Ədəbiyyat haqqındakı
elmin akademik İsa Həbibbəyli miqyası
Azərbaycan
xalqı özünün çoxəsrlik tarixi boyu heç
bir dövrdə, mərhələdə geri çəkilmədən,
ədəbi-bədii fikrin meydanını boş qoymadan
böyük söz sənəti əsərləri (və sənətkarları)
yetişdirdiyi kimi, xüsusilə XIX əsrin sonu, XX əsrin əvvəllərindən
başlayaraq həmin sənət əsərlərinin (və
sənətkarların) dərindən (və hərtərəfli)
təhlil, izahı və dərki əsasında mükəmməl
ideya-estetik ümumiləşdirmələr aparmaqla ədəbiyyat
haqqındakı elmi yaradan çox kamil mütəxəssislər
də meydana çıxarmışdır ki, onların
sırasında Firudin bəy Köçərli, Salman
Mümtaz, Mikayıl Rəfili, Feyzulla Qasımzadə, Cəfər
Xəndan, Həmid Araslı, Məmməd Cəfər, Məmməd
Arif, Məmmədhüseyn Təhmasib, Mirzəağa Quluzadə,
Əkrəm Cəfər, Mirəli Seyidov, Qafar Kəndli, Kamal
Talıbzadə, Rüstəm Əliyev, Bəkir Nəbiyev,
Yaşar Qarayev kimi onlarla klassiklərin adları xüsusi
hörmət və ehtiramla çəkilir.
Əgər XX əsrin əvvəllərinə qədər
milli ədəbi təfəkkürü daha çox (və bəzən
də ümumiyyətlə) ədəbiyyat təmsil edirdisə,
həmin dövrdən etibarən ədəbiyyat tarixi, nəzəriyyəsi,
tədrisi və ədəbi tənqid də iri addımlarla irəliləyib
ictimai fikrə ədəbiyyatın, demək olar ki,
özü qədər təsir göstərməyə
başladı.
Əslində, ilk ən güclü impuls "yeni
dövr"ün bilavasitə ədəbiyyat
yaradıcılarından - Səməd Vurğundan, Mehdi
Hüseyndən, Mirzə İbrahimovdan, Mir Cəlaldan gəldi.
Onlar Nizami, Füzuli, Mirzə Fətəli ənənələrinə
sadiq qalaraq, bir tərəfdən, dövrün şeirini, nəsrini,
dramaturgiyasını yaratdılar, digər tərəfdən,
həm ədəbiyyat tarixinin, həm də müasir ədəbi
prosesin tədqiqi sahəsində çalışmaqla ədəbi
təfəkkürün miqyasını o zamana qədər
görünməmiş şəkildə genişləndirirdilər.
Və həmin missiya sonralar Bəxtiyar Vahabzadə,
Nəriman Həsənzadə, Anar, Elçin kimi universal
humanitar düşüncəli qələm sahiblərinin
simasında uğurla davam (və inkişaf) etdirildi.
XX əsrin sonu, XXI əsrin əvvəlləri də Azərbaycan
ədəbiyyatşünaslığına öz sələflərinin
görmüş olduğu işləri irəli aparmağa
qadir bir sıra istedadlı xələflər gətirmişdir.
Heç
bir tərəddüd eləmədən cəsarətlə
demək olar ki, bu gün Azərbaycanda ədəbiyyat haqqındakı
elmin yalnız akademik-inzibati yox, eyni zamanda intellektual-mənəvi
(və ideya-metodoloji) məsuliyyətini ilk növbədə
Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti,
Nizami adına Ədəbiyyat İnstitutunun direktoru, Milli Məclisin
Elm və Təhsil Komitəsinin sədri, akademik İsa Həbibbəyli
daşıyır.
İsa Həbibbəyli
ilk ciddi elmi araşdırmalarını keçən əsrin
70-ci illərində aparmış, həmin illərdə, əsasən,
"XX əsrin əvvəlləri Azərbaycan romantik
lirikası" mövzusu üzərində
çalışaraq dəyərli bir əsəsr ortaya
qoymaqla yanaşı, özünün ümumiyyətlə
istedadlı bir ədəbiyyatşünas olduğunu təsdiq
etmişdir ki, akademik Məmməd Cəfərin
aşağıdakı sözləri bu təsdiqin ən
yüksək səviyyədə ifadəsi (rəsmi sənədi!)
sayıla bilər:
"Mənim fikrimcə, İsa Həbibbəylinin
"XX əsrin əvvəlləri Azərbaycan romantik
lirikası" adlı dissertasiyası bizim filologiya elminə
yenilik gətirən və romantik lirika haqqında təəssürat
yaradan orijinal bir tədqiqat əsəridir. Orijinallığı
bir də o cəhətindədir ki, burada lirikanın daha
çox poetikasından, üslublarından və janr
xüsusiyyətlərindən danışılır".
Və bu rəy-sənəddə böyük ustad öz
şagirdinin alim-tədqiqatçı səciyyəsini də
tamamilə dəqiqi vermişdi ki, "daim axtarışda
olmaq İsa Həbibbəylinin özünəməxsus
xarakteridir".
Ümumiyyətlə,
İsa müəllimin yaradıcılıq tərcümeyi-halı
haqqında yazanlar, danışanlar həmişə, tamamilə
haqlı olaraq, "Məmməd Cəfər faktoru"na xüsusi diqqət verirlər. Məsələn,
akademik Bəkir Nəbiyev göstərir ki, "İsa Həbibbəyli
akademik Məmməd Cəfər Cəfərovun məşhur
"Ədəbiyyat nəzəriyyəsi" şöbəsinin
yetirməsi və hamımızın müəllimi, mənəvi
atamız olmuş Məmməd Cəfərin ən layiqli
davamçısıdır".
