Şeş
qoşa (Hekayə)
Yuxusunda gördü ki, hansısa milyonçu ilə
üzbəüz oturub nərd oynayır. Təxminən yüz il əvvəlki dövr idi. Sumağı rəngli
qumaş pərdələrin saçaqları evin pəncərələrinə
əzəmətli
görkəm verirdi. Başını
qaldıranda milyonçu bəyin çiyni üzərindən
Qız qalasının müəzzəm duruşunu görə
bilirdi. Bu, təkcə nərd oyunu deyildi,
köhnə dünya ilə yeni dünyanın savaşı
idi. Oyunun taleyi bir şeş
qoşadan asılı idi. Bu dəm zərlər
əlində işıldamağa başladı, heyrət
üz-gözünə dağıldı, zərlərin
parıltısı bütün bədənini işıq
selinə bürüdü. Gecənin
zülmətində gözləri qamaşdı. Yuxuda tələyə düşmüşdü.
Beyninin yuxu sektorunda qısaqapanma baş verdi
və ayılıb yerindən dik atılmadı, yox, tələsməyin.
Ayılandan sonra harda olduğunu xeyli müddət
anışdıra bilmədi. Ağlına gələn
ilk fikir bu oldu: dörd daş şeş
xanasında qaldı...
Tək yaşayandan qarabasmaların əlində
girinc-giriftar olmuşdu. İndi də yuxu ilə
ayıqlığın arasında vurnuxurdu, sözlərin də
əşyalar kimi birini qoyub birini götürürdü.
Yuxu sözü balıncının altında
qalıb yıpranmışdı, işıq sözü dəhlizdəki
lampanın içində, ya da qapının kənarındakı
düymənin altında dincəlirdi. Həqiqətlə
yalan eyni rəngli kostyum kimi paltar dolabında gizlənmişdi.
Sevgi sözü əriməyə başlayan
dondurma kimi özünü soyuducuya atmağa tələsirdi.
Sevdiyi qıza demişdi ki, mən hələlik
sevgimi dondururam, çünki tək sevgi ilə qarın
doymur. İkimizin yaşamağı üçün ev almalıyam. Yuxu
maşını hələ də neft milyonçusunun
üzü dənizə baxan malikanəsinin
qarşısında dayanmışdı.
***
O, sevdiyi
qadına ev seçmək
üçün şəhəri gəzməyə
çıxmışdı. Şərq
üslubunda tikilmiş bir binanın quruluşu onu heyran etdiyindən
uzun müddət dayanıb binanın seyrinə daldı.
Dənizin sahilində yerləşən ev
arxasını dağlara söykəmişdi. Xəyalən
evin içini sadə, amma gözoxşayan mebellərlə
doldurdu, otaqlardan birini kitabxanası üçün
seçdi, birini yataq otağı üçün
ayırdı, o birini qonaq otağı elədi, digər
otağı gələcək övladı üçün
uşaq oyuncaqları ilə bəzədi. Sevgilisi
heç şübhəsiz ki, bu ərazini bəyənəcəkdi.
Onun zövqünə bələd idi, aynabəndi
gözəl mənzərəyə açılan evdə yaşamaq
üçün ürəyi gedirdi. İçəri
girib evin otaqlarını gəzməyə başladı,
altı otağın hər birində sevgilisinin adının
bir hərfini pıçıldadı. Qızın
hərəkətlərinin lüğətini
hazırlamağa başladı; uzun, incə əllərinin tərpənişini,
saçlarını daramasını, yemək bişirməyini,
nərd oynamasını, rəqs etməsini. Rəqs etmək
onun bacardığı ən gözəl iş idi. Toyda, ad günlərində hamı heyranlıqla onun
rəqs etməsinə baxırdı. Zal
geniş idi, doyunca rəqs edə bilərdi, üstəlik,
milli geyimləri də vardı. Zalın pəncərələri
Şərq ornamentləriylə bəzənmişdi, butalı
naxışlar oranı qədim əsrlərin şah
saraylarına bənzədirdi. Yerə
döşənmiş xalçaların haşiyəsi mürəkkəb
formada idi, hər zolağın öz mənası vardı.
Naxışların həndəsi formada bir-birinə
məntiqi cəhətdən birləşməsindən yaranan
ana haşiyə zolağı onlara xüsusi bir gözəllik
qatırdı. İlk baxışda bu
naxışlar budaqda oturub arxaya baxan quş rəsmlərini
xatırladırdı. Onlar
açıq-abı və qəhvəyi rəngdə idi, qanad
hissələrində gül rəsmi toxunmuşdu ki, bu da
güllə bülbülü, aşiqlə məşuqu
simvolizə edirdi. Qırmızı fonlu
başqa bir xalçanın üzərində üç səkkizbucaqlı
element üzərində qərar tutan səkkizguşəli
ulduz təsvir edilmişdi. Bu xalçalar
zalın quruluşuna mükəmməllik qatırdı.
