Böyük yolun yolçusu
İsa Həbibbəylini
ilk dəfə "İki
sahil" qəzetinin Baş redaktoru Vüqar Rəhimzadəgilin
evində gördüm. Tarixi gün idi: 1992-ci il noyabrın
21-dən 22-nə keçirdi. YAP-ın təsis konfransını keçirib
gecələmək üçün
bir qrup Bakıdan gələn qələm əhli - Sirus Təbrizli, Ağabəy Əsgərov,
Xeyrəddin Qoca, Ziya Paşa, Səyyad Aran... dünyanın cənnət
kəndlərindən birinə
- İlanlı dağın
ətəyinə - Saltağa
gəlmişdik. Yerli ziyalılardan
Abutalıb Qasımov
(sonralar Naxçıvan
Ali Məclisi Sədrinin
I müavini vəzifəsində
işlədi), məktəb
direktoru Dövlət Məmmədov, o zamankı
kənd sovet sədri Səfər Həsənov da ordaydılar. Hamımız
böyük sevinc və qürurla yenicə başa vurduğumuz konfransın yekunlarını, ulu öndər Heydər Əliyevin dözülməz
soyuqda səhnədə
- yelçəkərin düz
ortasında! - kostyumda və köynəkdə oturaraq çıxışını, şərhlərini, izahlarını,
verilən suallara cavablarını və s. müzakirə edirdik. Əlbəttə, heyranlığımız böyük idi və özümüz üçün də bir dərs götürürdük.
Böyük otaqda ən azı 20-yə yaxın adam vardı.
Orijinallığı, dərin əsaslandırmaları,
məntiqi mühakimələri
ilə seçilən
İsa müəllim hamının xoşuna gəlirdi. Soruşanda elə belə də dedilər: - İsa müəllimdir! Ədəbiyyatçıdır.
Bu gün də ona belə deyirlər:
- İsa müəllim!
Amma daha sanballı, daha mötəbər, daha hörmətli tərzdə.
O zaman sarıyanız, qıvrımsaçlı, qaynar
bir gənc idi. Bununla bərabər, dinləmə
mədəniyyəti də
yüksək idi.
Heç
kimin sözünü
kəsmirdi. O da danışanda heç kim onun
sözünü kəsmirdi.
Qələbəliyin içində bircə
bu hal istisnaydı.
Çünki ardıcıl, ahəngdar,
sərrast danışırdı.
Ağırtaxta kişidir. Sözünün yiyəsidir. Son ümid yeridir.
Onun yanında haqq-ədalət
tapdana bilməz.
Məşhur məsəlimizdəki kimi, məhz arxasıza dayaqdır.
O, Nizami adına
Ədəbiyyat İnstitutuna
gələndən sonra
müxtəlif səbəblərlə
neçə illərdən
bəri ya itib-batmış, ən yaxşı halda unudulmuş elmi işlər, hazır dissertasiyalar gün işığına çıxdı,
hansısa bürokratik
əngəllərdən əlini
tamam üzmüş dissertantlar boy verdi, ortaya çıxdı, özlərini təsdiq etdilər... Birinin də rəsmi
opponenti mən oldum.
Qeyri-adi sadəliyi və səmimiyyəti ilə İsa Həbibbəyli çox ucadadır. Hamını görür, heç nəyi unutmur, heç nə gözündən yayınmır.
Ədəbi aləmdə baş
verən heç bir hadisə onsuz ötüşmür.
Doğrudan, heyrətamız faktdır. Bu qədər işi o, necə çatdırır?
Axı kifayət qədər fəaliyyət
göstərdiyi digər
sahələr də var: MM-də Elm və Təhsil Komitəsinin sədri, seçicilərlə mütəmadi
iş, neçə-neçə
kitabların redaktəsi,
çapa hazırlanması,
monoqrafiyalar, gündəlik
məqalələr, xarici
əlaqələr, dünyanın
müxtəlif ölkələrinə
səfərlər, Avropanın,
Asiyanın, Yaxın Şərqin ali təhsil ocaqları ilə elmi əməkdaşlıqlar,
nələr, nələr...
O, üzərinə düşən
missiyanı yaxşı
anlayır. Götürə biləcəyi yükün
altına girib. Ədəbi prosesin müxtəlif səbəblərdən
yarımçıq qalmış,
tam bitməmiş, məhz
bu günlərdə həllini gözləyən
elə vacib problemləri var ki... Zamansa gözləmir, bugünün
işlərini sabaha saxlamaq olmaz. İnadla zamanın özündən
borc alaraq ədəbi prosesin bir çox məsələlərini anındaca
həll edir.
"Qardaşın necə
adamdır? Yoldaş olmamışam".
Klassik və dəqiq münasibətdir! Mən də
gördüm.
İsa müəllimlə
"Naxçıvan - İslam
mədəniyyətinin paytaxtı!"
beynəlxalq tədbirinin
Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyevin Sərəncamı
ilə yaradılmış
komissiyasının üzvü
idik. Bir neçə dəfə
bu münasibətlə
birlikdə Naxçıvana
getmişdik. Hər dəfə
komissiya üzvlərini
hörmət və ehtiramla qarşılayan Naxçıvan Ali Məclisinin
Sədri V.Talıbov təkliflərimizi soruşurdu.
Ən uğurlu və yerinə düşən təklifləri söyləyənlərdən
biri İsa Həbibbəyli idi.
Hamıya qarşı diqqətliydi. Xüsusən
Anara, mərhum Vasim Məmmədəliyevə,
Aynur Sofiyevaya... Mən də kənarda qalmırdım.
- Əsgərliyin burda keçib də... Naxçıvanda. - Təsdiq mənasında üzünü
mənə tuturdu. Hardansa öyrənmişdi.
- Hə, Qıvraq kəndində... İndi rayon mərkəzi olub.
- Heç baş çəkmisənmi?
- Mütləq gedəcəm.
Bir vaxt tapım... 45 il
keçib e...
- Get, get! Hisslərin təzələnəcək... Xeyli zənginləşəcəksən.
Naxçıvanın gəzməli, görməli,
tarixi yerlərinə getdik. Ürəkdolusu, ehtirasla,
sevgiylə, az
qala, hər daşın haqqında məlumat verirdi. Hiss olunurdu ki, doğulduğu
torpağın canlı
ensiklopediyasıdır. Bir qığılcıma
bənddir. Bir şey soruşdunsa, dolğun, faktlarla zəngin, tam əsaslandırılmış
elmi-ədəbi cavab alacaqsan!
Adama elə gəlir ki, o, heç vaxt qocalmayacaq. Həmişə belə qalacaq: həyat eşqi ilə
dolu, yaradıcılıq ruhu
ilə intəhasız, daim çağlayan qəlbiylə məhsuldar, səmərəli,
düz və böyük
yolun yolçusu kimi!
Səyyad Aran
Ədəbiyyat
qəzeti.- 2019.- 19 oktyabr. S. 10.