Sona Vəliyevanın səssiz nəğməsi

    

Sona Vəliyevanın Belqradda "Computech" nəşriyyatında serb dilində işıq üzü görmüş şeirlər kitabı haqqında qeydlər

 Sahib olduğu özünəməxsus ədəbi keyfiyyətləri bir yana, Sona Vəliyevanın "Bu dünya görüş yerimiz" ("Svet u kom sretosmo se ti i ja") adlı kitabı Azərbaycan ədəbiyyatı ilə tanışlığıma vəsilə olan ilk nümunə kimi mənim üçün xüsusilə dəyərlidir. Bu kitab məndə Cənub-Qərbi Asiya ilə Şərqi Avropa arasında körpü rolu oynayan bir ölkənin başqa yazarlarının da ədəbi əsərləri ilə tanışlıq üçün həvəs oyatdı.

Bu körpünü elə Sona Vəliyevanın poeziyasında da görmək olur: poetik təxəyyülündə, monoloqlarındakı musiqidə, bizim ictimai, milli, dünyəvi adlandırdığımız nəsnələrə sərgilədiyi fərdi yanaşmasının gizli tərəflərində. Xüsusilə də, "Bir havasız hava çal" adlı şeirində bu nüanslar açıq-aydın sezilir. Bu şeiri oxuduqca - sanki xəyal qururmuş kimi - boz bir kədərin zərbələrindən güclə sıyrılıb boylanan, sevinc işığı ilə boyanmış Azərbaycandakı milli bayram ab-havası xəyalımı bəzədi. Öz vətənimdə də yaşanmış bu bayram havasını təsəvvürümdə müfəssəl canlandırmağa çalışdım. Sülhə və xoşbəxtliyə yenidən qovuşub, müstəqil bir ölkənin xoşbəxt vətəndaşı olmağa yönəlmiş fərdi və milli mübarizə, aydınlığa uzanan dərin istək, yaşanan ağrılar bu iki xalqı bir-birinə nə qədər də doğmalaşdırır.

Bu ovsunlu şeirdə vurğulanan fundamental bir ideya var. Mən bu şeiri bircə dəfə oxudum: "Bir havasız hava çal"... Sonrakı hissələrdə bu sətir - "Bir havasız hava çal"  təkrarlanır. Yalnız belə bir səssiz nəğmə mənim ruhumu, ana yurdum Zmijanjeni sakitləşdirə bilər.

Şeiri oxuduqca Sona Vəliyevanın fərdi və milli aspektdə yaşatdığı dərin xoşbəxtlik arzusunun bu səssiz musiqisi dünya musiqisinin səsini boğur. Elektron vasitələrlə gücləndirilmiş, hətta ən yüksək səs diapazonu ilə səsi yayılan bütün musiqilər susur. Bu, ürəyimin oxşar səssiz nəğmə ilə ağlayıb-güldüyü saysız-hesabsız anlardan idi. Dərindən duydum ki, S.Vəliyeva şeirinin musiqisi bircə not olmadan çağlayır, süzülür, kaman kimi inləyir... ya da bu azərbaycanlı şairənin digər şeirlərində olduğu kimi, çarəsiz bir ney kimi çırpınır. Duyğularını təsvir etmək üçün azya çox söz işlətməsindən asılı olmayaraq, hətta heç bu kədəri nəzərdə tutmadığı şeirlərində belə, bu musiqinin müşayiəti var.

Məgər "Kimsə yoxdu ağı desin bu kəndə" adlı şeirindəki eyni misrada da bu musiqini eşitmirikmi? Və ya "Gəl gedək bu şəhərdən" şeirindəki "Payız qəmli qadıntək yorulub ağlamaqdan" misrasında, "29 may düşüncələrim"dəki "Mən tələskən, yollar uzun, əvvəldəyəm ya sondayam" misrasında necə?! Eşitmirikmi?! "Özgə havalara oynayan gözəl, yağmalanan yurdun dərdi kimindir" şeirində də bu səs kəsilmir. Bu musiqini eşidirikmi, yoxsa içimizdə bu nəğməni hələ çox eşitməli olacağımızın nigaranlığını ört-basdır etmək istəyirik?!

Vrnjaçka Banyada "Lazarus" villasında Sona Vəliyevanın bu kitabını yazı masamın üstünə qoydum. Özünü haqq-hesab edirəmmiş kimi lirik dialoqlarla dolu səhifələri çevirir, bu şəhərin bütün mənzərəsini göstərən pəncərəmdən boylanır, düşünürəm. Qarşımda uzanan sıx meşəyə boylanıram, yurdumu işğal edənlərin meşələrimizdən geri çəkilməsi canlanır xəyalımda. Orta əsrlərdə qılınclar, məşəllər daşıyanlar, sonralar silahlar, bombalarla, bu gün isə təyyarələr və "AWACl"arla (xüsusi növ hərbi hava gəmisi - red.) eyni simada görünür gözümə. Lakin bilirəm, artıq əminəm ki, soydaşlarımın və xalqımın qüdrəti və sevgisi onları geri çəkilməyə məcbur edəcək, torpağımızdan uzaq tutacaq, hər an məğlubiyyətə düçar edəcək.

Kitabı bağlayıram. Amma Sona Vəliyevanın bitməyəcək səssiz nəğməsi hələ də qulaqlarımdadır. Dərhal kitabı yenidən açıb, yüngül bir sevinc hissi ilə şeirlərə qərq oluram, doğma bir çayın sularına, ilk eşqimin qollarına, bir beşiyə atılırmış kimi...

 

Sona Vəliyevaya minnətdarlıqla...

 

Akademik Dusko M.Petroviç

Tərcümə edən: Elcan Salmanqızı

Ədəbiyyat qəzeti.- 2019.- 12 oktyabr. S. 22.