Kazımzadə Kazım Ziya,
yaxud məhbəsdə oynanılmış rol -
Kazım Ziyanın ilk tamaşalarından biri "Bəxtsiz cavan" olmuşdur. Maraqlıdır ki, "Bəxtsiz
cavan". K.Ziyanın təkcə səhnədə
deyil, həm də həyatda yol yoldaşı oldu.
İntibah və
renessanslar zamanı Nizamilər, Füzulilər, Puşkinlər,
Dostoyevskilər, Tolstoylar, Şekspirlər, Cavidlər
doğulur, inkvizisiyalar və totalitar rejimlər zamanı isə
Fironlar, Stalinlər, Hitlerlər yetişir. Həmişə və hər yerdə intibahla
inkvizisiya biri-birinə əks qüvvələr kimi doğulur
və mübarizə aparır. Ən
böyük fəlakət də hakimiyyət kürsüsündə
irtica əyləşəndə baş verir. Bu zaman sənət də, ədəbiyyat da, mədəniyyət
də, elə sənət adamları da, ötən əsrin
30-cu illərində olduğu kimi, despot hakimin kin, həsəd
və qəzəb maşınının dəyirmanında
üyüdülür.
Milli-ictimai həyatın, konkret tarixi inkişaf və hərəkatın,
real gerçəkliyin fəlsəfəsini,
qanunauyğunluğunu özünəməxsus ifadə və
deyim tərzi ilə birbaşa səhnədən, geniş
auditoriyadan xalqa çatdıran, fenomenal yaddaş sahibi
Kazım Ziya Kazımzadə də totalitar rejimin
ağrı-acısını yaşadı.
O, 1930-cu
illərin mənəvi-psixoloji sarsıntılarını təkcə
ictimai həyatda deyil, həm də Xalq Daxili İşlər
Komissarlığının (XDİK) məhbəsinin dar
kameralarında iki dəfə yaşadı. Lakin
möhkəm iradəsi, dözümü, sabit və dəyişməz
xarakteri ilə XDİK müstəntiqlərinin ona qarşı
hazırladığı uydurma, saxta fakt və sənədləri,
müttəhim ifadələrini, danosları inamla rədd etdi.
Səhnədə xalqı, milləti, zindanda isə
vicdanı ölmüş müstəntiqləri öz haqq
işinə, mənəvi-əxlaqi təmizliyinə
inandıra bildi.
Səhnədə oynadığı obrazlar və qiraət
etdiyi şeirlərlə altun dünyasına, insanın
istismarına, nadanlığa, cəhalətə lənət
oxuyan, özü isə kasıb bir aktyor həyatı
yaşayan K.Ziya 1932-ci ildə valyuta saxlamaqda ittiham edildi. O, istintaqa sübut etdi ki,
valyuta ilə onun həyat tərzi arasındakı məsafə
"zülmət" kəlməsi ilə "ziya"
sözü arasındakı leksik-semantik mənadan da
uzaqdır.
Məlumdur ki, o, səhnədə H.Cavidin İblisini də
oynayıb, lakin bu, səhnə idi, onun yaratdığı
İblis isə bədii əsər qəhrəmanı. K.Ziya həyatdakı
daha amansız, daha qəddar iblisləri, onların qurduğu qətl
tələlərini isə görməmişdi. 1932-ci ildə o, azadlığa buraxılsa da,
növbəti bəlalarla, daha tragik-dramatik situasiyalarla üzləşəcəyini
təsəvvürünə belə gətirmirdi. XDİK-in müstəntiqləri isə bu görkəmli
sənət adamını nəzarətlərindən kənarda
qoymur, barəsində yeni-yeni sənədlər və faktlar
toplayır, həbs olunan teatr xadimlərindən onun əleyhinə
fiziki-mənəvi işgəncələrlə ifadələr
alırdılar. Kazım Ziyanın iş yoldaşı
Ələkbər Seyfinin həbsi onun da növbəti dəfə
zindana salınmasına şərait yaratdı.
