"Qatarda"
keçilən otuz illik yol
İsi
Məlikzadənin "Qatarda" hekayələr kitabı
haqqında qeydlər
Yeni Azərbaycan nəsrinin
tanınmış isimlərindən olan İsi Məlikzadənin
yaradıcılığıyla ilk öncə universitetin
filologiya bölümünün birinci kursunda oxuyanda - 1987-ci
ildə tanış olmuşam.
Çağdaş ədəbi proses kursunu bizə o vaxt hələ
cavan müəllimlərdən sayılan Tofiq Hüseynov tədris
edirdi. "Teleqram", "Qanköçürmə
stansiyası", "Truskavetsə kim gedəcək",
"Park", "Əlaqə", "Gümüşü
furqon", "Dalanda"... Bu adları ilk dəfə
onun dilindən eşitmişəm. Tofiq
müəllimin mühazirələri orta məktəb
skamyasından ayrılıb, "nəhəng" universitet
auditoriyasına düşmüş gənclərin
qarşısında yeni düşüncə üfüqləri
açırdı. Odur ki, hər dəfə
dərsdən sonra universitetin Patris Lumumba küçəsində
yerləşən kitabxanasına gedir və haqqında
söhbət gedən yazıçıların
kitablarını hökmən alıb oxuyurdum. İ.Məlikzadənin
"Yaşıl gecə", "Quyu", "Dədə
palıd"... əsərlərilə
tanışlığım da o küçədən, o
"gecə"dən başlayıb...
Maraqlıdır ki, o vaxtacan mən milli, türk, SSRİ
xalqları və dünya nəsrinin ən ünlü təmsilçilərinin
yaradıcılığıyla bu və ya digər dərəcədə
artıq çoxdan, orta məktəb illərindən
tanışıydım. İndi nəinki ikinci, hətta üçüncü
liqa yazıçılar sayılan Ə.Hacızadə,
Əfqan, S.Qədirzadə, Ə.Babayeva, Ə.Qasımov,
X.Hasilova, R.N.Güntəkin, S.Ali, Y.Q.Qaraosmanoğlu, B.Polevoy,
L.Leonov, R.Həmzətov, A.Qədiri, S.Ayni, A.K.Vestli və daha
kimlərinsə kitablarını oxumuş, İsi Məlikzadədən
isə heç nə oxumamışdım. Nə
üçün? Yoxsa, bu istedadlı
yazıçının indi olduğu kimi, o vaxtlar da
reklamı olmayıb? Bəlkə, bu onun təvazökarlığı,
yaxud yan-yörədəkilərin etinasızlığından
irəli gəlirmiş? Bəlkə, bu
yazıçının bir-birindən maraqlı əsərlərində
indi adi görünən, amma o vaxtlar cəsarət tələb
edən tənqidi-yumoristik ruha görəydi? Bəlkə, bu, sadəcə, bəxt, tale, yazı məsələsiydi?
Bəlkə, səbəb bunların heç
biri yox, tamam başqa məsələdə olub? Bilmirəm. İstənilən
halda İ.Məlikzadə imzasına marağım Tofiq müəllimin
mühazirəsindən başladı. Və
onun povestləri, romanlarının ilk səhifələrini
çevirdiyim andanca məni təəssüf
qarışıq bir təəccüb bürüdü - bu qədər
yenilikçi ruh və axıcı üsluba malik
yazıçını indiyəcən niyə
oxumamışam? Eyni hissi bir qədər sonra Sabir
Əhmədli, Azər Abdulla kimi yazıçıların
yaradıcılığı ilə tanış
olanda da keçirəcəkdim. İnanıram ki, hər kəs
nə vaxtsa, hardasa ən azı bir dəfə
özünü "Noxud üstündə yatan şahzadə
qız" filminin qəhrəmanı kimi hiss edib - bəzən
gözümüzün qabağında olanları
görmür, kiminsə, nəyinsə ardınca
düzü-dünyanı dolaşırıq.