Hələ
1970-ci ildə Azərbaycan Dövlət Pedaqoji İnstitutu
Naxçıvan filialının tələbəsi olarkən
Naxçıvanda keçirilən "Elm günləri"ndə
Azərbaycan ədəbiyyatşünaslığının
mütəfəkkir patriarxı ilə tanış olan İsa
Həbibbəyli onu özünə əbədi müəllim
seçmiş və bu səmimi, ədəbiyyatşünaslığımızı
yalnız zənginləşdirməklə qalmayın, ona eyni
zamanda mənəvi ruh verən müəllim-tələbə
münasibəti uzun zaman davam edərək filoloji cameədə
ibrətamiz obraza, əgər belə demək mümkünsə,
çox qədim bir ənənəni bu günə (və gələcəyə)
daşımışdır.
AMEA-nın
müxbir üzvü Kamran Əliyevlə professor Məmməd
Əliyev yazırlar ki, "akademik Məmməd Cəfər Cəfərov
faktoru İsa Həbibbəylini təkcə elmi
yaradıcılığa həvəsləndirməmiş,həm də onun sadəlik və müdrikliyi
özündə cəmləşdirən şəxsiyyət
kimi formalaşmasına nüfuz etmişdir... İsa
Həbibbəylinin fikrincə, "sadəliyin nə qədər
böyük mənəvi sərvət olduğunu akademik Məmməd
Cəfər Cəfərova məxsus klassik sadəlik isbat etdi.
Yalnız özünü dərk etmiş, şəxsiyyət
etibarilə kamil olan insanlar bu qədər sadə ola bilərlər".
1970-ci illərdə
respublika mətbuatında, xüsusilə
Naxçıvanın "Şərq qapı"sı qəzetində
onlarla ədəbi-tənqidi məqalələri çap
olunur ki, bunlar İsa Həbibbəylinin ədəbiyyatşünas
kimi yetişməsi prosesini həm mövzu-maraq dairəsinin, həm
də təhlil-üslub texnikasının miqyası
baxımından izləməyə imkan verir. Və
diqqətdən kənarda qalması heç vəchlə
mümkün olmayan bir məqam da, əsasən, 60-cı, 70-ci
illəri əhatə edən şeir
yaradıcılığıdır ki, bunu yalnız gənclik
həvəsi hesab edib üstündən sükutla keçmək
doğru olmazdı. Əvvəla ona görə ki,müəllif
sonralar da ara-sıra poeziyaya müraciət edərək, məsələn,
Naxçıvanın, eləcə də Akademiyanın
marşlarını yazmışdır, digər tərəfdən
isə, hər bir peşəkar ədəbiyyat
araşdırıcısının - ədəbiyyatşünasın
yaradıcılığa şeirlə, nəsrlə,
dramaturgiya ilə, fərqi yoxdur, başlaması və tədqiq
etdiyi mətn-təfəkkür tipinin bilavasitə az-çox
yaradıcısı kimi də çıxış etməsi
istedad bütövlüyünün (və mükəmməllyinin)
təzahürüdür.
80-ci illərdə
İsa Həbibbəylinin yaradıcılıq tərcümeyi-halının
ən mühüm hadisəsi, heç şübhəsiz,
"Cəlil Məmmədquluzadə: mühiti və
müasirləri" mövzusunda apardığı fundamental
olduğu qədər də məhsuldar araşdırmadır
ki, öz müəllifinə yalnız böyük ədəbi-elmi
deyil, həm də ictimai-mədəni şöhrət
qazandırdı. Mirzə Cəlil nəslinin
davamçılarını, eləcə də dahi ədibin o
zamana qədər məlum olmayan əsərlərini ölkə
ictimaiyyətinə tanıtdıran tədqiqatçı bu məqsədlə
dünyanın bir sıra ölkələrini gəzib
dolaşmış, neçə-neçə arxivlərdəki
toz basmış səhifələri dönə-dönə vərəqləməli
olmuş, "mühit və müasirlər" kimi həm
sosial, həm də intellektual yönləri olan çox
mürəkkəb bir problemin nümunəvi həllinin olduqca
dəyərli bir təcrübəsini vermişdir. Təxminən
on beş ilin gərgin
axtarışlarının nəticəsində meydana
çıxaraq 1996-cı ildə İsa müəllimə
filologiya elmləri doktoru adını qazandıran "Cəlil
Məmmədquluzadə: mühiti və müasirləri"
monoqrafiyası, əlbəttə, Azərbaycan ədəbiyyatşünaslığının
klassik əsərləri sırasında şərəfli bir
yer tutmaqdadır. Belə əsərlər, məlum
məsələdir ki, nə qədər yüksək
olursa-olsun yalnız intellektin, nə qədər böyük
olursa-olsun yalnız zəhmətin deyil, həm də son dərəcə
nadir (və mükəmməl!) eşqin, ilhamın məhsuludur.
Və o yerdə ki intellekt var, zəhmət var,
eşq-ilham var, orada mütləq İsa Həbibbəyli də
var.
