Əli
bəy Hüseynzadənin uşaq şeirlərində
işıq
Türkçülüyün böyük ideoloqu elm və
biliklə dünyanın xilas olacağına
inanmışdır. O çalışırdı ki, məktəblərdə
uşaqlara ana dili, onun tarixi, qrammatikası və abidələri
öyrədilsin. XX əsrin əvvəllərində
fəaliyyət göstərən məktəblərdən
biri Ə.Hüseynzadənin də müəllim və
müdir kimi çalışdığı "Səadət"
məktəbi idi. 1909-cu ildə "Tərəqqi" qəzetində
dərc edilmiş "Yazımız, dilimiz, "İkinci il"imiz" məqaləsində Əli bəy
"Səadət" məktəbi üçün
hazırlanmış "İkinci il" kitabındakı
qüsur hesab etdiyi məqamlarla bağlı fikirlərini təqdim
etmişdir: "Bir kərə "İkinci il"in nə
şeirində, nə də nəsrində ədəbiyyat
nümunələrindən məşahiri-üdəbanın ətfala
məxsus kəlamından belə əsər yoxdur". Böyük pedaqoq kitabda uşaqların
yaşına, səviyyəsinə uyğun, rahat anlaya biləcəyi
nümunə azlığından şikayətlənir. Dərslikdə yer almış müəlliflərin
imla qaydalarına dair təkliflərini rədd edən
Hüseynzadə əlifbanın dəyişdirilməsinə də
etirazını bildirmişdir. Məzmun və
ifadə gözəlliyini əsas götürən müəllif
bədii-estetik cəhətdən zəif hesab etdiyi şeirlərin
dərslikdən çıxarılmasının tərafdarı
idi. Zaman Əsgərli bu barədə yazır:
""İkinci il" dərsliyindəki uşaqlar
üçün şeir nümunələrinə
Ə.Hüseynzadə "sənət sənət
üçündür" prinsipi, yaxud romantik poeziyanın
yüksək estetik tələbləri baxımından
yanaşırdı". Əli bəyin 1926-cı ildə
Bakıda səsləndirdiyi fikirləri də maraq doğurur:
"Xəta edərək zənn etmiş idim ki, doğrudan
doğru yüksək şeylərə müraciət etmək
kafidir. Xeyr! Əvvəla aşağılara enmək
lazım idi". Böyük mütəfəkkir
zamanında çox doğru buyurub ki, ədəbiyyat xalqa enmədikcə
yüksələ bilməz. Xalqdan güc alan
sənət əbədi yaşamaq hüququ qazanır.
Azərbaycan Milli Hərəkatının görkəmli
xadimi Əli bəy Hüseynzadənin azadlıq mücadiləsini
əks etdirən ideyaları uşaqlara həsr etdiyi əsərlərdə
də öz əksini tapmışdır. O bu əsərlərində
millətin səadəti uğrunda yorulmadan mübarizə
aparan və bu yolda rast gəldiyi bütün çətinlikləri
aradan qaldırmağa çalışan milli mücahid kimi
görünür. "Bilgin qız və arı" (23 fevral
1935) şeirində səsləndirdiyi fikirlər bəşəriyyəti,
bütün türk dünyasını
düşündürür:
Qız
(Yalnız):
İstər
bir fərd olsun, istər bir məşər,
Hürriyyəti fəda edəməz bəşər?
Əbədi
barışa yol bulmaq için
Təsanüdü
əsas tanımaq istər!
Məsud
olamayız, olsaq da arı
İnsanlığın
yolu, ülgüsü ayrı!
Kamalin
bulduğu yoldadır işıq
Bu
işıqdır türkün qutlu şüarı!..
İşığın, ziyanın türkləri,
ümumiyyətlə, bütün bəşər
övladını - "zülməti-qəflətdə
bulunan külliyyəti-avamı" qurtaracağına
inanırdı. O anlayırdı ki, yalançı "beynəlmiləl
nəğməsi" oxuyan, "Marksizm dininə" inanan,
qan qoxuyan insanların-arıların işi-peşəsi
xalqı sancmaqdır, yaralamaqdır. Azadlıq hərəkatının
genişləndiyi, milli şüurun oyandığı
dövrdə bu cür fikirlər, şübhəsiz ki,
uşaqlarda milli özünüdərk, milli kimlik ideyaları
aşılamışdır. Düşməni
tanımağa, millətin qurtuluşu yolunda ayıq-sayıq
olmağa istiqamətləndirmişdir.
Ə.Hüseynzadənin
uşaqlara həsr elədiyi "Xoruz və ququ quşu -
Xoruzun nəğmeyi-iqazı" adlı başqa bir
şeirində də bu düşüncələrinə sadiq
qaldığını görürük: "Artıq yetməzmi
uyğu! Dan yıldızı doğur! Oyanır yahu! Oyanın,
gözəl bir nəğmə dinləyin!".
