Sumqayıt Mərkəzi Kitabxanasında
yazıçı Günel Eyvazlı ilə görüş
keçirilib, mühazirəsi dinlənilib -
Edebiyyatqazeti.az xəbər verir ki,
ötən gün – 16 oktyabr tarixində Səməd Vurğun
adına Sumqayıt Mərkəzi Kitabxanasında
yazıçı Günel Eyvazlı ilə görüş
keçirilib, mühazirəsi dinlənilib, yeni
"İşıq" adlı kitabı oxuculara təqdim
olunub.
Tədbiri giriş sözü ilə
açan Mərkəzi Kitabxananın rəhbəri Yeganə Əhmədova
Günel Eyvazlı ilə görüşə təşrif
buyurmuş tələbə və müəllim kontingentini
salamlayıb, yazıçının ədəbi fəaliyyəti
haqqında geniş məlumat verib: “Çoxunuz Günel
Eyvazlını yazılarından, mətbuatda, televiziyada
çıxışlarından tanıyırsınız. Amma
mən əminəm ki, canlı görüş vasitəsilə
siz ayrı bir Günel Eyvazlı kəşf edəcəksiniz.
Günel xanım Azərbaycan Yazıçılar Birliyinin
üzvüdür, Prezident təqaüdçüsüdür.
Bu yaxınlarda önəmli ədəbiyyat Festivalının
mükafatına layiq görülüb.
Düşündürücü esselər, hekayə və
şeirlər müəllifidir”.
Günel Eyvazlı
görüşün təşkilinə görə Yeganə
xanıma təşəkkür edərək görüşə
təşrif buyurmuş tələbələrə, oxucu və
müəllimlərə təşəkkür
etmiş, saat yarım müddətində elm, ədəbiyyat,
fəlsəfə, din, mifologiya, müasir dünya
tendensiyaları, cəmiyyət mövzuları ətrafında
mühazirə söyləmiş, şeirlərini səsləndirərək
oxucuların, tələbələrin suallarına ətraflı cavab
vermişdir.
Sonda oxucular yazıçıya
görüşdən məmnun qaldıqlarını, söylənilmiş
mühazirə vasitəsilə yeni, əhatəli bilgilər əldə
etdiklərini, hələ nə qədər kitab oxumanın
vacib olduğunu bildiriblər. Dəyərli mütaliə məsləhətləri
verdiyi üçün Günel Eyvazlıya təşəkkür
ediblər.
Ədəbiyyat
qəzeti.- 2019.- 19 oktyabr. S. 31.