İlyas
Əfəndiyevlə başlanan yol
Hərdən
kitabxanamda rəflərdə səliqə ilə
düzülmüş kitablara nəzər salıram və bu
kitabların hər biri yaddaşımda müxtəlif xatirələri
oyadır. Yeniyetməlik, gənclik çağlarımda aldığım
kitablar, avtoqrafla mənə bağışlanan kitablar,
dostların hədiyyə etdiyi kitablar - hamısı
ayrılmaz dostlar kimi bir-birinə sığınıb. Bu
kitabların hər biri ayrı-ayrı mövzuları, fərqli
məkan və zamanları əhatə etsə də bu,
onların eyni cərgədə düzülməyinə mane
olmur. Bu kitabların içində həmişə məndə
qəribə, izaholunmaz duyğular oyadan altı kitab da var -
xalq yazıçısı
İlyas Əfəndiyevin 1984-cü ildə nəşr
edilmiş 6 cildliyi.
1984-cü
ildə mənim cəmi doqquz yaşım vardı. İkinci
sinfə gedirdim və ədəbiyyat müəlliməsi olan
anam məni kənd kitabxanasına üzv
yazdırmışdı. Doqquz yaşım olanda mən
artıq "Koroğlu" dastanını oxuyub
bitirmişdim, anamdan mənə təzə kitablar
almasını xahiş edirdim. İndi düşünürəm
ki, mənim uşaqlıq xəyallarımın inventar təsvirini
tərtib etmək lazım gələrsə, kitablardan özgə
heç bir əşya, predmet tapmaq mümkün olmayacaq. Həmin
ilin ilıq yaz günlərindən birində İlyas Əfəndiyevin
70 illik yubileyi canlı yayımla efirə verilirdi. Yubiley gecəsi
Akademik Milli Dram Teatrında keçirilirdi. Həmin yubiley gecəsini
mən necə böyük bir intizarla gözləyirdim, indi
bunu sözlərlə ifadə etməkdə çətinlik
çəkirəm. Mənim sevdiyim yazıçının
yubileyi idi və bu yubiley mənim uşaq dünyam
üçün ən böyük bayram idi. Bu yazını
yazarkən internet vasitəsilə həmin yubileyin
videogörüntülərinə baxdım və qeyri-adi hisslər
keçirdim. Həmin kadrlarda Azərbaycan ədəbiyyatının
və mədəniyyətinin çox böyük simaları
görünür və indi onların böyük əksəriyyəti
bu dünyada yoxdurlar. Bu, əlbəttə, insanda dərin bir kədər
hissi oyadır. Amma digər tərəfdən
düşünürsən ki, onların yaratdığı əsərlər
bu gün də yaşayır və onları da yaşadır.
İndi, aradan 35 il keçəndən sonra həmin kadrlara
baxanda həm də məni ədəbiyyata sevgi hissiylə
böyüdən, tərbiyə edən valideynlərimi də
minnətdar duyğularla xatırlayıram. Mən
uşaqlığımın ən böyük sevinclərini
belə yaşamışam...
Kəndin
yuxarısında kiçik bir kitab mağazası vardı, o
mağazanın müdiri kök, qırmızıyanaq bir
kişi idi. Anam ona tapşırmışdı ki, İlyas
Əfəndiyevin kitabları gələndə hökmən
onun üçün saxlasın. Əvvəlcə anam birinci
cildi alıb evə gətirdi və mən qəribə bir
şövqlə bu kitaba sarıldım, kitabdakı hekayələri
("Qəhrəman ilə bülbülün
nağılı", "Qırçı və
qırmızı çiçək", "Yun
şal", "Qarı dağı", "Apardı sellər
Saranı" və s.) nağıl kimi oxumağa
başladım. Nağılvari təhkiyə məni necə
sehrləmişdisə mənim üçün dünyada tək
bir yazıçı vardı, o da İlyas Əfəndiyev
idi. O, mənim oxuduğum ilk yazıçı idi. Mən hər
dəfə uşaqlığımı xatırlayanda
gözümün önünə İlyas Əfəndiyev və
onun altıcildliyi gəlir. "Söyüdlü
arx"dakı Nuriyyə, "Körpüsalanlar"dakı Səriyyə,
Adil, Qəribcan, "Üçatılan"dakı
Ərşadla Sərvinaz və digər obrazları
xatırlayıram. Sözsüz, bu əsərlər doqquz-on
yaşlı uşağın qavraya biləcəyi əsərlər
deyil, mən sonralar dönə-dönə bu əsərləri
oxudum və onların ədəbi-bədii, estetik mahiyyəti
haqda düşündüm. Bu əsərlərin XX əsr
insanının yaşayış tərzinə, mənəvi
dünyasına necə güclü təsir göstərdiyi
şübhəsizdir. İnsan nə qədər müasirləşsə
də, modern dünyanın bir hissəsinə çevrilsə
də, ona xas olan ali keyfiyyətlər dəyişmir və bu
keyfiyyətlər dəyişmədikcə də İlyas
Əfəndiyevin əsərləri hər zaman
aktuallığını, mənəvi-əxlaqi dəyərini
qoruyub saxlayacaq. Dünya fırlandıqca keçmiş yenidən
doğulur və hər şey təkrarlanır. Məsələn,
"Söyüdlü arx" romanında baş verən hadisələr
bu gün də başqa formada təkrarlanır, lakin insanlar
belə situasiyalarda necə davranırlar? Nuriyyə Muradı
sevir, lakin tale onların yolunu ayırır, illər keçəndən
sonra onlar yenidən qarşılaşırlar. Nuriyyə
Muradın evli olduğunu bildikdən sonra onun səadətinə
mane olmur, onun həyatından çəkilib gedir.
