Bakı Kitab Mərkəzində “Sevginin dili yoxdur” adlı jestlər vasitəsilə poeziya gecəsi keçirilib

 

Oktyabrın 12-də "Deaf Community MMC" və "Ümid var" xeyriyyə könüllüləri təşkilatı Bakı Kitab Mərkəzində jestlər vasitəsilə "Sevginin dili yoxdur" adlı poeziya gecəsi keçirib.

Tədbir Mədəniyyət Nazirliyinin "Söz" ədəbi layihəsinin iştirakı ilə baş gerçəkləşib.

Tədbiri açan Bakı Kitab Mərkəzinin direktoru Günel Anarqızı çıxışında qeyd edib ki, ölkəmizdə fiziki məhdudiyyətli insanların asudə vaxtlarını keçirmək istiqamətində çox mühüm layihələr icra olunur.

Poeziya gecəsini layihənin rəhbəri, tanınmış şairə Nigar Həsənzadə aparıb. Gecədə Xalq şairləri Fikrət Qoca və Nəriman Həsənzadə, alim Xatirə Həsənzadə, Cənubi Azərbaycandan şair, professor Ağşın Ağkəmərli və başqaları çıxış ediblər.

Tədbirdə eşitmə məhdudiyyətli gənclərin və komandanın könüllülərinin ifasında Azərbaycanın Dövlət himni, Nəriman Həsənzadə və Fikrət Qocanın, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın şeirləri həm jestlərlə, həm də səsli şəkildə təqdim olunub.

Jest dilinə tərcüməni "Deaf Community MMC"nin pedaqoq-təlimçisi, mütəxəssis Turan Məmmədli və surdo-tərcüməçi Yeganə Tağızadə icra ediblər.

"Deaf Community"nin rəhbəri Nuranə Abıyeva İmadəddin Nəsiminin "Ey bülbüli tələb eylə" qəzəlini jest dilində təqdim edib.

"Deaf Community MMC" şirkətinin rəhbəri Nuranə Abıyeva və "Ümid var" xeyriyyə könüllüləri təşkilatının rəhbəri Nazilə Məhərrəmova  tədbirin əhəmiyyətindən danışıblar.

Sonda təşkilatçılar Bakı Kitab Mərkəzinə, ağsaqqal şairlərə və qonaqlara təşəkkürlərini bildiriblər.

 

Ədəbiyyat qəzeti.- 2019.- 19 oktyabr. S. 5.