"Katay" kitabından iki şeir

 

Görəsən, vətəndə hansı çiçəyin açan vaxtıdır?

 

Gəmi tacirinə arvadından məktub

 

Uşaq vaxtı, hələ saçım alnımın üstündən kəsilən vaxtlarda

 

Həyət qapısının qabağında oynayardım, çiçək yığardım.

 

Sən bambuk ağacından düzəltdiyin atın üstündə gələrdin,

 

Ətrafımda dolanardın, kal əriklərlə oynayardın.

 

Beləcə yaşayardıq Työ-kan kəndində -

 

Dərdsiz-sərsiz iki balaca uşaq.

 

 

 

On dörd yaşım olanda səninlə evləndim.

 

Amma heç gülmədim, çünki çox utancaq idim.

 

Başımı aşağı saldım.

 

Nə qədər səsləsən də, hay vermədim.

 

 

 

On beş yaşımda kədərlənməyi tərgitdim,

 

Səninlə sevinək istədim,

 

Həmişə, həmişə, həmişə səninlə.

 

Kədərlənməli nə vardı ki?

 

 

 

On altı yaşımda məndən ayrıldın.

 

Ku-to-en çayıyla şərqə üzməyə başladın.

 

Beş aydır uzaqdasan.

 

Bircə kədərlə səslər çıxaran meymunlar qalıb burda.

 

Ayaqlarını sürüdə-sürüdə çıxdın qapıdan.

 

Keçdiyin yerlərdə ot bitib indi, cürbəcür otlar.

 

Dərinə kök salıblar artıq.

 

Payız da tez gəldi bu il, külək əsəndə yarpaqları qoparır,

 

Bağımdakı kəpənəklər hələ avqustdan saralıb.

 

 

 

İncidirlər məni. Yaşlanıram.

 

Yantzı çayıyla gələcəksənsə,

 

Mənə əvvəlcədən xəbər göndər.

 

Çıxıb gələrəm səni qarşılamağa

 

Työ-fu-Saya qədər.

 

 

 

Şu oxatanlarının nəğməsi

 

Buradayıq, ilk ayıdöşəyi köklərini yığırıq,

 

Və deyirik ki: görəsən, haçan qayıdacağıq evimizə?

 

Buradayıq, Qen-inlər düşmənlərimizdir çünki,

 

Monqolların ucbatından rahatlığımız qalmayıb.

 

Yaz ayıdöşəyi köklərini qazıyıb çıxarırıq,

 

Kimsə "qayıdış" desə, kədərlənirik hamımız.

 

Kədərliyik, aclıqdan və istidən əziyyət çəkirik,

 

Tezliklə qayıdacağımıza da ümidimiz yoxdur.

 

Payız ayıdöşəyi köklərini yığırıq,

 

Görəsən, oktyabrda qayıda biləcəyikmi?

 

Borcumuzu yerinə yetirməsək asudə olmarıq,

 

Dərdimiz böyükdür, amma geri çəkilməyəcəyik.

 

Görəsən, vətəndə hansı çiçəyin açan vaxtıdır?

 

Bəs o kimdir arabayla gəlir? Sərkərdəmizdir.

 

Arabaya qoşulan atlar da yorulub. Onun atları da yorulub.

 

Rahatlıq nədir bilmirik. Ayda üç döyüş olur.

 

İlahi, onun atları da yorulub.

 

Zabitlər seçmə atlara minib, əsgərlər yanlarıyca piyada gedir,

 

Onların oxları fil dişindən hazırlanıb.

 

Düşmən cəlddir, ayıq olmalıyıq.

 

Yola düşəndə baharı salamlayırdı söyüd ağacları,

 

Qar yağıb, indi qayıdırıq.

 

Acıq, susuzuq, ağır-ağır gedirik -

 

Dərdimizi kim başa düşər, halımıza kim yanar?

 

Ezra Paund

Tərcümə edəni: Həmid PİRİYEV

Ədəbiyyat qəzeti.- 2019.- 19 oktyabr. S. 29.