Heç
qoşalar uçmur qoşa,
Tənha
uçan tək sənsənmi?
Bu da mənim gileyim...
Keçirəm
dağdibi cığırlarımı,
Çəkirəm dərdimin ağırlarını.
Aman, təklikdir
yandırır-yaxır
Cəhənnəm odundan ziyadə məni.
Deyərdim,
dərdimin ayaqları var -
Qoymusan yollarda piyada məni.
Quşlarla tutarmı çiyindaşlığım?
Bəlkə
ağacların, bəlkə çayların,
Mən kimin dalınca gedim görəsən?
Kim qoydu bəs məni, yetim görəsən?
Sözü
eşidilmir qoca dərvişin,
Nə olar ələnmiş ələk olanda.
Qızılgül
solursa, olmaya keşkə
Mən kiməm? Nəçiyəm?
Seyran
demişkən:
Bankomat oluram gərək olanda.
Özgə
nəfəsiylə isinmir ovcum,
Bir kəsim yoxdu ki, oyada məni.
Düz
yola çıxıram, yolum əyilir
Budaqdan tuturam, qolum əyilir.
Daha söykənməyə dayaq tapmıram.
Sənsiz ruhumu da oyaq tapmıram.
Yarpağa
dönürəm - yellər aparır,
Bütün sahillərim sürüşüb gedir.
Yuyur torpağımı, sellər aparır.
Bütün
rahatlığım gedib əlimdən,
Bir ilin
içində qocaldı kişi:
- Deyən,
qız-gəlinin pıç-pıçı artır.
Hərə
öz qabına bir qalay vurur,
Mis kasa azalıb, qalayçı artıb.
Qəribə
dünyadır bizim dünyamız,
Hesabı azalıb, sayğacı artıb.
Bəd dili kəsməyə qayçı azalıb.
Doğmalar azalıb, yad bacı artıb.
Evdə
eşidən yox qoca dərvişi,
O adam deyilmiş, adam elə bil.
Mən, o
mən deyiləm, yadam elə bil
Ah, yenə
göynədi bağrımın başı,
Bir stəkan
çay ver,
-
Görüm keçirmi,
Mən
çaylağa düşən ildırım daşı,
Çöl məni yandırır, çölüm
içimi.
Sandıq
şeirlərim çıxıb yadımdan,
Doğmalar beləcə yadlanıb gedir.
Yığılıb bir mücrü yaddaşım
gedib.
Sən yıxdın evimi, evi dağılmış.
Sənsiz yıxılmışı qaldırmaq olmur.
Yaxşını,
yamanı aldırmaq olmur.
Bu necə dövrandır, bu necə yaşam?
Yolum haracandı, mənzilim hara?
Qoymusan yollarda piyada məni.
Bu necə dövrandır, bu necə yaşam?
Daha nə yoldaşam, nə çiyindaşam.
Rütbəsi alınmış əsgərəm,
paşam.
Bir az sərsəriyəm, bir az sərxoşam.
Bir kəsim yoxdu ki, oyada məni.
Qoymusan
yollarda piyada məni...
2019
Buynuz
Günəş
haqqında ballada
Nə
deyim, bu günün sehridir bəlkə,
Qızıl qüllələrdə durur bu ölkə.
Bu sehrin
yanından Xəzərə baxdım,
Xəzərdə açılan səhərə
baxdım.
Möcüzədir günəşin bu tilusu.
Elə
bil gündoğanda,
Yanır torpaq, yanır su.
Doğ
günəşim, doğ görüm!
Zülmətləri
boğ görüm!
Çiling-çiling
doğranıb,
Tökülür göy Xəzərə.
Bərq vurur ilk şəfəqlər.
Göy sularda çarpışır.
Hardan alıb bu rəngi?
Aləm qarışır, sanki.
Dəniz
daşır, göy qopur
Yerlər-göylər
baş əyir,
İşıq pəhləvanına.
Fırlanır
bu dünyanın,
Nəhəng
çarxı fırlanır,
İşıq çarxı fırlanır.
Birdən
yapışır durur,
Göylərin tavanına.
Çıxır şah eyvanına.
