LO

Canlı roman

 

Hövsələm daralmışdı. Düşüncələrimdə dolaşıqlıq vardı. Ürəyim az qalırdı qopub yerindən çıxsın. Bayaqdan əlimdəki iki kəlməlik teleqramı irəli-geri neçə dəfə oxumuşdum. Ayrı vaxt tamam başqa, doxsan doqquz faiz xoş ovqat yaradan bu sözlər indi boğazıma ilişib qalmışdı. Bilirdim ki, qardaşımın Qazaxıstandan göndərdiyi teleqramdakı "Gəl görüşək!" çağırışı taraz söhbətə oxşamır, qəribçilikdən, nisgildən-zaddan doğan umsuq deyil. Qardaş mənimdi, içinə-çölünə yaxşı bələd idim, su xirtdəyinə çıxmayınca özünü dartıb duracaqdı. Tərs oğlu tərs, canını dişinə tutub dırnaqları ilə cırmaqlaya-cırmaqlaya quyunun dibindən çıxardı, amma kimsəni köməyə çağırmazdı. O qədər hoqqalarını görmüşdüm ki... Qardaşımın elə uşaqlıqdan kişilik haqda öz yasaları vardı. Hər "xox" gələnin qarşısında şalvarını batıranlardan deyildi. Dünənki məktub nə idi, bugünkü teleqram nə? Məktubla teleqramın ayrı-ayrı ünvanlardan yazılması da şübhə doğururdu. Məktub Balxaş şəhərindən gəlmişdi, özü də çox arxayın yazılmışdı. Hər şey yalnız və yalnız "yaxşı" idi. Bu "yaxşı"nı  "əla" kimi də başa düşmək olardı, çünki qardaşım həmişə "əla" əvəzinə də "yaxşı" kəlməsini işlədirdi. Elə-belə məni uzaq yola vurmazdı.

Həyəcan iki ay qabaq başlamışdı. Çernobıl Atom Elektrik stansiyasında partlayış baş vermişdi və işin tərsliyindən, qardaşım da bu lənətlənmiş şəhərdə hərbi xidmətdə idi. Bütün dünya Çernobıldan danışırdı. Təcrübəsizlikdən çoxları kimi, mən də ilk günlərdə partlayışın nə boyda faciə törətdiyini, törədəcəyini axıra qədər anlamırdım. Elə bilirdim, təhlükə üç-dörd günə sovuşub gedəcək. Hətta Xirosima, Naqasaki barədə eşitdiklərimiz, oxuduqlarımız, gördüklərimiz təhlükənin miqyasını və dəhşətini anlamağa bəs eləmirdi. Günlər keçdikcə Çernobıl şüası kimi yayılan yeni-yeni xəbərlərlə qulağımız dolurdu.

Həmin günlərdə atam, anam, ailəlikcə hamımız biri-birimizə dəymişdik.  Çernobılla heç cür əlaqə qura bilmirdim. Ümid qalırdı ancaq qardaşımın insafına. Gərək  nigaran qalmış bir qoşun qohum-qardaşı düşünəydi, özü qımıldanaydı. Yəni bir məktub da yazıb göndərə bilmirdi?

Atam mənimlə bir neçə dəfə telefonla danışsa da, səbri çatmamışdı, şəhərimizdən durub dikəlmişdi Bakıya sarı. Biz görüşəndə  birinci dediyi bu oldu:

- Bədbəxtin balası ayağını hara qoyursa, bir qal qaldırır.  

Bilirdim, atam nəyə eyham vurur. Qardaşım doğulandan sonra anam zahılıqdan pozulub yatağa düşmüşdü, uzun müddət xəstə yatmışdı, neçə xəstəxana dəyişmişdi, heç özünü cəmləyə bilmirdi. Beşcə yaş böyük olsam da, neçə il dəcələ əməlli-başlı analıq etmişdim. Anamın buyruğu, atamın köməyi ilə onu yedirtmişdim, yatırtmışdım, yanını, əskilərini yumuşdum, oynatmışdım, kürəyimdə, boynumda gəzdirmişdim, başını qatmışdım, sonralar məktəbə aparmışdım, dərslərini hazırlamağa kömək etmişdim. Bəlkə də, elə buna görəydi ki, atamdan da, anamdan da daha çox mənə bağlı idi. Öldürsəydilər də, sirrini başqa heç kəsə açmazdı. Ürəyinə dammışdı - nədi, əsgərliyə gedəndə söz vermişdi ki, bərkə düşsəm, doğrusunu təkcə sənə bildirəcəyəm.

