“Nəsimi haradandır?” sualına cavab

 

Zaman-zaman xaqanlar, hökmdarlar saraylarında salnaməçilər, mirzələr saxlayıb öz ömür yollarını, tale əməllərini qələmə aldırmışlar ki, böyük şəxsiyyət olduqlarını tarixə saldırsınlar, unudulmasınlar.

Yeri gələndə başqa ünlü hadisələrdən və şəxslərdən də nələrsə qeydə alınırdı ki, bunun da çərçivəsi, hüdudları var idi. Ancaq xalqın yazıb-oxumaq bilməyən sadə əməkçi insanı isə könlünə yatan, ruhunu oxşayan, heyran qaldığı əməl sahibinə elinin-yurdunun söz bulağından duyğularının nəğməsini avazlandırar, rəvayətlər qoşardı. Təbii, sarayın yazarı ilə adi bir əməkçinin yaratdıqları söz gövhərləri bir-birinin eyni ola bilməzdi. Salnaməçi, istərsə müdrik bir təzkirəçi güzəranının hamisi olan hökmdarının istəyini, rəyini mükəmməl dərk edirdi; bircə an belə, bunu yaddan çıxartmağa şüuru yol verməzdi.

Həm də yaxşı bilirdi ki, yazısını özündən, nəzarətçi vəzirdən və olsa-olsa 3-5 nəfərdən qeyri oxuyan olmayacaq. “Sonralar nə olacaq, necə olacaq – kim bilir?” Çölün düzündə tütəyi ilə nəğməsini qoşan çoban, dili bayatılı cütcü isə heyrətə düşdüyü olaya, ya şəxsə sinəsindən qopan sözlərini dağla-çəmənlə, çayla-bulaqla, göydə buludlarla bölüşərdi. Çimir edib gözünü açınca elin ürəyinə yatımlı bu sözlər ağızdan-ağıza keçər, diyarbədiyar yayılardı. Hər ağızdan da bir alqış nəfəsi bu söz incisini cilalayar, ona ruh verər, rəng qatardı. Beləcə, bir sadə el adamının könlünü riqqətə gətirən, istəyicə qoşduğu nəğmə, bayatı, rəvayət cünglərə yazılmasa da xalqın sözündə-söhbətində yer alır, məqamı düşən kimi xatırlanır, yaddaşlarda yaşarı olurdu:

                                   Əzizim, soy iləndi,

 

                                   Şahmar da soy ilandı.

 

                                   Nəsimitək bu aşiq

 

                                   Yolunda soyulandı...

 

Bu günlərdə Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun əməkdaşı filologiya elmləri doktoru Fəridə Əzizovanın “İmadəddin Nəsimi orta əsr mənbələrində və ədəbiyyatşünaslıqda” monoqrafiyasından (TEAS Press Nəşriyyat evi, 2019) aldığım güclü təəssüratı vərəqə köçürməyimə oradakı məhz bir el rəvayəti təkan verdi. Belə rəvayət edirmişlər ki, “Nesiminin derisi yüzülünce, bir də bakmışlar ki, eyilib derisini almış ve bir post kibi sırtına vurub yürümüş. Kimse peşine düşmeye cəsarət edememiş. Helebin on iki qapısında bulunan qapıçılar ve xalq görmüşlər ki, Nesimi, derisi sırtında qapıdan çıkmış ve sir olmuş. Qapıçılar ve xalq bir araya gelince her kes, filan qapıdan çıkdı diye iddiaya girişmiş ve anlaşılmış ki, o, on iki qapıdan da çıkmışdır. Şimdiki tekke ve türbe onun gömüldüyü yere degil, yüzüldügü yere yapılmış”.(Değirmençay V.)