Gəlin
deyil, qız deyil
Bu nə göyçək oğuldu.
Doğ
günəş, doğ günəş!
Zülmətləri
boğ, günəş!
Buludları
ərit gəl,
Öz
qüvvəni yerit, gəl!
Çıxdı
hədəqəsindən,
Tabağlandı böyüdü.
Aləm qaldı sehrdə.
Ocağımız
yanacaq,
Kişi çiyinlərində.
Allahın
əlindədir,
Dünyamızın
ən böyük,
Yarımdünya çələngi.
Göyümüzün
nəhəngi,
Yerimizin gül rəngi.
Eh,
günəşin yanında
Bənzəyən,
bənzədilənlər yalan
Nə oxşatmaq, nə filan.
Şüası
xalça-xalça,
Üfüqləri
bəzəyən
Sən ey
göyün, yerin
Həm ərşin,
həm də sübhün günəşi
Allahdan
almısanmı
Bu ahəngi, bu rəngi?
Yarımdünya çələngi.
Səninlədir
nəzərim,
Par-par parıldar yanar.
Naxış-naxış
dalğalar
Bu
naxışa həmişə,
Güzgü tutar Xəzərim.
Başqasıyla nə işim?
Eh,
canımda atəşim.
Baxıram
ki, yolların
Uğurlu
yol olacaq,
İşığın bol olacaq.
Qəzəbliyə,
qəzəbin,
Əsəbliyə,
əsəbin,
Yaxşılara,
yaxşılığın,
Qoy olsun!
Aləmlə,
kainatla
Ömrün boya-boy olsun.
Ey günəşim,
günəşim,
Ey müqəddəs ocağım.
Xaqani
demişkən:
"Düşmə ayağına hər cür
alçağın".
Babadağda
gecə yarı
Salavatgahdan
çıxıb
Ey ulu
günəşim, ulu günəşim!
Tanrının yoludur, yolu günəşim.
Əkin-biçin
vaxtını da bilirsən,
Suleymanın taxtını da bilirsən.
Ey, ulu
günəşim,
Dan yeri
ağarır...
Səhərim,
Xəzərim.
Sizə salamlar.
Yəqin
ki, şairin
Salamını alarlar.
Mən də
Babadağında,
Bu ilkin
sübh çağında,
Ziyarət
yolunda,
Uğurlu yolum.
Salam, ey Xəzərim!
Salam, ey
ulum!
Salavatgahdan
keçib,
Salavat çevirdim, bir də günəşə.
Gözəldir bu dağın axar-baxarı.
Çağırır
babamız,
Gəl-gəl
yuxarı!
Günəşə, Xəzərə ilkin ziyarət.
Xoşdur bir səfərdə iki ziyarət.
Yəqin
bilmişəm qədrini onda,
Göylər
qızılıdır,
Üfüqlər alışmış
qırmızı donda.
Üfüqlər
şüanı ötürür ərşə,
Salavat çevirdim, bir də günəşə.
Xəzər
qırçım-qırçım,
İlmə-ilmədir.
Naxışlar
məni də,salır ilməyə,
Nə vaxtsa gələrəm bura ölməyə.
Qalxıram-enirəm, eniş-yoxuşu.
Anam da, mənimlə
gedir yanaşı...
Günəş
haqqında
Nağıl
söyləyir anam,
Mən də günəşimə,
Ana deyirəm.
Yetməz
bu sevdalar,
Sona deyirəm.
Ey
böyük nəhəngim,
Qırxqanad
çələngim..
Doğ
görüm, doğul görüm!.
Həmişə
Xəzərimdən,
Doğulan
oğul görüm...
Mərkəzi
klinika
Bakı
Ömür neyçin
belə olsun...
Ocaq-ocaq
yanır ahım,
Görən varmı bir günahım?
Aman,
Allahım, Allahım,
Ömür neyçin belə olsun?
Bir tərəfdə
ölüm-itim,
Hardan gəldim, hara gedim?
Sızlayıram yetim-yetim.
Ömür neyçin belə olsun?
Tutdum
Tanrı ətəyindən,
Mən
zamanın yedəyində,
Bezdim namərd
kötəyindən,
Ömür neyçin belə olsun?