Atam qardaşıma atasının adını qoymuşdu: Qarakişi. (Bəri başdan deyim ki, romanda istər sıravi adam olsun, istər tanınmış, fərqi yoxdur, hər kəs öz adı ilə iştirak edəcək. Hərdən qələm təxəyyülə uyub cızıqdan çıxır deyə, kiçik çevrələrdə gəzib-dolaşan bəzi adamların adından ola bilsin, iki-üç hərfi dəyişdim. Axı onlar kağız üzərində tam özləri deyil, bir az yazıçı qələminin sığalını görüblər. Hadisələr uydurma olmadığı üçün adamların da adı əslindən uzaqlaşmamalıdır. Söhbətlərdə "Adını çəkmək istəmirəm, bir nəfər vardı..." prinsipini qətiyyən qəbul etmirəm. Bir də düzü, ayamalarla işim yoxdur, qabaqlar da heç kəsi yazıma başqa adla gətirməmişəm. Çünki hər bir şəxsin ədəbi qəhrəman olmaq şansı var, o fürsəti niyə korlayaq ki? Bu əsərdəki adamların, vaxt gələcək, heç biri həyatda olmayacaq, bax, o zaman onların əbədi  ruhlarının narahat olacağı məni qorxudur). Ancaq bu ad uşaq adı olmadığına görə hamı onu "Qara" deyə çağırırdı. Onun kişi olmağına hələ çox vardı. Atam, anasını doğulanda itirmişdi, altıaylıq olanda isə atasını qan düşmənçiliyi üstündə öldürmüşdülər. Düzdür, atamın hikkəli nənəsi Məşədi Zeynəb oğlunun qırxı çıxmamış pul basıb tək balasının qatilini türmədə aradan götürtdürmüşdü, qanını almışdı, ancaq ölənəcən ürəyi soyumadı. Özü demişkən, bəxtəvər vaxtlarında varlı-karlı atası əziz-bircə qızını dəvə belində Məşhədə aparanda ağlına gəlməzdi ki, qabaqda onu qara günlər gözləyir. Hökumət dəyişir, ata, ər, gəlin, oğul ölür, o, nəvəsinə babalıq, nənəlik, atalıq, analıq eləyir. Məşədi Zeynəb nənəmin surəti apaydın gözümün qabağındadır. Çopur arvad idi. Xırda dənələri olan uzun təsbehi vardı. Tənbəki eşib çubuq çəkərdi. Çubuğu damağından düşməzdi, başının üstündən tüstü seyrəlməzdi. Ata tərəfdən yeddinci babama qədər ulularımızın hamısının adını bir-bir sadalardı və onların törəmələrini dəyişik salmazdı. Döşəkçənin üstündə oturub bir ayağını uzadanda ondan daha çox xoşum gəlirdi. Ayağa durub beli bükülü gəzəndə isə pərt olardım. Çünki bilirdim ki, oğlu öldürüləndə beli sınıb, o vaxtdan qəddini dikəldə bilmir. Qan düşmənlərimizi tanıdığımdan onlara qarşı içimdə kin bağlayırdım. Qoca nənəm elə bil bunu duyduğundan hərdən deyirdi: Dəlilərlə (qan düşmənlərimizlə) qurtarmışıq. Nə onların bizə, nə də bizim onlara qan borcumuz qalıb. Bizə yaxın düşə bilməzlər, siz də qırılmışlardan gen gəzin. Bu "siz"in içində mən də vardım, balaca qardaşım da. Qardaşım üç yaşında olanda Məşədi Zeynəb nənəm böyüklərimizin yanında deyərmiş, Qara babasıdır ki, var. Onun kimi kür olacaq. Arvadın ağzı fal imiş, Qara, doğrudan da,  ipə-sapa yatmazdı.

