Mən əbədi hürriyyətin
parlar-sönər şöləsiyəm...
Rafael Hüseynovun Hüseyn Cavidin "İblis" əsərinin Monteneqro dilində nəşrinin təqdimat mərasimində çıxışı
Hörmətli dostlar, xanımlar və cənablar!
Sizinlə birgə olmaqdan
şərəf duyuram və hamınızı
səmimiyyətlə salamlayıram.
İşığın ən
böyük güclərindən biri də
birləşdirməkdir. Bu gün böyük
söz və böyük şəxsiyyətin
işığı növbəti dəfə qovuşdurur.
Azərbaycan iki hissədən ibarətdir: Şimali
Azərbaycan - 10 milyondan çox insanın
yaşadığı müasir Azərbaycan Respublikası
və 30 milyondan çox insanın ömür
sürdüyü Cənubi Azərbaycan.
Həm Şimali, həm Cənubi
Azərbaycanda Qaradağ deyilən bölgə var.
Hərfən tərcümə olunanda "Qaradağ"
elə "Monteneqro" (Çrna Qora) deməkdir.
Bu gün dahi Azərbaycan mütəfəkkiri, şair
və dramaturq Hüseyn Cavidin sözünün
işığı növbəti dəfə böyük
gücünü nümayiş etdirir, 3 Monteneqronu - 3 Çrna
Qoranı,
3 Qaradağı birləşdirir.
Mən sözümü bu
birləşmənin yaratdığı məmnunluq hissi
ilə başlayıram.
Çıxışımın
ingiliscə mətnini təqdim etmişəm, sinxron olaraq onun
tərcüməsini dinləyə biləcəksiniz. Ona görə də nitqimi bu gözəl
günümüzün və bugünkü birgəliyimizin
xeyirxah səbəbkarı, misilsiz Azərbaycan ədibi
Hüseyn Cavidin ana dilində davam etdirirəm.
Zahirən Hüseyn Cavidlə bizi
ayıran zaman sərhədi çox da böyük deyil. O, XIX
əsrin sonlarında doğulub, XX əsrin birinci
yarısında yaşayıb.
1980-1990-cı illərdə, hətta
bizim yeni əsrin başlanğıcında Cavidi bilavasitə
görmüş, onunla ünsiyyətdə olmuş, ondan
dərs almış insanların bir çoxu hələ
sağ idi və onunla bağlı xatirələrini
bölüşürdülər. Cavidi bizə
əyani şəkildə göstərən kinoxronika da
yadigar qalıb. Həmin xatirələrin
körpüsü Cavidi bizə müasirimiz qədər
yaxın edir. Lakin əsərlərini oxuduqca Cavid
bizə həm də çox köhnə bir klassik,
yüzillər öncə yaşamış qədim filosof
kimi görünür. Heç səbəbsiz
deyil ki, onu dünya ədəbiyyatının ən
məşhur simaları ilə müqayisə etmiş,
Azərbaycanın və Şərqin Şekspiri
adlandırmışlar. Bunun səbəbi Cavidin
poeziyasındakı dərinlik, müdriklik,
fəlsəfədir.
Cavid bilgin müəllimləri
olmuş, mükəmməl təhsil görmüş bir
ziyalı idi. Yeniyetməlik illərində
doğulub yaşadığı, ilk təhsilini
aldığı Naxçıvandan İrana səfər
etmişdi. Orada həm fars dilini və
Şərq ədəbiyyatını öyrənmiş,
həm də həyat təcrübələri
qazanmışdı.
Sonra 1905-ci ildə Türkiyəyə səfər
etmiş, 5 il İstanbul Universitetinin
Ədəbiyyat fakültəsində ali təhsil
almış, Rza Tofiq, Tofiq Fikrət kimi yol, məktəb
yaradan görkəmli filosof və ədiblərdən dərs
almışdı. Vətəni
Azərbaycanın Sovet İttifaqının tərkibinə
daxil olduğu, deməli, dəmir pərdə arxasında
yaşadığı zamanlarda xarici ölkələrə
çıxış imkanları çox məhdud idi. Lakin Hüseyn Cavidin bəxti gətirmişdi. Cavid o qədər böyük ədəbi nüfuz sahibi
idi ki, onu 1926-cı ildə hökumətin qərarı
ilə gözlərini müalicə etdirmək
üçün uzun müddətə Almaniyaya ezam da
etmişdilər. Çox
həmvətənləri üçün qapalı qalan
Avropanı və Avropa həyatını yaxından
görüb müşahidə etmək ona nəsib olmuşdu. Beləliklə,
aldığı dərin biliklər, geniş mütaliəsi
və içərisindən keçdiyi coğrafiya Hüseyn
Cavidi varlığında həm Şərqi, həm Qərbi
birləşdirən düşüncə sahibinə
çevirmişdi, ona bir çox həqiqətlərə üstdən,
panoramda, geniş miqyasda baxmaq imkanı
yaratmışdı.
