52 saat 2 dəqiqə...
Bəzən gülüb keçmək olmur, ölüb keçməli olursan...
Bir dəfə
dostlardan biri
"daha yaşaya bilmədiyini" söyləyəndə ona "özünü öldür" demişdim. Bunu ona demək olardı,
çünki özündən də, özgələrdən
də keçib gəlmişdi, toxunub qayıtmışdı
o sərhədə, ondandı...
Sakitcə:
"Yaxşı" dedi və yoxa çıxdı. Sonra
qayıtdı...
Məlik
o sərhəddən geri dönə bilmədi...
Narahat
ruhunun hansısa qara düyünündə əlləri ya əsdi,
ya yoruldu, gücü çatmadı... ya da yox, istəmədi,
sadəcə istəmədi... İstəmədi, İlahi, istəmədi...
"Məni
bağışlayın, sizi narahat etmişəm"...
Narahat olmuşdummu? - Olmuşdum... Amma bu, yetərli deyildi, mən
narahat olmamalıydım, başqa nəsə olmalıydım,
başqa kimsə olmalıydım, bəlkə o zaman belə
alınmayacaqdı. Əvəzində
soyuqqanlılıqla: "Eybi yox..." yazmışdım...
İnsan
ölümün bircə addımlığındadırsa,
hansı üzündə olduğunu bilib-bilməməsindən
asılı olmayaraq, hər halda ona sonra mümkün olan qədər
uzaqdan baxa bilmir...
İndi
olsaydı...
Nə olacaqdı indi olsaydı? - Heç nə...
***
Bəzən sevdiyimiz-sevmədiyimiz,
tanıdığımız-tanımadığımız
adamların düz yanındaca ölüm peyda olur. Kölgə
kimi, bəlkə də adamı kölgəyə itələyib
özü onun yerini tutur. Bilmirsən əlini uzadıb
ölümdənmi yapışasan, adamdanmı... Bilmirsən,
hansını saxlayasan, hansını gözdən
çıxarasan...
Hansısa
gedir - ya ölüm, ya adam...
Məlik
özü getdi...
***
İnsan ölüm üçün doğulub. Kim nə deyir desin, hər
şey bu qədər sadə və təbiidir. Bəs
həyat özü nədir? "Bəs
ölüm nədir?" - içimdən
səsini çoxdan kəsib div yuxusuna getmiş müdrik ruh
sakitcə pıçıldayır...
Çoxlu
ölə bilməyən adam
tanıyıram, onlar heç yaşaya da bilmirlər... Ən böyük günah nədir? - deyə üzümüzü Tanrıya tutanda
ondan heç bir cavab gəlməyəcək. Amma adamlardan
soruşun - sadalarlar, sadalarlar, sadalarlar... bitməz...
Məlik
özünü dənizə atanda kimlərsə onun
üçün "günaha batdı" demişdilər...
Onun heç bir günahı yoxdu, olmayacaq da. Tapa bilməzsiniz...
***
"Niyə nigaransınız buz kimi əllərimdən?
Gözlərimin
rəngindən və azalan çəkimdən...
Hamınıza nə olub?
Nə üçün
məni görən,
Gözlərini
bərəldir, baxır... baxır... və birdən
Mənə
məsləhət verir, tanıdığı həkimdən...
Nə
çoxdur mənim kimi, həyatından bezənlər,
Dənizə
atılanlar...".
Çox
deyil, Məlik... Heç kim heç zaman
heç kim kimi olmur...
***
52 saat, 2
dəqiqə...
Məlik
bu sözləri yazanda dupduru təbinin verdiyi ən gözəl
şeirlərə doğru başqa bir yola
çıxmışdı, amma bunu görə bilmirdi... Ona elə gəlirdi, bunun adı ölümdür,
amma belə deyildi. Bir an, bircə an, kiçicik bir an... gözünü yumub açacaqdı,
qayıdıb başqa bir şeir yazacaqdı - artıq əvvəlki
adam olmayacaqdı...
Edə
bilmədi...
"İstəmirəm"...
İstəmirdi...
İstəməməyin
nə olduğu mənə necə də tanışdır! Mən
o suları necə tanıyırdım, İlahi! Mən o
dayanıb baxmağı necə görürdüm! Mən o
saatların, dəqiqələrin hesablanmasını necə
yaşamış, necə keçmiş, günəşin
sağ çiynim üstündən batmasını necə
izləmişdim zamanında...
İndi, o gündən iki ilə yaxın vaxt keçərkən
başımın özümə qarışmış
halıyla onun ölümünü necə sakitcə
qarşıladığımı xatırlayıram. Qınayın
məni, amma nə olsun? Həqiqət dəyişmir, mən
sakitcə dayanıb onun bu dəfə də geri
qayıdıb-qayıtmayacağını gözləyirdim...