Nəinki
həmkarlarının, özünün də tədqiqatlarına
son dərəcə tələbkarlıqla yanaşan, XX əsrin
əvvəlləri Azərbaycan ədəbiyyatı üzrə
görkəmli mütəxəssis, AMEA-nın müxbir
üzvü Əziz Mirəhmədov kəskin opponent
mövqeyindən belə, etiraf etməli olmuşdu ki,
"yaşımızdakı böyük fərqə
baxmayaraq, professor İsa Həbibbəylini təkcə həmkarım
yox, dünənki və bugünkü ağsaqqal nəsillərin
fəal və layiqli davamçısı sayıram. İsa Həbibbəylinin
tədqiqatlarının əsas məziyyəti o vaxta qədərki
ədəbiyyatşünaslıqda az
öyrənilmiş və demək olar ki, diqqəti cəlb
etməmiş elmi-nəzəri məsələlər, hadisələr,
şəxsiyyətlər, əsərlər haqqındakı təhlil
və qiymətləridir. O, ədəbiyyat nəzəriyyəsi
ilə ədəbiyyat tarixçiliyinin imkanlarından birgə,
sintez halında istifadə etməyi bacarır.
İsa Həbibbəyli
dövrün ən fədakar məmmədquluzadəşünasıdır...
Hiss olunur ki, artıq İsa Həbibbəyli dövr və
problem çərçivəsinin sədlərini
aşmaqdadır".
Görkəmli
məmmədquluzadəşünasın böyük xidmətlərinə
verilmiş çoxsaylı (və sanballı) dəyərlər
içərisində iki yazıçı-mütəfəkkirin
rəyi ona görə xüsusi əhəmiyyət kəsb
edir ki, onlar "böyük demokrat"ın
yaradıcılıq ənənələrini sadəcə
davam etdirməmiş, yeni tarixi şəraitdə Mirzə Cəlil
üslubuna yeni həyat verməyin incə bədii-estetik (və
ideoloji1) nüanslarını kəşf etməklə
ümumən milli mədəni-ictimai təfəkkürün
hərəkatında postsovet əhvali-ruhiyyəsini hələ
60-cı illərdən hazırlamışlar. Söhbət
xalq yazıçısı Anar və xalq
yazıçısı, professor Elçindən gedir.
Elçin
yazır:
"Mən
İsa Həbibbəylinin bir "cəlilşünas" kimi
hansı ehtiras, şövq, həvəslə, hansı enerji
ilə işləməsinin bilavasitə şahidi olmuşam:
80-ci illərin sonlarında İsa Həbibbəyli məhz həmin
tədqiqatçı ehtirası və enerjisi sayəsində
"Vətən" Cəmiyyətinin köməyi və
iştirakı ilə Mirzə Cəlilin dünyanın bir
çox ölkələrinə səpələnmiş nəvə-nəticələrini
tapdı, onlarla əlaqə yaratdı, görüşdü və
bu işi sonralar da böyük bir təşəbbüskarlıqla
davam etdirdi".
Anar
yazır:
"İsa Həbibbəylinin araşdırmaları
yüksək elmi dəyərə malikdir. Böyük
demokrat yazıçı Cəlil Məmmədquluzadənin tərcümeyi-halının
yenidən öyrənilməsi, ədibin nəsil şəcərəsinin
müəyyən edilməsi, nəvə-nəticələrinin
aşkara çıxarılması İsa müəllimin
adı ilə bağlıdır. İsa Həbibbəyli
həmçinin Mirzə Cəlilin üç naməlum səhnə
əsərini aşkara çıxarmış, təhlil edib
dəyərləndirmişdir. Beləliklə,
o, fədakar mirzəcəlilşünas alim olduğunu
sübuta çatdırmışdır".
Əlbəttə,
İsa Həbibbəylinin xidməti yalnız ondan ibarət
deyil ki, nə qədər böyük elmi, milli-ictimai əhəmiyyəti
olsa da, Mirzə Cəlili, onun mühitini və müasirlərini
daha müfəssəl, daha obyektiv, ümumən, müasir ədəbiyyatşünaslığın
artan tələbləri səviyyəsində öyrəndi, həm
də ondadır ki, tədqiq etdiyi dövrün hər cəhətdən
canlı mənzərəsini yaratmağa nail oldu. Həmin mənzərə, tədqiqatçının
analitik "təsvirlər"indən aydın
göründüyü kimi, dövrün mürəkkəb
sosial, siyasi və mədəni hadisələrində, bu hadisələrin
birbaşa iştirakçısı olan nəhəng (və
tarixi!) şəxsiyyətlərində olduğu qədər
də hər cəhətdən yaradıcı ideyalarında
(və ideallarında!) təzahür edir.
Akademik
Teymur Kərimli təsadüfən demir ki, "akademik İsa
Həbibbəylinin çox dərindən
araşdırdığı XIX əsrin sonu, XX əsrin əvvəlləri
Azərbaycan ədəbi-ictimai-fəlsəfi fikrində belə
bir gözəl anlayış var: "vətəndust". Vətəndaşlığın ana özəyi
sayılan bu keyfiyyət istisnasız olaraq o dövrün ən
böyük patriot ziyalılarının ayrılmaz sifətlərindən
birini təşkil etmişdir.
İsa Həbibbəyli də, hər şeydən
öncə, vətəndustdur".
