Poza
xəstəliyi
Frans Kafkaya ithaf olunur
"Amma bundan sonra getdikcə hər
şeydən daha çox əndişə duymağa
başladı. Qıza cavab verərkən sözünü
yarımçıq kəsirdi, çünki söyləmək
istədiyinin mənasızlığını dərk edirdi.
Qız tədirgin, əndişəli halda var-gəl edirdi,
özü üçün məşğuliyyət tapır,
arabir gülümsəyirdi. Bir müddət valları
çevirməklə məşğul oldu. Sonra ayağa
qalxdı, yatağa uzandı. Blok qızın yanında oturdu.
Bu gün işə gedib-getməyəcəyini soruşdu
qız".
2019-cu ilin ədəbiyyat üzrə
Nobel mükafatçısı Peter Handkenin
"Qapıçının penalti qorxusu" romanı belə
monoton, sıxıcı səhnələrlə semiotik
illüziyalara parçalanır. Handkenin dil oyunları
inadkarlıqla yaşamağa, çoxalmağa can atan insan nəslinin
absurd, yeknəsəq mövcud olmaq ritualına həsr edilib.
"Qapıçının penalti qorxusu" romanını
oxuduğum gün insanlığın ən ciddi
çatışmazlığının poza xəstəliyi
olduğu qənaətinə gəldim. Poza xəstəliyinin ədəbi
proyeksiyası Vitold Qombroviçin "Ferdidurka"
romanında da var. Ancaq
"Ferdidurka"da hər ey çılpaqdır. Handke isə,
Yozef Blokun əndişələri ilə vecsizliyi arasında
var olmağın bədii profilini yaradır.
Blok işdən
çıxarılır. Yenə də heç nə dəyişmir.
Handke demək istəyir ki, insanlar penalti zərbəsini dəf
etmək pozasında duran qapıçının
keçirdiyi həyəcan və qorxunu yaşayır. Yozef
K.-nı yada salmamaq olmur. Kafkanın "Məhkəmə"
romanında Yozef K. küçədə səhənglə su
daşıyan gözəl bir qız görür. Qəlbində
qıza qarşı maraq, hətta bir sevgi baş
qaldırır. Kafka bir daha o qız barədə heç nə
danışmır. Özü də səhnə Tolstoyun, Floberin, Balzakın
yaratdığı epik lövhələrdən geri qalmır.
Bircə anlıq... bircə anlıq Kafkadan XIX əsrin
yazı tərzinə pəncərə açılır və
bir daha açılmayacaq şəkildə də
bağlanır. Bəs bu səhnə nə üçün
var? Çünki Kafka Tolstoydan Rüşdiyə qədər
olan estetik dəyərlərin və çevrilmələrin mərkəzində
dayanır. Handke "Qapıçının penalti
qorxusu" ilə Kafkanı təsdiqləyir, çarəsizliyə
linqvistik çarə axtarır. Tapırmı? Sənətin
tapmaq kimi bir çabası yoxdur ki. Təqdim edir. Yozef Blok
heç nə haqda qəti qərar verə bilmir.
Narahatdır. Sıxıntısı keçmir. Handke həyatın
bir illüziyadan, illüziya duyğusundan ibarət olduğunu
Blokun evdə, yataqda, avtobusda, restoranda insanlarla qorxu və
ehtiyatkarlıqla davranması fonunda izləyir. Müşahidə
edir. Və yanılmır. Hərə özünə bir görkəm verərək
öz həqiqi kimliyini, təcrübəsini yaşamır
axı.
Yozef Blok və Yozef K.-nın həyatı
kəsişir. Kafkanın "Məhkəmə"sində
tacir Blokla Yozef Blok yer dəyişib. Tacir Blok da əndişə
və qorxu içindədir. Yozef Blok da. Çünki hər
ikisi pozasını itirməkdən qorxur. Mövqeyi itirmək
qorxusu deyil bu. Hər kəs özünə bir poza verib. Elə
həqiqi çevrilmə də bu deyilmi? Biri alimlik, biri
dürüstlük, biri müasirlik, başqası kiminsə
kölgəsində yaşamaq, bir başqası iri
yanbızlı "mədəniyyət xala-bibilərinin"
məşuqu, başqası isə, iricüssəli incəsənət
qocalarının məşuqəsi olmaq pozasını
seçib. Hələ dünyada ədalət və
sülhü bərqərar edən
siyasət və diplomatiyanın mediatik pozasını demirəm.
Və sairə.
Nəhayətdə Nobelin səbəbi:
"for an influential work that with linguistic ingenuity has explored the
periphery and the specificity of human experience". Dil sahəsində
dahiyanə bacarıqları ilə insan təcrübəsinin
("təcrübəsinin" yerinə "zəkasının"
daha obrazlı və dərin olardı, onda Handkenin ironiyası
mənasızlaşar deyə "təcrübə" kimi tərcümə
etməyə qərar verdim, axı standartlardan kənara
çıxmamaqla Kafka və Handkenin ədəbi təcrübəsini
təsdiqləyirəm - Ü.B.)
kamilliyini və spesifikliyini özündə təcəssüm
edən nüfuzlu bir əsər üçün...
Ən nəhayətdə Yozef Blok
restoranda yemək yeyərkən içəri polis daxil olur.
Polis Yozefə yaxınlaşaraq
sənəd istəyir. Blok isə qorxusundan üzr istəyir.
Yozefin üzr istəməyinə məhəl qoymayan polis ona
çox ökələr gəzdiyini deyərək sənədi
geri qaytarır. Kafkaist bir yumor var bu səhnədə.
İllüziyalarla yaşayırıq. Və elə də
düşünürük. Özümüz kimi ola bilmirik.
İtirmək, itirmək, itirmək əndişəsi
yaşamağa icazə vermir. Belə olduqda isə, səmimi
yaşaya bilmir insan. Poza və görkəm xəstəliyi
ölənəcən davam edir. Əsas olan pozadır.
Pozanızı qoruyun. Bir fərd kimi, özünüz kimi...
Ülvi
BABASOY
Ədəbiyyat
qəzeti.- 2019.- 12 oktyabr. S. 32.