Beləliklə,
1896-cı ildə Ordubad rayonunun Yuxarı Əylis kəndində
kəndli ailəsində anadan olan, Məşədi Əzizbəyov
adına Teatrın aktyoru Kazımzadə Kazım Ziya Cəfər
oğlu əksinqilabi millətçi üsyançı təşkilatın
üzvü kimi Az.SSR CM-nin 64, 73-cü maddələri ilə təqsirli
bilinərək, Novruz bayramında - 22 mart 1938-ci ildə Az.SSR
XDİK-in müavini dövlət təhlükəsizlik (DT)
mayoru Borşevin imzaladığı orderə əsasən
ikinci dəfə həbs edildi (Bax. DTX-nin arxivi.
Kazımzadə Kazım Ziyanın istintaq
qovluğu, PR-11722, səh. 3).
Kazım
Ziya Kazımzadənin evində axtarış aparılması
üçün 23 mart 1938-ci il tarixdə K-746 saylı order
imzalanmış və 24 mart 1938-ci il tarixdə əməliyyat
müvəkkili Qaravəliyev onun Vodovoznaya 13 küçəsindəki
12 ¹-li mənzilində axtarış aparmışdır. Axtarış zamanı onun mənzilindən pasport, hərbi
və həmkarlar biletləri, müxtəlif yazışmalar
və fotoşəkillərdən başqa heç bir şey
tapılmamışdır. 01.08.38-ci ildə
tərtib edilmiş akta əsasən axtarış zamanı
Kazım Ziyanın evindən tapılmış müxtəlif
yazışmalar və sənədlər istintaq
üçün əhəmiyyət kəsb etmədiyindən
təəssüf ki, məhv edilmişdir.
02.08.38-ci
ildə Az.XDİK DTİ-nin 4-cü şöbəsinin rəis
müavini, DT baş leytenantı Atakişiyev tərəfindən
təsdiq edilmiş qərarda Kazımzadə Kazım Ziya Cəfər
oğluna əksinqilabi millətçi üsyankar-terrorçu
təşkilatın iştirakçısı kimi əlavə
olaraq Az.SSR CM-nin 21/70-ci maddələri ilə də ittiham irəli
sürüldü (DTX-nin arxivi. Kazımzadə
Kazım Ziyanın istintaq qovluğu, PR-11722, səh. 5).
Bu istintaq işində irtica və inkvizisiya, yalan və həqiqət,
xeyir və şər, zalım və adil, iblis və mələk
üz-üzə, göz-gözə dayanır. Bir aktyor kimi, Kazım Ziya
irtica, yalan, şər və iblisə qarşı öz
oyununu məharətlə, həm də geniş və
işıqlı səhnədə, tamaşaçı
qarşısında deyil, kamerada, dar və qaranlıq məhbəsdə,
müstəntiq qarşısında oynamalı idi. Bu bir aktyorun monoloqu deyil, Xeyirlə Şərin,
İblislə Mələyin və nəhayət, müttəhimlə
müstəntiqin dialoqu idi.
NKVD müstəntiqlərinin hazırladığı
ssenaridən K.Ziya bixəbər idi. O bu tamaşada hər hansı bir ədəbi
əsər qəhrəmanını yox, məhz
özünü oynamalı, mənəvi-əxlaqi keyfiyyətlərini
açmalı, vahidliyini, bütövlüyünü göstərməli
idi.
Belə
demək mümkünsə, ilk məşqlər zamanı
(oxu: istintaq zamanı) Kazım Ziya dublyorsuz və suflyorsuz
özünü oynadı, yəni 1938-ci il
martın 25-də, aprelin 22-də və iyulun 23-də verdiyi
ifadələrində əksinqilabi millətçi təşkilatın
üzvü olduğunu qətiyyətlə inkar etdi.
Zamanın,
rejimin və rejissorun (oxu: müstəntiqin) müdaxilə,
remarka və replikaları, fiziki işgəncə və mənəvi
iztirabları ona özünün obrazını
yaratmağı yox, XDİK-in istədiyi Kazım Ziyanı təqlid
etməyi diktə etdi.