Odur ki,
İ.Məlikzadənin Azərbaycan Yazıçılar
Birliyi rəhbərliyi, özəlliklə də, Rəşad
Məcidin təşəbbüsü ilə "Qanun" nəşriyyatında
işıq üzü görən "Qatarda" hekayələr
kitabını yazıçının yeni nəsil oxuculara təqdimi
yolunda konkret və vaxtında atılmış bir addım
kimi səciyyələndirmək lazımdır. R.Məcidin
kitaba yazdığı "İndi hanı o dağlar"
adlı informativ və analitik məzmunlu ön sözdəki
fikirlər də bunu göstərir: "Bu il İsi Məlikzadənin
anadan olmasının 85 illiyi tamamlanır. Azərbaycan
Yazıçılar Birliyində yaradıcılığının
təbliği bir qədər diqqətdən kənarda
qalmış ədiblərimizin kitablarının nəşri
ilə bağlı müzakirələr zamanı qərara gəldik
ki, Əli Kərim və İsi Məlikzadənin
kitablarını mütləq çap edək. Yeni nəslin
bu iki sənətkarın yaradıcılığına daha dərindən
və ətraflı bələd olması üçün
onların kitablarını latın
qrafikasında nəşrə hazırlayaq. Bu təşəbbüs
AYB-nin sədri, xalq yazıçısı Anar tərəfindən
təqdirlə qarşılanıb dərhal dəstəkləndi".
Budur, yazıçının 50-ci illərin sonu
60-cı illərin əvvəllərindən ta 90-cı illərə
qədər yazdığı qırx üç hekayəni
özündə birləşdirən kitab oxucuların
ixtiyarına verilib. Amma hamının bir nəfər kimi
pamukları, dilanları, yelinekləri, kimləri, kimləri və
daha kimləri oxuduğu bir vaxtda, gəlin görək, biz dəbin
əleyhinə çıxıb, axının əksinə
üzüb, nə üçün İ.Məlikzadəni
oxumalıyıq?
Bunun bir neçə səbəbi var. Bunlardan birincisi
onun nəsr dilinin folklordan və xalq ruhundan gələn təbiiliyidir
ki, özəlliklə də bədii
yaradıcılığa yeni başlayan gənclər ondan
çox şey öyrənə bilərlər. Bunu görmək
üçün onun bəzi hekayələrinin eləcə adına baxmaq yetərlidir: "Neçə
ilin qonşuları", "Dağlarda quzu mələr",
"Bu dağlar qoşa dağlar"... Lakin əsas
məsələ sadəcə başlıqlar yox, bu hekayələrin
məzmunu və ən ümumi ruhundadır. İ.Məlikzadə 20-50-ci illərin tipik sovet
yazıçılarından fərqli olaraq xalq deyimlərini bədii
mətnə paltarın üstünə etiket kimi vurmur.
O öz hekayələrini 60-cıların bəziləri kimi
yalnız müəyyən bölgə üçün səciyyəvi
olan dialektoloji elementlərlə yükləmək və
bununla da "ağır oxunan" yazıçı olmaq
iddiasından da uzaqdır. Ümumən hər cür
aşırı sınırlara varmaqdan yan keçərək
ədəbi dillə xalq dili arasında təbii və ideal
tarazlığa nail olmaq! Onun nəsr dilinin əsas g(ö)zəlliyi bundadır. Bu
anlamda o, qızıl ortanı ən yaxşı tutan nasirlərimizdən
biridir. Bu məsələdə hara qədər getmək
və harda dayanmaq lazım olduğunu fitri dil duyumu özü
ona diktə edir:
"Hamı
dedi ki, əhsən Nəsirə. Nəsir kişidir, kişi oğludu, qohum yolunda malından da
keçər, canından da. Sonra məsləhət
belə oldu ki, Nəsiri Bakıya tək buraxmasınlar - bəlkə
kömək-zad lazım oldu ona - Abdullanın yeddinci sinifdə
oxuyan oğlu Əlibalanı da qoşdular Nəsirə. Sonra da "yol gedəcəksiniz" deyib təzəcə
dəmlənmiş aşdan ikisinə də
"partladım" deyincə yedizdirdilər".
