Dünyanı uşaqlara verək
VI
Beynəlxalq Uşaq və Gənclik Ədəbiyyatı
Simpoziumundan qeydlər
"Yeni
ədəbiyyatı yetişdirmək böyük sənətin,
böyük ədəbiyyatın, humanitar və ictimai elmlərin
hər birinin borcudur"!
Bu fikirlər
oktyabrın 18-də Azərbaycan
Milli Elmlər Akademiyası Nizami Gəncəvi adına Ədəbiyyat
İnstitutu, Uşaq və Gənclik Ədəbiyyatı
Yazarlar Birliyinin və digər qurumların birgə təşkilatçılığı
ilə VI Beynəlxalq Uşaq və Gənclik Ədəbiyyatı
Simpoziumunda akademik İsa Həbibbəyli tərəfindən
səsləndi. Artıq 6-cı dəfə idi
ki, Beynəlxalq Uşaq və Gənclik Ədəbiyyatı
Simpoziumu təşkil olunurdu. Bu dəfə ev sahibliyini Bakı, AMEA Nizami Gəncəvi
adına Ədəbiyyat İnstitutu edirdi. Müxtəlif
türk respublikalarından simpoziuma təşrif buyuran
qonaqları, alim və şair, yazıçı heyətini
bir məramın, bir missiyanın ətrafına cəm edərək
Vətən yaradırdı. Ədəbiyyat
budur həm də. Sən öz
varlığına bütün dünyanın ədəbi
söz sahiblərinin işartılarını
yığıb gələcəyə ünvan arayırsan,
lazımi məqamda o da dünyanın dörd bir yanına səpələnmiş
söz adamlarını öz ətrafına toplayıb
işıq olmağı bacarır. Bu dəfə
toplaşma səbəbimiz uşaqlar, uşaq ədəbiyyatının
problemləri idi. Hə... Böyük Nazim
Hikmət nə deyirdi?
"Dünyayı
çocuklara verelim
bir
günlük de olsa öğrensin
dünya arkadaşlığı"!
Burdaca qeyd etməyi vacib bilirəm. Tədbir 18
oktyabra - Milli Müstəqillik günümüzə təsadüf
etmişdi. Təsadüf demək
olmazdı buna. Ədəbiyyatın ən
böyük diqtəsi, həqiqəti idi. Müstəqilliyimizin
sabahı onların əlindədir -
uşaqlarımızın. Təməlli,
sağlam ruhlu, dürüst, layiqli, dövlətinə və
xalqına sədaqətli övlad yetişdirmək kimi vacib məram
durur həm də ədəbiyyatın qarşısında.
Ədəbiyyat bu öhdəliyi necə reallaşdırır,
necə nail olur həllinə? Yazılan əsərlər
dövrün ruhunu əks etdirə bilirmi? Tədbirdə
əsas məsələ bu problemlərə aydınlıq gətirmək,
günün qarşımıza çıxardığı
suallara cavab aramaq idi. Yaxşı ki, çağdaş
uşaq ədəbiyyatımızı təmsil edən bir
qrup şair, yazıçı və tədqiqatçı təbəqəsi
orda idi: uşaq ədəbiyyatının yorulmaz tədqiqatçısı
Füzuli Əsgərli, tanınmış uşaq
yazıçısı və şairlərindən Zahid Xəlil,
Qəşəm İsabəyli, Sevinc Nuruqızı, Reyhan
Yusifqızı, Yusif Nəğməkar, İbrahim
İlyaslı, Eyvaz Zeynalov və b. Hamının olduğu
ortamda mövzunun istiqamətləri haqqında fikir
yürütmək maraqlı və ünvanlı olur. Daha bir məqam
akademik İsa Həbibbəylinin uşaq ədəbiyyatı
ilə bağlı manifest səciyyəli
çıxışını elə bu sahəni təmsil edən
ziyalılarla dinləmək şansını zənnimcə,
heç kim qaçırmaq istəməzdi.