Beləliklə də, müstəntiqin arzu və istəyinə
uyğun obraz yaradan Kazımzadə Kazım Ziya 28-29 iyul 1938-ci
ildə verdiyi ifadələrində Azərbaycanda fəaliyyət
göstərən əksinqilabi millətçi təşkilatın
üzvü olduğunu "etiraf" edir. O, həmçinin etiraf edir
ki, "1928-ci ildə Tiflisə qastrol səfərinə gedərkən
tanış olduğum Kirovabad Dövlət
Teatrının direktoru Seyfi Ələkbər (o zaman Seyfi
Ələkbər "Zarya Vostoka" qəzeti
redaksiyasında işləyirdi - C.Q.) tərəfindən
1936-cı ilin sonunda bu təşkilata cəlb olunmuşam. Bakı teatrına dəvət olunduqdan sonra mən
ilk günlərdən onunla ən yaxın münasibət
qurdum, bundan sonra tez-tez xidməti və şəxsi
görüşlərimiz oldu".
Müstəntiqin
"əksinqilabi millətçi təşkilata cəlb edilməyinizin
səbəbləri barədə ətraflı
danışın" replikasına o, belə cavab verir:
"Seyfi Ələkbərə mənim xüsusi hörmətim
var idi və onun hər bir məsləhətinə, hər bir
sözünə hörmətlə yanaşırdım. O mənə
inanır və demək olar ki, hər bir şəxsi və
xidməti məsələlər üzrə mənimlə dərdləşirdi.
Ona görə də Kirovabad Teatrında
(1937-38-ci illərdə) işləyərkən o mənə
Sovet quruluşundan narazı olduğunu bildirərək
"bizi, mədəni azərbaycanlıları hökumət
qiymətləndirmir və hazırkı cəmiyyətdə
azərbaycanlıların hüquqları məhdudlaşdırılmışdır.
Azərbaycanlılar üçün rəhbərliyin
yanına getmək çətinləşmişdir, hər
yerdə rus dilini bilmək tələb olunur" - dedi. O, demək
olar ki, tez-tez Sovet hakimiyyətinə və ÜK(b)P-na
qarşı böhtanlar yağdırır, bunlar haqqında bəzən
lətifə şəklində danışırdı.
"Bütün bu antisovet millətçi xarakterli
söhbətlər mənə müvafiq əksinqilabi təsir
göstərirdi. Mən həmişə Seyfi Ələkbərin
dedikləri ilə razılaşırdım. Mənim söhbətlərimdən də, Seyfi
Ələkbər mənim teatr fəaliyyətim dövlət
tərəfindən qiymətləndirilmədiyinə görə,
Azərbaycandakı Sovet hakimiyyətinə və Kommunist
Partiyasının rəhbərliyinə qarşı mənfi
münasibətdə olduğumu bilirdi. Mən
bir neçə dəfə əməkdar artist adı almaq
iddiasında olmuşam. Beləliklə də,
mən antisovet mövqeyində möhkəmlənmişəm".
O, fikrini
davam etdirərək bildirirdi ki, 1936-cı ilin sonunda Seyfi
Ələkbər ilə olan görüşlərimizin birində
mənə bildirdi ki, "Sovet quruluşundan təkcə biz səninlə
deyil, bir neçə nəfər azərbaycanlı da
vardır ki, narazıdırlar və onlar da Sovet hakimiyyətinin
əleyhinədirlər və Azərbaycanın K(b)P MK-nın
rəhbərlərinə qarşı mütəşəkkil
mübarizə aparırlar. Söhbətimizin sonunda
mənə bildirdi ki, Azərbaycanda millətçi təşkilat
fəaliyyət göstərir və ona böyük məsul
şəxslər rəhbərlik edirlər. O, incəsənət
işləri üzrə komitənin keçmiş rəisi
R.Axundovun, Az.SSR kommuntəsərrüfatın keçmiş
xalq komissarı H.Sultanovun və Mikayıl Hüseynovun
adlarını çəkdi. Bundan sonra mənə
əksinqilabi təşkilata üzv olmağı və bu təşkilatın
işində iştirak etməyi təklif etdi. Seyfi Ələkbərin təklifinə mən
razılıq verdim" (DTX-nin arxivi. Kazımzadə
Kazım Ziyanın istintaq qovluğu, PR-11722, səh.
28-29).