Ona görə də ədəbi
yolunun lap başlanğıcından onun bəhs etdiyi
mövzular və mətləblər milli
çərçivədən kənara çıxaraq
ümumbəşəri əhəmiyyət
daşıyırdı.
Onun zəngin palitrası olan
əsərlərinin mövzuları, süjetləri və
qəhrəmanları yalnız Azərbaycandan deyil, Qafqazdan,
Yaxın və Orta Şərqdən, Asiya və Avropadan
gəlirdi.
Onun qəhrəmanları yalnız
həmvətəni, soydaşı olan Azərbaycan
türkləri deyil, bütövlükdə insan idi, onun daxili
azadlığının tərənnümü idi.
Cavid 1882-ci ildə doğulmuşdu
və Birinci Dünya müharibəsi dövründə o,
artıq Azərbaycanın tanınmış yeni nəsil
ədəbi simaları arasında üstün yer tuturdu. Dünyanın həyatında baş verən bunca
təlatümlü hadisə, təbii ki, onun da
düşüncəsindən və
yaradıcılığından keçməyə
bilməzdi. Hətta daha artıq! Müharibə,
onun dəhşətləri şairin
dünyagörüşündə də ciddi
dəyişikliklər yaratdı. Çalxantılı
dövr, tarixi gedişat ədəbi yolunun əvvəlində
daha çox lirik-fəlsəfi mövzulara müraciət
edən cavan şairi istər-istəməz həyat, insan,
dünya, vaxtın sürətini və məzmununu
dəyişən hadisələr barədə
düşünməyə və yazmağa yönəltdi.
Cavidin 38 yaşı olanda
vətəni Azərbaycan müstəqilliyini itirdi. Sovet rejimi Şərqdə ilk respublika qurmuş
Azərbaycanı da ələ keçirdi. Cavid
xalqının və yurdunun taleyindəki bu acıları da
bilavasitə taleyi ilə yaşadı, nəticə
etibarilə özü də həmin rejimin və siyasətin
qurbanlarından birinə çevrildi.
Cavid məşhur şeirlərindən birində belə
yazırdı:
Mən əbədi hürriyyətin
Parlar-sönər
şöləsiyəm.
Bu, sadəcə gözəl bir
şair sözü deyildi. Cavidin
şəxsiyyəti və yaradıcılığının
mahiyyətini ifadə edən həqiqət idi. Qəliblərə, çərçivələrə
sığmamaq, insanı sıxan, buxovlayan mühitin
məhdudiyyətlərini ifşa etmək, cəmiyyətin
və insanın naqisliklərini açıb
göstərmək, insanı layiq olduğu rahatlıqlar,
səadətlər içərisində görmək arzusu
Cavid poeziyasının əsasını təşkil edirdi. Lakin bütün bunları qəddar sovet senzurasının
mövcud olduğu, çap olunan, dərc edilən hər
sözün yüz cür şübhəcil
nəzarətdən keçirildiyi dövrdə necə
yazaydın, insanlara necə çatdıraydın?
Ona görə də Cavid
deyilməsinə icazə verilməyənləri
söyləmək üçün icazə verilən
üsullardan yararlanmaq fəndinə əl atdı. O,
dolayısı ilə müasir həqiqətləri
çatdırmaq üçün tarixə
sığınmağı qət etdi, ezop dilindən
yararlandı. 1000 il əvvəlin olmuşlarından bəhs
edən "Səyavuş", 8 əsr əvvəlin
həqiqətlərini çatdıran "Xəyyam", 6
əsr qabağın qarşıdurmaları və insan
münasibətlərini əks etdirən "Topal Teymur"
dramlarını yazdı. İnsanlar bu
əsərləri oxuyurdular, onlara teatr
səhnələrində tamaşa edirdilər və uzaq
zamanlarda baş verənləri deyil, özlərini,
axarında yaşadıqları həyatı, müasiri olduqları
gerçəkləri görürdülər.