Çağdaş dünyamızda sevgi duyğusunun
bütövlüyünü korlayan, onun bütün
dolğunluğu ilə gerçəkləşməsinin
qarşısını alan bir psixoloji vəziyyət yaranıb.
Çoxlarının yaşadığı bu psixoloji vəziyyətin
adı özünün fərdi bütövlüyünü
itirmək qorxusudur. Nuriyyə bitkin, bütöv xarakterdir. O,
xoşbəxtliyini başqasının səadəti üzərində
qurmağı özünə rəva görmür, sevgisini
içində yaşadır. Yazıçı onun daxili aləmini
ustacasına açır, müəllifin lirik-psixoloji
üslubu qadın dünyasının mübhəm, pünhan
nöqtələrinə qədər nüfuz edir. Oxucuda Nuriyyəyə
qarşı rəğbət hissi yaranır, bu qadının
daxili-mənəvi iztirabları onu insan olaraq
formalaşdırır. Ümumiyyətlə, İlyas Əfəndiyev
yaratdığı bütün qadın obrazlarında
qadının sirrini açmağa çalışır,
qadın hisslərinin nəfis konstruksiyasını qurur,
qadının düşüncə tipologiyasını müəyyənləşdirməyə
çalışır. Amma sonda qadın yenə sehrini
özündə saxlayır. Bu, yazıçının
gücsüzlüyü deyil, əksinə, onun qələbəsidir.
Dünyanı
gerçəkliyindən ayırıb mikrokosmos olaraq
özünün dünyasını yaratmaq və bu yolla
insanlığı anlatmaq yazıçının ilahi
missiyasıdır. Dünya ədəbiyyatında
belə misallar çoxdur; Folkner Yoknapatava adlı bir ölkə
yaratmışdı və bu ölkədə insanları, təbiəti,
Günəşi anladırdı. Bilmirəm, İlyas müəllimin
Folkner yaradıcılığına münasibəti necə
idi, amma bildiyimə görə ən çox sevdiyi
yazıçılar Balzak, Stendal və Heminquey olub.
Adlarını sadaladığım bu üç
yazıçı da öz ədəbi dünyasını
yaratmış qüdrətli yazıçılar idilər.
İlyas
Əfəndiyev Azərbaycan ədəbiyyatında yeni
dövrün bədii düşüncə tərzinin dəyişməsi
üçün zəmin hazırlayan görkəmli
yazıçılardan biri idi. "Söyüdlü arx",
"Körpüsalanlar", "Dağlar arxasında
üç dost" romanları 30-50-ci illərin ədəbi
meyarlarını, leksikonunu, məzmun və mündəricəsini
büsbütün dəyişdirdi, yazıçı Azərbaycan
nəsrinə yeni paradiqma gətirdi.
Ədəbiyyata canlı insan obrazı gəldi. Bu əsərlər
direktiv ədəbiyyata meydan oxudu. Bu yeniləşmə
İlyas Əfəndiyevin Azərbaycan nəsrində ən
böyük xidməti və uğuru idi. Bu baxımdan o,
sözün əsl mənasında novator yazıçı
idi. Həmişə düşünmüşəm ki, bizimlə
eyni dünyanı yaşayıb eyni dili paylaşanları, bu
dili yaradanları, zənginləşdirənləri,
saflaşdıranları oxumadan dünyanın dilini anlamaq
müşküldür. Nə yaxşı ki, biz əlifbanı,
sözləri öyrənən vaxtımızda İlyas
Əfəndiyev və onun mənsub olduğu ədəbi nəslin
yazdığı əsərləri oxuduq. Əbülhəsən,
Əli Vəliyev, Süleyman Rəhimov, Mehdi Hüseyn, Ənvər
Məmmədxanlı və bu kimi müqtədir sənətkarlar
bizim üçün ədəbi dil arsenalı qoyub getdilər.