Məktubundan sonra sakitləşmişdik. Yazırdı ki, Çernobılda yeraltı hərbi bazada işlədiyim üçün az şüa almışam, qorxmayın. Ancaq on beş gündən artıq şüalanma zonasında qalmağa icazə verilmədiyindən məni Qazaxıstana atıblar. Hərbi hissəmiz Balxaş gölünün ətrafındadır. İndi buraların yaxşı vaxtıdır. Bir azdan göldə çiməcəyik.

Atam evimizə qayıdandan dörd-beş saat sonra teleqram almışdım. Əvvəl istədim təcili atama xəbər verim. Sonra fikrimdən vaz keçdim. Axı, bilirdim ki, qardaşım sirrinin, hətta atam olsa belə, başqasına açılmasını istəmir. Və onu da bilirdim ki, Allah məni sirr saxlamaq üçün yaradıb.

Bilet alıb təyyarəyə minəndən sonra ağlım başıma gəldi, bədənimi soyuq tər basdı. İlahi, Qaranın başına bir iş gəlsə, ata-anama nə cavab verəcəyəm? Xəbərsiz-ətərsiz baş alıb gedirəm uzaq bir yerə. Kimə, nəyə arxayınam? Bəlkə doğrudan da qardaşımla son görüşə gedirəm. Allah bilir, onu nə şəkildə görəcəyəm. Artıq geri çəkilməyin yeri deyildi.

Qara ilə ana-bala kimi bir çarpayıda yatardıq. Qəhrəman olmaq istəyirdim. Qardaşımı yatırdıb cumardım şirin xəyallara. Xəyallarımdan birinin süjeti beləydi: Uzaq keçmişdir, qılınc-qalxan zamanıdır, dar ağacından asılmaq hələ dəbdədir. Uzun illər düşmənə qarşı vuruşandan sonra əsir alınmışam. Meydanın hündür yerində dar ağacı qurulub. Carçılar bütün şəhəri meydana yığıb. Bir azdan düşmən əsgərləri məni əli-qolu bağlı dar ağacının dibinə gətirir. İzdiham uğuldayır. Xalq öz içindən çıxmış qəhrəmanını üzdən yaxşı tanımadığından pəncəsi üstə qalxaraq boynunu uzadıb dar ağacının altına gətirilmiş nəhəng oğlana baxır, dərindən ah çəkir, için-için ağlayır, göz yaşı tökür. Xəyalımın ən maraqlı yeri onda gəlirdi ki, aylardır üzünü görmədiyim sevgilim adamları yara-yara gəlib dar ağacının önündə mənimlə göz-gözə dayanır. Hadisənin bu hissəsi mənə çox ləzzət verdiyinə görə və bəlkə, qəhrəmanlığı bir gözəl qızın ucbatından uydurduğumdan dəqiqələri uzadıram. İki sevgilinin baxışması onsuz da dünyanın ən gözəl görünüşlərindən biridir. Birdən öz-özümə deyirəm ki, izdiham nə qədər istəsən sənə, sənin sevgilinə tamaşa edə bilər, ancaq cəlladlar gözləmir axı, tərpən, hadisəni sürətləndir. Bəli, kəndiri boğazıma keçirdirlər. Son söz demək zamanı gəlir, icazə versələr də, verməsələr də... Qəfildən qışqırıram: Yaşasın... Qara diksinib yuxudan oyanır, yerimizin içində oturur. Demə, səsimi başıma atıbmışam. Dikəlib çiynini qucaqlayıram. Gözünü ovuşdura-ovuşdura soruşur:

 

- Niyə qışqırdın?

- Yuxu görürdüm.

- Qorxdun?

- Yox, gəl yataq!

- Yuxunu mənə danışarsan.

- Yaxşı.

Yerimizə uzanırıq, bir azdan yuxuya gedir. Əhvalatımı təzədən uydurmağa başlayıram və hər gecə nağılım yuxuya getdiyim yerdə yarımçıq qalır.

