"Əqidə fədaisi"
Nəsimi haqqında
ilk biblioqrafik nəşr
Əsərləri dünya ədəbiyyatının
Qızıl fonduna daxil olmuş, klassik şeirimizin görkəmli
nümayəndəsi Seyid İmadəddin Nəsimi doğma Azərbaycan
dilində əsərlər yazan və bununla dilimizin
inkişafına böyük təsir göstərən
şair, humanist ideyalar carçısı, mütərəqqi
fikirli filosof idi. Mərdlik və yenilməzlik simvolu olan
şair Vətənindən uzaqlarda edam olunsa da əsərləri
ölkədən-ölkəyə, dildən-dilə, əsrdən-əsrə
keçərək günümüzə kimi
yaşamışdır.
Azərbaycan xalqı, eləcə
də dünyanın bütün ədəbi ictimaiyyəti
1973-cü ilin payızında Nəsiminin anadan olmasının
600 illiyini təntənəli surətdə qeyd etməyə
hazırlaşırdı. YUNESKO xətti ilə bütün
dünyada qeyd edilən bu yubileyə ümummilli lider Heydər
Əliyevin tapşırığı ilə respublikamızda
da ciddi hazırlıq işləri görülürdü:
"Nəsiminin yubileyini yüksək səviyyədə
hazırlamaq və keçirmək bütün ictimaiyyətimizin
borcudur. Biz şübhə etmirik ki, bu hadisə ədəbiyyat
əlaqələrinin daha da inkişaf etməsinə, Azərbaycan
və qardaş respublikaların yazıçıları
arasında yaradıcı əməkdaşlığın
daha da möhkəmlənməsinə səbəb
olacaqdır".
Bu çağırışa
böyük məsuliyyətlə yanaşan alimlərimiz
dünyanın müxtəlif arxiv, muzey, əlyazma fondları
və elmi kitabxanalarında saxlanılan Nəsimi
"Divan"larını yenidən araşdırır,
şair haqqında elmi məqalələr, monoqrafiyalar,
kitabçalar yazır, nəşriyyatlar böyük mütəfəkkirin
ədəbi irsini yenidən nəşr edir, mətbuatımız
yubileylə əlaqədar maraqlı materiallar dərc edirdi.
"Azərbaycan" dərgisinin
təkcə 8-ci sayında onlarca məqalə - Əli Fəhmi
"Nəsimi şeirində dini ehkamın tənqidi";
İsmayıl Cəfərpur "Nəsimi və Hafiz";
Mirzə İbrahimov "Odlar yurdunun Prometeyi"; Mirzağa
Quluzadə "Nəsimi irsinin öyrənilməsi tarixinə
dair"; Elməddin Əlibəyzadə "Nəsiminin
söz aləmi"; Qulamhüseyn Beqdeli "İki cahan,
yoxsa..."; Arif Məmmədov "Nəsimi və musiqi";
Fuad Qasımzadə "Müasir Türkiyə alimləri Nəsimi
və hürufilik haqqında"; Abdulla Məhəmmədi
"Nəsimin "Bəhrül-əsrar" əsəri barədə";
İbrahim İbrahimov "Cahanşah Həqiqi Nəsimi
haqqında"; Balaş Azəroğlu "Nəimi və Nəsimi"
və b. işıq üzü görmüşdü.
"Ədəbiyyat qəzeti"
də öz növbəsində geri qalmamışdı -
Cahangir Qəhrəmanov "Nəsimi"; M.H.Təhmasib
"Nəsimi və xalq poeziyası"; Rəsul Rza "Cəsarət
və mərdliyin yüksək poeziyası"; Məmməd
Arif "Adım adəmdir, adəm"; Süleyman Rəhimov
"Nəsimi bizimdir"; Bəxtiyar Vahabzadə "Mütəfəkkir
şair" və b. elmi məqalələr, Azərbaycan Elmlər
Akademiyasında keçirilən elmi sessiya, Vatikan
Kitabxanasında Nəsiminin qəzəllərinin
tapılması haqqında xəbərlər də daxil
olmaqla Nəsimi ab-havalı
informativ mühit genişlənməkdə idi.
Belə bir şəraitdə Nəsimi
irsinin tədqiqi, təbliği sahəsində mədəni-maarif
müəssisələrinin, o cümlədən
kitabxanaların və ən əsası isə
biblioqraflarımızın üzərinə də çox
mühüm vəzifələr düşürdü. Bu qeyd
edilən dövrə qədər biblioqrafik nəşrlərin
sırasında müasir dövrümüzdə mövzusundan
və tətbiq dairəsindən asılı olaraq yüzlərlə
növünü müşahidə etdiyimiz bir biblioqrafik vəsait
- Nəsimi haqqında biblioqrafik vəsait nəşr
olunmaması keçirilən tədbirlərin
hazırlanması işinə də öz mənfi təsirini
göstərirdi. Bunu nəzərə alan o illərdə kifayət
qədər peşəkar biblioqraf kimi tanınmış,
görkəmli ədəbiyyatşünas alim Əmin Tahir
oğlu Əfəndiyev elə həmin 1973-cü ildə təcili
olaraq Nəsimi haqqında ilk biblioqrafik vəsaiti tərtib etməyi
qarşısına məqsəd qoydu və buna nail oldu. 42 səhifəlik
bu nəşr həcmcə kiçik görünsə də,
yubiley ərəfəsində və ümumiyyətlə, Nəsimi
irsinin tədqiqatı sahəsində istifadə oluna biləcək
mötəbər və gərəkli bir mənbə idi.