Kazım
Ziya bu təşkilatın vəzifə, məqsəd və məramını
aşağıdakı kimi açıqlayırdı:
1.
Silahlı üsyan təşkil etmək yolu ilə Azərbaycanda
millətçi dövlət yaratmaq.
2. Siyasi
hakimiyyəti və bütün hakim mövqeləri ələ
keçirmək.
3. Fərdi
terror tətbiq etmək yolu ilə Kommunist Partiyasının rəhbərlərinə
qarşı mübarizə aparmaq.
4.
Əksinqilabi təşkilata yeni adamlar cəlb etmək.
5. Millətçi
ruhda təbliğat aparmaq.
Seyfi Ələkbərin "əksinqilabi təşkilatın
sizə bildirdiyi vəzifələri ilə həmrəy
idinizmi" sualına - "bəli, əksinqilabi təşkilatın
vəzifələri ilə tamamilə həmrəy idim", -
deyə cavab verir.
Kazım
Ziya əksinqilabi millətçi təşkilatın ona məlum
olan üzvlərinin adlarını da müstəntiqdən
gizlətmir: "Mənə əksinqilabi təşkilatın
üzvlərindən "Kirovabad bolşeviki" qəzeti
redaksiyasının keçmiş işçisi Cəfər
Bağır, M.Əzizbəyov adına Teatrın
keçmiş aktyoru Ülvi Rəcəb məlum idi
(Maraqlıdır, K.Ziya o şəxslərin adını
çəkir ki, onlar artıq həbs olunmuşdular).
Hətta
Kazım Ziya əksinqilabi millətçi kimi Seyfi Ələkbərdən
aldığı tapşırıqları da müstəntiqə
elan edir:
1.
Teatrın aktyorları arasında antisovet təbliğatı
aparmaq, onlarda Sovet hakimiyyətinə qarşı qəzəbli
əhval-ruhiyyə yaratmaq.
2.
"Osman-türk" ləhcəsini populyarlaşdırmaq və
səhnə vasitəsilə onu Azərbaycan dilinə daxil etmək.
3. Teatrda
tamaşaların pozulması və quruluşların
aşağı keyfiyyətdə olmasına gətirib
çıxaran ziyankarlıq və təxribat işi aparmaq.
4.
Əksinqilabi təşkilata cəlb etmək üçün
münasib şəxsləri seçmək.
Kazım
Ziya bir çoxları kimi, özünə də böhtanlar
atır və hansı aktyorlar arasında təbliğat
apardığını belə açıqlayırdı:
"Millətçi ruhda söhbətləri mən
ayrı-ayrılıqda Kirovabad Teatrının aktyoru
İsmayıl Talıblı, teatrın aktyorları Səməd
Məmmədov və Mir İbrahim Həmzəyevlə
aparmışam. Bu şəxslər arasında
antisovet söhbətləri lətifə formasında etmişəm.
İsmayıl Talıblıya türk millətçi
şairi Emin bəyin şeirlərindən oxumuşam. Mən ona əməkhaqlarının vaxtında
verilməməsi, teatrda aktyorların şəraitinin pis
olması və bunların Sovet hakimiyyətinin, partiyanın
düzgün olmayan siyasətinin nəticəsi olduğunu
demişəm. Səməd Məmmədov
şeirlər yazırdı, mən də onları oxuyub
düzəlişlər edirdim. Beləliklə,
mən onlarla yaxınlıq edir və antisovet təbliğatı
aparırdım. Onların heç biri mənim dediklərimin
əleyhinə bir söz demir və mənə müqavimət
göstərmirdilər". (DTX-nin arxivi. Kazımzadə Kazım Ziyanın istintaq qovluğu,
PR-11722, səh.27-33, 34-43).
31 iyul 1938-ci ildən etibarən K.Ziya əvvəlki ifadələrindən
tədricən imtina etməyə və özünü
oynamağa başladı. Bunu görən
müstəntiqlər onu əvvəlki ifadələrinə
qaytarmaq məqsədi ilə 27 aprel 1938-ci ildə Seyfi Ələkbər
Seyfulla oğlu ilə üzləşdirdilər. Üzləşmə zamanı da Kazım Ziya əksinqilabi
təşkilatın üzvü olmadığını
bildirdi (Yenə orada. səh.59).
