Mələk
(hekayə)
AY Bəniz Əliyara
Günlərin
bir günü ağlıkəsən Qızcığaz
başa düşdü ki, yaşadığı bu bina,
heç demə, doğma evləri deyilmiş. Hansı
evdə, ailədə bu qədər də yad oğlan, qız
bir yerdə qalıb yaşayardı? Hərçənd ki,
Qızcığaz doğma ev-eşik görməmişdi.
Qapalı,
gen-geniş əraziyə malik bir bina idi. O ərazidə
xiyabanlar, karusellər, müxtəlif əyləncəli
yerlər də var idi. O geniş ərazi hər
tərəfdən hündür daş divarlarla hasara alınmışdı.
Hasarın bütün gün bağlı olan dəmir
darvazasından yalnız hər səhər bir maşın
içəri girərdi. O maşından ərzaq,
bəzən də geyim paltarları, müxtəlif
əşyalar, mebellər boşaldılardı. Uşaqlara o
hasardan bayıra çıxmaq yasaq idi. Yalnız arabir
şənbə və bazar günləri o hasarın başqa
bir qapısı açılar və müəyyən saat
ərzində eşikdən içəri qadınlar,
kişilər girər və bu binanın balaca sakinləri
ilə görüşərdilər. Əlidolu gələni
də olardı, əliboş gələni də.
Qızcığazın gözü dolu zənbillə
gələnlərin əllərində qalardı. O
zənbillərin sahibi olan oğlan və qızlar
gətirilən pay-pürüşü öz tumbalarına
boşaldıb yerbəyer edəndən sonra onlara baş
çəkməyə gələn kişilərlə,
qadınlarla birgə o balaca şəhərciyin
xiyabanlarının, əyləncə yerlərinin birinə,
təkliyə çəkilərdilər.
Qızcığaz
bir gün gözdən yayınıb gələn
yaşlılardan birinə qoşularaq hasardan çölə
çıxa bildi. Çöl tərəfdən divara
vurulmuş iri lövhə əlbəəl diqqətini
cəlb etdi. Lövhədəki yazını oxuyan
Qızcığaz başa düşdü ki,
qaldığı bu məkan kimsəsiz uşaqlar evi
imiş...
Deməli, o da kimsəsizdir.
Ancaq
Qızcığaz burasına fikir verib görürdü ki,
şənbə və ya bazar günü uşaq evində
yaşayan qızların, ya oğlanların bəzilərinin
yanına ya qadın, ya da kişilər gəlir. Əgər
gələn qadındırsa, deməli, uşağın
anasıdır. Təbii ki, kişilər isə yanlarına
gəldiklərinin atalarıdır. Bəs niyə kimisinin
yanına anası, kimisinin yanına isə atası gəlir?
Niyə kimini anası, kimini atası çox istəyir? Bunu
ayırd etməyə Qızcığazın hələ ki
ağlı kəsmirdi.
Bəs niyə
onun yanına nə anası, nə də atası - heç
biri gəlmir? Qızcığaz elə istəyirdi ki, onun da
yanına şənbə, bazar günü onlardan heç
olmasa biri də olsa gəlsin. Onun üçün də sovqat
gətirsinlər. Analarının, ya da atalarının
gətirdikləri sovqatları uşaqlar öz aralarında
dəyiş-düyüş edirdilər, qoğalları
konfetlə, eləcə də konfeti qoğalla
dəyişdirirdilər.
Qızcığazın
gözü o qoğallarda, konfetlərdə,
meyvələrdə qalsa da, özünü tox tutardı.
Ürəyindən keçirərdi ki, əgər ona sovqat
gətirilsəydi, o, yəqin ki, dəyiş-düyüş
yox, onları pay edərdi. Əşi, lap əliboş
gəlsinlər, təki yanına gələn olsun.