Daim yenilik axtarışında olan ədibin
milli istiqlal uğrunda apardığı mücadiləsi gəncliyə
çox böyük müsbət təsir göstərirdi.
Maraqlı orasıdır ki, Əli bəy uşaqlara həsr
etdiyi bədii parçaları ömrünün ixtiyar
çağlarında qələmə almışdır. Qızı Feyzavərə
xitabən yazdığı "Bağçamın
ağacları" (1936) şeiri alleqorik səpkidədir:
Xızırdan
nişandır yaşıl yarpağım,
Haqqın
sevgisilə yanar çırağım,
Umrana,
rifaha işarətəm bən:
Sülhə
əlamətdir dalım, budağım!..
(Zeytun)
Bu şeirdə meyvə ağaclarının dili ilə
onların xüsusiyyətləri obrazlı bir şəkildə
sadalanır. Şair ağacların insana faydalı cəhətlərini
verməklə, eyni zamanda dövrün aktual problemlərinə
də diqqət çəkir. Əli bəy
çox gözəl bilirdi ki, böyük tərbiyəvi əhəmiyyət
daşıyan uşaq əsərlərinin müvəffəqiyyət
qazanmasının ən mühüm şərti onun dilinin sadə,
aydın, yığcam və səlis olmasındadır.
Digər şeirlərə nisbətən
"Bağçamın ağacları"nın
dili daha sadə, aydın, uşaqlar üçün
anlaşıqlıdır. Uşaqlara həsr elədiyi
şeirlərdə də ittihad, birləşmək, xalqı əsarətdən
qurtarmaq ideyaları əsas götürülür.
Əli bəy dünyanın müxtəlif dillərini və
elmlərini, ədəbiyyat və incəsənətini dərindən
bilmişdir. Çoxlu dil bilməsi tərcüməçiliklə
də məşğul olmasına imkan vermişdir. O,
alman şairi Bodenştedtin "Ömər Xəyyam"
haqqında əsərini, Hötenin "Faust", ingilis
şairi Con Miltonun "İtirilmiş cənnət" əsərlərindən
bəzi hissələri və Heynenin bir şeirini tərcümə
edərək İstanbul mətbuatında çap
etdirmişdir. Dünya ədəbiyyatından
olan bu nümunələri öz dilində oxuyan gənc nəslin
təlim-tərbiyəsində əhəmiyyətli rolu
olmuşdur.
"Biz insanız" deyə müasirlərinə səslənən
Ə.Hüseynzadə hər zaman insanlara və
insanlığa böyük məhəbbət bəsləmişdir,
odur ki, böyük mütəfəkkir şairin həm
publisistikasını, həm də bədii
yaradıcılığını insanpərvərlik
duyğusu çevrələmişdir.
Əli bəy
Hüseynzadə "Füyuzat" jurnalının 1906-cı
il 5-ci sayında çap etdirdiyi
"Qırmızı qaranlıqlar içində
yaşıl işıqlar" adlı məqaləsində
yazırdı: "Bizim özümüz bir yol bulub o yol ilə
gedəcəyiz. Bu yol qırmızı qaranlıqlar
içərisində peyda olan yaşıl
işıqlardır. Yaşıl deyiriz,
çünki öz müsəlmanlarımızdır. Ənvari-zümrüdün islamiyyə qəndillərini
iqad qeyrətində bulunanlarımızdır. Bu yol-nuri maarifdə yaşıl
işıqlardır, yəni bizim özümüzə məxsus
daha layiq, daha şanlı, zülməti qəflətdə
bulunan külliyyati-avam arasında nuri-maarifi əkməkdir".
Dünyanı işıqlandıran,
"yaşıl"lığa bürüyən, gözəlləşdirən
elm, maarif bəşəriyyəti məhvə aparan irticaya,
müharibəyə qarşı üsyan kimi verilmişdir.
Məqalələrinin əksəriyyətində
geniş şəkildə əksini tapmış bu fikir bədii
yaradıcılığında da davam etdirilmişdir.
Ədibin araşdırıcılarının verdiyi
bilgiyə görə, həyatının son dövrlərində
yazdığı şeirlərini "Gözəllik və
işıq" adı altında nəşr etdirmək istəsə
də, əcəl buna imkan verməmişdir. İstiqlal
uğrunda mücadilə aparmış Əli bəy,
dünyanı gözəlliyin, işığın, elmin,
maarifin xilas edəcəyinə son nəfəsinədək
inanmış, müqəddəs bildiyi bu yoldan
usanmamış, qarşılaşdığı məhrumiyyətləri,
acı-ağrını mərdliklə
qarşılamış, əqidə və amalından son nəfəsinədək
dönməmişdir.
İlhamə Ağazadə
Ədəbiyyat qəzeti.- 2019.- 12 oktyabr. S. 26.