Kazım Ziya özünün mənəvi-əxlaqi
simasını hələ tam açmırdı, müstəntiqin
çaldığı havanı zəif də olsa, yenə
oynayırdı. O, qrimsiz və geyimsiz premyera gününü - məhkəməni
gözləyirdi. Nəhayət, 13 mart 1939-cu ildə
Bakı şəhərində Zaqafqaziya Hərbi Dairəsinin
Hərbi Tribunalının hazırlıq iclası
keçirilir. İclasın sədri 2-ci
ranq hərbi hüquqşünas Kapustin, üzvləri kapitan
Qetmanskiy və baş leytenant Danielyan, katib isə 3-cü ranq
hərbi hüquqşünas Xolin olmuşdur.
İclasda
eşidildi: Kazımzadə Kazım Ziya Cəfər oğlunun
Az.SSR CM-nin 21-70 və 73-cü maddələri ilə
ittihamı üzrə iş Hərbi Prokurorluğun təklifi
ilə məhkəməyə verilsin.
Müəyyən
edildi: Kazımzadə Kazım Ziya Az.SSR CM-nin 21-70, 73-cü və
əlavə olaraq 21-64-cü maddələri ilə məhkəməyə
verilsin. İttihamçı və müdafiəçi
iştirak etmədən, ittihamnaməyə əlavə
edilmiş siyahıda adları çəkilənlər
(Kirovabad Teatrının baş rejissoru İsmayılov Həbib
Əkbəroviç, Cavadov Ağa Hüseyn Xəlil oğlu və
Yermakova Mariya Frolovna) şahid qismində çağırılmaqla
iş qapalı məhkəmə iclasında baxılmaq
üçün təqdim edilsin. Müttəhim
K.Z.Kazımzadə üçün cəza tədbiri dəyişdirilməməklə
həbs qüvvədə saxlanılsın. (Yenə orada. səh.70).
Yeri gəlmişkən qeyd edim ki, 30-cu illərin
çoxsaylı və çoxcildli istintaq qovluqlarında
saxlanılan sənədlərdə qapalı məhkəmədə
şahid qismində kiminsə iştirakı təsadüfən
müşahidə olunan hadisə idi. O illərdə, bir qayda olaraq
bütün məhkəmələr qapalı keçirilir və
orada şahidlər, müdafiəçilər iştirak
etmirdi. Bəlkə də bu, ilk hazırlıq
iclası idi ki, belə bir qərar qəbul edirdi.
30 iyun 1939-cu ildə Kirovabad şəhərində
Zaqafqaziya Hərbi Dairəsinin Hərbi Tribunalının Səyyar
Sessiyası Kazım Ziya Kazımzadənin ittihamı üzrə
qapalı məhkəmə iclası keçirdi. Məhkəmə
öz işinə saat 19-da başladı. Şahid
kimi İsmayılov Həbib Əkbəroviç, Cavadov
Ağa Hüseyn Xəlil oğlu və Yermakova Mariya Frolovna
çağırılmışdılar. Çağırılmış
şahidlərdən iclasa ancaq Yermakova Mariya gəlmişdi.
Əvvəlki iki nəfərin məhkəməyə
gəlməməsinin səbəbi həmin şəxslərin
Bakı şəhərində yaşamaması ilə izah
edilirdi.
Məhkəmənin sədri Kazımzadədən hər
hansı bir xahişi olması barədə soruşduqda o, məhkəməyə
şahid kimi artist Cəfərzadə Məmməd Abasqulu
oğlunu və aktrisa Orlinskaya Nina Georgiyevnanın
çağırılmasını xahiş etmişdir. O qeyd etmişdir ki, onlar mənim
direktor Seyfi Ələkbər ilə olan münasibətim
haqqında ətraflı danışa bilərlər.
Əvvəl adları çəkilən şahidlərin
məhkəmə iclasına gəlməmələri
üzürlü sayılır, müttəhim K.Z.Kazımzadənin
digər şahidlərin çağırılması
haqqında xahişi qəbul edilir.