İstər
80-ci illərdə, istərsə də 90-cı illərin
birinci yarısında İsa Həbibbəyli nə qədər
Mirzə Cəlil mövzusu ilə məşğul olsa da (ədəbinin
həyat və yaradıcılığının əsas
tarixlərinin dəqiqləşdirilməsindən üç
yeni pyesinin tapılıb nışr etdirilməsinə qədər),
onun elmi maraq dairəsi yalnız bu böyük mövzu ilə
məhdudlaşmamış, ədəbiyyatın müxtəlif
məsələlərinə həsr olunmuş kitablar,
kitabçalar, məqalələr yazıb nəşr
etdirmiş, mötəbər elmi məclislərdə məruzələrlə
çıxış etmişdir. 90-cı illərin
ortalarında artıq bütün təfərrüatı ilə
aydın görünürdü ki, gənc (və enerjili) tədqiqatçı
ədəbiyyatın tarixçisi olduğu qədər də
nəzəriyyəçisidir. Və ən
böyük ədəbiyyat filosofumuz Yaşar Qarayev həmin
illərdə tamamilə haqlı olaraq yazmışdı ki,
"həm tənqid, həm də ədəbiyyatşünaslıqla
paralel məşğul olmaq yetmişinci illərin gəncliyi
üçün sanki fəaliyyət prinsipinə
çevrilib. Bu qoşalığı, vəhdəti
biz İsa Həbibbəylinin də nümunəsində
görürük. Belə qoşalıq ünsiyyətə
və vəhdətə köklə zirvənin,
keçmişlə indinin, ənənə ilə
novatorluğun arasında nail olmağa imkan yaradır... İsa
Həbibbəylinin Azərbaycan romantik şeirinin, realist ədəbi
hərəkatının, müasir ədəbi prosesin müxtəlif
problemlərindən bəhs edən əsərləri onun səmərəli
axtarışlarının nəticəsi kimi nəzərə
çarpır"
Akademik İsa Həbibbəylinin həyatı,
yaradıcılığı təkcə üzdə deyil,
çox-çox dərin qatlarında mənsub olduğu
xalqın "tərcümeyi-hal"ı ilə üzvi surətdə
bağlıdır. Və onun istedadına xüsusi məna
verən, rövnəq gətirən, istedadı bir şəxsin
sərəncamında qoymayıb milli dəyərə
çevirən də bu bağlılıqdır.
Ümummilli Lider Heydər Əliyev öz xilaskar
missiyasını həyata keçirdikdən sonra çox
böyük uğurla başlayan genişmiqyaslı iqtisadi, ictimai-siyasi,
mədəni-mənəvi quruculuq hərəkatı elmin, təhsilin
və ziyalılığın tarixində də yeni
epoxanın əsaslarını yaratdı. Və xalqın taleyi
üçün həmin fövqəladə məsuliyyətli
illərdə biz İsa Həbibbəylini Ulu Öndərin
ideyalarının ardıcıl müadfiəçisi kimi
böyük siyasətin meydanında görürük... Hər cəhətdən təqdirə layiq (və
tamamilə təbiidir) ki, İsa Həbibbəyli bu illərdə
milli ziyalı vəzifəsini şərəflə yerinə
yetirməklə yanaşı, həmin möhtəşəm
epoxanın tarixini qələmə alanların, onu ən
mükəmməl şəkildə təhlil edib fəlsəfəsini
ortaya çıxarmağa çalışanların ön
sıralarında oldu.
Aşağıdakı
sözlər akademik İsa Həbibbəylinin hər cəhətdən
mükəmməl tarixi-siyasi təfəkkürünün (və
ziyalı patriotizminin) məhsuludur:
"Dövlət müstəqilliyimizin iyirmi beşinci
ilinin böyük reallıqları Azərbaycan
Respublikasının müasir inkişafının
mühüm nəticələrini və geniş
imkanlarını aydın surətdə təsəvvür etməyə,
təhlil edib dəyərləndirməyə tam əsas verir. Müstəqil
Azərbaycan dövləti qısa müddətdə
inkişaf etmiş ölkələrin sırasında dayanmağa
qadir olduğunu isbat etmişdir. Görkəmli
dövlət xadimi Heydər Əliyevin müstəqil dövlətçilik
təliminin məqsədyönlü şəkildə,
ardıcıllıqla və yaradıcılıqla həyata
keçirilməsi ölkəmizin çoxəsrlik
inkişafında yeni tarixi epoxanın
formalaşdırılması ilə nəticələnmişdir".
Akademik İsa Həbibbəyli Azərbaycan tarixinin Heydər
Əliyev epoxasından bəhs edərkən Ümummilli Liderin
dövlət (və millət!) quruculuğu siyasətində ədəbiyyatın
roluna həmişə xüsusi diqqət yetirir. Və "müasir
inkişafın reallıqları və üfüqləri"
barədə bəhs edərkən yazır:
"Tarix boyu böyük ədəbiyyat həmişə
dünyanın qüdrətli dövlət xadimlərinin həyatında
və siyasi fəaliyyətində mühüm yer tutmuşdur. Dövlət
xadimlərindən bir çoxu dünya ədəbiyyatının
ən fəal mütaliəçisi kimi fərqlənmişlər.
Belə siyasi rəhbərlər hətta bədii ədəbiyyata
dair bilik və informasiyaları ilə ziyalı mühitini heyrətləndirmişlər...
Bütün bunlarla bərabər, ədəbiyyatı
dövlət siyasətinin üzvi tərkib hissəsi səviyyəsində
qəbul edən, bu tükənməz xəzinədən milli
siyasətin həyata keçirilməsində bacarıqla və
yaradıcı şəkildə faydalanan dövlət xadimləri
də olmuşdur. Görkəmli dövlət
xadimi Heydər Əliyevin taleyində və siyasi fəaliyyətində
ədəbiyyat faktorunun yeri, rolu və imkanları çox
geniş anlayış olub, yuxarıda sadalanan prinsiplərin
bir çoxunu özündə cəmləşdirir".