Hanı bəy, xan? Hanı sultan?
Rütbəsini aldı dövran.
Ha
üyüdür bu dəyirman,
Ömür neyçin belə olsun?
Eşqdə
məni oyandıran,
Bir tərəfdə
mən yanıram,
Bir tərəfdə
o yandıran -
Ömür neyçin belə olsun?
Çox
sualın cavabı yox,
Göydə
mələk əzabı yox,
Yerdə
məzar hesabı yox -
Ömür neyçin belə olsun?
21.10.2019
Buynuz
Payız durnam
Payız
durnam, uçub getdin,
Bir də dönüb gələrsənmi?
Sən
dönəndə mən olmasam
Ruhum ilə gülərsənmi?
Ey bizlərdən
təmiz vücud,
Könlümü ardınca uçurt.
Yerin xəzəl,
göyün bulud -
Mənzil-mənzil bölərsənmi?
Ey hər
göldən şəkər dadan,
Buluda baş qoyub yatan.
Mən
qanadsız piyadadan
Durub dilək dilərsənmi?
Nə bir
mənzil vurduq başa,
Nə
gün gördük gəlsin xoşa
Heç
qoşalar uçmur qoşa,
Tənha uçan tək sənsənmi?
O, istəyir
dönə məndən,
Gedib ki, gizlənə məndən.
O, adı
gizlinə məndən.
Bir çınqı söz söylərsənmi?
Azalıb
mehri dünyanın
Çəmi yox qeyri dünyanın.
Yolları
əyri dünyanın
Keçidlərin bilərsənmi?
Aclığın rəngi
Sərbəst
şeir
Bir
dayı vardı,
Adı Mənsur.
Deyirlər
adamın
Üzünü
gör, halını sor
O,
sütül bir oğlan,
Mən uşaq.
Amma
sözümüz bir,
Sirrimiz
bir,
Hər işdə əlbir.
Çox
sevirdi uşaqları,
Məni daha cox.
Amma
başqa idi
Zamanın
axarı
Dərd
böyük, çarə yox
Füzuli
demiş,
Dərd çox, dərman yox.
Dövran
qəvi, tale zəbun,
Aclıga varmı tabun?
Bir yandan
da
Ölüm,
ayrılıq
Bu səhər
Ayna öldü dedilər,
Ölkə
yaraşığı, ellər gözəli,
Tut
ağacının koğuşunda,
Lap erkən
yaşında,
Gözümüzün qabağında.
Bircə
tikə çörək üçün
Öldü
elin Aynası,
Sındı könlümüzün aynası.
Acından
ölənə bax,
Gözələ
bax,
Bizdən
iraq olsun,
Bu dərdi
təzələ bax,
Gör nə
rəngdədir
Aclığın rəngi.
Heyif, o
ala gözlərdən,
Dünyadan
doymayıb,
Gözü acıq.
Mənsurdan
işarə gördüm
Gözlərinin ağında.
Ölkə
Aynasız deyil,
Ata-anasız
deyil,
Ata-ananın
da
uzanan əli
yoxdur,
Desin: -
Bala,
Ala, bu tikəni
ye,
Bizə
çox sağ ol de.
Meşəmizdə
qurdlar daraşıb yarpağa,
Kişilər
güllə əkir torpaga,
Analar,
bacılar dərd çəkir,
Dərd
çox, dərman yox,
Dövran
qəvi, tale zəbun,
Aclığa varmı tabun?
Belə gündə nə məhəbbət?
Bəlkə də, qınaq idi, yasaq idi.
Bu
dövrün aşiqləri
Yəqin
ki, kama yetmədi.
Mənsur
da o gecə, gizlicə,
Tut
ağacına dəyəcəkdi,
Əli
boşdur getmədi,
Yeniyetmə
məhəbbəti dəhşət imiş
Bəlkə
zordur, zor
Kərəm
kimi od tutubdur
Dayım
Mənsur.
Qoy onu
heç görməsinlər, bilməsinlər,
Axı
indi vətən üçün,
Torpaq
üçün yanmaq olar;
Kərəm
kimi yanmaq
İndi qınaq olar.
