“Müharibəsiz bir günü olmayan dünyamız yenə də qlobal savaşın astanasında dayanıb”
Səlim Babullaoğlunun
Hüseyn Cavidin Monteneqro dilində dərc edilmiş "İblis" əsərinin
təqdimat mərasimindəki
çıxışı
Hörmətli xanımlar və
cənablar!
Hörmətli cənab səfir,
diplomatik korpusun hörmətli nümayəndələri!
Əziz dostlar!
Görkəmli fransız
sənətşünası Jorj Polti (Georges Polti) özünün
məşhur "36 dramatik
situasiya" əsərində
dünyada və ədəbiyyatda başlıca
mövzuların sayca
36 olduğunu iddia edirdi. Böyük Argentina yazıçısı
Xorxe Luis Borxes (Jorge Luis Borges) bu sayı minimuma
endirmişdi, 4 mövzu
olduğunu yazırdı.
İndi, bu gün, böyük Azərbaycan şairi və dramaturqu Hüseyn Cavidin "İblis" əsərinin
Monteneqro dilində tərcümə və nəşrini təqdim etdiyimiz bir vaxtda (yeri gəlmişkən, mən
tərcüməçini bu
böyük işin altına girdiyinə və onu bitirdiyinə görə ürəkdən
təbrik edirəm) cəsarət edib, bir az
da irəli gedərək qeyd etmək istəyirəm ki, ədəbiyyatda və bu dünyada bir əsas və bir törəmə mövzu var. Xeyir və Şər. Allah və iblis. Xilas və məhv. Belə olmasaydı Antik yunan və Roma mif və rəvayətlərindən,
qədim Şərq nağıllarından, nəhayət,
Hötedən (Johann Wolfgang von Goethe) sonra azərbaycanlı şair-dramaturq Cavid bu mövzuya müraciət etməzdi.
Yeri gəlmişkən,
elə ondan sonra da eyni
mövzu dünyanın
ciddi nəsr və poeziya ustalarının başlıca
mövzusu oldu. Tutalım Tomas Mannın (Thomas Mann) "Doktor
Faustus" ("Alman bəstəkarı
Adrian Leverkünün həyatı")
əsərini, yaxud Bulqakovun "Ustad və Marqarita"sını
xatırlayaq.
Mən ilk əvvəl
Hötenin adını
boşuna xatırlamadım. Çünki zamanında, yəni Cavidin "İblis" əsəri tamaşaya qoyulanda, nəşr ediləndə ən çox paralel aparılan əsər
"Faust" idi. Bu iki əsərin bir xeyli eyniyyəti olsa da, bir
başlıca fərqi
var. Hamınız yaxşı
bilirsiniz ki, "Faust"da, II hissədə,
mələklər Faustun
qəlbini Mefistofelin əlindən alıb onu cənnətə aparırlar, yəni Allah Faustu bağışlayır.
Cavidin əsərində isə hadisələrin inkişafı
bu tərəflə, maddi dünyadakı xronologiya ilə yekunlaşır. Yəni biz nə
olacağını sonra
biləcəyik, hər
kəs öz təcrübəsində.
Cavid
əsəri ötən əsrin 18-ci ilində yazmışdı. Düz
100 il bundan əvvəl, II Cahan Savaşının son aylarında və günlərində. O illər
Azərbaycan tarixi üçün də həm faciəli, eyni zamanda qürurverici
günlər idi. Çünki bir tərəfdən, Bakıda
və Azərbaycanın
rayonlarında Azərbaycan-türk əhalisinə qarşı ermənilər,
daşnaklar tərəfindən
qətliamlar, kütləvi
amansız qırğınlar
törədilirdi. Başqa
tərəfdən, bütün
bu qanlı hadisələrin fonunda Rus Çar İmperiyası
çökəndən sonra Şərqin
ilk demokratik respublikası
olan Azərbaycan Xalq Cümhuriyyəti qurulurdu. Yəni baş verənlərin
fonunda Cavidin mövzuya müraciəti təbii idi. Hərçənd son yüz ildə sonradan da çoxlu hadisələr olub. O cümlədən II Cahan savaşı.Yaxud son otuz ildə bizim dünyamızda baş verənləri xatırlayın.
Elə bu torpaqlarda, Balkanlardakı hadisələri də həmçinin.
Nə qədər qanlar tökülüb. Nə qədər
hadisələr baş
verib. Mən bu hadisələri hər hansı bucaq altıında qiymətləndiməkdən uzağam
və siyasi hadisələrin üzərində
çox qalmaq istəmirəm,
amma Cavidin "İblis" əsərini
yazdığı dövrə,
I Cahan savaşına
aid tez-tez xatırladığım bir
səhnə, xronika
var. Savaş öncəsi
Kayzer də, rus Çarı da, fransızlar da, ingilislər də, Osmanlı Sultanı da öz əsgərlərini
müharibəyə yola
salır, onları Allahın adı ilə uğurlayır. Qəribə
olsa da hamı
Allahın adından edir bunu. Və hamı bir-birinə qarşı vuruşur.
Qəribədir ki, bu gün
də oxşar hadisələr baş verir. Müharibəsiz bir günü
olmayan dünyamız yenə də qlobal savaşın astanasında dayanıb.
Bəlkə ona görədir ki, "İblis" əsəri məhz bu sətirlərlə
bitir:
"İblis nədir? Cümlə
xəyanətlərə bais...
Ya hər kəsə xain olan insan nədir? İblis!.."