Əlbəttə,
90-cı illərin ortalarından etibarən ölkədə ədəbi-ictimai
həyatın dirçəlməsi, Azərbaycan
Yazıçılar Birliyinin 70-ci illərdəki nüfuzunun
(və səlahiyyətlərinin) yenidən bərpa edilməsi,
xüsusilə onun ədəbi orqanlarının - "Azərbaycan"
və "Ulduz" jurnallarının, "Ədəbiyyat qəzeti"nin
ardıcıl nəşrinin təmin olunması, ədəbiyyatı,
müasir ədəbi prosesi araşdıran elmi mərkəzlərin
işinin canlandırılması məhz Heydər Əliyev
siyasətinin prioritetləri sırasında idi. Əgər bu
siyasət olmasaydı, akademik İsa Həbibbəylinin
aşağıdakı sözləri bu gün bu qürurla səslənməzdi:
"Ədəbiyyatşünaslıq elmi Müstəqillik
dövrü Azərbaycan ədəbiyyatının və
ictimai fikrinin inkişafına xidmət etmək vəzifələrini
məsuliyyətlə yerinə yetirir. Azərbaycançılıq
ideyasının formalaşması və inkişafında milli
ədəbiyyatla yanaşı, ədəbiyyatşünaslıq
elminin də özünəməxsus xidmətləri
vardır. Geniş mənada azərbaycanşünaslıq
elmləri sisteminin tərkibində Azərbaycan ədəbiyyatşünaslıq
elmi xüsusi çəkiyə malikdir".
90-cı illərin ortalarından İsa Həbibbəylinin
yaradıcılığında ikinci mərhələ
başlayır ki, həmin mərhələ 2010-cu illərin əvvəllərinə
qədər davam edir. Bu illərdə o, biri digərindən az
məsuliyyətli olmayan (və hər biri yeni Azərbaycanın
yüksəlişi üçün olduqca böyük əhəmiyyət
daşıyan) üç sahədə özünün parlaq
istedadını nümayış etdirir: 1) təhsil
quruculuğu sahəsində, 2) ictimai-siyasi sahədə, 3) təbii
ki, elmi tədqiqat sahəsində.
Yusif Məmmədəliyev
adına Naxçıvan Dövlət
Universitetinin rektoru vəzifəsinə təyin olunan İsa Həbibbəyli
"Şərqin qapısı"ndakı bu ali təhsil
müəssisəsini tezliklə yalnız Azərbaycanda yox,
İranda, Türkiyədə, eləcə də bir sıra
"uzaq" ölkələrdə tanıtmağa nail olur.
Onun 2000-ci ildə Azərbaycan, ingilis, fransız, rus və
alman dillərində nəşr edilmiş
"Naxçıvan Dövlət Universiteti" kitabı, bir
tərəfdən, tələbəlikdən rektorluğa qədər
şərəfli yol keçdiyi doğma universitetlə fəxr
duymağın nəticəsi idisə, digər tərəfdən,
onu dünyanın qabaqcıl universitetləri sırasına
çıxarmaq cəhdinin ifadəsi idi. Və
təsadüfi deyil ki, İsa Həbibbəyli rektor olduğu
illərdə Naxçıvan Dövlət Universiteti bir
sıra çox mötəbər universitetlərlə
yalnız əməkdaşlıq müqavilələri
imzalamaqla kifayətlənməmiş, həm də yaxından
əməkdaşlıq etmişdir.
Ümummilli
Lider Heydər Əliyevə 1999-cu ildə Yusif Məmmədəliyev
adına Naxçıvan Dövlət
Universitetinin fəxri doktoru diplomunu təqdim etmək şərəfi
də rektor İsa Həbibbəyliyə nəsib olmuşdur.
Yeni Azərbaycanın qurucusu əmin idi ki, ölkənin
gələcək taleyini ilk növbədə ziyalılara
etibar etmək lazımdır. 80-ci illərin sonu, 90-cı illərin
əvvəllərində baş vermiş hadisələr də
bunu göstərirdi: elmə, təhsilə tamamilə biganə
olan qaragüruh hakimiyyəti əldə edən kimi
"islahatlar"ını ali təhsil
müəssisələrinin dağıdılmasından,
Akademiyanın ləğvindən başlamış, ali
qanunverici orqanı dedi-qodu yuvasına çevirmişdilər.
Heydər Əliyevin ziyalılar haqqındakı siyasətinin
əsasını isə, ümumiyyətlə, dahi dövlət
xadiminin həyata keçirdiyi siyasətin mahiyyətcə
ziyalılığı təşkil edirdi.
İsa Həbibbəyli
ilk dəfə 1997-ci, ikinci dəfə 2000-ci ildə
Naxçıvan MR Ali Məclisinə deputat
seçilmişdir. 2005-ci ildən bu günə
qədər isə Azərbaycan Respublikası Milli Məclisinin
üzvüdür.