Azərbaycan uşaq ədəbiyyatı daim diqqətdə
saxlanılan sahə olub. Milli müstəqilliyimizin ilk illərində
ölkədə baş verən müəyyən
ictimai-kataklik proseslər uşaq ədəbiyyatında da
durğunluğun yaranmasına rəvac vermişdi. Bu,
ümumən ədəbiyyatımızın mənzərəsini
ehtiva edən bir proses idi. Uşaq ədəbiyyatı
isə həmişə ümumi ədəbiyyatın bir sahəsi
olub. Həmin illərdə yaşayıb
yaradan uşaq yazıçı-şairlərinin
yaradıcı qələmi daha çox Qarabağ
acılarına, yurd itkisinə həsr olunmuş nümunələrlə
görünürdü. 90-cı illərin
ortalarından başlayaraq, ümummilli lider Heydər
Əliyevin uşaq ədəbiyyatına xüsusi diqqəti,
bu sahədəki dirçəlişin təminatçısı
oldu. Ölkə Prezidenti İlham Əliyevin 2009-cu ili
"Uşaq ili" elan etməsi isə görülən
işləri sürətləndirməklə bərabər,
uşaq ədəbiyyatının müxtəlif janrlarda
meydana qoyulan nümunələrinin intensivliyi, təbliği, tədqiqi,
nəşr və mətbuatda çap imkanları
baxımından həlledici bir tarixə çevrildi. Bu sahə bu gün də dövlətimizin və
onun nüfuzunu qoruyan yaradıcı insanların yorulmaz əməyi
sayəsində inkişafdadır. Tədbirdə
iştirak edən AMEA Memarlıq və İncəsənət
İnstitutunun direktoru Ertəgin Salamzadə doğru
vurğuladı ki, "Uşaq ədəbiyyatı kommersiyadan
ən uzaq olan mövzudur. Ona görə də
bu sahəyə yalnız dövlətin və cəmiyyətin
dəstəyi lazımdır ki, dirçəliş olsun".
Ötən il dövlət
marağının, eləcə də akademik, AMEA-nın
vitse-prezidenti İsa Həbibbəylinin şəxsi əzmi və
təəssübkeşliyinin nəticəsi olaraq yaradılan
Uşaq ədəbiyyatı şöbəsi bu dəstəyin
sübutu idi. Akademik İsa Həbibbəyli də Prezident
İlham Əliyevin apardığı siyasət nəticəsində
aparıcı ölkələrdən birinə
çevrilmiş müstəqil Azərbaycanda yeni nəslin
yetişdirilməsini qarşıya qoyulan dövlət səviyyəli
əsas problemlərdən biri olduğunu vurğuladı:
"Yeni nəslin yetişməsində uşaq ədəbiyyatı,
uşaq musiqisi, folkloru, təsviri incəsənəti əsas
amillərdən biridir. Bu işin elmi müstəvidə
öyrənilməsi üçün inkişafına təkan
verilməlidir. Müstəqillik
dövrünün artıq yeni tipli uşaq ədəbiyyatı
yaranmalıdır. Ədəbiyyat
İnstitutunda da uşaq ədəbiyyatının öyrənilməsi
istiqamətində mühüm işlər görülür.
Həmin işlər çərçivəsində
Uşaq ədəbiyyatı şöbəsi
yaradılıb".
Əlbəttə,
şöbə yenidir, bu bir ildə uşaq ədəbiyyatının
tarixini, immanent inkişaf qanunauyğunluğunu, tarixi və
müasirliyini dərk etmək baxımından həm meydanda
olan elmi-nəzəri tədqiqat işlərini, həm də
uşaq ədəbiyyatı ilə bağlı folklordan bu
günümüzədək yazılan çoxsaylı bədii yaradıcılıq
nümunələrini izləmək, araşdırmaqla məşğul
olub. Bunsuz predmetin
çağdaşlığını vermək, müasir
uşaq ədəbiyyatını bütün tərkib və
parametrləri ilə təhlil etmək mümkün deyil və
belə bir köklü sahənin tarixiliyinə varmaq onun
bugünü ilə bağlı dəqiq analiz vermək
baxımından çox vacib, hətta deyərdim zəruri
amildir. Simpoziumda çıxış edən
İsa Həbibbəyli tezis şəklində bu məsələlərin
hər biri üzərində dayandı. Alim
haqlı olaraq vurğuladı ki, XX əsrin əvvəlləri
Azərbaycan ədəbiyyatının qızıl fondunu təşkil
edir. Akademik Azərbaycan uşaq ədəbiyyatının
yaranma tarixi və inkişaf mərhələlərinə nəzər
saldı. Ölkəmizdə uşaq ədəbiyyatının
zəngin ənənələri olduğunu deyən İsa Həbibbəyli
istər XX əsrin əvvəllərində, istərsə də
sovet dövründə yaradılmış Azərbaycan
uşaq ədəbiyyatı nümunələrinin dünya
uşaq ədəbiyyatı xəzinəsinin nadir inciləri
olduğunu vurğuladı. Xüsusilə sovet
dövründə yaradılan uşaq ədəbiyyatına
münasibəti aktuallandırdı: "Sovet dövründə
yaranan uşaq ədəbiyyatından imtina edə bilmərik. Böyük və zəngin ənənələri
olan bu dövr bütün istiqamətləri ilə birgə
araşdırılmalıdır". Həqiqətən
də sovet dövründə uşaq ədəbiyyatı ən
parlaq inkişaf yolu keçmiş, ədəbiyyat tarixinə
dəyərli imzalar bəxş etmişdir.