Gənc yazarlarla tez-tez ünsiyyətdə oluram və hər
dəfə məndən soruşurlar ki, hansı
yazıçıları oxumağı məsləhət
görürsünüz? Mən
də hər dəfə yuxarıda adlarını çəkdiyim
yazıçıların adlarını sadalayıram. Gedib
oxuyurlar və bir-birlərinə tövsiyə edirlər ki,
siz də bu yazıçıları mütləq oxuyun. Dil zənginliyi,
süjet mükəmməlliyi, xalq həyatına, folklora dərindən
bələdlik, müşahidə, fəhm -
yazıçı üçün vacib olan bu komponentlər yazmağa yenicə başlayan gənclər
üçün əyani vəsaitdir. XX əsr mürəkkəb
və ziddiyyətli dövr idi və dövrün mənzərəsi
onların, xüsusən də İlyas Əfəndiyevin
yaradıcılığında daha qabarıq nəzərə
çarpır. Ən çox da "Geriyə baxma, qoca"
romanında. Bu roman təkcə bir elatın başına gələnlərdən
bəhs etmir, həm də Azərbaycan xalqının taleyi
romanda sənətkarlıqla təsvir edilir.
İlyas
Əfəndiyevin romanları "külli-Qarabağın ab-həyatı"nı
özündə əks etdirir. Yazıçının
düşüncəsinə görə, doğma
torpağın qoruduğu dəyərlər əbədidir.
Öz kökündən qopmuş yazıçı heç
vaxt bəşəri ola bilməz. Yazıçı hər
şeydən əvvəl öz xalqının dilinin, mənəviyyatının,
düşüncəsinin daşıyıcısıdır.
İlyas müəllim də "Geriyə baxma, qoca"
romanında minilliklərdən süzülüb gələn
arxetiplərə söykənir, xalqın etnoqrafiyasından,
folklorundan qaynaqlanaraq bənzərsiz bir roman yaradıb. Bu
cümlələri yazarkən unudulmaz ədəbiyyatşünasımız
Yaşar Qarayevin İlyas Əfəndiyev
yaradıcılığı haqqında fikirlərini
xatırladım. Yaşar müəllim yazılarından
birində qeyd edirdi ki, İlyas Əfəndiyevin
yaradıcılığı küll halında səkkizinci
"Qarabağnamə"dir.
Bütün
böyük əfsanələr, dinlər, fəlsəfələr
bizə həyat haqqında təməl gerçəkləri
öyrədir. Bütün böyük romanlar zatən
bildiyimiz, amma o mövzuda böyük bir roman
yazılmadığı üçün qəbul edə bilmədiyimiz
reallıqları göstərmək üçün
yazılır. İlyas Əfəndiyev də həyatı ədəbiyyata
gətirir, təbii ki, olduğu kimi deyil, ona istedadı vasitəsilə
rəng qatır, çalarlar əlavə edir, insan xarakterlərini
sözlər vasitəsilə cilalayır və nəticədə
həyatın bir parçası romana çevrilir.
Onun
nəsri xalqın minilliklərdən gələn arxetipi
üzərində kök atmışdı. Bəy nəslindən
olduğu üçün atası məhrumiyyətlər
içində yaşamışdı, onun səsi
alınmışdı, bu ailəyə "kulak"
damğası vurulmuşdu. İlyas Əfəndiyevin
uşaqlığı belə bir ağır mühitdə
keçmişdi. Amma aydın, işıqlı
düşüncəsi onu "Aydınlıq gecələr"dən
keçirib nurlu sabahlara aparıb çıxartdı.
İlyas müəllim Tanrının verdiyi istedad payı ilə
özü özünü yaratdı, taleyini özü
yazdı. "Kənddən məktublar"la başlanan yol təxminən
altmış illik bir zamanı əhatə elədi və
İlyas Əfəndiyevin yaradıcı zəkası ədəbiyyatımızı
bir-birindən maraqlı, mükəmməl əsərlərlə
zənginləşdirdi. İlyas Əfəndiyev Azərbaycan nəsrində
lirik-psixoloji üslubun yaradıcılarından idi. "Sən
həmişə mənimləsən", "Unuda bilmirəm"
pyeslərini kim xatırlamır ki? Onun yaratdığı
obrazlar XX əsrin insanları idi, gənclər idi. Bu əsərlərdə
gənclərin hiss və duyğuları, düşüncələri,
gələcəklə bağlı xəyalları öz əksini
tapırdı. Oxucular bu obrazlarla empati qururdular, özlərini
bu obrazlara bənzədirdilər, onlar kimi yaşamağa, onlar
kimi sevməyə, onlar kimi mübariz olmağa
çalışırdılar.
Qloballaşan
dünyada insanlar sürətlə dəyərlərdən,
insanı insan edən ali keyfiyyətlərdən uzaq
düşürlər. Bu, əlbəttə, bütün qələm
adamlarını narahat edir. Bu gün İlyas Əfəndiyev
yaradıcılığına əvvəlkindən daha
çox ehtiyac var. Çünki onun əsərləri insanda
insanı oyadır, katarsis baş verir və insan öz ruhunun
dərinliklərindəki işığa qovuşur.
Kənan HACI
Ədəbiyyat qəzeti.-
19 oktyabr. S. 14.