Telefondakı ölüm
Hekayə
Yenə durduğum yerdə onu xatırladım. Əslində, "xatırladım" deməyim
doğru deyil, mən ki onu
unutmamışdım. Yadıma tək olanda telefonla tanımadığım
ünvanlara zəng vurmağım düşdü.
Fəqət illərdir bir
nömrəni heç
unuda bilmirəm.
10-cu sinifdə oxuyurdum,
yanvar ayının
15-i idi. Heç bilmirəm bu
tarixi nə ilə yadda saxlamışam. Sinif
yoldaşım Aygün
dedi ki, bekar olanda tanımadığım
nömrələrə yığıb
camaatı ələ salıram. Onu bu hərəkətinə
görə məzəmmət
edib "telefon xuliqanı" demişdim.
Həmin
axşam evdə heç kəs olmadığından bağrım
çatlayırdı, işıqların
da sönməsi lap sıxırdı məni.
Aygünün gündüz etdiyi
təklif beynimi məşğul etməyə
başladı. Mən də
adını "xuliqanlıq"
qoyduğum hərəkəti
sınaqdan keçirmək
istədim.
Bir neçə
nömrəni yığdım,
götürmədilər, elə
bil sözləşmişdilər. Bəxtimdən gileylənib telefonu bir küncə tolazladım. Sonra yenə
özümdə güc
tapdım, uzandığım
yerdən qalxıb telefonu götürdüm və bayaq yığdığım
nömrələrdən birinə
təkrar zəng vurdum. Dəstəyi bir qadın
götürdü. Mülayim,
titrək səsindən
27-28 yaşlı xanıma
bənzəsə də,
sonralar söhbətimiz
zamanı dedi ki, 48 yaşı var. Adı Lalə olan bu xanım
subay idi, tək yaşayırdı,
pianoçu idi. Qəribə
olan odur ki, mənim bekar vaxtıma düşməsindən zərrə
də narahatlıq duymurdu. Bəlkə də ovqatımın
yaxşı olmadığını
duyurdu, bəlkə o da bekar idi.
Üzünü belə görmədiyim
bu qadınla artıq dost olmuşduq. Yaxşı xatırlayıram, həmin
vaxt mən İsa Muğannanın
"Doğma və yad adamlar" əsərini oxuyurdum deyə, onun üçün də hissələr səsləndirirdim,
o da mənə pianoda musiqilər ifa edirdi. Məndən
ən çox şeir səsləndirməyimi
rica edirdi. Məktəbdən evə tələsirdim,
1 tamamda dərsimiz bitirdi, 2 tamamda mən evdə olurdum. Elə qapını açıb
içəri girən
kimi telefonun fəryadını eşidirdim.
Mənimlə birgə yeyir,
mənimlə birgə
televizora baxırdı,
hətta hərdən
dərslərimə də
kömək edirdi, əla riyaziyyatçı
idi. Çox vaxt isə gecəni telefonla danışıb birgə
yuxuya gedirdik. Özümüz də bu halımıza gülürdük,
adımızı köhnə
sevgililər qoymuşduq.
Hələ o vaxtdan aşpazlığı
sevirdim deyə, hərdən ona da qəribə yemək reseptləri deyirdim. Bərabər hazırlayıb yeyirdik,
çox da bəyənirdi improvizələrimi.
Universitetə hazırlaşan vaxtlarım
idi deyə, testləri bir yerdə edirdik. Cavabını bilmədiyim riyazi
sualları həll edib şəklini MMS-lə göndərirdi.
Mən də ona dil-ədəbiyyatdan
məlumatlar verirdim.
Ən çox da Füzulinin
yaradıcılığını sevirdi. Məndən həftə səkkiz-mən
doqquz "Pəmbeyi-daği-cünun"
qəzəlini səsləndirməyimi
xahiş edirdi, mən də ərklə özümü
naza qoyurdum, bir növ qiraətimə
olan asılılığından
istifadə edirdim.
Aylar keçdikcə
Laləyə bağlılığımın
dozası artırdı,
bağlılığım artdıqca suallarım da artırdı. Ən çox
da onun niyə
tək olması məni maraqlandırırdı,
di gəl ki, heç vaxt o barədə sual vermirdim. Çünki içimdə
bir hiss vardı ki, bu təkliyin
kədərli bir taleyi var. O da şəxsi həyatından
heç danışmırdı.
Nə qəribədir, deyilmi?
Qeybət etmədən, şəxsi
həyatdan danışmadan
da söhbət etmək olurmuş. Onu görmək istəyirdim,
amma birdən razılaşmaz deyə, bir kəlmə də demirdim. Mən deməsəm də, bir gün
o dilə gəldi və dedi: şəklini
göndər, görüm
danışdığım bu balaca kimdir?
Mənə balaca deyirdi.
O vaxt texnika bu qədər inkişaf etməmişdi,
amma şəkil və azhəcmli video göndərmək üçün
MMS deyə bir xidmət vardı. Şəklimi göndərəndə
mənə təəssüratlarını
dedi, çox qəribədir ki, Lalədə yaratdığım
təəssüratlar ta
bu günə qədər xarakterimdə
məni təqib edir. Onun da şəkli
məndə hələ
də qalmaqdadır.
Nə gizlədim, günü bu gün də
onun üçün
it kimi darıxıram.
Bu yazının ərsəyə
gəlməsinin səbəbi
də həyatımda
hiss etdiyim o boşluqdur.
Bəlkə də məni
incidən nəsnələr
var o boşluqda.
Bildiyim dəqiq bir şey var ki,
"kaş"larım yaxamı
heç vaxt rahat buraxmayacaq.
Söhbətimiz il yarımdan çox çəkdi və hər şey qəfil bitdi. Adi günlərdən birində ona zəng vurdum, gördüm yad bir qadın götürdü və Laləni soruşanda mənə onun vəfat etdiyini dedi. Həmçinin söhbət arasında
öyrəndim ki, o, yeriyə bilmirmiş, əlil arabasında imiş. Telefondakı
qadın mənim Lalənin nəyi olduğumu soruşanda sual beynimi çox
məşğul etdi:
doğrudan da mən Lalənin nəyi idim ki?
Sonralar çox
tez-tez o nömrəyə
zəng vururdum, dayımgilə də, sinif yoldaşıma da zəng vuranda
çaşıb onun
nömrəsini yığırdım. Hər dəfə də eyni adam
götürüb deyirdi
ki, ay uşaq, Lalə yoxdur daha. Axırda özüm də
bu haldan bezdim, telefondakının üstünə qışqırdım
ki, nömrənizi dəyişin. Sonra isə üzr istəyib sözümə
davam etdim:
- Unutmağa vaxt lazımdır, mənə
bir az
vaxt verin, xahiş edirəm. Hesab edin ki,
bu nömrə barmaqlarımın vərdişidir...
Arzu
Murad
Ədəbiyyat
qəzeti.- 2019.- 12 oktyabr. S. 19.