Bakı Kitab
Mərkəzindəki görüşdə Ayan
Məmmədlinin ifasını dinləyərkən düşündüyüm şeirlər
Tavandan sükut yağır;
Piano qarşısında
Yarı qapalı gözlər,
Gözlər qəlbinə baxır...
Ağ, zərif barmaqlardan
Sehirli səslər axır...
Barmaqlar özü çalır,
Özləri də rəqs edir.
Rəqs edən barmaqların
Şirin ayaq səsləri
Mənim qəlbimə yağır,
Qəlbimdən axıb gedir.
Allahım, bu nə duyğu?
Nə möcüzə, nə səsdir?
Ürəyim deyinir ki,
Sinəm nə dar qəfəsdir!
Qanad açmaq istərəm,
Uçmaq, uçmaq istərəm,
Yerdən, göydən, dünyadan
Özümdən də qaçıram!
Uçuram daha bəsdi!
Sığmıram bu həyata,
Uçuram kainata!
Birdən
musiqi kəsdi,
Alqışlara boyandı.
Axı çalan
Ayandı.
Mənim ağlım oyandı.
Əgər ruhum uçsaydı,
Həkim
baxıb deyərdi:
- Onsuz da bəlli
idi,
Özü bir az
dəliydi,
Ürəyi zədəliydi,
Hardasa ölməliydi,
Gəldi, burda dayandı.
13.10.2019
Ömür
"Öldü" deməyin
- uçdu.
Elə ömür var, ondan
Ölüm bir qurtuluşdu.
Bacararsan
Güclü bir insan kimi
Yaşamağı başarsan
Dilsiz, qulaqsız da sən
Dahi ömrü
yaşarsan.
Unutma
Bu
dünyaya gəlməyi
Bacardın!
Qəhrəmansan!
Sən
ən ali bir varlıq,
Sən
ən müqəddəs cansan!
Yaşa,
hər an unutma
İnsan,
İnsan, İnsansan!!!
15.10.2019
Fikrət QOCA
Ədəbiyyat
qəzeti.- 2019.- 19 oktyabr. S. 5.