Xalq şairi Məmməd Arazın xatirəsi
anılıb
Bu gün Xalq şairi Məmməd
Arazın doğum günüdür. Bu münasibətlə
şeirsevərlər, şairin qələm yoldaşları,
yaxınları Fəxri xiyabana gələrək görkəmli
şairin məzarını ziyarət edib, qəbri
üstünə tər güllər düzüblər.
Anım mərasimində
çıxış edən tədqiqatçı-şair
Qardaşxan Əzizxanlı Məmməd Araz poeziyasının
bənzərsizliyindən söz açıb. Bildirib ki, Azərbaycanın
taleyinə biganə olmayan hər kəs Məmməd
Arazın poeziyasını öyrənir və sevir, ona istinad
edir. Çünki onun yaradıcılığında ölkəmizin
coğrafi, mənəvi taleyi yaşayır. Son illər Məmməd
Arazın poeziyası gəncləşir və onun oxucu
auditoriyası daha da genişlənir. Onun poeziyası insan
ruhuna sanki qida verir və yeni-yeni üfüqlərə
çatmağa sövq edir. Məmməd Araz
yaradıcılığının baş qəhrəmanı
Azərbaycandır. Onun “Vətən mənə oğul desə”,
“Məndən ötdü, qardaşıma dəydi”, “Mənim
Naxçıvanım”, “Ata ocağı”, “Ana yurdum, hər
daşına üz qoyum” şeirləri vətən mövzusunda
ən yaxşı əsərlər kimi dillər əzbəridir.
Poeziyamızda Azərbaycan mövzusunda çox yazılıb.
Azərbaycana çoxlu şeirlər ithaf olunub. Amma Məmməd
Arazın “Azərbaycan – dünyam mənim” şeirinin bənzəri
yaradılmayıb. Bu şeirin bütün intonasiyası
şair qəlbinin ağrılarından, fəal vətəndaş
narahatlığından keçir. Şeir
yaradıcılığında olduğu kimi, poemaları ilə
də Məmməd Araz təkrarsızdır. Onun “Üç
oğul anası”, “Araz axır”, “Mən də insan oldum”,
“Paslı qılınc”, “Əsgər qəbri”, “Atamın
kitabı” poemaları hər şeydən əvvəl insan mənəviyyatının
mürəkkəbliyi, tarix və müasirlik, milli tale və
tarixi yaddaşın bərpası kimi fundamental məsələlərə
həsr olunub.
Tanınmış şairi Şair
Yusif Həsənbəy Məmməd Arazla görüşlərindən
danışıb, xatirələrini bölüşüb.
Ədibin
yaradıcılığına toxunan yazıçı Seyran
Səxavət bildirib ki, Məmməd Arazın şeirləri
yaşlı təbəqəni cavanlaşdırır, gəncləri
isə müdrik olmağa çağırır.
Çıxışlarda
vurğulanıb ki, dərin məzmunlu, oxunaqlı və milli
mündəricəli şeirlərilə Məmməd Araz vətəndaş
qeyrətli ədəbiyyat nəhəngidir. Bu görkəmli
şair həm də milli azadlıq ideyalı əsərlərilə
istiqlal şairi olaraq əbədi şöhrət qazanıb.
Anım günündə Məmməd
Arazın bir neçə şeir söylənilib və
sözlərinə yazılmış “Qızlar bulağı”
mahnısı ifa olunub.
Ədəbiyyat
qəzeti.- 2019.- 19 oktyabr. S. 31.