Təsadüfi deyil ki, həmin "Topal Teymur"
əsəri ilk dəfə 1926-cı ildə
səhnədə nümayiş etdiriləndən sonra o
çağlar sovet Azərbaycanına rəhbərlik edən
iki çox yüksək vəzifəli sovet məmuru
əsərdə özlərini görmüş, dərhal
pyesi qadağan etmişdilər və həmin dram
səhnəyə bir də yalnız 60 ilə yaxın bir
müddət ötəndən sonra qayıtdı.
Elə məhz azadfikirliliyinə,
hamı deyəni demədiyinə,
etirazçılığına, başqa cür
düşünənlərdən olduğuna görə rejim
onu 1937-ci ildə həbs etdi, qanlı sovet repressiyalarının
yüz minlərlə qurbanlarından biri kimi Sibirə
göndərdi və o buzlaqlar diyarında da dahi şairin
həyatı bitdi.
Amma həmin ölüm
düşərgələrindən də insanlara Cavidin ən
son əsərinin parçaları gəlib çatdı. Və faciələr müəllifi olmuş, öz
həyatı da faciələr silsiləsindən ibarət
Cavidin son dramının adı "Allah" idi. Bu əsəri ilə o,
yaradıcılığının zirvəsi hesab edilə
biləcək triadanı tamamlamaq istəyirdi. Birinci Dünya müharibəsi səbəb olmuşdu ki, o,
1918-ci ildə "İblis" əsərini yazsın. Sonrakı illərin müşahidələri ona
"Peyğəmbər" pyesini yazdırtmışdı. Artıq sovet həbsxanasında
qarşıladığı İkinci Dünya
müharibəsi isə onda "Allah" dramını yazmaq
ilhamını oyatdı.
Beləliklə,
"İblis"-"Peyğəmbər"-"Allah" -
insanın bütün varlığı və ruhu ilə
ömrü boyu cazibəsində, təsirində olduğu
üçbucaq haqqında fəlsəfi-poetik epopeya
yarandı.
Cavidin bütün
yaradıcılığı xeyirlə şərin,
işıqla zülmətin, istiqlalla istibdadın
mübarizəsinin ifadəsidir.
Bu əbədi qarşıdurma isə
ən bariz şəkildə məhz onun bu 3
əsərində əks olunub.
Əslində, Cavidin bütün
yaradıcılığı bir bütövdür, bir-birini
izləyən, davam etdirən, tamamlayan hissələrdir.
Hüseyn Cavidin qızı Turan
xanım dəyərli bir mədəniyyət xadimi,
teatrşünas idi və 2004-cü ildə 80 yaşında vəfat
etdi. Atası həbs olunanda onun 14
yaşı varmış. Söyləyirdi ki,
evimizdə atamın 1927-ci ildə nəşr edilmiş
"İblis" əsərinin xeyli nüsxəsi vardı. Atamın
əleyhinə mətbuatda ardıcıl hücumların
başlandığı, sıxıntılarımızın
artdığı günlərdən birində həmin kitab
bağlamalarına işarə edərək yarızarafat dedim
ki, bir evdə ki, bu qədər "İblis" ola, orada, əlbəttə, dərd-sər çox olar. Atam
dərhal kitab rəfindəki 1923-cü ildə nəşr
edilmiş digər kitabını göstərərək
"Axı burada "Peyğəmbər" də var"
dedi.
Cavid həmişə bu nizamın
varlığına inanıb və ona görə də
heç vaxt ruhdan düşməyib. Ən
çətin vaxtlarda da gələcəyə inanıb,
hər şeyin yaxşı qurtaracağına ümid
bəsləyib.
Çünki dünyada və insanda
iblislik daim mövcudsa da, ona qarşı duran bir
peyğəmbərlik nuru da həmişə var.
Məhz şərin
qarşısında xeyirin həmişə var olması imkan
vermir ki, dünyanın tərəzisi əyilsin,
tənasüb pozulsun.
Bəzən "İblis"i Cavidin
"şah əsər"i adlandırırlar.
Mənim bəxtimə Cavidin gənc
çağdaşları olmuş qocaman
müasirlərimlə şair haqqında, onun
özünün də seyr etdiyi tamaşalar, həmin
dövrün teatral auditoriyasının
təəssüratları barədə
dönə-dönə söhbət etmək xoşbəxtliyi
düşüb.
Onlar danışırdılar ki,
1920-ci illərdə Azərbaycanda, Bakıda Cavidin
əsərlərinin teatrda göstərildiyi günlər bir
bayrama çevrilərmiş. Ədəbiyyat,
sənət aşiqləri tamaşalardan sonra həmin
əsərlərdən, o cümlədən
"İblis"dən parçaları əzbər
söyləyə-söyləyə
küçələrdən keçərmişlər.