Əsl məqam yetişmişdi və indi müttəhim
Kazımzadə özünü oynamalı, əsl həqiqətləri
bəyan etməli idi. O öz monoloquna belə başladı:
"Mənim
həbsimdən sonra, məni dindirməyə başladıqda
4 ay müddətində mən özümü heç nədə
müqəssir hesab etmirdim, çünki mən əksinqilabi
millətçi təşkilatın üzvü
olmamışam və heç kim tərəfindən
də bu təşkilata cəlb edilməmişəm. Belə bir təşkilatın mövcudluğu da mənə
məlum deyildi. Lakin 4 ay həbsdən və
mənə qarşı törədilən repressiyadan sonra
özümə böhtan yağdırmağa, eyni zamanda
müstəntiqə uydurulmuş məlumat verməyə
başladım. Əksinqilabi təşkilatın
olması haqqında mən heç nə bilmədiyimə və
belə bir təşkilatın üzvü
olmadığıma görə müstəntiqə dedim ki,
"Sizə yalan danışım?".
Müstəntiq mənə cavab verdi ki,
"Siz yalan danışın, biz
aydınlaşdırarıq". Bundan sonra mən
müstəntiqə hər cür cəfəngiyat
danışmağa, özümə və başqalarına
böhtanlar atmağa başladım. Kirovabad
Teatrının keçmiş direktoru Seyfi Ələkbərin
məni görməyə gözü yox idi. Mənim həyat yoldaşım ilə Seyfi Ələkbərin
həyat yoldaşı küsülü idilər. 1935-ci ildə Seyfi Ələkbər məndən
başqa, bütün artistlərin əməkhaqlarını
artırdı, bununla əlaqədar mən işdən
çıxdım. 2 ay mən işsiz gəzdim.
Bu haqda şəhər partiya komitəsində
Nağıyevə danışdım. Məni
teatra yenidən bərpa etmək üçün iclas
keçirildi və direktor Seyfi Ələkbərə təklif
olundu ki, məni yenidən teatra bərpa etsin. Mən teatrdan çıxıb gedəndən sonra
rollarımı teatrın rejissoru İsmayılov Həbib
oynayırdı və buna görə də məni yenidən
teatra qəbul etmək istəmirdilər, deyirdilər ki,
"teatrda yer yoxdur". İsmayılovun
bir rejissor kimi teatrda artistlərin rolunu oynamağa ixtiyarı
yox idi. Bundan sonra mən Bakıya gəldim, Əzizbəyov
adına Teatra düzəldim. Kirovabadda olarkən mən sadə
yaşayırdım. Mən Seyfi Ələkbər
tərəfindən heç bir əksinqilabi təşkilata cəlb
olunmamışdım. Bütün bu
uydurma ifadələri müstəntiqə qorxumdan verirdim ki, mənə
qarşı repressiya törətməsinlər. Üzləşmədə mən müstəntiqə
bildirdim ki, Seyfi Ələkbər mənim haqqımda düz
danışmır. Mənim Cavadov Ağa
Hüseyn ilə münasibətim pis deyildi. Seyfi Ələkbərin isə Cavadov Ağa
Hüseyn ilə münasibətləri çox yaxşı
idi. Məsələn, Seyfi mənə mənzil vermədi,
Cavadova isə verdi" (DTX-nin arxivi. Kazımzadə Kazım Ziyanın istintaq qovluğu,
PR-11722).
Buradan belə nəticəyə gəlmək olar ki, elə
Seyfi Ələkbər də müstəntiqlərin fiziki təzyiqlərinə
dözə bilmədiyindən Kazım Ziya haqqında yalan ifadələr
verməyə məcbur olmuşdur. Doğrudur, Kazım
Ziyanın və şahidlərin ifadələrindən
aydın olur ki, onların bir-birinə münasibəti o qədər
də yaxşı olmamışdır. Lakin
işdə baş verən bu inciklik heç vaxt düşmənçilik
səviyyəsinə qalxmamışdır. Onları teatr, səhnə və ya həyat
yoldaşlarının küsülü olması yox, istintaq
prosesində müstəntiqlər süni surətdə
bir-birinə düşmən etmişdi.