"Cehiz güzgüsü" hekayəsindən gətirdiyim
bu parçanı xüsusi olaraq seçməmişəm. Çünki
belə seçimə ehtiyac yoxdur. İ.Məlikzadənin
demək olar ki, istənilən hekayəsinin dili məhz bu
cür - canlı, təbii, "ozan dili kimi çevik, at
ayağı kimi yüyrək"dir. Vurğunu qüvvətləndirən
təkrir (...kişidi, kişi oğludu...), fikrin sərrast və
lakonik ifadəsinə xidmət edən formul (...malından da
keçər, canından da...) nağıl-dastan dilinə məxsus
təbii keçid (sonra məsləhət belə oldu ki...),
qrammatik söz sırasını təbii qaydada pozan inversiya
(...Əlibalanı qoşdular Nəsirə...) təhkiyəyə
elə bir axıcılıq verir ki, elə bil, sazını
sinəsinə sıxıb, nəsə bir əhvalat
danışan aşığı dinləyirsən.
"Doyunca" yedizdirdilər" kimi ədəbi şablon əvəzinə
canlı dildən gələn "partladım" deyincə
yedizdirdilər" ifadəsi isə istər hadisənin
yumoristik mahiyyəti, istərsə də baş qəhrəman
Nəsirin tragikomik xarakteri ilə gözəl səsləşir.
Bu ifadəyə nə İ.Məlikzadədən
öncə, nə də sonra başqa bir nasirdə rast gəlməmişəm.
Eyni təbiiliyi yazıçı təkcə leksik yox,
sintaktik planda da saxlayır. İ.Məlikzadəni
sözün maksimalist mənasında "üslub
yazıçısı" (Flober və ya Çexov kimi)
adlandırmaq, yəqin ki, düz olmazdı, çünki onun
bədii sintaksisi ifrat süni cilalanmadan uzaqdır. Amma bu sintaksis öz ağırlığı və
pintiliyi ilə oxcunu yormur da. Məncə,
o, cümləni necə qurmaq konusunda çox da baş
sındırmayıb, çünki buna zəruri ehtiyac
duymayıb. Canlı danışıqda
olduğu kimi onun nəsrində sözlərin cümlədə,
cümlələrin mətndəki sırası
öz-özünə müəyyənləşir. Ona görə biz onun mətnlərini sadəcə
oxumur, həm də eşidirik. Səsli,
danışan, audiomətnlər kimi onların hər hansı
loqopedə ehtiyacı yoxdur. "Qatarda" hekayəsindən
gətirdiyim aşağıdakı parçada vaqon və kupe
yoldaşlarına özünü yalandan vəzifə sahibi
kimi təqdim edən Dadaşovla samosval sürücüsü
Qasım kişi arasındakı dialoq bu
yöndən səciyyəvidir:
"Dadaşov
Sabit Mirzəylə qabaq-qənşər oturub, dalğalı
saçını barmaqlarıyla daraqlaya-daraqlaya arıq
kişidən soruşdu:
- Adın
nədir, əşi?
Kişi:
- Adım
Qasımdır, - dedi.
- Yatanda səsin
çıxmır ki?
Kişi
başa düşmədi:
- Nə
buyurdunuz?
- Deyirəm,
yatanda xoruldamırsan ki?
Kişi
Sabit Mirzənin üzünə baxıb, günahını
boynuna alan adam kimi dedi:
- Deyilənə
görə, hərdən xoruldayıram... yorğun olanda...
Dadaşov
nəzərlərini kişinin hülqumlu, nazik boğazına
dikdi:
-
Yorğun niyə olursan? Daş-zad
daşımırsan ha.
Kişi
utancaq uşaq təki gülümsədi:
- Elə
daş daşıyıram, - dedi, - sement daşıyıram, qum daşıyıram... Tikintidə işləyirəm...
Samosval sürürəm... Gedirəm Bakıdan
təzə samosval gətirməyə.
Dadaşov
başını buladı:
- Bu can-cəsədnən
samosvala gücün necə çatır? Səni
samosval bu günə salıb, ay yazıq. Səhər-səhər
bal ye, qaymaq ye, nehrə yağı ye. Skeletə oxşayırsan lap".
