Fəxr etməli gerçək ömür
Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti,
Azərbaycan Respublikası
Milli Məclisinin Elm və Təhsil Komitəsinin sədri, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Ələkbər oğlu Həbibbəyli! İcazə
verin, bu əlamətdar gündə
sizi Şota Rustaveli adına
Gürcü Ədəbiyyatı
İnstitutu adından
salamlayaq və doğum gününüzü
ürəkdən təbrik
edək.
Bu gün siz həqiqətən tərcümeyi-halınızın
fəxr edə biləcəyiniz bir faktını qeyd edirsiniz. Həyatınızın bütün bu
illəri doğma Vətənə - Azərbaycan
Respublikasına, elmin və təhsilin inkişafına məsuliyyətlə
xidmət etməyə
həsr olunmuşdur.
Siz həm cəmiyyətdə
həm də elm sahəsində aktiv fəaliyyət göstərməklə
ölkənin dövlətçilik
maraqlarını və
elmi fəaliyyəti daim paralel olaraq
əsas kimi qəbul etmisiniz.
Siz Naxçıvan
Dövlət Universitetinin
rektoru olanda da səmərəli elmi və pedaqoji
fəaliyyətiniz sayəsində
universitet böyük
inkişaf yolu keçmişdir. İndi isə onun məzunları Azərbaycan
Respublikasının inkişafı
naminə layiqincə çalışırlar.
Sizin yaxından
iştirakınızla Azərbaycan
Respublikası Milli Məclisinin Elm və Təhsil Komitəsində
ölkənizdə yeni
islahatların həyata
keçirilməsinə və
elm və təhsil sahələrinin müasir
inkişafına töhfə
verən elm haqqında,
təhsilin müxtəlif
pillələri haqqında
qanunlar qəbul edilmişdir. Bunlar tarixdə qalacaq
hadisələrdir.
Azərbaycan Milli Elmlər Akademiyasının Marşının
müəllifi olmağınız
və AMEA-nın Nizamnamə layihəsini hazırlamağınız dərin
məna kəsb edir.
Əməkdar elm xadimi, AMEA-nın vitse-prezidenti, akademik kimi siz təkcə
fəal ictimai xadim deyil, ilk növbədə, böyük
alimsiniz. Azərbaycan Milli Elmlər
Akademiyasında islahatların
həyata keçirilməsində,
humanitar və ictimai elmlərin müasir tələblər
əsasında inkişaf
etdirilməsində sizin
özünəməxsus xidmətləriniz
vardır. Siz Azərbaycandan
kənarda da görkəmli ədəbiyyatşünas
alim kimi qəbul olunmusunuz. Azərbaycanın klassik və müasir ədəbi şəxsiyyətlərinə
həsr etdiyiniz elmi əsərlər faktoloji materiallarla nəzəri təhlillərin
vəhdəti əsasında
yazıldığı üçün
elmdə yaşamaq haqqı qazanır. Sizin ədəbiyyat nəzəriyyəsinin
aktual məsələlərinə
həsr olunmuş elmi əsərləriniz, nəzəri baxışlarınız
və ideyalarınız
təkcə Azərbaycan
elmi üçün deyil, ümumiyyətlə,
ədəbi-tarixi prosesin
reallıqlarını və
gedişatını qiymətləndirmək
üçün əhəmiyyətlidir.
Müasir Azərbaycan ədəbiyyatşünaslığına
yeni ədəbi cərəyanlar və üslublar haqqındakı
tədqiqatlarınız ədəbiyyatşünaslıq
elminə yeni elmi-nəzəri baxış
gətirib. Siz ədəbiyyatşünaslıq
elminin inkişafının
əsas tendensiyalarının
öyrənilməsi sahəsində
yeni istiqamətlərin
əsasını qoydunuz.
Əsərləriniz Azərbaycanın hüdudlarından
kənarda da yaxşı məlumdur. Dövrləşdirmə konsepsiyasının və
çoxəsrlik Azərbaycan
ədəbiyyatının inkişaf
mərhələlərinin müəyyən edilməsi
sahəsindəki tədqiqatlarınız
postsovet məkanında
bu istiqamətdə atılmış ilk mühüm
elmi addımdır, yaxşı əsaslandırılmışdır.
Ədəbi növlərin və
janrların yeni təsnifatı sahəsindəki
elmi-nəzəri araşdırmalarınız,
xüsusən də satira və yumorun ədəbi növlərin taleyindəki
rolunun şərh edilməsinə verdiyiniz töhfələr xüsusilə
əhəmiyyətlidir.
Azərbaycanda ədəbiyyatşünaslığın
əsas elmi mərkəzi olan Nizami Gəncəvi adına Ədəbiyyat
İnstitutunun çoxşaxəli
elmi fəaliyyəti Azərbaycanın hüdudlarından
kənarda da tanınır. Yubileyində bizim də iştirak etdiyimiz bu elm ocağı həmişə dərin mənəvi ideallara və yüksək elmi peşəkarlığa
sadiqliyini nümayiş
etdirmişdir. Müxtəlif dövrlərdə onun divarları arasında bu elm sahəsinin inkişafına və Azərbaycan xalqının
milli-mənəvi dəyərlərinin
öyrənilməsinə böyük
töhfələr verən,
elmi məktəblər
yaradan görkəmli alimlər çalışıblar.
Hazırda da Nizami Gəncəvi adına Ədəbiyyat
İnstitutu böyük
elmi hədəflərə
doğru inamla irəliləməkdədir.
Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun
direktoru olaraq, hazırda dünyanın
30-dan çox ölkəsinin
(Rusiya, Çin, Türkiyə, Almaniya, Polşa, Bolqarıstan, Pakistan, Hindistan,
İran, Misir, Qazaxıstan, Cənubi Koreya, Özbəkistan, Qırğızıstan, Türkmənistan,
Tacikistan və s.) tədqiqat mərkəzləri,
akademik institutları və universitetləri ilə əməkdaşlıq
edir və birgə tədbirlər keçirirsiniz, tanınmış
dünya alimlərinin
iştirakı ilə
insitutun beynəlxalq əlaqələrini xeyli genişləndirirsiniz.
Bu siyahıda Gürcüstan,
xüsusən - Gürcüstanda
aparıcı ədəbiyyatşünaslıq
mərkəzi, gürcü
ədəbiyyatı və
folklor problemlərinin,
ədəbiyyat nəzəriyyəsinin
və müqayisəli
ədəbiyyatşünaslığın
dərindən araşdırılmasına
yönəldilmiş Şota
Rustaveli adına
Gürcü Ədəbiyyatı
İnstitutu ilə elmi əməkdaşlığın
da mühüm yer tutması sizin dostluq və
əməkdaşlığa sədaqətinizin nümunəsidir.
Əsrlər boyu Gürcüstan və Azərbaycanı yaxın qonşuluq və etibarlı dostluq münasibətləri
birləşdirmişdir. Hələ
XII əsrdə dahi Azərbaycan şairi Nizami Gəncəvi "İskəndərnamə" poemasının
ölməz sətirlərində
Gürcüstanı "cənnət
kimi gözəl bir diyar" kimi təsvir edirdi. O dövr Gürcüstanın ən
görkəmli şairləri
Şota Rustaveli və Qriqol Çaxruxadze də Nizami Gəncəvinin istedadına böyük hörmət göstərirdilər.
Sonralar nəsillər boyu xalqlarımızın ən
yaxşı övladları
atalarının miras qoyduğu dostluq ənənələrini diqqətlə
qorumuşlar. Gürcüstan və Azərbaycan milli ədəbiyyatında
gürcü və azərbaycanlı yazıçıların
və alimlərin bir çox nəsilləri öz əsərlərini ədəbi
və elmi əlaqələrin əks
olunmasına həsr etmişlər.
Sizin təşəbbüsünüz
və birgə səylərimiz sayəsində
bu əlaqələr yeni səviyyəyə çatmaqdadır. Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu
ilə Gürcü Ədəbiyyatı İnstitutu
arasında əməkdaşlıq
müqaviləsi imzalanandan
bəri Gürcüstan
və Azərbaycan elmi əməkdaşlığının
inkişafında köklü
yeni bir mərhələ - əlaqələndirilmiş
ortaq tədqiqatlar dövrü başlamış,
bu çərçivədə
"Mədəniyyətlərarası məkan - Rustaveli və Nizami" adlı ilk birgə tədqiqat layihəsi baş tutmuş, konfranslar və dəyirmi masalar keçirilmişdir. İnstitutlarımızın səmərəli əməkdaşlığının gələcəkdə də
davam etdiriləcəyinə
səmimi olaraq inam bəsləyirik.
70 yaş həm
çox, həm də azdır. Nə qədər
işlər görüldüyünü
və nələr əldə edildiyini düşünsəniz, çoxdur.
Nə qədər görməli
olduğunuz işləri
nəzərə alsaq,
çox azdır. Sizin böyük enerjiniz və yorulmaq nə olduğunu bilməyən iş qabiliyyətiniz, təşəbbüskarlığınız,
ideyalarınız hələ
bundan sonra da neçə-neçə
illər elmə, qarşılıqlı əməkdaşlığa,
dostluğumuza böyük
töhfələr verəcəkdir.
Elmi fəaliyyətiniz və xidmətiniz Azərbaycan dövləti tərəfindən
yüksək qiymətləndirilmişdir:
Siz əməkdar elm xadimi adına
layiq görülmüsünüz,
"Şöhrət", "Şərəf", Birinci
dərəcəli "Vətənə
xidmətə görə"
ordenlərinin sahibisiniz.
İcazə verin, bir daha
sizi doğum gününüz münasibətilə
ürəkdən təbrik
edək və yeni ortaq ideyaların
və nailiyyətlərin,
yeni birgə layihələrin reallaşmasını
arzulayaq. Bu əlamətdar
doğum günü hadisəsi qoy təkcə ictimai fəaliyyət və elmi sahədəki çalışmalarınızın növbəti hesabatı olmaqdan çox, gələcək fəaliyyətinizin
bünövrəsi olsun!
Sizin yaşadığınız fəxr
etməli mənalı
və faydalı ömür, qeyri-adi dərəcədə çalışqanlığınız,
uzaqgörənliyiniz dostlarınız
üçün də
örnəkdir və bizim bundan sonrakı
elmi əməkdaşlığımıza
da təminat verir.
İrma RATİANİ
Şota Rustaveli adına Gürcü
Ədəbiyyatı
İnstitutunun direktoru, professor
Maka ELBAKİDZE
Şota Rustaveli adına Gürcü
Ədəbiyyatı
İnstitutunun direktor müavini, professor
Ədəbiyyat qəzeti.-
2019.- 26 oktyabr. S. 11.