Başımdan qara-qura fikirlər çəkilmir. İlahi, birdən gedib Qaranı tabutda görsəm? Bəlkə, tabutun qapağı mıxlanmış oldu, heç məni onun eybəcərləşmiş cansız cisminə yaxın buraxmadılar? Axı belə bir şeyi həyatda görmüşdüm. Əfqanıstandan iki rus əsgəri Tubu xalamın hərbi xidmətdə olan böyük oğlu İlkinin tabutunu gətirmişdi. Xalam nə qədər ağlayıb-sızlasa da, özünü didib-dağıtsa da, əsgərlər tabutun qapağının açılmasına imkan vermədilər. Dəmir tabutun qapağı qaynaqla yapışdırılmışdı.

Ertəsi gün meyit qəbiristanlıqda dəfn olundu, əsgərlər gəldikləri yerli hərbi komissarlığın maşınına minib getdilər. İlkinin qırxını yola verəndən sonra hirsi-hikkəsi soyumayan xalam acıqlı-acıqlı "iynəynən gor qazacağını" deyib, yaraqlı-yasaqlı əri Mahmudla şəhərimizdən xeyli uzaqda olan qəbiristanlığa yollanır. Qəbri açırlar, xalamın əri dəmirkəsənlə, ağır çəkiclə tabutun qapağını kəsib-qırır və...

Və Allah sən saxla, tabutda İlkinin əvəzinə içəriyə bərkidilmiş iki uzun dördkünc daş görürlər. Tabutun ağzını örtüb qəbri torpaqlayırlar.

Bu hadisəni anamın atama danışdığını eşidəndə ətim ürpəşmişdi, tüklərim biz-biz olmuşdu, qorxmuşdum. Ancaq Tubu xalam tabutda daş görəndə əl açıb oynayır, dəli kimi o yan-bu yana qaçırmış. Bir neçə gün sonra rayon hərbi komissarlığı məzarın üstünü götürtmüşdü. Başdaşında beşguşəli ulduz olan qəbir başqa qəbirlərdən seçilirdi. Ancaq nə xalam, nə anam, nə də bizimkilərdən heç kəs nişanəyə yaxın durmurdu. Qara bayramlarda  fatihə səsi eşitməyən bircə o qəbir idi. Gendən görəndə kövrəlirdim. Xalam oğlunun soyadının, adının və atasının adının üstünə qara rəng çəkilmişdi. Sovet hökuməti dağılandan sonra günlərin bir günü xalamın əri xəlvətə salıb yalançı qəbri uçurdacaqdı və yerini hamarlayacaqdı. Xalam tez-tez deyirdi ki, İlkin ölməyib, əsir düşüb, gec-tez qayıdıb gələcək.

Təyyarədən yerə endim. İkinci dəfəydi gəlirdim, Alma-Ata ilə tanışdım. Məşhur Alma-Ata hadisələrindən qırxca gün sonra Moskva baş qatmaq üçün Qazaxıstanın paytaxtında Sovetlər Birliyində yaşayan gənc yazıçıların festivalını keçirirdi. Mən də çağırılanların arasında idim. Onda şəhər gərgin günlərini yaşayırdı. Adamların üzündən-gözündən qayğı, əzab, nigarançılıq, qəzəb, nifrət yağırdı. Moskva səhv addım atmışdı. Respublikanın rəhbəri Kunayevi işdən çıxarıb, yerinə rus Kolbini gətirmişdi və xalqı yerindən oynatmışdı. Narazılıq üsyana, ixtişaşa çevrilincə ordu işə qarışmışdı, qazaxlara amansızcasına divan tutulmuşdu. Ölənlərin, itkin düşənlərin, yaralananların sayı hələ də dəqiqləşdirilməmişdi. Zərərçəkənlər barədə bizimlə ünsiyyətə girənlərin hərəsi bir rəqəm deyirdi.

Tədbirin açılışı öncəsi Leninin abidəsi qarşısına qoyulası əklilin qulpundan yapışmaqdan birinci mən imtina etdim. Çünki faciə İliç meydanında törədilmişdi. Yaxamı kənara çəkməyim elə yekə göründü ki, başqa respublikalardan gəlmiş gənc yazıçılar da irəli durmadı. Əklili təşkilatçılar özləri götürməli oldu. Həmin məkanda xronika üçün bizim hadisəyə münasibətimiz kinolentə alınanda da hökumətin xeyrinə yönlü çıxış eləyən olmadı, günahkarlar üstüörtülü şəkildə olsa da, pislənildi. Ancaq bir nəfərin mənə yaxınlaşıb təhlükəsizlik orqanının işçisi olduğunu bildirərək özümü "nümunəvi" aparmamağım barədə irad tutması göstərirdi ki, ciddi nəzarətdəyik.