Bu dialoqda
istər Dadaşov, istərsə də Qasım kişi o qədər canlıdır və bu
üzdən biz onları o qədər aydın eşidirik ki,
hətta hekayə əsasında hazırlanmış
eyniadlı məşhur teletamaşadan gələn səslər
də mətndən gələn səsləri batıra bilmir.
Hekayəni oxuyanda Dadaşovun sözlərini bu
rolun ifaçısı Yaşar Nurinin səsində eşidə
bilirsən. Çünki aktyor öz qəhrəmanını
məhz müəllifin nəzərdə tutduğu kimi dilləndirir,
necə deyərlər, notdan kənara çıxmır.
Amma eyni sözləri Qasım kişi
rolunun ifaçısı Hamlet Xanızadə haqqında demək
olmur. Ümumən götürəndə istedadlı aktyor
olan olan H.Xanızadənin Qasım kişi
rolunda xaric səsləndiyini hələ səksəninci illərdə
tamaşaya ilk dəfə baxanda hiss etmişdim. Hekayəni
oxuyanda buna bir daha əmin oldum. Yazıçının
başlanğıcda Dadaşova etiraz etsə də, öz əyri
işlərindən dolayı ifşa olunacağından qorxub,
finalda ram olan və səsini kəsən Qasımından fərqli
aktyor bizə mərd, sözünü axıracan deyən sadə
zəhmət adamı obrazı təqdim edir. Amma indi mənim məqsədim hamımızın
baxdığı və sevdiyi bu ünlü tamaşada aktyor
oyununa təhlil vermək deyil. Demək istəyirəm
ki, hətta bu qədər baxılan və sevilən tamaşadan
gələn xaric səslər belə, hekayədən gələn
səsləri eşitməyə mane ola
bilmir.
"Qatarda" hekayəsindən gətirdiyim bu sitat
yazıçının portret yaradıcılığı
ilə də bağlı səciyyəvi bir cəhəti
üzə çıxarır. Birincisi, o,
personajın portretini hökmən təhkiyəçinin
diliylə təqdim etməkdən adətən, imtina edir.
Digər tərəfdən isə portretin təqdimi
üçün mətndə özəl yer ayırmır.
Personajın portreti, sanki müəllif iradəsindən
kənar, süjetin təbii gedişi, yaxud dialoqlarda
"öz-özünə" meydana çıxır.
Yəni biz Qasım kişinin "hülqumu", yaxud
"nazik boğazı" haqda məlumatı birbaşa təhkiyəçinin
dilindən eşitməyib, bunu Dadaşovun gözüylə
görür ("Dadaşov nəzərlərini kişinin
hülqumlu, nazik boğazına dikdi..."), onun
cansız-cürəfəsiz olmasını yenə də
Dadaşovun dilindən eşidirik ("Dadaşov
başını buladı:.. Skeletə
oxşayırsan lap").
Bu təqdimat üsulu təkcə "Qatarda"ya deyil,
yazıçının istənilən hekayəsinə
aiddir. Məsələn,
"Ağrı" hekayəsində məktəbli Şərifin
portretinə də eyni qaydada - atası Feyruzun gözüylə
baxırıq: "Feyruz kişi çəkilib oturmuşdu
fındıq kisəsinin üstündə, tərəzinin
dalında dayanmış Şərifə fikirli-fikirli
baxırdı. Baxırdı və elə bil
indicə görürdü ki, oğlu o qədər də
yaraşıqlı deyil. Şərifin
başı da, ağız-burnu da bir balaca yekə idi".
Yazıçı təkcə insan yox, təbiətin də
portretini eyni üsulla təqdim edir. O, təbiət təsvirlərinə
özəl yer ayırmayıb, buna yeri gəldikcə
ara-sıra işarələr edir və peyzaj bütün hekayə
boyu səpələnir. Bu üzdən onun hekayələri bir
qayda olaraq peyzaj yox, bədii intriqaya birbaşa işarəylə
başlayır və bütün süjet son cümləyə
qədər bu sualın açılışına həsr
olunur:
"Görəsən, bu uşaq harda qaldı?
Arvad cavab əvəzinə köksünü
ötürdü. Fərrux yorğanı üstündən
atıb dikəldi. Ayaqlarını
çarpayıdan salladı. Xeyli sükutdan sonra
üzünü yanında uzanmış arvadına tutdu:
- Əminə, sən də bilmirsən Tahir bu vaxtacan
haralarda gəzir?