Bu isə, öz növbəsində, mövzunun
açıq və daim aktual qalması
deməkdir.
Hərçənd Şərə
münasibətdə "aktual" sözü bir qədər yerinə düşməyə
və zəif görünə bilər.
Hər necəsə girişdə xatırlatdığım
kimi, mövzular çox azdır:
36-dır, 4-dür və hətta
1-dir.
Yəqin,
məlumatınız var
və kitaba
da giriş məqaləsində yazılıb
ki, Hüseyn Cavid Stalin sovet repressiyaları dövründə
Sibirə sürgün
edilmiş və orda da vəfat
etmişdi. Üzərindən
41 il keçəndən
sonra Azərbaycanın
ümummilli lideri, o vaxt isə Azərbaycanın
Sovet Sosialist Respublikasının I katibi Heydər Əliyevin səyləri ilə çətinliklə
də olsa böyük şairin nəşi Sibirdən gətirilib anadan olduğu doğma torpağa, Azərbaycanın
bir hissəsi olan Naxçıvan torpağına tapşırılmışdı.
Yadımdadır ki, böyük
şairin qızı ilə bərabər keçirilən tədbirlərdə, müstəqillik
illərində, Heydər
Əliyev şairin ev-muzeyində sərgilənən
fotolardan birinə baxıb belə bir ifadə işlətmişdi:
"Hər dövrün
öz İblisi var". Doğrusu, mən bilmirəm,
Heydər Əliyev bu fikri İblis
rolunu müxtəlif dövrlərdə oynayan aktyorları nəzərdə
tutaraqmı demişdibu
sözü, yaxud Şər mövzususun daim "aktuallağını"
nəzərə alaraqmı?!
Məncə, burda hər
iki hal üçün
doğru idi o replika. Və çox qəridədir ki, mövzunun yuxarıda söylədiyim
aktuallığı müxtəlif
səviyyələrdə - ən ali
ədəbi səviyyədə
də, ən yuxarı siyasi səviyyədə də qəbul edilir, müzakirə edilir, dartışılır. Amma savaşlar
bitmir. Xeyir və Şər
savaşı.
Amma mən indi böyük Azərbaycan şairi Cavidin başqa şeiri və başqa bir məsələ barədə
danışmaq və çıxışımı yekunlaşdırmaq istəyirəm.
Təsəvvür edin ki, sizin 100 il yaşamaq
və doğulduğunuz
ilk gündən hər
gün 150 səhifəlik
olmaqla, gündə bir kitab oxumaq
imkanınız var. Bu, yüz
il ərzində
36.500, ya 36.600 kitab edərdi. Amma dünyadakı kitabların
sayı milyarddan çoxdur. Allahın peyğəmbərlərinə
və bütün insanlara Sözünün
1 kitaba sığdığı
bu dünyada, demək, hər şeyi nə oxuya bilərik, nə də oxumalıyıq.
Əgər elədirsə, biz hansı
kitabları oxumalıyıq
ki, o bizə kömək etsin, savaşlardan qorusun, savaşlara aparıb çıxarmasın?! Nə müharibə
meydanındakı savaşlara,
nə ədəbi-elmi
tənqidi savaşlara,
nə də üslubi savaşlara.
Cavidin bir kiçik əsərini "Qız məktəbində" şeirini
oxumaq istəyirəm:
- Quzum, yavrum! Adın nədir?
- Gülbahar.
- Pəki, sənin anan, baban varmı?
- Var.
- Nasıl, zənginmidir baban?
- Əvət, zəngin, bəyzadə...
- Öylə isə, geydiyin geyim neçin böylə sadə?
Yoxmu sənin
incilərin, altun bilərziklərin?
Söylə, yavrum! Heç
sıxılma...
- Var, əfəndim, var... lakin
Müəlliməm hər gün söylər,
onların yox
qiyməti,
Bir qızın
ancaq bilgidir, təmizlikdir ziynəti.
- Çox doğru söz...
Bu dünyada
sənin ən çox sevdiyin
Kimdir, quzum, söylərmisən?
- Ən çox sevdiyim ilkin
O Allah ki, yeri-göyü,
insanları xəlq eylər.
- Sonra kimlər?
- Sonra onun göndərdiyi
elçilər.
- Başqa sevdiklərin nasıl, yoxmu?
- Var...
- Kimdir onlar?
- Anam, babam, müəlliməm,
bir də bütün insanlar...
Sətri tərcümədən anladığınız
bu şeirin gözəl musiqisini də ümid edirəm diqqətinizə
çatdıra bildim. Mənə hərdən
elə gəlir ki, bizim dünyamıza
Cavidin yazdığı
kimi belə əsərlər, ilk baxışda
kiçik görünən,
adi həqiqətlər
və sevgilər aşılayan mətnlər
daha çox lazımdır.
Sözümün sonunda mən Azərbaycan Respublikasının
Serbiya Respublikasında,
Monteneqroda və Bosniya və Herseqovinada fövqəladə
və səlahiyyətli
səfiri, hörmətli
cənab Eldar Həsənova və onun rəhbərliyi altında çalışan
komandaya, Azərbaycan Respublikasının Monteneqrodakı
Diplomatik Nümayəndəliyinə
və Azərbaycan-Monteneqro
mədəni-iqtisadi mərkəzinə
dərin təşəkkür
edirəm.
Diqqətiniz üçün
sağ olun.
Ədəbiyyat qəzeti.-
2019.- 26 oktyabr. S. 6.