Biblioqrafik vəsaitdə ilk dəfə olaraq Nəsiminin o
dövrə qədər məlum olan və nəşr
edilmiş əsərləri, şairin həyat və
yaradıcılığı haqqında yazılmış
materiallar verilmişdir. Vəsaitə "Nəsimi ədəbiyyat
və incəsənətdə" adlı xüsusi bölmənin
daxil edilməsi də məqsədəuyğun
sayılmışdır. Bu ilk biblioqrafik nəşr təbii
ki, müəyyən çatışmazlıq və
nöqsanlardan xali deyildi. Lakin vaxt darlığı və
üstəlik sovet dövrünün məhdud informasiya
mühitini nəzərə alsaq qeyd etdiyimiz nöqsanlar da
anlaşılandır.
Biblioqrafiya tərtibçi və
redaktor Ə.Əfəndiyevin "Əqidə fədaisi"
adlı giriş məqaləsi ilə başlayır. Məqaləni
geniş şərh etməyərək burada verilən
maraqlı məqamların bəzilərini diqqətə
çatdırmaqla kifayətlənəcəyik:
"...1369-cu ildə şəhər
sənətkarları arasında hörmət qazanmış
şamaxılı Seyid Məhəmmədin bir oğlu
dünyaya gəlir. Bu körpə, indi anadan olmasının
600 illiyini qeyd etdiyimiz İmadəddin Nəsimi idi".
"Hürufilik Allahı inkar
etmir, lakin onu göylərdən yerə endirir. Nəsimi
"mənəm Allah", "Allah insanın
özüdür" - deyir... ədalətsizliyi,
riyakarlığı ifşa edən qorxmaz şair Nəsimi
özünün məhv olacağını başa
düşürdü...".
"Nəsimi qələmindən
çıxan bütün əsərlər bu gün elm aləminə
məlum deyildir. Təsəvvür etmək çətin
deyildir ki, zəmanəsinə qarşı çıxan, vətənini
tərk edib təqiblərə məruz qalaraq yazıb yaradan
şairin əsərlərinin bir hissəsi itib-batmış,
bir qismi tələf edilsə də, dünyanın müxtəlif
ölkələrində, müxtəlif kitabxana və əlyazma
fondlarında mühafizə olunmaqdadır. Müxtəlif əlyazma
fondlarında saxlanılan "Divan"lardakı mətn fərqləri
Orta əsrlərdə şairlərin əsərlərinin bir
qayda olaraq xəttatlar və katiblər tərəfindən
üzü köçürülməsi səbəbindən
irəli gəlirdi. ... Nəsiminin əsərlərini ilk dəfə
ədəbiyyatşünas-tənqidç Salman Mümtaz
1926-cı ildə çap etdirmişdir. İkinci nəşr
1962-ci ildə M.Quluzadənin tərtib və redaktəsi ilə
nəşr edilən "Seçilmiş əsərlər"idir".
Beləliklə, tərtibçi Nəsimi
əsərlərinin digər nəşrləri haqqında
geniş məlumatı diqqətə çatdırır.
Biblioqrafik vəsaitin ikinci hissəsində Nəsiminin rus
dilində çap olunmuş əsərlərinin
siyahısının ardınca dövri mətbuatda dərc
edilmiş qəzəlləri, rübailəri, daha sonra
haqqında yazılmış kitablar və məqalələr
verilmişdir. Bu bölmədə tanınmış rus
yazıçısı Nikolay Tixonovun Nəsimiyə həsr
etdiyi "Böyük humanist şair" adlı məqaləsi
də oxuculara təqdim olunur.
Nəsimi irisinin
araşdırılmasına gedən yollar biblioqrafik mənbələrin
- kataloqların, göstəricilərin, vəsaitlərin
formalaşdırdığı informasiya mühitindən
keçir. Dahi mütəfəkkir şairin ədəbi-elmi
irsi hələ daha geniş miqyasda tədqiqatlara
möhtacdır. Şairin anadan olmasının 650 illik yubileyi ərəfəsində
nəşr edilən kitablar, monoqrafiyalar, elmi məqalələr
tədqiqatçıların yeni-yeni tapıntıları,
fikirləri, qənaətləri ilə zəngindir. Nəşr
ediləcək biblioqrafik salnamələr də Nəsimi ədəbi
irsinin yeni informativ salnamələrinə çevriləcəkdir.
1973-cü ildə tərtib edilmiş bu göstərici isə
bugünkü Nəsimi ab-havalı informasiya mühitimizin təməlinə
qoyulmuş ilk, etibarlı və ciddi bünövrə
daşı idi. Nəsimi irsini bugünümüz və gələcək
üçün yaşatmaq yolunda əməyi olan Əmin
Əfəndiyev şair haqqında ilk biblioqrfiyanın müəllifi
kimi öz adını bu bünövrə daşına həkk
etmiş oldu.
Zakirə
Əliyeva
Ədəbiyyat
qəzeti.- 2019.- 19 oktyabr. S. 23.