Məhkəmə
zamanı adı və ünvanı, hətta telefon nömrəsi
açıq şəkildə göstərilən 20.01.39-cu
ildə Az.SSR XDİK-nə ünvanlanmış bir donos da
ifşaedici və nüfuzdansalıcı bir fakt kimi Kazım
Ziyaya oxunur: "Xalq düşməni, artist Kazım Ziya
haqqında sizə aşağıdakıları bildirməyi
özümə borc bilirəm:
Mən onu 1925-ci ildən tanıyıram. 1930-cu ildə,
Türk Fəhlə Teatrında işləyərkən onunla
orada rastlaşmışdıq. Onda mən
onu necə lazımdır tanıdım. O öz ətrafına
gənc, fəaliyyətə yeni başlayan artistləri
toplayaraq millətçi və pantürkist ideyaları
genişləndirirdi. Gənc artistlər
arasında qadağan olunmuş osman dilindəki ədəbiyyatı
yayırdı. Eləcə də osmanlı,
pantürkist kitablarından müxtəlif şeirlər
köçürüb onlara paylayırdı. Həmçinin
pantürkist xarakterli əfsanələr
danışırdı. O, osmanlı
pyeslərinin bizim teatrın repertuarına daxil edilməsi
üçün təbliğat aparır və aktyorlar
üçün yalnız pantürkist təxəllüslər
seçirdi. Azərbaycan dilində rus sözləri
işlədilməsinin qəti əleyhinə idi, deyirdi ki,
bizim dilimiz bizə yad sözlərlə zibillənmişdir.
1928-ci ildə Türk Fəhlə Teatrının aktyoru
İsmayıl Talıblı (indi respublikanın əməkdar
artistidir, Kirovabad Teatrında işləyir) konsertdə
çıxış edərkən açıq-aşkar millətçi
şair olan Məmməd Eminin şeirini ifa etmişdir. Şeirin məzmunu belədir:
"Ey, bizim vətənin göylərində
qışqıran, bayquş, Sus, öz
gülüşünü dayandır, mənfur...".
Bu şeirlər açıq-aşkar əksinqilabi
xarakter daşıyırdı. Onda mən bu
mövzuda İsmayıl Talıblı ilə söhbət
etdim. O mənə cavab verdi ki,
konsertdə bunu ifa etməyi mənə Kazım Ziya tövsiyə
etmişdir. Kazım Ziya dəfələrlə
öz rollarında düşmən obrazı yaratmış,
onları böyük hiss ilə oynamış və bununla
onlara böyük rəğbət bəslədiyini
bildirmişdir.
"Keçən il, Kazım Ziya Kirovabaddan
qayıtdıqdan sonra incəsənət məsələləri
üzrə komitə onu bu teatra işə qəbul edilməsi
təklifi ilə bizim teatra göndərmişdi. Mən onunla həmkarlar
təşkilatının sədri və teatrın rəhbər
işçilərinin yanında söhbət etdim. Mən ona hansı günahın sahibi olması barədə
açıq etiraf etməsini təklif etdim. O cavab verdi ki, onun heç bir günahı və səhvi
yoxdur. O bildirdi ki, Kirovabadda olarkən onun əleyhinə intriqa
(və ya fitnə-fəsad) yaradılmışdır. O zaman mən
ona xatırlatdım ki, 1930-cu ildə onun əhvalı necə
idi. O tutularaq cavab verdi ki, o vaxtlar xalqın
düşmənləri elə şərait
yaratmışdılar ki, ziyalılar incimişdilər"
(DTX-nin arxivi. Kazımzadə Kazım Ziyanın
istintaq qovluğu, PR-11722, səh. 18).
Bəşəriyyətə
"Bütün dünyanın proletarları, birləşin!"
şüarı ilə müraciət edən və guya beynəlmiləlçilik
prinsiplərinə üstünlük verən Sovet
İttifaqında Türkiyədə yazılmış hər
hansı bir əsəri tamaşaya qoymaq, hətta türk
şairlərinin kitablarını oxumaq yasaqlanır, eyni
zamanda həmin artist, oxucu və ya tamaşaçı
üçün cinayət tərkibli iş hesab edilirdi.