90-cı illərin ortalarından 2010-cu illərin əvvəllərinə
qədər İsa Həbibbəyli həm təhsil
quruculuğunda, həm də ölkənin ictimai-siyasi həyatında
nə qədər fəal iştirak etsə də, elmi
araşdırmalarını nəinki dayandırmamış,
demək olar ki, eyni fəalliqla davam etdirmişdir. Fundamental "Cəlil Məmmədquluzadə:
mühiti və müasirləri" monoqrafiyasından (1997)
sonra "Heydər Əliyevin həyatı və fəaliyyətinin
Naxçıvan dövründə Naxçıvan Dövlət
Universiteti" (1998), "Xalq şairi Məmməd Araz"
(1999), "Ustad Məhəmmədhüseyn Şəhriyar"
(1999), "Cəlil Məmmədquluzadə" (2002), "Heydər
Əliyev və Naxçıvan Dövlət Universiteti"
(2002), "Məmməd Araz" (2002), "Mollanəsrəddinçi
karikatura ustası Oskar Şmerlinq" (2002), "XX əsrin əvvəlləri
Azərbaycan yazıçıları" (2004), "Ədəbiyyat
və mətbuat cəbhəsində" (2006), "Mustafa
Kamal Atatürk və Naxçıvan" (2006), "Ədəbi-tarixi
yaddaş və müasirlik" (2008), "İntibahın 15
ili" (2010), "Böyük ədəbiyyat nəhəngi Məmməd
Səid Ordubadi" (2012), "Heydər Əliyev dövlətçılık
təlimi və müasir dövr" (2013) və s. kitablar,
ümumtəhsil məktəbləri üçün
"Ədəbiyyat" dərsliyi, yüzlərlə məqalələr
bu illərin yaradıcılıq məhsullarıdır. Və
təbii ki, onların sırasına İsa Həbibbəylinin
tərtibçisi olduğu kitabları ona görə
ayrıca daxil etmək lazımdır ki, həmin kitabların
nəşrə hazırlanmasına, bunu mütəxəssislərə
izah etməyə ehtiyac yoxdur, bəzən bir monoqrafiya qədər
zəhmət (və istedad enerjisi) sərf olunur: Cəlil Məmmədquluzadənin
"Cümhuriyyət"i (2002), Abbas Zamanovun
"Seçilmiş əsərləri" (2003), Mirzə Cəlil
və Məmmədquluzadələrin "Məktublaşma"sı
(2003), "Müasirləri Abbas Zamanov haqqında" (2003), Cəlil
Məmmədquluzadənin dörd cildlik "Əsərləri"
(2004) və ayrıca "Seçilmiş əsərləri"
(2004), Məhəmməd Tağı Sidqinin "Əsərləri"
(2004), Məhəmmədhüseyn Şəhriyarın
"Seçilmiş əsərləri" (2004), Məhəmmdağa
Şahtaxtlının "Seçilmiş əsərləri"
(2006), "Taleyi və sənəti" silsiləsindən
Hüseyn Cavid (2007), Məhəmmədağa Şahtaxtlı
(2008), Akademik Məmməd Cəfər (2009), Cəlil Məmmədquluzadə
(2010), Əliqulu Qəmküsar (2011) və s.
Akademik İsa Həbibbəylinin yalnız insan-şəxsiyyət
olaraq deyil, həm də alim-humanitar olaraq ən böyük
üstünlüklərindən biri doğulub boya-başa
çatdığıı diyara - Naxçıvana sonsuz
övlad məhəbbətidir. O, bu tarixi diyarın üzdə yox,
bəşəri hissiyatların dərinliklərindən gələ
biləcək bir səviyyədə intellektual təəssübkeşidir.
Və belə təəssübkeşlik təkcə
o kəslərə xasdır ki, onlar bütün
dünyanı doğulduqları diyar, doğulduqları
diyarı bütün dünya qədər sevməyi
bacarırlar.
İsa Həbibbəylinin
saysız-hesabsız əsərlərindən çoxunun
adında "Naxçıvan" sözü var. Və mən
bu saysız-hesabsız əsərlərin müəllifini
yaxşı tanıyan həmkarı kimi əminliklə deyə
bilərəm ki, o "Naxçıvan" deyəndə təsəvvürünə
(və təxəyyülünə) dünyanın mifik
tarixinin Nuhdan sonrakı ən müqəddəs mənəvi
məkanı gəlir... Və mənim
ağsaqqal dostuma yeni bir Nuh missiyası verilsəydi, heç
şübhə etmirəm ki, bütün bəşəriyyəti
gəmisinə doldurub məhz Naxçıvana gətirərdi
ki, yenidən haqq-nahaqq imtahanına çəksin.
2010-cu illərin
əvvəllərində İsa Həbibbəyli öz
yaradıcılığının ikinci mərhələsini
başa vurub üçüncü mərhələsinə qədəm
qoyur ki, bu mərhələnin ilk əsərləri həmmüəllif
olduğu çoxcildlik "Naxçıvan tarixi", Azərbaycan,
rus və ingilis dillərində nəşr olunmuş
"Nizami adına Ədəbiyyat İnstitutut" və bir də
yazıçı-publisist Rəşad Məcidə həsr
olunmuş "Bütün yönləri ilə
yaradıcı"dır. Bunlardan sonra isə
"Akademik Səməd Vurğun Vəkilov" (2015),
"Nuhçıxandan Naxçıvana" (2015), oncildliyin
ilk cildləri, "Müstəqillik dövrü Azərbaycan ədəbiyyatı"
ikicildliyindəki (2016) orijinal oçerklər... gəlir.
Və təbii ki, yenə də yüzlərlə məqalələr,
məruzələr, çıxışlar...