Əminə
yorğanın altında büzüşüb böyrü
üstə çevrildi:
- Bilmirəm,
kişi, bilmirəm.
- Bəs,
niyə xəbər almırsan?
- Deyir, yoldaşlarımnan imtahana
hazırlaşıram".
Bu sitat yazıçının "Oğul" hekayəsindən
gətirilib. Onun əksər hekayələri kimi, bu hekayəsinin
də nüvəsində insan və onu sınağa çəkən
hadisə dayanır. Və bu zaman zahirdə cərəyan
edən hadisə sadəcə bir fon rolu
oynayır. Yazıçı diqqətinin fokusu
isə daha çox insanın mənəvi aləmi, yəni
daxili hadisənin açılışına yönəlir.
İnsanın əsl kimliyi də məhz
daxili-psixoloji hadisənin gedişində addım-addım
müəyyənləşir. Belə bir
durum 20-50-ci illər ədəbiyyatından fərqli olaraq,
60-cı illərdə ədəbi-bədii fikrin insanın daxili
aləminə yönəlməsi kimi ümumi bir proseslə
bağlıydı və bu illərdə
yaradıcılığa başlayan İ.Məlikzadə də
bir yazıçı kimi, təbii ki, bilavasitə bu prosesdə
formalaşırdı. Odur ki, bir çox ədəbi
nəsildaşları kimi, onun da hekayələrində konflikt
daha çox daxili xarakter daşıyır,
açılış isə psixoloji planda baş verirdi.
Yəni bu hekayələrdə əsas problem
insanın nəyisə etməsi yox, dərk etməsi idi.
Elə ki, bu dərketmə aktı baş
verirdi, konflikt öz həllini tapır, açılış
gedir və hadisə öz finalına çatırdı.
Bu fakt 60-cı illərdə təkcə Azərbaycan
yox, ümumən bütün ümumittifaq ədəbiyyatı
miqyasında gedən metodoloji inqilabın - sosrealizmin öz
yerini psixoloji realizmə verməsi prosesinin alt yapısında
dururdu.
"Oğul" hekayəsinin əsl mahiyyətinə də məhz
bu proses daxilində varmaq mümkündür. Hekayənin
qəhrəmanı sosializmin qələbəsi yox, valideynlərinə
kömək üçün gecə işləyib,
gündüz oxumaq kimi ağır yükün altına girir.
O, zərbəçi fəhlə, sosialist əməyi qəhrəmanı
yox, qayğıkeş oğul, yaxşı övladdır. Ata
isə bu həqiqəti - övladının kim
olduğunu yalnız finalda başa düşür. Bilir ki,
oğlu nəinki onun düşündüyü kimi gecələr
"bəzi işlərin" dalınca getmirmiş, əksinə,
valideynlərinə (xüsusən də, infarkt
keçirmiş atasına) kömək üçün
onlardan gizli gecə növbəsində işə düzəlibmiş.
Əsl həqiqəti ata-ana ilə birlikdə
oxucu da yalnız finalda bilir və novella finalı hekayəyə
bir gərginlik, dinamizm gətirir. Odur ki,
finlada təkcə oğul atadan yox, oxucu da müəllifdən
gözlənilməz "sillə" alır və bu, hekayədən
alınan təsir gücünü önəmli dərəcədə
artırır.
Hekayədə diqqəti çəkən daha bir məqam
başlığın iki məna qatına malik
olmasıdır. Evə gec gəldiyi üçün xəstə
atasından sillə yeyən oğul fiziki,
yanıldığını anlayıb dərin
peşmançılıq çəkən ata isə mənəvi
ağrı keçirir. Fiziki ağrı cəmi
bir neçə dəqiqə, mənəvi ağrı isə
bütün ömür boyu çəkir. Ata özünün dünyaya gətirdiyi və tərbiyə
etdiyi, illərlə bir damın altında
yaşadığı doğmaca oğlunu niyə belə qəfil
tanımalı, oğlunun sözün mənəvi
anlamında "harda" olduğunu niyə bilməməlidir?