Düzdür, həmin illərdə yazılan bəzi uşaq ədəbiyyatı
nümunələrində dövrün ideoloji diktəsinin
hakim olduğunu dana bilmərik. Amma həmin illərdə
ümumən ədəbiyyatın özünə münasibətdə
olduğu kimi, uşaq ədəbiyyatına da münasibətdə
obyektiv elmi-nəzəri qanunauyğunluqlardan
çıxış etməliyik. Həmin
dövrün bədii mətnlərini kölgə altına
almağa imkan verilməməlidir. Buradaca
bir faktı açıqlamağı vacib bilirəm. Səməd Vurğunun
yaradıcılığında ideoloji həmlənin
güdazına gedən bədii mətnlər yer alsa da, onun
uşaq ədəbiyyatı kimi meydana qoyduğu nümunələrdə
bu diktənin əlamətlərinə rast gəlmirik. Şair uşaqlar üçün yazdığı
mətnlərdə bədii-estetik kriteriyanın şərtlərinə
sadiq qalmağı bacarmışdır. Onu da qeyd edim ki,
şöbə yarananda İsa müəllimin bu sahəyə
dair xüsusilə oxunmasını vacib bildiyi iki müəllif
yazısı vardı: V.Belinski və Səməd
Vurğunun uşaq ədəbiyyatının problemlərini əhatə
edən məqalələri. Akademik
çıxışında bu məqama yenidən
qayıtdı. Belinskinin məqaləsini
ümumən bu sahənin manifesti kimi dəyərləndirdi, Səməd
Vurğunun yazısının isə milli uşaq ədəbiyyatının
öyrənilməsinin nəzəri dərki istiqamətində
həlledici faktor olduğunu nəzərə
çatdırdı.
İsa Həbibbəylinin
çıxışında toxunduğu və xüsusi
qabartdığı digər məqam uşaq ədəbiyyatında
vətənpərvərlik ruhunun işlənməsi məsələsi
idi: "İnternet əsrində hamı kompüterdən,
texnoloji elementlərdən yazmağa çalışır. Bu da olmalıdır. Amma daha
çox vətən şeirləri yazılmalıdır.
Azərbaycan bayrağı, təbiəti, Azərbaycan
obrazı gəlməlidir mətnlərimizə. Daha çox öz ölkəmiz - vətənpərvərlik
öndə olmalıdır. Yoxsa
uşaqlarımızda kosmopolit düşüncə
formalaşa bilər. Bu, bütün
yaradıcılıq sahəsini əhatə edən bir missiya
olmalıdır. Uşaq nəğmələri
bəstələnməlidir, uşaq obrazları gəlməlidir
filmlərimizə, televiziyalar bu amal uğruna
çalışmalıdırlar".
Belə bir niyyətdən hasilə gələn işlərdən
biri olaraq, VI Beynəlxalq Uşaq və Gənclik Ədəbiyyatı
Simpoziumu da öz öhdəsinə düşən
missiyanı gerçəkləşdirirdi. Tədbir AMEA
Memarlıq və İncəsənət İnstitutuna məxsus
rəsm əsərlərindən ibarət sərgi ilə
başladı. Uşaq ədəbiyyatı
nümunələrindən, yeni nəşrlərdən təşkil
olunmuş kitab sərgisinə baxış keçirildi.