Əlbəttə, İsa Həbibbəyli
yaradıcılığının hər bir mərhələsi
əvvəlkinin məntiqi davamı olmaqla yanaşı, həm
kəmiyyət, həm də keyfiyyətcə zənginləşməsi,
inkişafıdır. Və həqiqi istedadın təkamül yolu da, əslində,
bundan ibarətdir... Odur ki, mənə elə gəlir ki, görkəmli
ədəbiyyatşünasın bu günlərdə
çapdan çıxmış, ancaq yəqin ki, elmi
yaradıcılığa başladığı ilk illərdən
bu günə qədərki axtarışlarının nəticələrinin,
düşüncələrinin zərrə-zərrə
yığıldığı, ümumiləşdiyi,
ideya-metodoloji (və fəlsəfi) məzmun kəsb etdiyi
"Azərbaycan ədəbiyyatı: dövrləşdirmə
konsepsiyası və inkişaf mərhələləri"
monoqrafiyasının onun yaradıcılığının
üçüncü mərhələsinin fakt-hadisəsi
olması şərtidir. Çünki müəllif
bu fundamental əsər üzərində, əslində,
yaradıcılığının hər mərhələsində
çalışmışdır. Və ona da
şübhə etmirəm ki, "Dövrləşdirmə
konsepsiyası"na müəyyən mənada
akademik İsa Həbibbəylinin ümumən bu günə qədərki
ədəbiyyatşünaslıq axtarışlarının
elmi-nəzəri (və metodoloji!) yekunu kimi baxmaq olar.
Burası da var ki, bu cür geniş ideya-məzmun tutumuna malik əsərlərin
nə bir müəllif, nə də bir epoxa (gizlətmək
istəmirəm, get-gedə daha çox əmin olmağa
başlayıram ki, "Azərbaycan ədəbiyyatı:
dövrləşdirmə konsepsiyası və inkişaf mərhələləri"
müstəqillik dövrü Azərbaycan ədəbiyyatşünaslığının
şah əsəri olmağa ən layiqli namizəddir) səviyyəsində
nə son cümləsi, nə də son nöqtəsi olmur.
Müəllif (və epoxa!) Azərbaycan ədəbiyyatı
tarixinin yenidən dövrləşdirilməsinin
aşağıdakı səbəblərdən irəli gəldiyini
göstərir:
1. Azərbaycan
ədəbiyyatı tarixinin keçmiş sovet ideologiyası əsasında
aparılmış dövrləşdirilməsinin ədəbi-tarixi
proseslərin reallıqlarını əks etdirməməsi,
müstəqillik dövrünün prinsiplərinə, milli məfkurəyə
uyğun gəlməməsi.
2.
Ayrı-ayrı müəlliflərin və ya müəlliflər
kollektivinin yazıb nəşr etdirdikləri Azərbaycan ədəbiyyatı
tarixinə dair akademik nəşrlərdə, dərsliklərdə,
monoqrafik tədqiqatlarda dövrləşdirmədə
keçmişdə müəyyən edilmiş mərhələlərdən
uzaqlaşa bilməmək hallarının aşkar
görünməsi.
3.
Dövrləşdirmə meyarlarında və mərhələlərin
müəyyən edilməsində pərakəndəliyin
müşahidə olunması.
4.
Dövlət müstəqilliyi ideallarının
işığında Azərbaycan ədəbiyyatı
tarixinin dövrləşdi
5.
Dövrləşdirmədə dünyada gedən ədəbi-tarixi
proseslərin nəzərə alınması zərurəti.
Bu səbəb-zərurətlərin
heç birinə etiraz etmək mümkün deyil.Və həmin
səbəblərin bu miqyasda məhz akademik İsa Həbibbəyli
tərəfindən aşkarlanaraq formulə edilməsi də
ona görə tamamilə təbiidir ki, görkəmli tədqiqatçı-ədəbiyyatşünas
neçə illərdir on cildlik (yəqin ki, onun təsəvvürlərində
bu da hələ son deyil) "Azərbaycan ədəbiyyatı
tarixi"nin yaradılmasına bilavasitə rəhbərlik
etdiyindən bu fundamental (və mahiyyətcə ensiklopedik)
yaradıcılıq işinin perspektivlərini hamıdan
aydın görməklə yanaşı, onun problemlərini də
hər kəsdən yaxşı bilir.
Azərbaycan
ədəbiyyatı tarixini dövrləşdirərkən
müəllif (və epoxa) o prinsiplərə əsaslanır
ki, onlar tarixi ədəbi prosesi həm "daxil"dən, həm
də "xaric"dən müşayiət edir:
1. Azərbaycançılıq
məfkurəsi.
2.
Sivilizasiya faktoru.
3. Ədəbi-tarixi
prosesin reallıqları.
4. Azərbaycanda
ədəbi cərəyanlar.
Azərbaycançılıq məfkurəsi amilini rəhbər
tutmadan Azərbaycanın, şübhəsiz, nə ədəbiyyat,
nə mədəniyyət, nə ictimai-siyasi fikir, nə fəlsəfə...
tarixini, nə də ümumiyyətlə tarixini az-çox
obyektiv (və mükəmməl) şəkildə nəinki qələmə
almaq, heç təsəvvür belə eləmək olmaz. Sivilizasiya
faktoruna gəldikdə isə, bu hər hansı milli bədii
təfəkkür-yaradıcılıq hərəkatının
elə bir möhtəşəm kontekstidir ki, ədəbi-tarixi
prosesin reallıqları məhz onda təcəssüm etməklə
həm fərdi, həm də ictimai cərəyanlaşma-üslublaşma
imkanları qazanır. Yəni "Konsepsiya" müəllifi
bir xalqın ədəbiyyat tarixinin dövrləşdirilməsini
apararkən etnik amildən başlamış estetik amillərə
qədər bütün metodoloji dayaqlara üzvi bir sistem
olaraq istinad etməyin nümunəvi təcrübəsini verməklə
həmin dövrləşdirməni, əslində, elə
universal-tipoloji səviyyəyə yüksəldir ki, sabah və ya o biri gün, məsələn,
türk xalqlarının, eləcə də başqa xalqların
ədəbiyyat tarixlərini yazanlar ədəbiyyat
tarixşünaslığının həmin universal-tipoloji cəhətlərindən
fayda görəcəklər.
