Əllərin alın yazısı
Fərid Hüseynin doğum
gününə
Fərid Hüseyn mənim sevimli tələbələrimdən
biridir. Otuz yaşlı bu "qoca" şairin yüksək əxlaqına
və istedadına həmişə sevinmişəm.
Fəridin bədii təfəkkürü
fraqment səciyyəlidir. Psixologiyada poetik düşüncənin
fraqmentarlığını, adətən, subyektin
"dağınıqlığı" ilə izah edirlər.
"çoxlu, hissəcikləri bir yerə yığmaq cəhdi"
əslində, fraqmentar yazının xarakterindən gəlir.
Və Fəridin bu fraqmentləri "Gənc Verterin
iztirabları" kimi yazılır...
Onun minimalist essizmdən gələn
yığcam, aforistik ümumiləşdirmələrində məişət
replikası ilə fəlsəfi deyimlər, sitatla kitab
üslubu ilə rahatca bir-birini əvəz edə bilir,
bir-birilə qonşuluq edə bilir, amma sonda, fərqi yoxdur,
hamısı bir məna məcrasında qovuşur.
"Susmaq" feli Fəridin
şeirlərində bütün sözləri maqnit kimi
öz cazibəsinə dartıb çəkir. Susmaq "bu
dünyada" kiməsə nəyisə deməmək həm
də Fəridin mental-psixi durumunun, əxlaqının bir
keyfiyyətidir. O şeyin ki, adını deyə bilmirsən,
onun adı ölümdür. Susmağı bacaran və sevən
bir şairin sözü "ölüm"ün dərkindən
keçir.
Fərid Hüseyn o istedadlardan
biridir ki, mədəniyyət mifləri içində
özünü çox rahat hiss edir. "İncil"
mifologemlərini - xristian mədəniyyətində geniş
yer almış mifoloji obrazları, hadisələri və səhnələri
öz ömrünə, taleyinin mistik layihəsinə proyeksiya
edir. Necə ki, çox sevdiyi Hz. İsa Məsihin
çarmıxda mismar vurulmuş əlləri ekzistensial təcrübəyə
çevrilir.
İnsanlardan yadigar saxlamadım
yığdım gözümü
hamıdan.
mən daha sənin əllərinə
vurulan
mismar səsindən özgə
heç nə aparmaq istəmirəm dünyanın.
Fərid Hüseynin jest, hərəkət
poetikasında "əllər" obraz və motiv kimi daha fəaldır.
Burada kimin "əlləri" yoxdur? - İsa peyğəmbərin
çarmıxa çəkilmiş əlləri,
"şeirini alan əllərə Məhəmməd Hadinin
uzanan əli", şəhid anasının əlləri...
Biz şeirimizi yox
Günümüzü satıb
yanıldıq,
Alnımızdan kirli əllər
sildi
Puçur-puçur tərləri.
Dünya zülmətə
dönür əllərin səxavəti kəsiləndə:
Oğlunun səsini dilənir
şəhid anası -
kəsilib səxavətli əllər...
"Əl" bu şairin ən
sirli, gizlin mənalarla yüklənmiş obrazıdır.
Əllər son ümid yeri və qaranlıqda işıq mənbəyidir.
Nəvə əlləri kor nənənin görən
"gözləri" olur. Əl hərəkətləri bu
dünya ilə o dünyanın sərhədlərini işarələyir.
Yalnız əllər alın
yazısını silməyə, dəyişməyə
qadirdir: "Əllərim alnımdakı əcəl təri
silmir". Ondan ötrü ayrılıq öncə əllərin
yaratdığı hadisənin adıdır. Sevdiyinin "əlindən
tutmaq" jesti bəlkə də Bircə yol "əlimi
tut" demədiniz". Vida və görüş səhnələri
əllərin yaddaşdakı unudulmaz izidir.
O gündən sonra, bədənim
qanlı köynəkdi,
Əllərim "əlvida
ağacları"dı yellənir arxanca.
Onun bu dünyada dialoqu "naməlum
qadın"ladır, sorğu-sualları, şikayətləri,
gileyləri ona ünvanlanır. Bu
"ismi-pünhan"lıq onu ruhlar dünyasının
sakininə çevirir. Elə ən çox
unutmadığı da bu "ismi-pünhan" qadının əlləridir.
Düşmən nifrəti var xəstəliyin
gözündə
Burax əlimi... dözülməzdi
bilmək.
