Tanınmış
şair, Əməkdar jurnalist Adil Cəmilin 65 illik yubileyi qeyd
edilib
Oktyabrın 17-də Beynəlxalq Mətbuat
Mərkəzində Əməkdar jurnalist, filologiya üzrə
fəlsəfə doktoru, tanınmış şair Adil Cəmilin
65 illik yubileyi qeyd olunub.
Tədbir Azərbaycan Mətbuat
Şurası və "Aşıq Şəmşir" Mədəniyyət
Ocağı İctimai Birliyinin birgə təşkilatçılığı
ilə reallaşıb.
Tədbirdə Mətbuat
Şurasının sədri, Milli Məclisin deputatı Əflatun
Amaşov yubilyarın həyat və
yaradıcılığından söz açıb: “Mənə
elə gəlir ki, Kəlbəcərdə doğulub şair
olmamaq günah olar. Adil Cəmil həm də bir çox filmlərin
tərcüməçisidir”.
Sonra yubilyara Mətbuat
Şurasının diplomu təqdim edilib.
Xalq şairi Sabir Rüstəmxanlı
A.Cəmili 40 ildən çoxdur tanıdığını
bildirib. Qeyd edib ki, onun şeirləri sevgi, təbiətə
bağlılıq, yurd, Vətən sevgisi üzərində
qurulub.
Tədbirdə A.Cəmilin təhsil
aldığı Bakı Dövlət Universitetinin (BDU)
Jurnalistika fakültəsinin müəllimi Nəsir Əhmədli
çıxış edib. O, yubilyarın tələbəlik
illərindən söz açaraq bildirib ki, BDU-da ilk dəfə
müəllim kimi məhz A.Cəmilin də olduğu tələbələrin
kursunda mühazirə oxuyub. N.Əhmədli tələbələrinin
yubiley mərasimlərində iştirak etməyin müəllim
üçün ən böyük xoşbəxtlik
olduğunu vurğulayıb.
Tədbirdə "Aşıq
Şəmşir" Mədəniyyət Ocağı
İctimai Birliyinin sədr müavini Həbib Misirov
çıxışında birliyin sədri Qənbər
Qurbanovun salamlarını çatdırıb. O, yubiley mərasiminin
keçirilməsində təşkilatçılıq etdiyi
üçün Mətbuat Şurasına təşəkkürünü
bildirib. Qeyd edib ki, Adil Cəmil istedadlı şair olmaqla
yanaşı, həm də istedadlı jurnalistdir.
H.Misirov "Aşıq Şəmşir"
Mədəniyyət Ocağı İctimai Birliyinin fəxri
diplomunu Adil Cəmilə təqdim edib və ona bundan
sonrakı fəaliyyətində uğurlar arzulayıb.
Daha sonra "Azərnəşr"in
baş redaktoru, Əməkdar jurnalist Əlövsət
Ağalarov, qocaman şair Ramiz Məmmədov və digərləri
çıxış edərək yubilyarın həyat və
yaradıcılığından söz açıblar.
Tədbirdə yubilyarın qələm
dostları çıxış edərək ona yeni-yeni
yaradıcılıq uğurları arzulayıblar.
Ədəbiyyat
qəzeti.- 2019.- 19 oktyabr. S. 29.