Əgər yanına yalnız anası gələrsə, o da
rəfiqələrinə izah edə bilsin ki, atası vəfat
edib, ona görə yanına gələ bilmir. Və ya atası
gələrdisə, onda deyə bilərdi ki, anası
dünyada yoxdur. Yoxsa hansı ana, ya da elə ata olsun,
övladını az istəyər. Axı, yanlarına
anaları, ya da ataları gələn uşaqlar
valideynlərindən hər ikisinin gəlməməsinin
səbəbini belə izah edir, belə bəhanə
gətirirdilər...
Qızcığaza,
nəhayət, elə gəldi ki, onun nə anası olub,
nə də atası. Ancaq əlbəəl fikrə getdi.
Axı, bu necə ola bilərdi? Atasız, anasız dünyaya
gəlmək müşkül, heç ağlabatan iş
deyildi. Qızcığaz xeyli fikrə getdi. Və
birdən-birə ağlına gələn fikirdən elə
sevinib şadlandı ki, az qala qanadlanıb uçmaq
istədi. Bir halda ki, o, dünyaya atasız-anasız gəlib,
deməli, mələkdir. Mələklər də
atasız-anasız olur. Hə, hə, mələk! O,
mələkdir!
Həmişə
gözü qapıda qalan, onun da yanına bir gün axır
ki, ya atasının, ya da anasının gələcəyini
gözləyən Qızcığazın özünü mələk
hesab edəndən sonra daha gözü qapıdan
yığıldı.
Ataları
və ya anaları yanlarına gələn uşaqlar ona
gülüb lağ edəndə, - bəs, sənin yanına
nə atan, nə də anan niyə gəlmir? - soruşanda
Qızcığaz da qətiyyətlə: - Axı, mən
Mələyəm, - deyirdi.
Qızcığazın
adı var idi. Onu sinif jurnalındakı adı ilə də
çağırırdılar. Özünü mələk
sandığı gündən bəri Qızcığaz onu
həmin adı ilə çağıranlara hay
verməməyə başladı. O, hay verməyəndə
ilk əvvəl elə fikirləşdilər ki, yəqin,
eşitməyib. Təkrar bir də çağıranda
Qızcığaz: - Mənim adım Mələkdir, - dedi.
Onun bu sözlərinə əvvəlcə
gülüşənlər sonra heyrətləndilər.
Və ən nəhayət, qəzəbləndilər.
Mələyə bax! Bu ad birdən-birə haradan
çıxdı? Mələk! Qızcığaz onun
əlindən qəzəblənənlərə
çəkinib ürək etmədi desin ki, axı, mələklərin
də ata-anası olmur. Nəhayət, Qızcığaz bir
gün burasını da başa düşdü ki,
mələklər saf, pak, təmiz adamların arasında
yaşaya bilirlər. O gündən yaşadığı
üçüncü mərtəbədə mələk
olmaqdan bezdi.
Və... bir
gün Qızcığaz rəfiqələrinə dedi ki,
mələklər göydə Allah babanın qulluğunda
dururlar. O da göyə uçacaq. Rəfiqələri onu
ələ salıb
gülüşdülər.
- Mən
mələyəm, mən mələyəm, - deyə
Qızcığaz rəfiqələrindən inciyib
hıçqırıq vuraraq hönkürdü, sonra da
qəflətən açıq pəncərəyə
yaxınlaşdı. Və... Elə hər şey bir göz
qırpımında baş verdi.
Uşaqlar
qorxudan qışqırışıb ağlaya-ağlaya
hay-küy saldılar.
Elə onlardan
ən zirəyi də özünü ələ alıb
səs-küyə içəri doluşan dayələri
məsələdən agah etdi. Və onlar da
çölə, mərtəbənin altına
qaçdılar. Pəncərənin altında qan
laxtalanmışdı. Cəsəd isə yox idi.
Bax, onda
inandılar ki, Qızcığaz haqlı imiş.
Mələk kimi göylərə çəkilib.
Şabran
Aydın TAĞIYEV
Ədəbiyyat
qəzeti.-2019.- 12 oktyabr.-S.25.