Müttəhim
K.Z.Kazımzadə bu donosa öz münasibətini belə
bildirdi: "Mən İsmayıl Talıblıya ifa etmək
üçün heç bir şeir verməmişəm və
Kirovabad Teatrının repertuarına osmanlı pyeslərinin
salınmasını təklif etməmişəm. Mən onun ərizəsini doğru hesab etmirəm".
Heç şübhəsiz ki, hər hansı bir oxucu bu donosun
kim tərəfindən
yazıldığına maraq edəcək və bizi də
onun adını çəkməməkdə
günahlandıracaqdır. Lakin biz
düşünülmüş surətdə həmin donos
yazanın adını çəkmədik. Fikirləşirəm
ki, indi donos yazanı deyil, həmin ziyalılarımızı
donosçuya çevirən total mühitin özünü
ittiham etməliyik.
Məhkəmədə
Beriya adına Kirovabad Dövlət Teatrının aktrisası
Yermakova Mariya Frolovna şahid kimi bildirirdi ki, mən Kirovabad
Teatrının keçmiş direktoru Seyfi Ələkbəri,
eləcə də müttəhim Kazım Ziyanı
tanıyıram. Kazımzadə ilə Seyfi
arasında münasibətlər yaxşı deyildi. Seyfi Ələkbər Kazımzadəni 1937-ci ildə
işdən çıxardı və iclasda keçmiş
müsavat zabiti kimi etibarsız bir şəxs olduğu
üçün Kazımzadənin əleyhinə
danışdı. Sonra Seyfi Ələkbər
həbs olundu. Kazımzadə teatrda baş
rollarda oynayırdı, aparıcı artist idi və
yaxşı oynayırdı. Kazımzadə
millətçi idi, rusları sevmirdi. Sonra
başa düşdüm ki, mən yanılmışam.
Müttəhim
K.Z.Kazımzadə izahat verir: "Nisbətən yaşlı
artistlər Sarabski, Sidqi Ruhulla, Yeva Alenskaya məni çoxdan
tanıyırlar, təsdiq edə bilərlər ki, mən
müsavat ordusunun zabiti olmamışam və zabit formasında
heç vaxt gəzməmişəm. Mən
müsavat dövründə, məktəbdə oxuduğum
zaman səfərbər olunmuşdum və əsgər
formasında gəzirdim. Bu formanı əynimdə cəmi
15 gün gəzdirmişəm..." (DTX-nin
arxivi. Kazımzadə Kazım Ziyanın
istintaq qovluğu, PR-11722).
Şahid kimi dindirilən aktrisa Orlinskaya Nina Georgiyevna və
Cəfərzadə Məmməd Abasqulu oğlu Kazım Ziya ilə
Seyfi Ələkbərin arasında narazılığın
olduğunu təsdiq etdilər. Məhkəmədə
Orlinskaya Nina Georgiyevna bildirdi ki, K.Z.Kazımzadə ən
yaxşı artistlərdən biridir və o, millətçi
deyil.
Şahid kimi dindirilən Cəfərzadə Məmməd
Abasqulu oğlu isə Kazımzadənin gənc nəslə
qrammatikanın öyrənilməsində köməklik
göstərdiyini xüsusilə vurğuladı.
01 iyul
1939-cu il saat 11.45-də məhkəmənin
sədri Kazımzadənin istintaqı ilə bağlı
bildirdi: "Tribunal müəyyən etmişdir: məhkəmənin
bəraət hökmü çıxarması ilə əlaqədar,
Kazımzadə haqqında əvvəl müəyyən
edilmiş cəza tədbiri ləğv edilsin və o, dərhal
həbsdən azad olunsun". Məhkəmə
iclası saat 11.50-də başa çatmışdır.
Bütün bunlar göstərir ki, istər ədəbi
məhkəmələr, istər dini təqiblər, istərsə
də teatr ittihamları zamanı yalnız bir məqsəd
güdülürdü, sənət adamlarını
marksist-leninçi platformaya yaxınlaşdırmaq, bu təlimi
sənətin gücü ilə ictimai həyata və kütlənin
şüuruna yeritmək.
Cəlal Qasımov
Ədəbiyyat qəzeti.-
2019.- 12 oktyabr. S. 28-29.