Fərid Hüseynin lirik qəhrəmanı
mistik, ilahi dünya üçün darıxır. Bu dünya
itkilərin, ağrıların, mənasızlıqların,
anlaşılmazlıqların dünyasıdır. Onun bu
dünyanın absurdluğunu, qəddarlığını
görmüş insanların obrazına müraciət etməsi,
- İsa peyğəmbərə, Mikayıl Müşfiqə,
Məhəmməd Hadiyə şeir həsr etməsi də bu
üzdəndir.
Bir çox cavan həmyaşıdlarından
fərqli olaraq, Fərid dəbdə olan erotik ehtirasın ifadəsinə
qətiyyən meyil etmir. Bu həm də onun əxlaqından gəlir.
Onun bədii təxəyyülünü ömrün qara
sevdası - ölüm maraqlandırır. Hər yerdə -
şəkildə, qanlı köynəkdə, yaralı bədəndə,
Mövlud Mövludun addım səsində
"ölümün işini" axtarır. Axı, quyu da,
şəkil də, yara da, təkyerlik çarpayı da,
qanlı köynək də - hamısı ölümün
simvolik işarələridir.
Bir irfani məqam da gözümdən
yayınmayıb: Fərid dünyanı gəzib-dolaşsa da,
yaradıcılıqda reportyor kimi, qəzetçi kimi
çıxış etmir. Onu həmin məkanların
memarlıq landşaftı, təbiəti deyil, müşahidələrin
içində yaratdığı peyzaj maraqlandırır. O,
yaxşı bilir ki, həyatın gerçək mənzərəsi
iç baxışından asılıdır. Ona görə
də öz "mən"ini predmetli, əyani hadisələrdə,
faktlarda axtarır, yəni batin dərki zahiri dərkdən
başlayır. Əlcəyin astarı kimi, şair
özünü və öz zamanını astara çevirmək
istəyir.
Avropa təqvimi İsa Məsihin
mövludundan başlayan kimi, Fəridin ömrü də,
şairliyi də bu faciəli itki tarixi il bağlıdır. Məhz
atasının öldüyü gündən Fəridin
uşaqlıq travmasından çıxıb metafizik hadisənin
hüduduna "girişi" başlayır:
Atam ölən gecə anamı
oyadıb alma istədi
onda bilməliydim ki, doğrudan da,
Adəmdən yaranmışıq.
Bizə dedi ki, bədənimi ovun,
-
əllərimizin izini
aparmaq istəyirmiş kürəyində.
Fəridin antropoloji həssaslığı
yaralı bədəni görümlü edir. Məşhur
fransız filosofu Mişel Füko deyirdi ki, yara
ölümün işi haqqında məlumat verir.
"Qurani-Şərif"də "Qaçan atlar" surəsi
("And olsun tövşüyə-tövşüyə
qaçan atlara...") üslubunda yazdığı şeirdə
olduğu kimi:
And olsun gecənin bu vaxtına ki,
Əsgər yarasında qurşun
kimiyəm...
Ölüm onun səfər etdiyi səhərlərin,
indi dəbdə olan sözcüklə desək, ekzistensial
mahiyyətində yaşayır. İstanbul, London, Moskva ilə
ilk tanışlığı "ölüm
peyzajından" başlayır.
Burda "Ölü şəhər"in
sakinləri nəsil-nəsil əzizlərini
evlərinin zirzəmisində
gömürlər,
burda ən adi şeydən
ötrü ağladınsa,
demək, ölünün
üstündə -
məzar başında da
ağladın. ("Qahirə qədəri").
yaxud:
Zamanı əqrəblərində
çarmıxamı çəkirsən,
hər saatın tamamında
açılmaz sirlərin
qapısınımı döyürsən? ("Biq Ben").
O, mədəniyyət miflərinə
çox inanır. Bir çox şeirlərinin adından
("Birinin gündəliyində haqqındakı qeydlər",
"Aharon Appelfeldin müsahibəsi", "Mələklərin
haqqımda yazdıqları" və s.) başqa, içində
də bir Yazı inancı var. Onun oxuduğu
"yazılara" fəlsəfi poetik şərhlər
yazmaq instinkti bununla əlaqədardır, - bununla da həmin
"yazını" yenidən metafizik dövriyyəyə
daxil etmiş olur. Yazı kultuna istənilən yazı nəsnəsini
- kitab, müsahibə, dərman resepti... maraqlı poetik istinad
nöqtəsinə çevrilir. Fəridin mifoloji-kulturoloji
düşüncə əxlaqi bütün
"Yazı"ları şair kimi oxumasına imkan verir.
Və sonda bu kiçik
yazını Fərid Hüseynə dua ilə bitirmək istərdim:
qoy qələm tutan əllərinin işığı
tükənməsin!
Rüstəm
KAMAL
Ədəbiyyat
qəzeti.- 2019.- 19 oktyabr. S. 15.