fərqi
yoxdu istər toplu halında, istərsə də tək-tək
oxuyanda insanda bir hiss yaranır: tezliklə bu adamın taleyində
kəskin dönüşlər baş verəcək, niyə,
çünki şeir təkcə keçmişdən xəbər
gətirmir, həm də gələcəyi bir an sonra ötəcək
keçmiş kimi dəyərləndirir.
...Müəllif olur ki, şeir mətninə
digər mətnlərdən oxuduğu sirli şeyləri yerləşdirir,
əlavə edir, yəni tutaq ki, çıxılmazlıq
ovqatını hansısa anlayışı tərsinə
çevirməklə dəyərləndirir. Vəsf etmək,
tərif demək pisdi, acınacaqlıdı, ancaq "Nazim
demişkən, dörd divar arasında yaşamağı vəsf
etmək" də var. Bunu şair Elçin Aslangil deyir, onun
şeirlərindən gedir söhbət.
Başqa bir şey də var:
müqayisələr, epitet və metaforalar, təşbehlər...
elə məqamda işlədilir ki, sanki sən burdaykən, bu
təsvirin çərçivəsindəykən həm
çox uzaqlardasan, əlində bir kitab, qədim və
qıraqları haşiyəli, kitabın qapısını
döyürsən, səhifələr çevrilir, vəziyyət,
o halın görüntüsü iki mövqedən eyni zamanda
vizuallaşır:
Yüz dən,
Yüz barmaq uzağam özümdən,
Sünbül,
Sünbül,
Sünbül,
Sünbül...
1. Ağzı açıq
qalmış yoxsul çöllər.
2. Xaraba şəhərlərdən
köçən qara qarğalar.
3. Burdan dərvişlər
keçəcək dodaqları cadar-cadar.
4. Sərçələr hərdənbir
baş çəkəcək başı daşlı dəyirmanlara.
Sözlər də ikiləşir,
mənaları da artıb çoxalır, bir-birlərinə
qısılıb hansısa hekayəti danışırlar. Yəni
mənaların yaranma mexanizmi həm də sözlər
hecalara bölünəndə boy göstərir, qədim əyyamların
müasir, ultra-modern biçimdə vizuallaşması qədimlərin
o tayındakı qədimliyin də işarələrini
vizuallaşdırır:
99 qapıdan birini seç!
Hz. İbrahim,
Gəl indi içimdəki bu oddan
keç...
Sünbül,
Sünbül,
Sünbül,
Sünbül...
Tellərini bir-bir saysam,
Gülsəm, ya ağlasam,
Üşüsəm, isinsəm,
Oxusam bül, bül, bül,
bül
Güllərə divanə
quşlar kimi,
Səsim eşidilərmi?
Elçin, belə demək
mümkünsə, hər bir mətnə öz səsini
"yükləyir", həm də özü bunun fərqinə
varmadan. Mətnə səsin (təkcə müəllifin yox,
həm də uşaqlıqda eşitdiyin anadillərin səsi...)
müəyyən dərəcədə təcrid şəraiti
yaradır, yəni səslərlə, haçansa eşidib qəlbinin
bir küncündə saxladığın mərhəm səslərlə
yaradılan "şifahi obrazların" haşiyələdiyi
çərçivənin içində məna seqmentlərə
(həm də uşaqlıqda eşitdiyin səs keçidlərinə)
bölünmüş kimi sehrli kristalın içində hərəkət
edir, nəfəslə bir-birlərilə təmas quran səslər
ahın, hicrət və fəraqın
çıxdığı, onlara yuva olan qəlbi nəfəs
verib yaratmaq istəyirlər. Səslərin bu şəkildə
danışması, şairin səsinə yiyələnməsi
özünəməxsus ritm-intonasiya modeli yaradır,
insanın - dərdi barmaqlarının ucunda göynəyən
adamın ürəyində özü üçün dedikləri
bütün mətnlər boyunca paylanır, ömrü boyu
çəkdiklərini bir sözə sığdırmaq istəyir,
alınmayacağını bilib getdiyi yolu geri qayıdır,
ancaq burda yol işarələri olmadığından
qayıtmaq da elə yolun davamı kimidir. Torpağa səpilən
toxumlar mətn şırımlarında o adamın ürəyində
pıçıldadıqlarını tumurcuqlayır...
Elçinin Mövlud Mövluda həsr
etdiyi şeir var. Bunu hardasa yazmaq fikrim olmayıb, bu şeir,
onun qəribə havası məni bəzi şeyləri, həm
də mistik anımları deməyə məcbur elədi.