Bu əsərlərdəki
hikmətlər nəsil-nəsil insanları tərbiyə edib
və həmin xeyirxah missiyasını bu gün də davam
etdirməkdədir.
Caviddən daha əvvəl də
dünya ədəbiyyatında İblis mövzusuna
müraciət edənlər olub.
Hötenin "Faust"undakı Mefistofel, ya Bayronun
Lütsiferi, yaxud Lermontovun Demonu "İblis
nədir" sualına cavab tapmaq ehtiyacından doğmuş
əsərlərdir.
Cavid də bu suala cavab arayıb və
zənnimcə, məhz onun pyesi dünya ədəbiyyatı
və fəlsəfəsində iblisliyin mahiyyətini
açan, bu mərəzin bütün çalarlarını
aşkar edən, elə iblisdən xilas olmağın da
yollarını göstərən ən güclü
əsərlərdəndir.
Bir neçə il öncə
Bakıda "Cavid aforizmləri" adlı kitab
buraxılıb. Ola bilsin,
gələcəkdə də kimsə oxşar toplular
tərtib etmək təşəbbüsündə bulunsun. Amma uzun illər boyu bu qüdrətli söz və zəka
sahibinin əsərlərini oxuduqca, araşdırdıqca
gəldiyim qənaətlərdən biri də budur ki, onun
yaradıcılığında seçmə aforizmlər
axtarmaq cəhdi əbəsdir. Çünki
onun bütün irsi başdan-sonadək elə hikmətli
fikirlərdən, aforizm kimi qiymətləndirilə
biləcək deyimlərdən ibarətdir.
"İblis" dramındakı
həmin aforizmlərdən olan və dünyanın ən
qəliz suallarından birinə verilən ən sərrast
cavablardan sayılası Cavid misralarını yada salmazdan
əvvəl şairin yaradıcılıq mətbəxi
ilə əlaqədar əksəriyyətə bəlli olmayan
maraqlı təfərrüatı xəbər verim.
Hər ədibin özünə xas olan bir iş üslubu,
yazı tərzi var. Cavidin cib dəftərlərini,
əlyazmalarını, çap olunaraq
hamınınkılaşmış əsərlərinin
bəzilərinin qaralamalarını araşdıranda
qəribə halla qarşılaşdım. O, şeirinin
hər misrasını əvvəlcə sətir-sətir
nəsr kimi yazırmış. Yəni
öncə fikri, ideyanı tapırmış. Həmin fikri nəsrlə yazaraq cilalayırmış, daha
sonra başlayırmış bunları şeirə
döndərməyə. Başqa sözlə,
Cavid üçün şeirdə sözün ifadə
mütənasibliyindən, deyiliş
ahəngdarlığından daha əvvəldə duran
fikirdir. Lakin həmin fikirləri də Cavid
Azərbaycan türkcəsində müstəsna bir
gözəllikdə ifadə etməyi bacarmışdır. Mən təəssüf edirəm ki, dünyanın
heç bir, hətta ən mahir, ən istedadlı
tərcüməçisi belə, heç vaxt həmin
bənzərsiz gözəlliyi sona qədər, bütün
şirəsi, şirinliyi, əlvan çalarları ilə
ifadə edə bilməz. Ancaq həmin misraların
düşüncə yükü çox ağır
olduğundan, hətta tərcümədə belə, Cavidin
əzəməti hər an duyulur.
Cavid "İblis"də sual verir. Daha doğrusu, bu sualı əsərin
içərisində elə İblis özü verir və
cavabını da çox gözlətmir. Anladır ki,
İblisi siz nəsə qeyri-adi bir məxluq, cin-şeytan
qəbilindən olan əcaib qüvvə kimi kənarda
aramayın. Bütün nəcibliklər,
xeyirxahlıqlar, sevgilər kimi, o da sizin hər birinizin öz
daxilinizdədir. Yaxşı və dürüst o adamdır,
güclü və saf o insandır ki, içərisindəki
İblisi susdura, öldürə, söndürə bilir,
qəlbində və düşüncəsindəki
peyğəmbər işığını
dirçəltməyi bacarır:
İblis nədir? Cümlə
xəyanətlərə bais!
Ya hər kəsə xain olan insan
nədir? - İblis!