Akademik İsa Həbibbəyli bildirdi ki, artıq
altıncı dəfə təşkil olunan bu simpozium Bican
Veysəl Yıldızın Türkiyədə rəhbərlik
etdiyi Uşaq və Gənclik Ədəbiyyatı Yazarlar
Birliyinin iştirakı ilə Nizami Gəncəvi adına
Ədəbiyyat İnstitutunun, Azərbaycan Milli
Konservatoriyasının, AMEA Memarlıq və İncəsənət
İnstitutunun və digər qurumların birgə səyləri
ilə hazırlanıb. Simpoziuma Türkiyədən, Rusiyadan,
Qazaxıstandan, Makedoniyadan, Pakistandan, Kiprdən və digər
ölkələrdən qonaqlar qatıldığını
deyən İsa Həbibbəyli bu əməkdaşlığı
uşaq ədəbiyyatının ümumi dəyərlərinin,
problemlərinin öyrənilməsi istiqamətində əhəmiyyətli
məqam adlandırdı. Müstəqillik
dövrü uşaq ədəbiyyatının hədəfləri
və problemlərindən danışan akademik bu məsələnin
müzakirəsinə böyük ehtiyac duyulduğunu qeyd etdi.
Keçirilən simpoziumun alimlərin,
yazıçı və naşirlərin fikir və mülahizələrini
söyləmək, problemdən çıxış yolu
tapmaq üçün əlverişli platforma
olacağını bildirdi.
Sonra Uşaq və Gənclik Ədəbiyyatı Yazarlar
Birliyi İdarə Heyətinin Sədri Bican Veysəl
Yıldız çıxış edərək Azərbaycanda
təşkil edilən bu simpoziumun həm uşaqlar, həm də
ədəbiyyat üçün faydalı cəhətlərindən
bəhs etdi. Bildirdi ki, "Uşaq və Gənclik Ədəbiyyatı
Yazarlar Birliyi 2013-cü ildə qurulub, ilk konfransını
2014-cü ildə gerçəkləşdirib. Əsas
işimiz türk və islam
dünyasının uşaq ədəbiyyatı nümunələrinin
toplanıb nəşr edilməsini həyata keçirməkdir.
Biz türklər Azərbaycandan danışarkən
"Can Azərbaycan" deyirik. Bu səbəbdən
də ilk xarici simpoziumumuzu Azərbaycanda təşkil
etdik".
Bican Veysəl Yıldız çıxışında həssas məqamlara toxundu. "Bura Naxçıvandan gələrkən Laçın dəhlizinin bağlı olmasına çox üzüldüm. Bu dəhliz qapalı olunca yadların əleyhimizə işlətdikləri kodlar daha işlək olacaq. İnsanların iki şeyi olmalıdır ki, böyük mücadilələri adlaya bilsinlər: böyük eşqləri və böyük dərdləri. Çocuklarınıza dərdlərinizi də anladın. Mən Qarabağ dərdini Türkiyədə anlada bilmərəmsə, Türkiyənin dərdinə Azərbaycan biganə qalarsa, ortaq nöqtədə heç zaman görüşə bilməyəcəyik. Bu simpoziumun da məqsədi türk və islam dünyasında öz duyğularına sahib çıxacaq sağlam nəsil yetişdirməkdir", - deyən Bican bəy uşaq ədəbiyyatında milli duyğuların, milli dərdlərimizin, milli ruhun əks olunmasının vacibliyini vurğuladı.
Daha sonra Bican Veysəl Yıldız akademik İsa Həbibbəylini "Fəxri diplom"la təltif etdi. Eləcə də simpoziumun təşkilində xidmətlərinə görə fərqlənən şəxslərə fəxri fərmanlar təqdim edildi.
İnstitutun direktoru İsa Həbibbəyli isə Uşaq ədəbiyyatının təbliği istiqamətində böyük xidməti olan Bican bəyi Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Elmi Şurasının "Ədəbiyyatşünaslığa dəstək" diplomu ilə təltif etdi.
Ardınca Azərbaycan Milli Konservatoriyasının Gənclər Xorunun ifasında iki mahnı səsləndirildi. Məktəbli Məmmədhəsən Məmmədov Cabir Novruzun "Kaş millətdə ruh yaşasın" şeirini söylədi.