Ətrafa mütəkkələr
düzdürmüşdü, rəhil qoydurmuşdu. Gümüş şamdanlar göz oxşayırdı.
Zalda qədim əsrlərin havası
dolaşırdı. Burda oturub udu sinəsinə
basaraq xanımına gözəl nəğmələr ifa edəcəkdi.
Bir də, onun sevgilisi yaxşı nərd oynamağı
bacarırdı. Əmin idi ki, həmin milyonçu ilə
oynasaydı, onu gözüyumulu udacaqdı. Fikri hələ
də şeş qoşanın yanında
qalmışdı, kaş yatıb yuxusunun davamında həmin
şeş qoşanı ata biləydi. Həyəcan
öz qiyafəsini dəyişərək sual işarəsi
formasını alır. Bu zalım oğlu şeş qoşanı ata bildi, ya yox?
Mənasız bir həyəcan hissi boğazında
düyünləndi. Həyəcan yuxudan sızırdı,
yoxsa gerçəkdə onu boğazlamışdı,
ayırd edə bilmirdi. Çarpayısında
uzanarkən xəyalında evin divarlarını
qadınının zövqünə uyğun dəyişdirirdi.
Daş sürahi toxunarkən adamın əlini
üşüdürdü, fikirləşdi ki, bu sürahinin
içinə spiral yerləşdirmək lazımdır ki, o
incə əllər daşa toxunanda soyuq qadını narahat
etməsin. Pilləkənlərin
tutacağı dəmirdən idi, onları da dəyişdirib
qoz ağacından hazırlamaq lazım idi. Mətbəxin məhəccərinə dibçəklər
düzdü, güllərin ətri adamı bihuş edirdi.
Xanımı burda geniş aynabənddən
görünən dənizi seyr edib, güllərin ətrini
sinəsinə çəkə-çəkə zəfəranlı
plov dəmləyəcəkdi, qəhvə içəcəkdi,
nahar edəcəkdi.
Vanna otağı geniş idi, ustaya
tapşırmışdı ki, burda süni yağış
yağdırmaq üçün düymə
quraşdırsın. Arvadı qulağına
pıçıldamışdı ki, soruş gör qar da
yağdıra bilər? Usta gülümsəyib
belə demişdi: Xanımınızın parlaq
fantaziyaları var, ondan yaxşı dizayner çıxar.
Kişi: - "O, yazıçıdır, qısa ekstravaqant
hekayələr yazır, təxəyyülü
aşıb-daşır, bir hekayəsində təsvir etdiyi
evi ona hədiyyə etmək istəyirəm" - dedi. - "Bilirsiniz, o, yağışın həzin
melodiyası altında yuxulamağı xoşlayır".
Sonra da çevrilib xanımına dedi ki, axı sənin hekayəndə
evə qar yağdırmaq söhbəti yox idi? Xanımı
beynindəki təbəssüm düyməsini basdı:
"İndicə ağlıma gəldi".
Usta fikrə getdi və handan-hana dilləndi:
"Yağış yağacaq, amma qarı söz vermirəm. Lap istəsəniz
burda sizinçün sukeçirməyən çarpayı da
quraşdıra bilərəm, yataq otağının
tavanında Ay, ətrafında da ulduzları təşkil edə
bilərəm. Amma qar çətin məsələdir".
Xanımın dodaqları büzüldü. "Onsuz da gecə pəncərədən
Ayı, ulduzları görəcəyəm, səhər də
Günəş bizi qıdıqlayıb yuxudan oyadacaq.
Amma gör neçə ildir qar yağmır... Mən qar istəyirəm...".
Usta sinirləndi: "Siz, deyəsən, mənimlə məzələnirsiniz. Axı hamam otağında
qarın yağması sizin nəyinizə gərəkdir?
Onda gərək hamama palto, ayaqqabı ilə girəsiniz,
yoxsa soyuqlayarsınız". Ustanı cinləndirmək
istədi: "Bəs yağışda çətir lazım
olmayacaq?". Usta lap
özündən çıxdı: "Dedim axı,
sukeçirməyən çarpayı quraşdıra bilərəm".
Adam xanımına tərs-tərs baxdı, yəni bu qar
sövdasından əl çək. "Bu kişi
yağış işinə baxır, qar ustası da taparam, gəlib
sənin arzunu yerinə yetirər". Santexnik
hamamın tavanında buludları quraşdırmağa
başladı.
***
Bu illüziya onun tənhalığına ortaq idi. Zərləri
axı niyə ata bilmədi? Təki
"dü bir" ataydı, bilərdi ki, uduzub. Rəqibi, deyəsən, hələ də masa
arxasında oturub zərlərin düşməsini gözləyirdi.
