Venesiyaya məktub
Yeddinci-doqquzuncu
məktublar
Bu məktublar
Qarabağda və bütün müharibələrdə həlak
olan körpələrə ithaf olunur
I
Qızım, görə bilmədim
mənə doğru yerişini.
İndi rəsmlərin
Şəkil-şəkil iməkləyir
divarımda.
Qızım, başdaşın
özündən uca,
məzarın səndən qoca.
sənsə hələ də
körpə...
Həbsxana köşəsində
qəfəs içindəki
quş qədər azaddır
mənim sülh arzularım.
Qızım, bütün boş
yelləncəklərdə
səni görürəm
görürəm buludsuz səmada
bulud kimi,
qaranlıq gecədə günəş
kimi.
Qızım, saçlarım
darıxır -
yolmağınçün,
yanaqlarım çuxura
dönüb
yerini doldurmağa -
o quyular totuş barmaqlarına həsrət
həyətim ayaq izlərinə
möhtac.
Bilirəm, uşaqlar ölmür,
böyüklərdən
küsür,
küsür bu dünyadan
və eləcə uçur,
gedir...
Bağışla,
Bağışla, sənə dəyən
güllələri.
Qolundakı metal
qırıntısına gülümsə -
bir çimdik bil, böyüklərdən
hədiyyə.
II
Şeytanı daşlayır
nə qədər zəvvar
hara yoxa çıxır
atılan daşlar?
Bəlkə, uşaqların
başına düşür?!
"Allah, Allah" deyib
bu daş atanlar -
Kim idi axı?!
Bəlkə şeytan
daşlayırdı Allahı.
atılan daşlardan
atılan uşaqlara
tikmək olardı xoşbəxtlik
sarayını.
Sevməz Şaxtababanı
burda uşaqlar.
Hədiyyəni torbasından yox,
tabutdan çıxarar.
Oyuncaq yerinə
bayram gecəsi
Buxarıdan mərmi atar.
Əri cəbhədə olan
hamilə gəlin
hər an
gələ biləcək
qara xəbərin qorxusundan
uşaq salır.
Analar uşaq yox,
şəhid doğur daha.
Oyuncaq silahlardan da
qorxur uşaqlar,
Birdən dili açılar.
Allah da köməyə gəlmir,
canına qorxu düşüb
körpələrin
bəlkə terroristlər
əsir götürüb onu da?
Hamıdan çox uşaqları
sevər
müharibələr.
Kiminin alnından,
kiminin gözündən öpər.
Tanrı daha tez
sevdiklərini aparır deyirlər.
Allahın
öpüşüdü
bəlkə elə bu güllələr?!
Həyasızcasına təpiklər,
-
güllələr döyməz
qapını...
Anaların əlindən alıb
beşiyi özü yellər
mərmilər...
Ağlayanda qıdıqlayıb
güldürər körpələri...
III
Adı Yaxın Şərq
özü körpə
arzularından uzaq
Çox uzaq.
Burda daş atar
İmperiya əsgərinə
daş atar uşaq.
Daşlar məktub alar
metal borucuqlardan.
və beləcə uşaq oyunuyla
aldadıb əsgərləri
yığıb gilizləri -
satar oyuncaq alar özünə...
...Bu qızcığaz da
cuppulu barmaqlarıyla
qıdıqlayır
atasının məzarını.
Uşaq ağlı...
Yadında belə qalıb,
bəlkə güldürə bildi
atasını...
Emin
Piri
Ədəbiyyat
qəzeti.- 2019.- 19 oktyabr. S. 21.