Və nəhayət,
müəllif (və epoxa) belə bir dövrləşdirmə
üzərində dayanır:
1. Qədim
dövr Azərbaycan ədəbiyyatı. Etnosdan
eposadək (ən qədim dövrlərdən VII əsrə
qədər).
2. Azərbaycan
yazılı ədəbiyyatının ortaq
başlanğıc dövrü (VII-X əsrlər).
3.
İntibah dövrü Azərbaycan ədəbiyyatı (XI-XII əsrlər).
4. Orta əsrlər
Azərbaycan ədəbiyyatı (XIII-XVI əsrlər).
5. Azərbaycan
ədəbiyyatında erkən realizm dövrü (XVII-XVIII əsrlər).
6. Azərbaycan
ədəbiyyatında maarifçı realizm dövrü (XIX əsr).
7. Azərbaycan
ədəbiyyatında tənqidi realizm və romantizm
epoxası (XIX əsrin doxsanıncı illərindən Azərbaycanda
sovet hakimiyyətinədək).
8. Azərbaycan
ədəbiyyatında sosializm realizmi dövrü
(1920-1960-cı illər).
9. Milli-mənəvi
özünüdərk və istiqlal ədəbiyyatı mərhələsi.
Modernizm (1960-1980-ci illər).
10.
Müstəqillik dövrü çoxmetodlu Azərbaycan ədəbiyyatı
(1991-ci ildən).
Həm günümüzün ən tanınmış ədəbiyyatşünaslarının
mətbuatdakı yazılarında, həm də yüksək
səviyyəli müzakirələrdə akademik İsa Həbibbəylinin
"Konsepsiya"sı haqlı olaraq dəfələrlə təqdir
edilmişdir.
Odur ki, bu barədə yeni bir müzakirə açmağa
ehtiyac görmürəm, yalnız belə bir həqiqəti
bir daha xatırlatmaq istəyirəm ki, həmin
"Konsepsiya" Azərbaycan ədəbiyyatı
tarixşünaslığına üzərində işləmək,
ədəbiyyat tarixinin bu günə qədər diqqətdən
kənarda qalmış, yaxud hansısa səbəblərdən
göz görə-görə sərf-nəzər olunmuş
problemlərini həll etmək üçün külli
miqdarda mövzular verir. Və bu mövzular Azəarbaycan ədəbiyyatşünaslarının
bütöv bir nəslini yetişdirmək gücündədir
Ədəbiyyat
haqqındakı elmdə akademik İsa Həbibbəyli
miqyası nə qədər geniş olsa da, o,
yaradıcılığının həm birinci, həm
ikinci, həm də üçüncü mərhələsində
onun (ədəbiyyatşünaslığın)
hüdudlarından kənara çıxmağın -
etnoqrafiyadan, tarixdən və siyasətdən; musiqidən, təsviri
sənətdən və teatrdan; təhsildən, iqtisadiyyatdan
və sosial məsələlərdən bəhs etməyin
peşəkar nümunələrini göstərmişdir. Görkəmli alim, ictimai-siyasi xadimin çoxsahəli
istedadının bir təzahürü də son dərəcə
səmərəli, məhsuldar, hər cəhətdən
perspektivli təşkilatçılıq məharətidir ki,
onun şəxsiyyəti, mənəvi keyfiyyətləri barədə
də geniş ictimai təsəvvür yaradır. Və rəhbərlik etdiyi qurumlarda hər kəs
bilir ki, hər hansı məsələnin həlli ona
tapşırılıbsa, İsa Həbibbəyli nəyin
naminə olursa-olsun heç vaxt haqqı nahaqqa verməyəcək.
Ona görə yox ki, kənardan baxan var, ilk növbədə
ona görə ki, İsa Həbibbəylinin dünyaya gələndən
inandığı, etiqad elədiyi elə həqiqətlər
(və ideallar!) mövcuddur ki, ən böhranlı hallarda da
onlara laqeyd qala bilməz.
O,
artıq qeyd olunduğu kimi, müstəqil Azərbaycanın tərəqqisi,
dünyanın ən inkişaf etmiş, ən qüdrətli
bir ölkəsinə çevrilməsi uğrunda ilk günlərdən
başlayaraq ardıcılı ziyalı mübarizəsi
aparmış, çoxlu dövlət təltiflərinə,
"Şöhrət" və "Şərəf"ordenlərinə
layiq görülmüşdür.
İsa Həbibbəylini həm zahirən, həm də
daxilən xarakterizə edən bir xüsusiyyət də var
ki, hərəkətlərindən tutmuş şifahi nitqinə
qədər onu müşayiət edən bu xüsusiyyəti
mən heç bir tərəddüd eləmədən
"atəşin sürət" adlandırardım. Və ən
önəmlisi də odur ki, müəllifini (və sahibini)
uğurdan uğura, qələbədən qələbəyə
aparan həmin bu atəşin sürət onun təbiətindəki
tükənməz təmkini (və mütəvazi sanbalı!)
bütün dəqiqliyilə tamamlayır.
Bir sözlə, akademik İsa Həbibbəyli miqyası
çox böyük miqyas, akademik İsa Həbibbəyli məktəbi
çox böyük məktəbdir.
Nizami Cəfərov
Ədəbiyyat qəzeti.-
2019.- 19 oktyabr. S. 8-10.