Hekayənin alt qatından boylanan müəllif
sualı budur.
"Oğul" hekayəsi öz övladlarının
harda olduğunu bilməyən valideynlərin oğul
axtarışına çıxdığı "Əhməd
haradadır?" filmiylə təxminən eyni vaxtda üzə
çıxıb və yəqin ki, bu üzdən daxili qatda
onunla səsləşir. Bir vacib fərqlə ki, filmdə təkcə
valideynlər övladın yox, övlad da valideynlərinin
"harda" olduğunu bilmir. Odur ki, təkcə
ata-ana yox, oğul da qınaq hədəfinə çevrilir və
hər iki tərəf finalda öz "payını"
alır. Hekayədə isə oğul həqiqəti nəinki
bilir, hətta bu həqiqətin yaradıcısıdır və
odur ki, finalda dərs alan yeganə tərəf
valideynlərdir. Bu ondan irəli gəlirdi ki,
filmin müəllifi Adil İsgəndərov artıq
ahıllıq yaşına dolmuşdu, hekayənin müəllifi
isə hələ gənclik çağlarını
yaşayırdı.
Müharibələr bir qayda olaraq düşüncədə
radikal inqilabi dəyişikliyə səbəb olur və tarixdə
təzə səhifə açır, yeni düşüncə
və insan doğurur. Özü də ola cavan
savaşı! 60-cıların bütün təmsilçiləri
kimi, İ.Məlikzadə də İkinci Cahan savaşı,
onun yaratdığı radikal düşüncə
inqilabından doğulmuşdu. Bu fakt onun
yaradıcılığının sözün ən
geniş və ümumi anlamında məhək daşı
idi. Müharibə dövrü
uşaqlarının bədii ədəbiyyatdakı təmsilçisi
kimi, o, yeni düşüncəni təmsil edirdi. Bu düşüncənin təmsilçiləri
köhnə qaydada yaşamaq istəmirdi və burdan da atalarla
oğullar arasında qaçılmaz konflikt yaranırdı.
"Oğul" hekayəsində də məhz
atalar-oğullar problemi əks olunub. Sadəcə,
yazıçının atası Abbas kişi
sadə zəhmət adamı (bərbər) olmasına
baxmayaraq, namaz qılan, oruc tutan nüfuzlu bir el
ağsaqqalı, zahirən nurani, daxilən mülayim adam
olduğundan və oğluna da eyni tərbiyəni verdiyindən
yazıçı hekayədə konflikti antoqonist həddə
çatdırmamış, onu həlli mümkün
anlaşılmazlıq kimi səciyyələndirmiş, final
akkordunu "happy end"lə vurmuşdu. Realist-psixoloji
yazıçı kimi İ.Məlikzadə
yaşadığını yazır, gördüyünü
çağırırdı.
Təsadüfi
deyil ki, İ.Məlikzadəyə həsr etdiyi
"Sözün ömrü qədər" adlı məqaləsində
tənqidçi Vaqif Yusifli yazır: "... İsi
Məlikzadə ilə onun təsvir etdiyi qəhrəmanlar
arasında güclü doğmalıq var. Sanki o, ömrünün
ayrı-ayrı aylarını, illərini obrazlarına
paylayıb. İsi bütün əsərlərində
özünü yaradıb". Bəlli
bir tənqidçi maksimalizmini çıxmaqla, bu, dəqiq
müşahidədir. Daha dəqiqini isə
yazıçının qızı Xatirə xanım
müsahibələrindən birində deyir: "Onun az qala
bütün qəhrəmanlarını tanıyıram. Həmişə özündən və yaxın ətrafından
yazırdı".
Mən istər tənqidçi, istərsə də
yazıçının qızından məhz bu məqamda təsadüfən
sitat çəkmədm. Çünki "Oğul" hekayəsi əsərlərinin
yumoristik ovqatı, gülüş ruhuyla seçilən
İ.Məlikzadənin həyatının ən
ağrılı məqamlarından biriylə
bağlıdır... İ.Məlikzadə ailənin
beşinci uşağı, yeddi bacının bir
qardaşı olub. Hər hansı bir azərbaycanlı
ailəsi üçün bunun nə demək olduğunu
özəl izaha, yəqin ki, ehtiyac yoxdur. O, valideynləri,
bacıları və çoxsaylı bacısı
uşaqlarının ümid və and yerinə çevrilib.