Dahi Azərbaycan şairi İmadəddin Nəsiminin faciəli, işgəncəli ölümündən sarsılmış insanlar ona bəslədikləri dərin rəğbəti, heyranlığı onun ruhunun müqəddəsliyə qovuşması ilə yaddaşlarda əbədiləşdirmişlər. Bu rəvayət kitabın son səhifələrində yer almışdır. Bütün monoqrafiyada isə müəllif Yaxın Şərqin orta əsrlərdə ən cəfakeş söz ustadının nəsil şəcərəsi, doğumu və ölümü, adı, həyatı barədə öz zamanından bəri orta əsr mənbələri, habelə türk, fars, rus, Avropa alimlərinin tədqiqatlarını konkret məqsədlə araşdırmış, İmadəddin Nəsimi haqqında mövcud olan müxtəlif mülahizələri, həqiqəti aydınlatmaq mövqeyindən ümumiləşdirərək məntiqi, elmi nəticələrini təqdim etmişdir. Bu məqsədlə o, dünya nəsimişünaslığında  şairin öz zamanından bizim günlərədək nəşr olunmuş ən sanballı təzkirələri və elmi ədəbiyyatları tədqiqata cəlb etmiş, obyektivə aldığı məsələ ətrafındakı fikir ayrılıqlarını diqqətə çatdıraraq, görkəmli şərqşünas alimlərin mühakimələrinə istinadən problemin köklərini aşkarlamağa səy etmişdir.

F.Əzizova ilk öncə orta əsrlərdə yaranan təzkirələr, tarix, coğrafiya kitabları,  yeri gələndə onların müəllifləri barədə də yığcam arayış verərək, rus və Avropa şərqşünaslarının onlara “dəqiqliyi o qədər də etibarlı olmayan və hər cür əsassız ehtimallarla dolu” (İ.M.Filştinski) deyə yanaşdıqlarını nəzərə çatdırır. Habelə, türk alimi Hüseyn Ayanın da fikrincə: “bu mənbələr konkret dəqiq faktlar əsasında qurulmayıb, ... mötəbər və səhih heç nə tapmaq olmur, - hər şey tarixin qaranlıq pərdəsi arxasındadır”. Belə mülahizələrdən çıxış edərək, müəllif göstərir ki, həqiqətən böyük şairimiz Nəsimi haqqında orta əsrlərdə verilən məlumatlar fakta, sənədə dayanmadıqları üçün bir-birindən ya xeyli fərqlənir, ya da müəlliflər biri-digərini təkrar etməklə mühakimələr yürüdürlər.

Belə, mənbələrdəki mülahizələrə görə Nəsimi ya Təbrizdə, Şirazda, ya Bağdadın, yaxud Hələbin yaxınlığındakı eyni adlı Nəsim adını daşıyan ərazilərdə (belə bir yerin mövcudluğu barədə heç bir orta əsrlərə aid coğrafiya kitabında məlumat yoxdur – Yaqut Həməvi), eləcə də Diyarbəkrdə və ya Nisibində dünyaya göz açıb. Lakin bütün bu mənbələrin qeyri-dəqiqliyinə və müxtəlifliyinə baxmayaraq alimin “həqiqətə gedən yolda həmin mənbələrə də diqqət yetirməyi məqsədəuyğun” bilməsinə tamamilə haqq qazandırırıq. Çünki bütün bunlar Şərqdə dahi şairimizə verilən yüksək dəyərin (hər yerdə Nəsimini özlərinki etmək istəyi və təşəbbüsü – S.Q.) ifadəsi olmaqla yanaşı, həm də beynəlxalq şərqşünas alimlərin onun haqqındakı mülahizələrinin müasir azərbaycanlı, həm də rusdilli, ingilisdilli oxuculara (tədqiqat üç dildə nəşr olunmuşdur – S.Q.) küll halında çatdırmasıdır.

Şairimizin doğum yeri və adı ilə bağlı ilk yazılı məlumatın onun müasiri olan ərəb təzkirəçisi ibn Həcər əl Əsqəlanidən (1372-1449) gəldiyini və ardınca onu təkrar edən qələm dostu Səhavinin məlumatlarının qeyri-dəqiqliyini müəllif belə əsaslandırır ki, hürufilik təriqətinə görə Nəsiminin öz kimliyini gizli saxlamalı olduğu elmə məlum həqiqətdir. F.Əzizova yazır: “...əqidə və baxışlarını yayaraq öz hərəkət coğrafiyasını tez-tez dəyişdiyi bir şəraitdə... çox güman ki, sonuncu tərk etdiyi məmləkətin adını çəkərək cavab vermiş və həmin yer də onun vətəni kimi qəbul edilmişdir. Elə buna görə də mənbələrdə tarixçi və salnaməçilərin şairin doğulduğu məkan hesab etdikləri ən müxtəlif şəhərlərin və ölkələrin adları qeyd olunub”. Müəllifin digər bir arqumenti isə əvvəldə qeyd etdiyimiz kimi, orta əsr mənbələrindəki məlumatların etibarsızlığı, fakta, sənədə söykənməməsidir.

