Bir daha böyük Azərbaycan şairi Seyid İmadəddin Nəsimi irsinin dəyəri və əhəmiyyəti haqqında

 

Nəsimi – 650

 

2019-cu ilin möhtərəm Prezidentimiz tərəfindən "Nəsimi ili" elan edilməsi çox əlamətdar təqdirəlayiq hadisə olaraq, xüsusi əhəmiyyət kəsb edir. Bu qərar ölkəmizdə yüksək ideallara, mənəvi həyata, mədəniyyətə, şeirə, sənətə, onların inkişafına qədər böyük diqqət yetirildiyinin təzahürüdür. Nəsimi - böyük humanist şair, insanı ilahiləşdirən, onu ucaldan bənzərsiz şeirlərin müəllifi, Azərbaycan dilinin formalaşmasında müstəsna rol oynamış şairimizdir. Yaradıcılığının ideya-mövzu bədii-estetik cəhətləri, bütövlükdə poetikası şairi Orta əsrlərin ən qüdrətli söz fikir sərrafları ilə bir cərgəyə qoyur. Nəsiminin azad ruhu, cəsarəti, həqiqətpərəstliyi, qorxmazlığı, Orta əsrlər qaragüruhunun bütün sahələrdə tüğyan etdiyi bir dövrdə nadanlığa, cəhalətə qarşı "ənəl-həqq" deyən insanın möhtəşəm üsyanıdır.

Nəsimi yaradıcılığı istibdada qarşı, sosial ədalətsizliyə qarşı, qəddarlığa qarşı, hər növ zülmə qarşı böyük etiraz idi. Onun şeirləri insan əqlini gözəlliyini vəsf edərək, şəxsiyyəti hər növ qadağalardan azad edərək, fanatizm mövhumata qarşı yönəlmişdi. Bir sözlə, Nəsimi yaradıcılığının əsas ideyası - azad ruhlu, hər növ məhrumiyyətlərə qalib gələ bilən, ədalətsizliklə barışmayan yeni insanın yetişməsinə xidmət edir ki, bu da müasirliyimizlə kifayət qədər möhkəm uzlaşır.

Nəsimi yaradıcılığının mübarizliyi, haqqı bütün varlığı ilə müdafiə etməsi, nahaqqa qarşı son damla qanınacan vuruşması böyük, möhtəşəm örnək olaraq bütün xalqımıza, ilk növbədə, gənc nəslimizə öz müsbət təsirini göstərir.

"Nəsimi ili" ölkəmizdə nəsimişünaslığın inkişafına, Nəsimi irsinin, şairin ideallarının populyarlaşmasına da böyük təkan verib, yeni-yeni kitab, monoqrafiya sənət əsərlərinin yaranmasını stimullaşdırır. Nəsimi ili geniş qeyd edilir, dahi Azərbaycan şairinə həsr edilmiş beynəlxalq festivallar, sərgilər, müsabiqələr s. keçirilir. Yeni tamaşalar qoyulur, musiqi kompozisiyaları hazırlanır, yeni tədqiqatlar işıq üzü görür.

Bütün bunlarla bahəm bir məsələ üzərində xüsusi dayanmaq istərdim.

Nəsimi  haqqında tədqiqatlarda onun hürufi təliminə bağlılığına çox diqqət yetirilir, bu kontekstdə onun dinə (islama) münasibəti, şairin əsərlərində yer almış müxtəlif hürufi ideya rəmzlərinin yozumu, şərhi kimi məsələlər ön plana çəkilir, bunlar ətrafında mübahisələr aparılır. Əlbəttə, Nəsiminin hürufiliyi, Fəzlullah Nəiminin yaratdığı dini-mistik mahiyyətli, eyni zamanda kifayət qədər siyasi yönümlü təlimin ən qızğın təbliğatçılarından biri olması şübhə doğurmur. Lakin Nəsimi bu gün - XXI əsrdə bizim üçün hürufi olduğunamı görə dəyərlidir, bu təlimin mürəkkəb termin obrazlarını poeziyasında əks etdirdiyinə görəmi aktualdır? Şübhəsiz ki, yox. Təbii ki, bu məqamlar tarixi-ideoloji, tarixi-ədəbi baxımdan önəm kəsb edir, daha çox sahə mütəxəssisləri üçün maraqlıdır. Müasir Azərbaycan ümumən müasir dünya üçün Nəsimi irsinin dəyəri əhəmiyyəti isə, fikrimizcə, aşağıdakı üç amillə bağlıdır:

1. Nəsimi yaradıcılığının sosial-fəlsəfi ümumbəşəri mahiyyəti, onun insan mərkəzli düşüncəsi, etnik dini fərqlərin fövqündə dayanaraq bəşəri vəhdəti tərənnüm etməsi. Şairin özünün işlətdiyi "külli-insan" məfhumu "kamil insan" ideyası bu baxımdan açar mənaya malikdir:

 

Zahid mənəm, abid mənəm,

asi mənəm, fasiq mənəm,

Mö'min mənəm, kafir mənəm,

mən külli-insan olmuşam.

