Hüseyn Cavid irsinin təbliği
Fərid Hüseynin Hüseyn
Cavidin Monteneqro dilində dərc edilmiş "İblis"
əsərinin təqdimat
mərasimindəki çıxışı
Hörmətli xanımlar və
cənablar, dəyərli
tədbir iştirakçıları,
hər birinizi yüksək səmimiyyətlə
salamlayıram. Bildiyiniz
kimi, bugünkü oxucu auditoriyası XVIII əsrdən tam şəkildə
formalaşmışdır. O vaxta qədər
isə dünyada daha çox ixtisaslaşmış oxucular
var idi. Bəzi tədqiqatlara
görə, Vilyam Şekspir
dövründə ən çox kitab oxuyan insan
2000-dən çox kitab
mütaliə edə bilməzdi, çünki
o çağın insanının qeyd etdiyimiz rəqəmdən
daha çox kitab əldə etməsi çətin məsələ
idi. Amma
günümüzdə reallıq dəyişib, artıq şəxsi
kitabxanalardakı nüsxələrin sayı keçmişin
ümumi kitabxanalarındakı rəqəmlərə
bərabərdir. Bu qədər nəşr,
seçim, bunca imkan oxucular üçün həm də müəyyən
çətinliklər yaradır, çünki
bəzən həmin çoxluğun
içərisində həqiqi dəyərə sahib əsərlər itib-batır. Ona görə də əksər xalqların
öhdəsinə öz mədəniyyətinə
və ədəbiyyatına aid dünyəvi
əsərləri təbliğ etmək kimi
çətin bir missiya
düşür. Azərbaycan dövləti,
ziyalıları bu istiqamətdə
çoxsaylı işlər görürlər, - dəyərli
əsərləri, mədəniyyət nümunələrini dünyada ciddi auditoriyalara çatdırırlar. Hüseyn Cavidin irsi də bu gün dünyada layiqincə
təbliğ olunur. Onu da qeyd edim ki,
Heydər Əliyev tərəfindən Hüseyn
Cavid şəxsiyyətinə, irsinə daim diqqət göstərilib. Ədibin ev-muzeyinin yaradılması,
külliyyatının nəşri, 1982-ci ildə cənazəsinin
qalıqlarının Sibirdən vətənə
qaytarılması və qəbri üzərində məqbərənin
ucaldılması onun adı ilə
bağlıdır. Azərbaycan Prezidenti cənab
İlham Əliyev Hüseyn
Cavidin 125, 130, 135 illik
yubileylərinin keçirilməsi haqqında sərəncamlar
imzalamışdır. Bu gün
ədibin irsi dünyanın bir çox ölkəsində
səhnəyə qoyulur, əsərləri
ardıcıl olaraq tərcümə və
nəşr edilir. Bu
istiqamətdə görülən işləri sadalayarkən
"Kaspi" qəzeti və "Kaspi" Təhsil Mərkəzinin, eləcə
də Hüseyn Cavid irsinin tədqiqatçısı Sona Vəliyevanın
fəaliyyətini xüsusi qeyd etməliyik. Belə ki, 27 mart 2015-ci ildə
Türkiyədə, Ankara Universitetində
Hüseyn Cavid
yaradıcılığına həsr edilmiş
"Hüseyn Cavidin düşüncə
dünyası və əsərləri" adlı konfrans təşkil olunub.
2018-ci ilin 9 noyabrında Özbəkistanın
paytaxtı Daşkənd şəhərində "Hüseyn Cavid dünya dramaturgiyasının yüksək
nümunəsidir" adlı konfrans keçirilmişdir. Konfrans
çərçivəsində ədibin "Əmir Teymur", "Şeyx Sənan",
"Səyavuş" və "Peyğəmbər" əsərləri
özbək dilində oxuculara təqdim olunub. Bundan başqa, 2018-ci ilin 17
mayında Qazaxıstanın Almatı şəhərindəki
Əl-Fərabi Universitetində Hüseyn Cavidin 135 illik yubileyi münasibətilə xüsusi
konfrans keçirilmiş,
ədibin şeirlərindən ibarət nəşr oxuculara təqdim olunmuşdur.
"Kaspi" Təhsil Mərkəzi və
"Kaspi" qəzeti Hüseyn
Cavid irsinin tədqiqi prosesini stimullaşdırmaq məqsədilə
iki məqalə müsabiqəsi keçirmişdir. Onlardan
biri "Hüseyn Cavid. Vətənə qayıdış",
digəri isə "Hüseyn
Cavid-135" adlanır. Hər iki
müsabiqəyə 100-ə qədər elmi,
publisistik məqalə qəbul edilmiş, qaliblər müəyyənləşdirilmişdir.
Müsabiqənin mətnləri ayrıca kitablar
halında nəşr edilmişdir.