Küçədə yerli gənclərin gözlərindən qəzəb, kin yağırdı. Kiməsə ilişməyə bəhanə axtarırdılar. Mən də onların gözündən yayına bilmədim.

Gürcü şairəsinə hədiyyə verilmiş dombranı küçədə dınqıldadanda oğlanlı-qızlı bir dəstə qızmış gənc bizi aralığa aldı. Guya onların çala bilmədiyimiz qədim musiqi alətini aşağılayırdıq. Dünənki ağzısulu uşaqlar siyasi rejimə etirazlarını belə bildirirdilər. Eşşəyə gücləri çatmırdı, palandan yapışmaq istəyirdilər. Hər halda bunun adı "milli oyanış" idi.

Oğlanlardan biri yumruğunu düyünləyib üstümə yeridi. Yaxşı ki, özümü itirmədim, yoxsa qızın yanında döyülüb biabır olacaqdım, onlara "qardaş" deyib Bakıdan gəldiyimi bildirdim, tələm-tələsik hamımızın bir kökdən olmağımızdan  dəm vurdum. Alma-Ata hadisələrinin Bakıda bomba kimi partladığını dilimə gətirdim. Bir anda dostlaşdıq və mehriban ayrıldıq. Aydınca hiss elədim ki, ilahi, qazaxların indi dosta nə qədər böyük ehtiyacları var.

Təxminən iki saat sonra qardaşımın xəstə yatdığı Priozyorsk şəhərindən keçən Alma-Ata - Pavlodar avtobusunda yerimi bərkitmişdim. Səhərdi. Axşam mənzil başına çatmalı idim. Avtobusumuz uzanıb gedən ucsuz-bucaqsız çölləri keçdikcə mənə elə gəlirdi, haçansa buralarda olmuşam. Bəlkə, bu ondandı ki, açıqlıqda, düzənlikdə doğulub böyümüşdüm, ruhum genişliyi sevir. Başqa bir səbəbsə heç vaxt yerə, zamana görə sıxılmamağımdı. Uşaqlıqdan gecə-gündüz, yaz-qış, fərqi yoxdur, harda olsam, ora tez uyğunlaşmışam. Hərdən uzaqlarda olanda özümə qəribə gəlib, doğrudanmı, evimiz,  atam-anam, dost-tanış üçün darıxmıram? Bu qədər daşürək olmaq olar? Mənə çox "soyuqsan" deyiblər. Ancaq mən heç haranı, heç kəsi uzaqda bilməmişəm.

Qazaxıstanın ilan mələyən çölləri, sanki haçansa gəzib unutduğum yerlər idi, indi yaddaşımda yavaş-yavaş canlanırdı.

Nənəm birində yarıtmazlıq, ölüvaylıq görəndə qınaq edərdi:

- Bu zalım oğlu "Dünyaya urus gəldi" bilmir.

Deyim Rusiyanın Azərbaycanı özünə birləşdirdiyi XIX əsrdən qalmışdı.

O, bu sözləri mənim üçün də deyib. Sonralar anam xatırlardı, nənəm hərdən dalımca gileylənərmiş ki, görəsən, bu uşağın axırı necə olacaq? Qaradan ürəyim arxayındır, amma bundan bərk nigaranam. Adımızı batırmasa yaxşıdır.

Nənəm özü deyərdi ki, on altı yaşında boynuna uşaq düşüb. Onun oğlu, - yəni babam atamın doğulduğu 1928-ci ildə öldürülüb. Babamın 20-24 yaşında evləndiyini götürsək, o hesabla nənəmin təvəllüdü təxminən 1890-91-ci illərə düşür. Ancaq Sovet dövründə verilən pasportda doğum tarixi 1882-ci il yazılmışdı. Nənəm uşaqlığından çar hökumətinin gücünün zərbini görmüşdü. Bilirdi ki, kafir padşahla zarafat eləmək olmaz. Yoxsa torpağını torba ilə daşıtdırar.