Özümlə bağlı. Həmin gün səmaya bir
çərpələng buraxmışdım.
Qayıtmasını gözləyirdim. Əvvəlcə
şeirə baxaq:
Çərpələngim
şahiddir,
Sənin səmalarında Tanrı
yoxdur
məni sevmək
üçün...
Dünyanı hər tərk eləyən
adam sonuncu adamdı. Bu yeri, bu havanı tərk eləyən
adam bunu əvvəlcə ruhunda, fikrində edir, sonra
bütün ağrı-acısıyla, yəni həyatın
ona yüklədiyi dərdlə o adamı - özünü
gözləməyə başlayır. Və bilir ki, gəlib
çıxmayacaq. Belədə gözləməyin mənası
varmı, var, əlbəttə, belədə onun mənası
dərinliyi bilinməyən dərya olur. Əsl gözləmək
ümidlərin puça çıxdığı məqamlara
tuş gəlir, sən onda yuxarıda misal gətirdiyimiz
türküdə olduğu kimi dərdə toxuna bilirsən, həsrətlə
danışa, kimsənin eşitmədiyi
pıçıltıları duya bilirsən və onda nəfəsin
bütün dünyanı, ərzi tutur, bürüyür, sən
yalnız bir ulduzun kaydığını, bir quşun
uçaq kimi göylərdən üzüaşağı,
yerə batdığını görə bilirsən və bu
artıq ağrıların ən yüngülü olur. Bu,
"Çərpələngim şahiddir" şeirinin
semantik yozumudur, şeirin kompozisiyası, ritm-intonasiya sxemi məhz
bu semantik çərçivəni dağıtmaqla,
dağıdıb yeni lad üstündə qurmaqla qurulur. Necə?
Baxın:
...Birlikdə dünyanı dəyişdirə
bilərdik,
Başını itirmiş adamlar
üçün.
Bəlkə başımızı
gülləyə sıxıb,
Anamızı
qucaqlayırmış kimi
qucaqlamalıydıq.
Azadlıq meydanında adama bir
siqaret
yandırmalıydıq,
Yenə bizim üçün
özünü
oda
atmalıydı siqaret.
Gülüb keçməliydik,
İnsanların ən uzaq ulduza
ayaq basmaq istəyinə.
Sən sonuncu adam idin,
Getməməliydin...
İki adam səmaya çərpələng
buraxır. Sonuncu adam özü çərpələngə
dönür. Şeirin
struktur-kompozisiya həllində semantik anım və duyumlar
(başımızı gülləyə
sıxmalıydıq... adama bir siqaret yandırmaq, bizim
üçün özünü oda atan siqaret...) mətndə
əvvəldən sonadək izlənən metaforanı "tərsinə"
çevirir, siqaretin oduyla gülüşün içindəki
titrək, əsəbi "dalğaların" təmas
qıldığı məqamda elə bir şey baş verir
ki, mətndə təsdiqlə deyilənləri inkara və tərsinə
çevirir. Getməliydin, çünki sən havaya ümidlərinin
çərpələngini buraxmışdın, amma həm də
o ümidlər geri gəlməliydi... Gələcəyini bilsən
belə, yenə gözləməliydin, çünki gözləməyin
mənası başqadır.
Həmin gün o çərpələngin
yerə necə düşdüyünü mən
gördüm. Yaşadığım binanın həyətə
açılan balkonundan. Qaçdım. Bu mənim oğlum
idi. Onu oğlum kimi əzizləyir,
çağırırdım, əlim saçlarında
qalmışdı. Sonra, sonra... ətrafdan
tökülüşüb gələn insanların laqeyd
davranışları...
Elçinin bəzi şeirlərinin
strukturu, ritm-intonasiya trayektoriyası elədir ki, əvvəldən
axıra, sanki bir dairə cızılır, özü də
mətn-mətləb "bitənə" qədər, o dairələr
bir-birini kəsir, bəzən üst-üstə
düşür, amma yenə ayrılır, bu dəfə
sözün dərinliyini göstərmək üçün
araya "cənnətin sükutu" çökür, dairələr
qırılır, sökülür ki, ovqatın, əslində,
sözə sığmazlığı bilinsin, yazılanlar o
hala sadəcə işarə edə bilər:
Gəlməyən adamım,
Dənizlərin sahil yoxluğu,
Yuxularımın Tanrı
qorxuluğu,
Sən boyda yalqızlıq oldu
kilsələrin
zəngində,
Rahiblərin bakirliyində.