Qayıtmadı...
***
"Səni
bağışlayıram
kimsəsiz məzarların şəkilsiz başdaşına.
Səni bağışlayıram
oyuncağı qırılan uşağın göz yaşına.
Səni
bağışlayıram
bu
yağışın səsinə, bu torpağın ətrinə.
Səni
bağışlayıram
elə
sənin xətrinə...".
Yalan demə, Məlik, sən heç kimi
bağışlamamışdın... bağışlaya bilməmişdin. Bəlkə
bağışlasaydın o böyük ürəyinlə,
narahat şair ruhunla çox şey edə biləcəkdin,
amma bağışlaya bilməmişdin, bilməmişdin...
***
İnsan niyə ölmək istəyir? Niyə
Tanrının işinə əl uzadır? Bəlkə onun başını qarışıq
bilir, bəlkə onun nəzərlərini arzulayır, bəlkə
sınamaq fikrinə düşür Tanrını?
52 saat 2 dəqiqə,
görəsən, kimin sınaq məqamıydı,
insanlarınmı, Tanrınınmı... Görəsən, o
sınaqdan kim bu aləmdə qaldı, kim
o aləmə keçdi, görəsən, sən bu
dünyada sənə ölümdən bir addım yaxın
dayandığı halda duya bilmədiyin Tanrını o
dünyada tapa bildinmi:
"Amma...
Bütün gözəl cümlələrin
"amma"sı var.
Ayrılığın
izləri var əllərimdə,
Bir də
səni düşünəndə,
Ürəyimin
ağrıması, yanması var...
İndi ən
az şimal qütb ulduzu qədər uzaq,
Və şimal qütbü qədər soyuqsan.
Fəzalararası
boşluqdayam, gəzirəm...
Başqa dünyalarda həyat varmı?
Əlbəttə,
yox!.. Hardan olsun?!.
Başqa
dünyalarda sən yoxsan..!" - demişdinmi?
Demişdin...
Mən Məlikdən
sonra adamların həqiqətən ölmək istədiyini
anlamağa başladım... Adamlar həqiqətən
ölürdülər! Bu həqiqət məni
qəflət yuxusundanmı ayıltdı, birdən-birə
adamların üzündə, əllərində,
gülüşündə, qəzəbində, sevgisində...
ölümü hiss etməyə başladım. Gözlərimi
yumub xəyali əllərimi adamların yaxasına
keçirdim:
"Olmaz! - dedim... Olmazdı!
Sərhədə kimi getmək olardı, amma qayıtmaq lazımdır. Bəlkə də
insan məhz ondan sonra yaşamağa başlayır. Məhz ondan sonra hər şey daha yaxın, daha
qorxusuz, daha ucalıqda qərar tutur. Sən dəfələrlə
əllərini qaldırıb quş kimi qanadlanırsan o
nöqtədən, dəfələrlə, amma yerə
çaxılmırsan, uçursan, uçursan,
qayıdırsan... Öz özünə, öz
içinə, öz zamansız və çərçivəsiz
ikinci həyatına. Ondan sonra hər şey başqa
cür olur... Sən başqa olursan, daha dərindən
gülümsəyə, daha içdən ağlaya bilirsən...
Ölüm
geri çəkilir... Daha gözəl şeirlər
yazılır...
Daha
gözəl şeirlər yazmaq üçün sağ
qalmağa dəyərdi, Məlik...
Hər
birimiz bizi dənizin dərinliyinə çəkən o səbəbi
unuda bilərik... Amma qəribə şəkildə
aralıq bir hədd var - o həddə dayanıb gözləyirik,
bəlkə kimsə gələcək? Bəlkə
kimsə bizi inandıracaq?
Amma bəlkə heç lazım deyildi?
İndi bunun nə əhəmiyyəti var? İndi bunun
bir əhəmiyyəti varmı?
Özümü
öldürməsəydim indi sağ deyildim... - tez-tez bu
sözləri pıçıldayıram...
"Neçə
dəfə ürəyimə öldürücü
ağrı gəlib,
Köməyimə
Tanrı gəlib, ölməmişəm,
Beləcə
cırıb atmışam təqvimdən
Günlərimi,
aylarımı, illərimi
İllər boyu Tanrı tutub əllərimi.
Tanrı
verən ağrılara şükr eləmək
Özü
də bir ibadətdir,
Ağrıya
bax,
Mənim
ailə şəkillərim bir nəfərdən ibarətdir...".
Biz
hamımız həmişə elə bir nəfərdən ibarət
olacağıq, bir az dayansaydın, bir az qalsaydın
anlayacaqdın, qəbullanacaqdın, əvvəl-əvvəl
bir az çətin olacaqdı, sonra isə heç əziyyət
də çəkməyəcəkdin, hər şeyi qəlbinin
dərinliyində bir sandığa qoyub açarını
atacaqdın dənizə, özünü yox...