Ədibin həyatına və yaradıcılığına aid bütün
fotoların və rəsm əsərlərinin
toplandığı "Hüseyn Cavid. Vətənə qayıdış" fotoalbomu da nəşr edilmişdir. Tanınmış
Azərbaycan alimi, filologiya
elmləri doktoru Sona Vəliyevanın
tərtib etdiyi "Hüseyn
Cavid və müasirləri", "Hüseyn Cavid sənətinin
qüdrəti" kitabları işıq üzü
görmüşdür. Ədibin əsərləri
fars dilinə də tərcümə edilmişdir. Belə ki, İranın Qum şəhərində
ədibin "Peyğəmbər", "Maral",
"Şeyx Sənan" əsərləri
iki ayrı kitab şəklində
oxucuların ixtiyarına verilib. 2013-cü
ildə tarix elmləri doktoru,
professor Əli Həsənovun təşəbbüsü
ilə İstanbulda "Şeyx
Sənan", "İblis",
"Peyğəmbər", "Topal Teymur", "Səyavuş", "Xəyyam",
"Maral", "Afət", "Uçurum"
adlı əsərlərinin və şeirlərinin
toplandığı mükəmməl nəşr Türkiyədə
"Küsena" nəşriyyatı tərəfindən
çap olunub. Bütün sadalanan
işlər "Kaspi" qəzeti və "Kaspi" Təhsil
Mərkəzinin dəstəyi ilə
reallaşdırılmışdır. Bundan
başqa, Türkiyənin İstanbul
şəhərində Böyükşəhər Bələdiyyə
Teatrı tərəfindən ədibin "İblis"
əsəri səhnəyə qoyulmuşdur.
S.Vəliyeva həmin tamaşanın məsləhətçisidir.
Bu silsilə layihələrin növbəti
mərhələsi kimi hazırda
Qırğızıstanda, Türkmənistanda ədibin əsərləri
nəşrə hazırlanır. Eləcə də Avropa ölkələrində H.Cavid
irsinin təbliği istiqamətində
ardıcıl addımlar atılır. Bütün
sadaladıqlarım yalnız "Kaspi"
qəzeti və "Kaspi" Təhsil Mərkəzinin
ədib haqqında gördüyü
işlərdir. Əlbəttə ki, Azərbaycan
dövlətinin dəstəyi ilə, ayrı-ayrı ölkələrin
H.Cavid irsinə olan
marağından doğan təşəbbüsləri
ilə, habelə müəyyən şəxslərin
istəkləri ilə də işlər görülür.
Mən "Kaspi" qəzetinin təmsilçisi
olduğuma görə bir
istiqamətdə görülən işləri xüsusi vurğuladım. Eyni
zamanda sizə aydın oldu
ki, təkcə bir
istiqamətdə ədibin irsi yüksək
səviyyədə tədqiq və təbliğ olunur. Azərbaycan
Yazıçılar Birliyi, Azərbaycan
Respublikası Mədəniyyət Nazirliyi,
Azərbaycan Milli Elmlər
Akademiyasının Nizami Gəncəvi
adına Ədəbiyyat İnstitutu, Nizami Gəncəvi adına Milli
Ədəbiyyat Muzeyi, Hüseyn
Cavidin ev-muzeyi,
müxtəlif universitetlər, səfirliklər ədibin
yaradıcılığının daha böyük arsenalda təbliği yolunda
işlər görürlər. Sovet imperiyası dövründə bədii irsi ən çox repressiyaya, qadağalara məruz
qalan ədiblərimizdən biri H.Cavid olub.
Çünki Sovet
hökuməti bəşəri dəyərlərin təbliğinin
əleyhinə idi, imperiya
yalnız öz dırnaqarası dəyərlərini
təbliğ edirdi. H.Cavid
isə bəşəri, qlobal ideyaları
yayan, insan amilinə imperiya kontekstindən baxmayan,
bir ədib idi deyə,
əsərləri o dövrdə qadağan edilmişdi.
Dünyanı nizamında saxlayan fanilikdir, əgər belə olmasaydı biz çətin vəziyyətə
düşəndə o durumdan
xilas ola bilməzdik,
şər daim məğlubedilməz
olardı, çətinlikləri aşmaq
mümkünsüzləşərdi. Dünyanın faniliyi bizi istədik-istəmədik
öz rollarımızı dəyişməyə
məcbur edir. Eləcə də bəşəri
əhəmiyyətli rollar dəyişir,
məsələn, imperiyalar
dağılır, şərlənən dahilər bəraət
alır, sonda hər şey
tarixin ədaləti ilə dürüst şəkildə qiymətləndirilir.
Biz o qədər illərin
keçməsi üçün gözləyirik,
qərinələr, əsrlər adlayır, amma
tarixin yaşı yoxdur,
ona görə də tarix
dahiləri illərlə yox, nəticələrlə
qiymətləndirir. Monteneqroda H.Cavid yaradıcılığına həsr
edilən bu tədbir və ədibin "İblis" əsərinin nəşri tarixi hadisələrdir. Azərbaycanın bu ölkədəki səfirliyinə,
nümayəndəliyinə, Monteneqro
dövlətinə belə mötəbər bir
əməyə görə təşəkkür edir və hər iki
dövlətə əbədi firavanlıq arzulayıram.
Ədəbiyyat qəzeti.-
2019.- 26 oktyabr. S. 7.