Qanunun
geriyə qüvvəsi yoxdur
Zaman başım üstdən
keçir, ayağım altdan yer qaçır..,
Neylə, - yerə gir, göyə
çıx, - neylirsən eylə, - gor açıq...
Tərs-məzhəb çərxi-fələk
Yer hey fırlanıb yer açır, -
Zamanın geriyə qüvvəsi
yoxdur!
Dünyanı dördəlli tutan,
ikiəlli torpağı tut,
Dərd-sərin sər dərdi -
torpaq, dərmanı hər dərdin - torpaq,
Arzular arzusu torpaq arzumuz
çat-çatdır.., çat, çat!..
Arzunun geriyə qüvvəsi
yoxdur!
Evləri göydələnlərim,
bir son mənzil də var ancaq..,
Dünya səndən soyuyanda, sən
dünyanı soyunanda
Yenə bizə qucaq açan
sonunda torpaq olacaq...
Torpağın geriyə qüvvəsi
yoxdur!..
Məzarın
"Çənlibel"di
Vurğun Əyyubun xatirəsinə
Vurğun, bu vurğun olmuş
tifaqı qanlı eldi.
Tufarqanlı Abbasdan
dağ-daşlı, çənli
eldi.
"Ruhani"cə, ruhunca..,
Dədə Qorqud boyunca...
Ah, Vurğuncan!.. Vurğunca
məzarın "Çənlibel"di!
Bir cür toydu bu yas da..,
Yasdan da toya səslə...
Şuşamsan, Araz üstə, -
Sənsiz də sənli eldi!..
Yağış
Yaz, ya payız-qış
yağış
ehsandı Lənkəranda.
Bakıda yağış
yağır,
Leysandı Lənkəranda.
Bu cür sərin duş olmaz,
Nə belə soyuq hamam...
Vay dədə, getdi göyün
üzünün suyu tamam!..
Göy bayılır, deyəsən,
Yer həzzində kefində.
Yağışın sözü
budu:
"Qaxıl, otur evində!".
Adamın qulağına
ördək, qaz səsi gəlir..,
yağışdan tutub, göyə
çıxmaq həvəsi gəlir...
Az qalır yağış altda
havalanıb qalasan, -
Əlinə qaval alıb,
oxuyasan, çalasan!..
Boğulur, əl-qol atır
kollar, tağlar, budaqlar...
Yağış saman
çöpündən
yapışıb, sanki rüzgar.
Bir ins-cins görünmür,
Bu millət harda qalıb?
Yerin öz işi yaşdı,
Göy quru yerdə qalıb.
Göyün qarnı min ilin
acıtək quruldayır.
Bu qədər yağıb, hələ
göy indi guruldayır...
Şaqqaşaq qoz
sındırır
dağ başında
ildırım.
Tarixdə görünməyib
belə dayandoldurum!..
Qardaşxan
Ədəbiyyat
qəzeti.- 2019.- 19 oktyabr. S. 15.