***
İnsanın özünü öldürməyə
haqqı çatırmı?
Çatır...
Amma insanın özünü öldürməməyə də
haqqı çatır, bəlkə daha artıq...
Məlik
ölümü məşq etmişdi... Görünür,
xoşuna gəlməyibmiş, növbəti cəhdə
ehtiyac varmış, amma əbədi yönəldici səsini
vaxtında çıxardıb: "Olmadı!" deməmişdi...
Gecikmişdi...
İnsanın
özünə əl qaldırmasının arxasında
ağırlı-yüngüllü minlərlə səbəb
dayana bilər...
İnsan
yorulan varlıqdır... bezən varlıqdır... darıxan
varlıqdır...
Qədim
söhbətdə deyilir: Tanrı darıxırdı,
dünyanı yaratdı...
Məlik
özünü öldürdü...
***
İntihar - insanın gələcək növbəti həyata
tələsməsidir. O, dəyişmək istəyir, ruhunu tezliklə başqa
cür canlandırmaq, özünü yenidən başqa
cür qurmaq istəyir. Dostları Məlikin bir
yerdə qərar tuta bilmədiyini deyirlər. Deyirlər,
onu saxlamaq olmayacaqdı... Dostları onu özləri
üçün saxlamaq istəyirdilər, biz hamımız
kimisə ən çox özümüz üçün
saxlamaq istəyirik, bunun adını nə qoyuruqsa qoyaq...
Haqlıdırlar,
onu saxlamaq olmayacaqdı... Məlik heç bir
xilasediciyə inanmırdı. Dostlarına,
özgələrə, heç kimə inanmırdı.
Heç kimə inanmadan yaşamaq isə ya çox çətin
olur, ya da çox asan...
Məlik
çətin olacağını düşünərək...
"Yanıldı" yazıram, pozuram, kim bilir axı, kim
bilir?..
"Və
sonralar bildim ki, yalan danışmaq belə
Təbii ehtiyacmış.
Köməksiz
anlarında yalan təkcə əlacmış...
Həyat
- Ən böyük yalan...
Həyat
- Boğulan bir nəfərə yardım etdiyin zaman
Səni
özünə çəkib, özüylə
boğmasıdır..." - sənsə bilirdin...
***
Məlik
Cahan - Adi, çəlimsiz oğlandı. Uzaqdan yorğun, bir az da iddialı görünürdü, deyəsən,
hər şeyi çox tez yaşamağa
başlamışdı... Dostları tez-tez onu "Eynəkli
qız" şeiri ilə xatırlayırlar, bəlkə o
eynəkli qız da tez-tez Məliyi xatırlayır...
Məlik
Cahan sağ qala bilsəydi... İlahi! - Məlik Cahan sağ
qala bilsəydi... ya şeirin daşını birdəfəlik
atacaq, ya da başqa şair olacaqdı...
***
Ölüm adi hadisədir. İnsan üstünə düşən
missiyanı yük hesab etməyə başlayanda, altında
qalıb əziləndə özünü o yükün
altından çəkir... Yükə çevrilmiş
missiyadan can qurtarmağın başqa yolu yoxdur...
Sözsüz,
missiya yoxa çıxmır, Tanrı da onu havada çox
saxlamır, hansısa bətndə böyüməkdə olan
bir talenin qədərinə yazır... Biz
daşıyıcıyıq, biz yolçuyuq, biz
missiyamızı yerinə yetirməkdəyik...
Bir də,
kim bilir, bəlkə Məliyin yük hesab edib
özünü altından çəkdiyi həmin missiya hələ
uzun zaman gizli sığınacağına çəkilib
sükut içində onun yenidən doğulmasını
gözləməkdədir?..
Bəlkə
də bu dəfə bacaracaq...
"Bilmədiyin
şeylər var...
Məsələn, gecənin üçündə
oyanıb günəşi gözləmək kimi.
Səhər yenə saatın əqrəbini irəli
çəkmək var.
Məsələn,
alınmayan xəyallarla doluyam mən,
Sonunda məni
gözləyir yeni bir natamamlıq,
Sonda ya tələsmək,
ya da gecikmək var...".
***
"Məncə,
düşüncələr sözün,
Dil insanın yiyəsidir.
Sükut
- Yaxşı insanlara
Allahın
hədiyyəsidir...".
Əlbəttə,
səssizliyə çəkilib susmaq da olardı, amma sən məsələni
bu yolla həll etməyi doğru hesab etdin... və getdin... 52
saat 2 dəqiqə sonra...
Hədiyyə Şəfaqət
Ədəbiyyat qəzeti.-
2019.- 12 oktyabr. S. 18.