Başqa bir nümunədə şair fikrini daha aydın ifadə edir:

 Çün Nəsimi səndən ayrı

bildi kim, yoxdur vücud,

Küfrü iman, vəslü hicran

cümlə yeksan oldu, gəl!

Şair, hətta xalq deyimi ilə and içəndə , "Quran"la yanaşı, "İncil"in adını çəkir:

Qənim olsun mənə Fürqanü İncil,

Əgər könlümdə səndən özgə kəs var!

 

Şairin insan cəmiyyətinə bu cür yanaşması qanlı-qadalı zəmanəsində olduğu kimi, etnik dini konfliktlərin, məzhəb çəkişmələrinin səngimək bilmədiyi dövrümüz üçün aktualdır. Digər tərəfdən, müstəqil Azərbaycanda dövlət səviyyəsində dəstəklənən tolerantlıq multikultural dəyərlərlə, müxtəlifliyin vəhdəti prinsipi ilə həmahəngdir. Nəsimi yubileyinin dövlət səviyyəsində qeyd olunması da bütün dünyaya bir daha bu mesajı verir, dahi şairin mənsub olduğu xalqın bəşəri sülh həmrəyliyə sadiqliyinin təsdiqi anlamına gəlir.

2. Nəsimi şeirinin yüksək poetik səviyyəsi bədii təsir gücü. Məhz bu keyfiyyəti sayəsində onun poeziyası altı əsrdir ki, müxtəlif nəsillərin mənəvi estetik tələblərini ödəyir, bədii ifadənin ecazkar qüdrəti ilə insanları heyrətləndirməkdə davam edir. Şair özü sənətinin bu misilsiz möhtəşəmliyini yaxşı bilmiş demişdir:

 

Əlfazi-Nəsimi bu gün ol möcüzədir kim,

Bənzər ona bir lölöi-şəhvar ələ girməz.

 

Həqiqətən , Nəsimi poeziyası bir sənət möcüzəsidir təkcə öz xalqının deyil, bütün dünyanın əvəzsiz bədii sərvətidir.

 

Başqa bir beytində şair bu sənətin ölməzliyini şərtləndirən əsas amilləri vurğulamışdır:

Həq gördüvü həq dedi Nəsimi, desin kim,

Həm şeirimi mən ayəti-Qurana yetirdim.

 

Şair öz yaradıcılıq kredosunu çox aydın ifadə etmişdir: 1) həqiqəti görmək demək (yazmaq); 2) söylədiklərini yüksək bədii səviyyədə ifadə etmək. Bu cəhətdən şair öz şeirini Orta əsrlərdə bəlağətin ən ali nümunəsi sayılan "Quran" ayələri ilə müqayisə edir.

3. Nəsiminin ədəbi dil tariximizdə müstəsna rolu xidmətləri. Şair fars ərəb dillərində şeirlər yazmasına baxmayaraq, əsas hünərini ana dilindəki yaradıcılığında göstərmiş, ədəbi dilimizin yetərincə saf canlı bir şəkildə klassik Şərq poetikası sisteminə uyğunlaşmasına nail olmuşdur. Başqa sözlə, o, türkcənin hədsiz ifadə imkanlarını nümayiş etdirərək, onun rəqib dillər qarşısında ədəbi statusunu təmin təsbit etmişdir. Bununla da Nəsimi çətin bir vəzifənin öhdəsindən uğurla gəlmiş, böyük bir yolun təməlini qoymaqla xələflərinin işini asanlaşdırmışdır. Bir nümunəyə baxaq:

 

Qulluğa bel bağladım,

sultanı gözlər gözlərim,

Dərdinə tuş olmuşam,

dərmanı gözlər gözlərim.

Gördügüm ol, bildigim ol,

 istəgim həm oldurur,

Əvvəl oldur, axır oldur,

anı gözlər gözlərim.

Ey Nəsimi, sidq ilə

yolunda xak olmaq üçün

Can elindən gəlmişəm,

cananı gözlər gözlərim.

Nəsimidən dörd əsr sonra başqa bir böyük şairimiz - Seyid Əbülqasım Nəbati (1812 - 1873) eyni rədifli, eyni ruhlu bir neçə məşhur şeir yazmışdır ki, bu da Nəsiminin ədəbi dil tariximizdə açdığı yolun yeni dövrə qədər uzandığını aydın şəkildə göstərməkdədir.

Fikrimizcə, Nəsimi yaradıcılığı ilə bağlı gələcək araşdırmalarda qeyd olunan istiqamətlərə daha dərindən diqqət yetirilməsi, şairin bədii irsinin həmin aspektlərdə hərtərəfli surətdə öyrənilməsi həm elmi-nəzəri, həm müasirlik baxımından prioritet sayılmalıdır.

 

Gövhər Baxşəliyeva

Ədəbiyyat qəzeti.- 2019.- 12 oktyabr. S. 17.