Göz
yaşları tökülürdü birər-birər
Amma elə
işıqlıydı, gümüşüydü,
Üzündə
yaş görünmürdü,
Ağlamırdı, əriyirdi gilə-gilə.
Elə
cürə yanğılıydı
Gilələri
düşsə yerə
Çiçək üstə dönər külə.
Elə
bil ki, partlayacaq
Alışırdı
ocaq-ocaq
Qəlbi
cızdağ, ruhu cızdağ
Mənsur
üçün yaşamaq
Gün nə
üçün, ay nə üçün,
Yox, bu gecə
getsə idi görüşünə
Ölməz
idi tut ağacı
Sən də
ağla Ayna üçün
Bəs içimi yandırmayım, ah, nə
üçün?
Görməsinlər,
bilməsinlər
Gözlərini
dikdi mənə,
Öpdü
məni dönə-dönə
Bacıoğlu, salamat qal.
Deyib getdi.
Gözüm
qaldı arxasınca
Özüm
getdi, gözüm getdi,
Ay ürəyim,
sən hardasan?
Bəlkə
elə Allahımız
Özünün
cənnət ölkəsində
Birləşdirib nakamları.
Ruhları şad, üzü gülərdilər.
Bəxtəvərlər,
bəxtəvəri,
Bülbüllərdi, güllərdilər.
Eh, nə
deyim,
Gözüm
qaldı bu yollarda,
Bütün
aeroaportlarda,
Qatarlarda
gəzir gözüm,
Əsgərlərin
sırasında,
Turistlərin
arasında,
Çox
ölkənin yarısında
Qalıb gözüm.
Avtobusa
minənləri,
Düşənləri izləmişəm.
Səhv etmişəm, oxşatmışam.
Amma, yenə gözləmişəm.
Bu itkinlik
iraq səndən,
Heç almadım soraq səndən.
Sənin
adın olan yerdə
İllər
susur, ömür susur,
Zaman susur.
Bizi belə
günə salan
Canilərdə susur hələ.
Sən hardasan dayım, Mənsur?
Axtarıram,
izləyirəm,
Eh, bəlkə
də...
Oktyabr,
2019
Diri məzar
Səfasından
səfalanan,
Səfasından
şəfalanan
Bulağımız
vardı bizim,
indi
yoxdur...
Qədirbilməzlik
etmişik,
Yəqin, bizdən küsüb gedib.
Yer
altına sızıb gedib,
Öz qəbrini qazıb gedib.
Bizim
günəş ölkəsində,
Villaların kölgəsindən bezib gedib.
Adı nədir? - İstisu,
Bizi bizdən
qoparma
Ay
İstisu bulağım,
İstimizi
aparma,
Səfamızı aparma.
Müqəddəs
ocağımız,
Kim söndürdü bu ocağı?
Sən
ana qucağısan,
Soyutma bu qucağı.
Adın
qalsın deyiblər,
Bu
qarğışdı bulağım!
Şair səsləyir
səni,
Bu çağırışdır bulağım.
İnsanlağın
aləminə qayıt gəl,
Balaların qələminə qayıt gəl.
Göydə
mələklər, ruhlar yaşar,
Sən də
yerin təkində, ölməmisən dirisən,
Sən də həmin mələklərin birisən.
Sən ey
daşlı bulağım,
Daşında çiçək bitir.
Ruhumuzu ayılt gəl.
Balışa
öyrətmə bizi,
Sən ey ana qucağı.
Südün
halaldan halal,
Qayıt,
balalar gəlir,
Malışa öyrətmə bizi.
İstisu
kənd məktəbi -
Kənd
yaşadır adını,
Məktəb saxlar adını.
Öz adına qayıt gəl,
İnsanlığın həyatına qayıt gəl.
O qaynayan
quyun hanı?
Deməzlərmi,
Adın qalıb, suyun hanı?
Könlüm
mehri,
Göyün
sehri,
Yerin piri.
Dönüb geri,
Qayıt gəl...
15.10.2019
Buynuz
Musa Yaqub
Ədəbiyyat qəzeti.-
2019.- 26 oktyabr. S. 12-13.