Bu gün bizi bir daha qovuşduran,
yaratdığı söz ocağının ətrafına
toplayan böyük Azərbaycan şairinin adı Hüseyn,
soyadı Rasizadə idi. Lakin o, tarixdə və yaddaşlarda
soyadından, adından daha əvvəl ədəbi
təxəllüsü ilə tanınır: Cavid!
"Cavid" sözünün
mənası isə əbədi deməkdir.
Cavid əbədi olan duyğu və
düşüncələrdən əbədi yaşamaq
haqqı olan solmaz incilər yaradıb.
Bu incilərin ən parlaqlarından
biri "İblis"dir.
Bu gün Cavidin görmədiyi Monteneqroya gələn,
Cavidin bilmədiyi Monteneqro dilində danışmağa
başlayan, sabah daha başqa
ölkələrə ayaq açacaq, daha başqa
dillərdə danışacaq əbədi bir əsər.
Bu bitməyən yolçuluğun
və hər yerdə doğma qarşılanmağın
sadə bir səbəbi var.
Cavid nə yazıbsa, nə
sənət mirası qoyubsa, onların hamısı
insanlığa üz tutub.
Sərhəd tanımayan bu şedevrlər yalnız Cavidin
öz yurddaşları üçün deyil, böyük
dünyanın bəzəyi və Pərvərdigarın
ən ali əsəri olan insan
üçündür!
Ona görə də həmin əsərlər hansı
dildə səslənsə, hansı qapını açsa,
həmişə köhnə tanış, gəlişi
çoxdan gözlənilən doğma kimi qarşılanacaq.
Elə bu gün Monteneqroda olan sayaq!
Və bugünkü günün bir
başqa, son dərəcə riqqət oyadan, ibrətli
mənası da var.
Cavidin oğlu Ərtoğrol,
müasirlərinin təsdiqinə görə, istedadda
atasından geri qalmayan bir yaradıcı idi.
Bunu mənə konservatoriyada onunla
birgə təhsil almış, sonralar Azərbaycanın və
dünyanın şöhrətli bəstəkarlarından
birinə çevrilmiş Fikrət Əmirov söyləmişdi
ki, Ərtoğrol Cavid bizim hamımızdan istedadlı idi.
Ərtoğrol rəssam, şair,
dramaturq, ədəbiyyatşünas, bəstəkar, folklorşünas,
tərcüməçi olub.
Özündən sonra 10-dan artıq iri cildə
sığan irs qalıb.
Lakin nə acı ki, bunca çoxcəhətli və parlaq
istedad sahibi vur-tut 24 il ömür
sürüb.
Sovet rejiminin "xalq
düşməni" damğası vurduğu, həbs və
məhv etdiyi Cavidin ailəsi də təqib olundu,
Ərtoğrol konservatoriya tələbəsi olmasına
baxmayaraq, əsgər aparıldı. Lakin siyasi
cəhətdən etibarsız hesab edilən ailədən
olduğundan onu cəbhəyə göndərmədilər,
yer altında işləmək üçün ağır
tunel tikintisinə cəlb etdilər. Burada
nicatsız vərəm xəstəliyinə tutulan
Ərtoğrol sənətdə, ədəbiyyatda deyə
biləcəyi böyük sözlərini deməyə macal
tapmadan gözlərini əbədilik yumdu.
Ondan qalan romanslar, simfonik parçalar,
şeirlər, araşdırmalar, rəsm əsərləri bu
gün də heyranlıq doğurur, Ərtoğrolun necə
nadir istedad olduğunu göstərir və ürək
göynədir ki, gör talelər sındıran məkrli
siyasətlərin zərbə dalğası ilə biz nə
qədər qiymətli insanları itirmişik.
Oktyabr ayı Cavidlər ailəsi
üçün çox əziz idi.
Hüseyn Cavid oktyabrın 24-də
doğulmuşdu.
Onun qızı Turan oktyabrın
2-də dünyaya gəlmişdi.
Ərtoğrolsa oktyabrda həm anadan
olmuş, həm də həyatdan getmişdi.
Bu gün oktyabrın 22-sidir və dahi
Azərbaycan şairi və dramaturqu Hüseyn Cavidin ən
gözəl əsərinin, oğlu Ərtoğrol Cavidin
doğum günüdür.
Həm də sıradan olan bir
doğum günü deyil. Bu gün onun 100 yaşı tamam olur!
Mən bilmirəm Cavidin ilk
dəfə Monteneqro dilində danışacaq kitabının
təqdimat mərasimi üçün məhz bu günün,
oktyabrın 22-sinin seçilməsi bir təsadüfdür,
yaxud bu, izahı mümkünsüz olan bir tale cazibəsidir.