Şəhərdə təhsil alan
oğlanlarının yolunu gözləyən valideynlər ona
çiy kərpicdən ikimərtəbəli ev də tikiblər.
Sevimli övladlarının şəhərli
qızla evlənib, Bakıda qalması belə, onların bu
barədəki ümidlərini qıra bilməyib. Evin tək oğlu kimi ata yurduna qayıtmağın
vacibliyini gənc İsi özü də yaxşı başa
düşürmüş. O, ata-anasının ümidlərini
doğrultmaq üçün, hətta bir ara
Ağcabədiyə qayıdıb. Amma
dünyaya göz açdığı yerdə
rastlaşdığı ədalətsizlik, özlərini
kiçik feodallar kimi aparan rayon məmurları ilə düz
gəlməməsi, digər tərəfdən,
yazıb-yaratmaq eşqi onu yenidən Bakıya dönməyə
məcbur edib. Lakin ata-anasının
gözlərini yolda qoymaq, onların etimadını
doğrultmamaqdan doğan ağrı ("Kafka kompleksi")
yazıçıya bütün ömrü boyu daxili
rahatlıq verməyib. Yəqin, bu
narahatlıqdan xilas olmaq, yüngülləşmək
üçün o "İki günün qonağı"
adlı avtobioqrafik məzmunlu bir əsər yazaraq, kəndə
qayıda bilməməsinin səbəblərini
açıqlamalı olub.
Ata ocağına qayıdış problemi
özünün daha genişmiqyaslı əksini
yazıçının "Şehli çəmənlərin
işığı" hekayəsində tapıb. Əsgəri
xidmətini başa vurub rus qızıyla evlənən və
Rusiyada qalan Mirzə vətənə arvadı
dünyasını dəyişəndən sonra - ahıl
vaxtında, ölməyə qayıdır. Lakin gözlədiyinin əksinə vətən torpağı
ona yaşamaq əzmi, həyat eşqi verir.
Yazıçının bilavasitə şəxsi həyatı
ilə səsləşən hekayənin az
qala hər cümləsi qeyri-adi emosional təsir gücünə
malikdir:
"Çamadanın
ağırlığından bir çiyni əyilmiş,
qaşları ağ kişinin həyətə
girdiyini görəndə Güldəstənin
qıçları sözünə baxmadı - başladı
titrəməyə - havası çatmayan adam təki gözləri
dirəndi.
Ağqaş
kişi, dodaqları səyriyə-səyriyə
gülümsədi:
- Niyə
belə baxırsan? - dedi. - Qardaşınam də... Mirzə.
Dizləri
bükülhabüküldə Güldəstə: "Ay
qardaş!" - deyib bir cikkə çəkdi
ki, Mirzənin başının tükləri biz-biz oldu.
Beşcə dəqiqədən sonra qonum-qonşuya
düy vuruldu ki, rəhmətlik Salmanın oğlu Mirzə gəlib".
Hekayənin bu hissəsinə çatanda Mirzə kimi, mənim
də başımın tükləri biz-biz oldu. Görəsən,
niyə? Yazıçının qızı Xatirə
xanımın danışdığı bir olay bu epizodun əsl
mənası və qeyri-adi təsir gücünü başa
düşməyimə bələdçilik elədi... Vəfatından
bir neçə il öncə Ağcabədiyə
gələn İ.Məlikzadə iflic keçirir və
qırx gün yataqdan qalxmır. Böyük
bacısı Fizzə - "İlahi, qardaşım yerisin,
dizin-dizin sürünüb, onun ayağı dəyən yerlərdən
öpəcəm" - deyə əhd edir. Qırx gündən sonra çətinliklə olsa
da, yataqdan qalxan yazıçının qolundan tutub evdən həyətə
çıxarırlar. Bacı verdiyi vədə əməl
edir, dizin-dizin sürünərək evdən ta həyətin
ortasına qədər əziz qardaşının
ayağı dəyən yerləri duz kimi yalayır... Əlbəttə,
o bunu geri dönüb baxa bilməyən qardaşından gizli
eləyir, çünki görsə, buna heç vaxt razı
olmayacağını yaxşı bilir...