Monoqrafiyada qeyd olunur ki, şairin öz dövrünün təzkirəçiləri onu “Nəsimi Təbrizi” kimi təqdim edib, anadan olduğu məkanı düzgün müəyyən etməsələr də, hər halda Azərbaycandan olmasına şübhə etməyiblər. F.Əzizova həmçinin XIV-XV əsrlərdə Azərbaycanın ərazisində Təbrizin mərkəzi şəhər olmasını vurğulayaraq tarixə qısa ekskurs edir və belə inandırıcı mülahizə yürüdür ki, o dövrdə söhbət Azərbaycandan gedəndə “ilk yada düşən Təbriz olurdu”. (Fikrimizcə, tamamilə məntiqidir. Necə ki, hal-hazırda ölkəmizin hər hansı guşəsindən istənilən kəs xarici ölkəyə gedib, “haradan gəlmisən?” sualına Azərbaycandan olduğunu söyləyirsə, ondan ilk andaca: “Bakıdansan?” – deyə soruşulur – S.Q.)

XVI əsrdən sonra yazılmış mənbələrdə yenə heç bir əsaslı, səhih dəlil olmadan Nəsiminin türkmən, fars, ərəb mənşəyi, Şiraz, Bağdad, Diyarbəkr və s. şəhərlərdə doğulması versiyaları meydana çıxmışdır. F.Əzizova fərziyyələrin hər birinin mənbəyinə işıq salıb, digər şərqşünas alimlərdən gətirdiyi sitatlar və təkzibolunmaz məntiqi mühakimələrlə onları geri oturdur. Bunlardan yalnız birini nəzərə çatdırmaq istərdik. Mənbələrdən çıxış edərək  Nəsimini “İran farsına (yəni Şiraza) aid edən və onun türk divanı haqqında susan İran alimlərindən” ...Rzaqulu xan Hidayət, Həsən Şirazi Fəsai, Məhəmmədəli ət-Təbrizi və b. şairin Şirazda doğulub, onun yaxınlığındakı Zərkanda dəfn edildiyini yazırlar. Lakin əksəriyyətlə bir-birini təkrar edən İran alimləri  özləri də bu mülahizədə yekdil olmamışlar. Belə ki, V.İ.Hakimi onun Bağdaddan olduğunu iddia etsə də Ş.Cuya və Q.Beqdeli öz əsərlərində onu Seyid Əli Nəsimi Şirvani adlandırıb, Şirvandan olduğuna işarə etmişlər.

Və yaxud: “ XVI əsr alimi Lətifinin və ona istinad edən Bəyani Həsən Çələbi, Şəmsəddin Sami və Mehmet Nailin ehtimalları Yaqut Həməviyə istinad edən Abbas Əzzavi tərəfindən təkzib edilmişdi”. Müəllif belə bir vəziyyətin şairin adı ilə bağlı yürüdülən fərziyyələrdə də müşahidə edildiyini açıqlayır: Nəsimuddin (Əsqəlani), İmaduddin (Lətifi, Həsən Çələbi...), Seyid Ömər Nəsimi (Bursalı Mehmet Tahir, Nail Duma...), Müslihuddin (Əli Əmir Əfəndi, Aşıq Çələbi...), Əli (Cəlali Pəndari), Əbu Səid (Nəfisi), Cəlaluddin (Məhəmməd İsfahani) və s. və i. Monoqrafiyada bu adlara münasibət bildirilərək qeyd olunur ki, müəlliflərin hər biri şairin adı və ya təxəllüsü önündə “Seyid” sözünə müraciət etmişdir. Məsələn, “Namı Cənab Seyid İmaduddindir..., yüksək dərəcəli seyidlərdəndi”, yaxud “...Seyyid İmaduddin... arif, fazil, kamil, muhaddis və usta bir şairdir” (Məhəmmədəli ət-Təbrizi) və s. F.Əzizova şairin “Əli”, “İmad” adları ilə bağlı mülahizələri ümumiləşdirərək belə nəticəyə gəlir ki, tədqiqatçılar şairin adı ilə bağlı tam əminliklə inandırıcı dəlil-sübut göstərə bilmirlər, yalnız ehtimallar, bu və ya digər tezisin müddəaları əsasında qurulmuş kombinasiyalar mövcuddur”.