Sonra müzakirələr başlandı. Azərbaycan Milli Konservatoriyasının elmi işlər üzrə prorektoru, sənətşünaslıq üzrə fəlsəfə doktoru Lalə Hüseynova qeyd etdi ki, "Həsən bəy Zərdabi "El nəğmələrimiz" məqaləsində uşaqlarımıza hansı nəğmələri öyrətməliyik kimi məsələlərə toxunmuşdur. Bu məsələ hələ o vaxt milli məsələ kimi ziyalılarımızı narahat edən məqam idi. Çünki onlar uşaqlara sabahımız kimi baxırdılar". Ümumən tədbirdə milli ruh qabarıqlığı ilə seçilirdi. Danışan, çıxış edən hər natiq bu məqama köklənir, milli düşüncə xəttini önə çəkirdilər. Görkəmli uşaq yazarı Zahid Xəlil işğal haqqında deyil, torpaq, müstəqillik haqqında yazmağın, uşaqlarda coşqu yaradan şeirlər meydana qoymağın vacibliyi fikrini irəli sürdü. Qəşəm İsabəyli akademik İsa Həbibbəylinin bu sahəyə diqqətini önə çəkərək son illər uşaq ədəbiyyatı sahəsində canlanmanın olduğunu bildirdi. Həm Zahid Xəlil və Qəşəm İsabəylinin, həm də digər çıxışçılar - İbrahim Yusifoğlunun şeiri,Yusif Nəğməkarın səsləndirdiyi "Papaq", Sevinc Nuruqızının "Vətən" şeirləri məclisdə gözəl bir poetik ortam yaratdı.
Simpoziumda filologiya elmləri doktoru Mərziyyə Nəcəfova, xarici qonaqlardan pakistanlı Abdul Fareed Brohi, Şimali Kiprdən Esra Kan çıxış edərək uşaq ədəbiyyatının öyrənilməsində yeni mərhələ yaradacaq bu tədbiri mütərəqqi hadisə adlandırdılar.
Üç gün davam edən simpoziumda uşaq ədəbiyyatı ilə bağlı rəngarəng tədbirlər bir-birini əvəz etdi. Simpoziumun birinci günü plenar iclaslarda müxtəlif mövzularda məruzələr dinlənildi. İkinci günü, oktyabrın 19-da Milli Konservatoriyanın Gənclər Xorunun konserti gələn qonaqları və yerli alimləri gözəl ifaları ilə sevindirdi.
Oktyabrın 20-də isə "Bakı İnn" otelində simpoziuma qatılan alimlər arasında şeir, musiqi məclisi davam etdirildi, dialoq, yeni ideyalar ətrafında fikir mübadiləsi, gələcək planlar haqqında söhbət oldu. Yaxın bir il ərzində görüləcək işlərdən danışıldı. Uşaq və Gənclik Ədəbiyyatı Yazarlar Birliyinin üzvü, simpoziumun Azərbaycan təmsilçisi Mərziyyə Nəcəfovanın verdiyi məlumata əsasən, Naxçıvanda Nəzakət İsmayılovanın hazırladığı "Naxçıvan ədəbi mühiti: uşaq ədəbiyyatının təşəkkülü və inkişaf mərhələləri" kitabının çapı bu günlərdə ictimaiyyətə tədqim olunacaq. Onu da deyim ki, Mərziyyə Nəcəfovanın "Qarabağ hekayələri"nin çapı da simpoziumun gələn ilin proqramına saldığı işlərdəndir. Cənubda uşaq ədəbiyyatının mənzərəsi, inkişafı istiqamətində məlumat vermək üçün Pərvanə Məmmədli və Esmira Fuada bu istiqamətdə tədqiqatlar aparmaq tapşırıldı. Gələn il üçün çocuk Edebiyatı Simpoziumunun keçirilmə məkanının Almaniya, mövzusunun "Çocuk sineması" adlanması nəzərdə tutuldu. Türkdilli xalqlarda uşaq kinosu, onun işlənmə xüsusiyyətlərini meydana çıxarmaq, uşaq obrazlarına baxış, zamanın yeni uşaq qəhrəmanları kimlərdir, - kimi suallara cavab aramaq üçün belə bir mövzunun qoyuluşu maraqlı yanaşma və mənzərə müxtəlifliyi vəd edir.
Ədəbiyyat zövq formalaşdırır, ədəbiyyat
həyata baxışımızı nizama salır, bir
sözlə, ədəbiyyat insan yetişdirir! Bu isə
hamımızın məsuliyyətidir, vicdan işidir. Uşaqlarımızın tərbiyə
və əxlaqının təməlində dayanan amillərin
hər birinin rolu var. Biz nə qədər sevgi, diqqət və
əmək verəcəyiksə, bir o qədər
qazanacağıq. Unutmayaq! Yeni nəsil bizim əsərimiz
olacaq!
Elnarə AKİMOVA
Ədəbiyyat qəzeti.-
2019.- 26 oktyabr. S. 8-9.