Ərtoğrol Cavidin - ömür
və yaradıcılıq yolu insafsızca erkən
qırılmış o istedadlı insanın bayramı bu
gün sevimli atasının dünyaya təzə gələn
kitabının bayramı ilə qovuşur.
Demək, bu gün iblislik bir daha
məğlub olur, demək, bu gün xeyir bir daha zəfər
çalır.
Ərtoğrol Cavidin bu gün 100
yaşı tamam olur.
Ona bu bir əsrlik bitməz
həyatının vur-tut 24 ilini yaşamağa imkan
verdilər. Və mən istəyirəm ki, o
istedadlı insan bu gün bura canlı olaraq qayıtsın.
Solmaz bir əsəri ilə
qayıtsın.
İkinci Dünya müharibəsinin
başlanğıcında, 21 yaşında ikən
bəstələdiyi bu əsəri Ərtoğrol Cavid öz
müəllimi - dahi Azərbaycan bəstəkarı Üzeyir
Hacıbəyliyə həsr etmişdi.
Bu əsər 77 il əvvəl yaransa
da, bu gün də təzədir, ruhoxşayandır.
İnsanlar yaratdıqları ilə diridir!
Siz bu gün xeyirin, işığın, istedadın təntənəsindən deyən bir bayramın içərisindəsiniz.
Arzu edirəm ki, həmişə də işıq sizinlə olsun!
Dünyadakı ən əbədi bayram kitabın bayramıdır və biz bu gün yeni, dəyərli bir kitabın doğuluşunu bayram edirik.
Son olaraq, mən bu bayramı bizə bağışlayanlara təşəkkür etmək istəyirəm.
Azərbaycanın böyük bir alimi, mədəniyyət araşdırıcısı vardı - Qulam Məmmədli. O, demək olar ki, XX əsri
başdan-sonadək yaşadı. 1897-ci ildə
anadan oldu, 1994-cü ildə vəfat etdi. Vaxtilə mənim
Hüseyn Cavid və onun nəslinin taleyindən bəhs
edən, bir çox həqiqətləri cəmiyyətə
ilk dəfə çatdıran "Vaxtdan uca" adlı kitabım
nəşr ediləndə Qulam Məmmədli televiziya
çıxışında çox təsirli sözlər
dedi. Söylədi ki, Hüseyn Cavidin
ailəsində 4 Cavid olub. Şair özü,
oğlu Ərtoğrol Cavid, həyat yoldaşı Mişkinaz
Cavid, qızı Turan Cavid. İndi isə
bu kitabı oxuyandan sonra deyə bilərik ki, müəllif elə
Cavid ailəsinin beşinci üzvüdür.
Yəni mən bu gün
təşəkkürlərimi yalnız öz adımdan deyil,
həm də Cavid ailəsi adından ifadə edirəm.
"İblis"i ilk dəfə
Monteneqro dilində səsləndirmiş
tərcüməçi xanım Draqana Pantoviç və
kitabın redaktoru, akademik Zundiya Hociçə ən dərin
minnətdarlığımı bildirirəm.
Bu layihənin ideya müəllifi və himayədarı, Azərbaycan Respublikasının Serbiya Respublikasında, Monteneqroda, Bosniya və Hersoqovinadakı fövqəladə və səlahiyyətli səfiri, təşəbbüskar və fəal insan, Azərbaycan ədəbiyyatı və mədəniyyətinin təbliğində dəyərli xidmətləri olan, ölkələrimiz arasındakı əlaqələrin inkişafına ardıcıl olaraq töhfələr verən cənab Eldar Həsənova səmimi qəlbdən təşəkkür edirəm.
Lakin nəzərə alsaq ki, mən həm də Azərbaycan Parlamentinin üzvüyəm, mədəniyyət komitəsinə rəhbərlik edirəm, ona görə də sizə ən dərin razılıq duyğularımı və təşəkkürlərimi həm də xalqım, ölkəm adından çatdırıram.
Kitabın ömrü insan ömründən uzundur.
Və bu kitabı Monteneqroya və Azərbaycana hədiyyə edənlərə təşəkkürlər bu kitabın ömrü qədər davam edəcək.
Vita brevis, art lonqa!
Sənət bitməz, ömür qısa!
22 oktyabr 2019. Podqoritsa
Ədəbiyyat qəzeti.- 2019.- 26 oktyabr. S. 4-5.