Kafka kompleksi müharibə məsələsindən
sonra İ.Məlikzadə yaradıcılığının
alt yapısında duran ikinci amildir. Odur ki,
"Oğul", "Şehli çəmənlərin
işığı" hekayələrini tam anlamaq
üçün onlara məhz bu kompleks prizmasından baxmaq
lazımdır.
***
İ.Məlikzadənin hekayələrini bir küll
halında oxuyanda iki sonuca varırsan. Əvvəla, o, əllinci illərin
sonunda yazdığı "Həsrətin sonu" hekayəsindən
90-cı illərin əvvəllərindəki hekayələrinə
qədər romantizmdən sərt, güzəştsiz realizmə
doğru 30 illik bir yol keçib. Arada "Təzə
məskəndə iki nəfər" tipli sosrealist hekayələr
yazsa da, bu, yazıçının
yaradıcılığında müəyyənləşdirici
rol oynamayıb və ötəri səciyyə
daşıyıb. İ.Məlikzadə
öz yaradıcılıq metoduna görə psixoloji-realist
yazıçıdır.
İkincisi, onun gənclik illərində yazdığı
hekayələr üçün səciyyəvi olan romantik
ovqat öz yerini tədricən şən komizm, o da öz
növbəsində tragikomizmə verərək 90-cı illərə
doğru açıq tragizmlə əvəzlənməyə
başlayıb. Bu, əlbəttə, yazıçının sadəcə
yaşının artması, şəxsi həyatındakı
olaylarla bağlı olmayıb, həm də işıqlı
kommunist ideallarına inamın zamanla aradan qalxması ("Bu
çayın suyu lilli"), zamanın üfüqlərində
ilk işartıları görünən kapitalizmin canavar
qanunlarının insan mənəviyyatına vurduğu zərbələr
("İlk qazanc"), demokratiyanın anarxiya kimi
anlaşılmasından doğan total şüursuzluq və
bunun yaratdığı vahimə ("Yaşasın
demokratiya!"), Qarabağ olaylarını öncəgörəliklə
duymaq ("Bir göyün altında") və sair kimi
sosial-mənəvi və siyasi-tarixi amillərlə
bağlı idi. C.Oruellin diliylə desək, gələcəyə
dair ancaq bəd xəbərlər gəlirdi və bu, hətta
İ.Məlikzadə kimi optimist yazıçının belə,
yaradıcılığına öz pessimist təsirini
göstərirdi.
***
İ.Məlikzadənin hekayələrnin əsas məkanı
60-90-cı illərin Azərbaycan kəndi, əsas qəhrəmanları
sadə kənd adamları, şəhərdən kəndə
gələn ziyalılardır. İ.Muğanna,
S.Əhmədli və digər ünlü kənd nəsri
yaradıcıları sırasında onun öz yeri, öz
mövqeyi var. Onun hekayələri müharibənin
dağıntılarından çıxmış kənddəki
güzəran sorunlarının doğurduğu mənəvi
aşınmalar, əxlaqi təbəddülatları bir
güzgü kimi göstərir. Özü
də burda söhbət tarix dərsliklərindən fərqli
olaraq hadisələri zahirdən yox, daxildən əks etdirən,
onun mahiyyətinə nüfuz edən güzgüdən gedir.
Aristotelin dediyi kimi, tarixi hadisələri ədəbiyyat
tarixin özündən daha dərin əks etdirir. Hadisə və insanların daxili aləminə
nüfuz etməklə şərtlənən bu sadə dərinliyi
"Qatarda" kitabındakı əksər hekayələrdə
gördüm. Odur ki, bu
"Qatarda"kı yolçuluğumdan məmnun qaldım.
İnanıram ki, onun sərnişini olsanız,
siz də məmnun qalacaqsınız.
Əsəd CAHANGİR
Ədəbiyyat qəzeti.- 2019.- 26 oktyabr. S. 13-14.