Zərlər boşluqda
işıldayırdı. Sonra bu oyunu
tamamilə yaddaşından silməyə
çalışdı, kitabxanaya keçib oxumaq
üçün maraqlı bir kitab axtarmağa başladı. Əlinə keçən
hekayələr kitabını vərəqləməyə
başladı, hansısa hekayənin ilk cümlələrini
oxuyanda həyəcanlandı. Hekayə iki nəfərin
şahmat oyunu ilə başlayırdı, amma oyun bir əsr
idi ki, davam edirdi! Bu oyunun ilk şahidləri
artıq dünyasını dəyişmişdi, arada bir
neçə nəsil dəyişmişdi, di gəl, oyun bitmək
bilmirdi ki, bilmirdi. Ürəyi
sıxıldı, kitabı qaytarıb öz yerinə qoydu.
Güzgünün qarşısına keçib
bir xeyli özünə tamaşa elədi, sifətini sillələdi,
gözlərini bərəltdi, dilini çıxardı.
Fikirləşdi ki, deyəsən, dəli oluram.
Hamama keçmək istəyəndə diksindi; orda usta işləyirdi.
***
Otaqların dekorasiyasını qonşuluqda yaşayan
oğlana həvalə etmişdi. O, yaxşı dizayner idi və bəzən
elə fantaziyalar quraşdırırdı ki, adamın heyrətdən
gözləri kəlləsinə çıxırdı. Otaqları gəzərkən təklif etdi ki, hər
qapının dəstəyi xanımınızın
adının bir hərfindən düzəldilsin. Bu təklifə
o qədər sevindi ki, az qaldı dizayneri
bağrına bassın.
"Sən nadir tapıntısan! Yüz il qala,
belə bir şey mənim ağlıma gəlməzdi".
Dizayner məmnunluqla gülümsədi. Ona sevgilisinin
hərəkətlərinin lüğətini də təqdim
etdi ki, dekorasiyada bu detalları nəzərə alsın.
Oğlan bu kataloqa göz gəzdirib: - "sənin də təxəyyülün
pis deyil, yazıçı ola bilərsən"
- dedi. Adam "bir evdə bir yazıçı kifayət
edir", - deyə cavab verdi.
Bütün bu həngamə küsüb getmiş
qadınını həyatına qaytarmağın fövqəladə
üsulları idi. Zəhlətökən sərbəstlikdən və
üzücü tənhalıqdan cana
doymuşdu. Xəyalən tapdığı ev,
deyəsən, tədricən gerçəyə
çevrilirdi. Düşünürdü ki,
çöl qapının üstündə özünün
və xanımının adlarının baş hərflərini
nəşq etdirsin. Bu ümidlər hər
səhər günün boz işığında
dağılıb gedirdi, kirayə haqqının vaxtı
çatmışdı, pul tapmaq lazım idi. Əks
halda ev yiyəsi başının
üstünü kəsdirib onu canından bezdirəcəkdi. Bu qorxu hissi onun reallıq hissini itirməsinə imkan
vermirdi. Düşünürdü ki,
kaş gerçək yuxu, yuxu isə real olaydı. Yuxu ilə gerçəkliyin yerini dəyişməsini
arzulayırdı. Amma siz tələsməyin, imkan verək, dizayner və
santexnik işlərini görsünlər. Kim bilir, bəlkə elə bütün bu hadisələrin
hamısı (tənhalıq və kirayə istisna olmaqla)
gerçək imiş?! Adamın tənhalıqdan
şikayət etməsi sizi çaşdırmasın, onun həyatında
dəyişməz bir qadın var. Tezliklə ər-arvadın
fantaziyaları reallaşacaq, hələ üstəlik aynabənddə
qar da yağacaq. İnsan düşüncələrini
gerçəyə çevirməyi bacaran məxluqdur.
***
Külək küçənin tozunu sovurub
üz-gözünə çırpmışdı,
saçlarının dibi qumla dolmuşdu, ağzına
dolmuş torpaq dişlərinin arasında
xırçıldayırdı. Külək dənizi qəzəbləndirmişdi,
dəniz hirsindən gömgöy idi, ağ
dişlərini qəzəblə küləyə
qıcıdırdı. Evə çatan kimi
paltarlarını soyunub özünü hamama atdı. Hamamda yağış yağırdı. Arvadı sukeçirməyən çarpayıda
yuxuya getmişdi. Üzündə
yaşından da qədim bir xoşbəxtlik vardı.
***
Milyonçu hirslə nərdi çırpıb
ayağa qalxdı. Yeni dünya qalib gəlmişdi. Qız qalasının başı üstündə
Günəş bərq vururdu.
6-7 oktyabr, 2019-cu il
Kənan
Hacı
Ədəbiyyat
qəzeti.- 2019.- 12 oktyabr. S. 23.