Nəsiminin mənsub olduğu təriqətlər ətrafında mənbələrdəki fikir ayrılıqlarına da monoqrafiyada geniş yer verilmişdir. Bu sıradan nimetullahi, hüseyniyyə,  bektaşilik, hürufilik və s. kimi orta əsrlərdə mövcud olan dini təriqətlər haqqında yığcam məlumatlar nəzərə çatdırılmaqla Nəsiminin dini-fəlsəfi görüşlərinin məxəzlərinə aydınlıq gətirilmişdir. Şeirlərini əsasən “Nəsimi” təxəllüsü ilə yazsa da, seyrək rast gəlinən Hüseyni, Məsihi, Hüseyni Nəsimi, Seyyid Əli, Haşimi, Qureyşi kimi təxəllüslər məhz zaman-zaman onların görüşlərinə rəğbətindən irəli gəlirdi.

Nəsiminin “aşkın və taşkın sözləriyle”, “Belağatı ve büyüleyici ədəbi üslubu ilə dinleyenleri etkiliyən” (Değirmençay V.), “şairlik gücüyle” öz əqidəsinin təbliğatında cəsarətli, qorxmaz olduğu da tədqiqatlarda vurğulanmaqdadır. F.Əzizova qeyd edir ki, bütün bunlar “Şairin edamına gətirib çıxarmaya bilməzdi”. Şairin amansız edamının ağır təsiri altında çoxlu əfsanə və rəvayətlər yarandı. Fars və türk mənbələrindən gətirilən sitatlarla müəllif şairin İsa, Süleyman və Musa kimi peyğəmbərlər səviyyəsinə ucaldılmasından bəhs açır, Nəsiminin “erkən əsrlərdən bəri insanı kor-koranə itaətə sürükləyən doqmatik görüşləri darmadağın edib, yüksək sənətkarlıq nümunəsi olan əsərlərində insanın ucalardan uca Yaradanla bənzərliyi həqiqətini bəyan edən “Ənəlhəqq” əqidəsi yolunda “Şəhidlər şahı” zirvəsində qərarlaşan Nəsimiyə” layiq yüksək ehtiram göstərmək bizim vəzifəmizdir qənaətinə gəlir.

Mən Nəsimişünas deyiləm. Əlli ilə yaxındır ki, XX əsr Azərbaycan poeziyasının araşdırıcıları sırasındayam. Ancaq Nəsimi poeziyasının pərəstişkarıyam. Akademik İsa Həbibbəylinin “Şərqşünaslıqdan azərbaycanşünaslığa” sərlövhəli ön sözündə “Nəsiminin elmi tərcümeyi-halının əsaslı şəkildə yazılması üçün əhəmiyyətli bir mənbə” kimi dəyərləndirdiyi F.Əzizovanın monoqrafiyasını  birnəfəsə oxudum. Altı əsrdən bəri dahi şairimiz haqqında yazılmış yüzdən çox ən sanballı mənbələrdən gətirilən nümunələr sayəsində xeyli bilgiləndim. Müəllifin yüksək vətənpərvərlik hissi ilə çox böyük bir diqqət və məsuliyyətlə ərəb, fars, türk, rus, ingilis nəsimişünaslarının fikir ayrılıqlarını ümumiləşdirərək gəldiyi nəticə ilə də yazımı yekunlaşdırıram:

“Ərəb və fars şairləri üçün mümkünsüz olan türk divanının təkzibolunmaz şəhadətliyi ilə o, türk xalqının oğludur, azərbaycanlıdır; o, dilinin, üslubunun, şeirlərinə səpələnmiş şivəsinin şəhdi-şəkər avazına görə, dilçi alimlərimizin də sübut etdikləri kimi, Azərbaycanın Şirvan mahalındandır. Dahi şair Seyid Əli İmadəddin Nəsiminin həyat və yaradıcılığının gələcəkdəki tədqiqi məhz bu vahid konsepsiya əsasında aparılmalıdır. Şairin irsinin öyrənilməsində məhz bu vahid konsepsiya ölkəmizin nəsimişünasları tərəfindən qəbul edilməlidir ki, bunu dünya şərqşünaslarının diqqətinə çatdırmaq mümkün olsun. Yalnız o zaman şairin azərbaycanlı olmasına şübhə edənlərin mübahisəsi kəsilə bilər”.

 

 

Safurə Quliyeva

AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu, filologiya üzrə fəlsəfə doktoru, dosent

Ədəbiyyat qəzeti.- 2019.- 19 oktyabr. S. 24.