Hər şey, dünənə qədər
dinib-danışan, dil boğaza qoymayan nə vardısa
sükutda boğuldu, yox oldu, əl çatmayan, ün yetməyən
dərinliyə çökdü, o yox olan, ilğıma
bürünən şeylərin görünməsi, sözlə
ifadəsi mümkün deyil.
Bu necə getməkdir ki,
Biçənəkdə
ayaqyalın yüyürən
dərvişlər
qaraltını görmədi?
Bu necə getməkdir ki,
Qoca məbədlərin
divarları
səni sayıqlamadı?
Bu necə getməkdir ki,
Göylərdə kitablar
yazılsa ayə-ayə,
Surə-surə,
Müjdə verməzlər
gəlməyindən
peyğəmbərliyimə?
Bu hal belə bir effekt doğurur,
bunu vaxtilə Haydegger yazmışdı: Orta əsərlərdən
üzü bəri işlənən, mənası dəfələrlə
dəyişmiş "təhlükəli
cığırlar" ifadəsi... (eyni zamanda həm
"işıq zolağı", həm də "təhlükəli
cığırlar" anlamında), meşədə,
talanın içindən görünən yol, bu yolda meşədə
kəsilən ağacların fəryadının izləri
var, ayaq bassan, yox olarsan...
Poeziya gerçəkliklə, həyat
və mühitlə razılaşanda bənzətmələrin,
epitet və təşbehlərin sayı artır,
sırası sıxlaşır, açıq gözlə
baxsan da heç nə görünmür, saxta can
yanğısından başqa, əksinə olanda bənzətmə
və epitetlər unudulur, bəlkə söz də
gücsüz görünür, amma dərd... dil açıb
danışmağa və lal olmağa müntəzirdir...
Elçinin şeirlərində
bir keyfiyyəti qeyd etmək lazımdır: bu mətnlərdə səs və rəng duyumu. Bu mətnlərdə
sözlər, onların qarşılıqlı münasibət
və təmasları sayəsində yaradılan obrazlarla
yanaşı, sadəcə harmonik (ahəngdar) səslərin
köməyi ilə zühur edən "şifahi obrazlar"
da mövcuddur. Bəzi şeirlərin bütöv mətni ilk
baxışdan elə görünə bilər ki, səslərin,
bir yerə, müvafiq kompleks içində
yığışan səslərin yaratdığı
obrazların fiziki gözəlliyini qabartmaq
üçündür. Elə bir ortam yaranır ki, sanki səslər
danışır, mətndə cücərən mətləbi,
sanki səslərin diliylə ifadə edir şair. Əslində,
mətn səslərə yönəlik elə qurulur ki,
"yazmaq" və "müəllif"
anlayışları da aradan qalxır. Bu səslər hardansa,
kiminsə bağrından, dərdindən qoparaq gəlir, səslərin
bu şəkildə bir-birini əvəzləməsi,
aşağı-yuxarı reyestr boyunca dinamik hərəkəti
bir göz qırpımında gözlərimiz önündə
müxtəlif rəngli və çalarlı səs
obrazlarını yaradır, onlar əvəzləndikcə,
hissiyyatımızda bu obrazlar vizuallaşır, məsələn,
aşağıdakı mətni oxuyarkən qış, yaxud
payızın sazağında məftil üzərində
oturan sərçə obrazı yaranır, qulaqla dərk
etdiklərimiz gözlərimizin içində rəngdən-rəngə
düşür, qəlbimizdə isə biz bu səslərin
sıraladığı "akustik mənaları" seyr
edirik. Və susuruq.
Dənizlər gözlərimə
ağlayar, gözlərimə,
Mövlanənin kədəri boyda.
Çimdik-çimdik Tibet, Tibet,
Hər gün, məni sənə
gətirən ayaq tozum.
Məbədimsən,
Xəlvətimsən,
Qəlb evimsən!
Səni görən bayılar,
Məni görən müjdələnər
dərd ilə!
Ha`şa qız, ha`şa,
Tövbə edirəm, tövbə!
Gəlmə yuxularıma,
Ha`şa!
İstənilən şeirin
obrazı (image...) heç zaman tam olmur, yəni insanlar oxuduqca
bu obraz dəyişir, necə deyərlər, düşən
yarpaqlarla açılan yarpaqların nisbəti heç zaman
üst-üstə düşmür. Haqqında söz
açdığımız mətnlər də həmin
obrazların içiylə yol gəlir...
Cavanşir
YUSİFLİ
Ədəbiyyat
qəzeti.- 2019.- 12 oktyabr. S. 16-17.