1830-cu illərdə Mərkəzi Rusiyadan velikoboblar, malakanlar imperiyanın ucqarlarına sürgün ediləndə (söhbətə bax e... Qafqaz sürgün yeri... Qafqazdan sürgün yeri olar? Qafqaz yemək-içmək, kef, istirahət yeri, arıq eşşəyin yaylağıdır. Bura sürgün yeri olsaydı, dədə-babamızı niyə Sibirə göndərirdilər? Elə öz yerimizdə oturub zurnamızı çalardıq da) yeri-yurdu dağıdılan nəsillərdən biri də bizim nəsildi. Nənəm ata-babasından eşitdiyini danışıb deyirdi ki, Qız meydanı  yaylağında sürgünə gələnlərlə yerlilər arasında örüş, su üstündə narazılıq düşür. Bizimkilər "yersiz gəldi, yerli qaç"a dözə bilmir. Hətta vurub rəqiblərin böyüyünün ağzının, burnunun qanını biri-birinə qatırlar. Yer yiyəsiz deyilmiş. Gəlmələr çarın adına şikayət məktubu göndərir. Müraciət cavabsız qalmır. Peterburqdan buyruq göndərilir. "Onları" (yəni nəslimi) elə yerə sürün ki, səhərdən axşamacan başları su tapmağa, su gətirməyə qarışsın.

Dördüncü babam İman at belində Tiflisə gedib Canişinlikdə neçə qapı döyürsə, xeyri olmur, kor-peşman, əli ətəyindən uzun qayıdır geri.

Avtobusumuzun qabağına nə çıxırsa, sürəti azaldır, xəyaldan ayılıram. Oturduğum yerdəcə gərnəşirəm. Demə, qarşımızı kəsən beş-altı at imiş. Qıvraq, qızılı atlardır. Minib düzənlikdə belədən-belə çapasan. Uşaqlıqda yük atının belinə qalxmışam. Atamla dostunun kəndinə qonaq gedəndə ev yiyəsinin kökəlib yanı-başı çıxmış, tənbəl, ağır yerişli, rəngi boz-bulanıq yabısını at adı ilə minmişəm. Ancaq  gəzintimdən heç bir ləzzət anlamamışam. Bəlkə, ona görə ki, onda yadıma at düşmürdü. Mənimki atamın üçtəkərli motosikli idi. Qara ilə həmin o motosikllə nə oyunlar çıxardardıq. Motosikl də ata oxşayır. Qardaşımı gah tərkimdə, gah böyrümdə oturdub, "səmənd"i qəfil yerindən tərpətməklə tozanaq qaldırardım. On üç yaşımda işdən macal tapmayan, altında "Moskviç" olan atam sürücülük eləməyimə icazə vermişdi. Miniklə bəzi ev işlərinə köməyim dəyirdi. Amma daha çox öz kefimə sürürdüm. Qara da, dediyim kimi,  quyruğumda. Yaz vaxtı şəhərimizin arxasındakı geniş çəmənlikdə kaskadyorluq edirdim. Motosikli saatda 70-80-lə sürüb qəfildən əyləci axıra qədər basaraq rulu tam sola burmaqla yerimdə burulğan kimi çevrə cızırdım. Yaxud motosikli nisbətən dik təpənin başına qədər dırmaşdırıb at kimi şahə qaldırırdım. Qara da çox istəyirdi ki, mənim elədiyimi eləsin. Ancaq ayaqları sürət ötürücüsünə, əyləcə çatmırdı.

Sürücü şıltaqlığımın bitən gününü xatırlayıram. Motosikli torpaq yolda sürürdüm, Qara beşiyə oxşayan lülkada ayaq üstə dayanıb çiynimdən yapışmışdı. Birdən çökəyə düşdük, onda gördüm ki, qardaşım özünü saxlaya bilməyib uçdu və düşüb yolda qaldı. Özümü çatdıranda hərəkətsizdi, silkələdim, tərpənmədi. Qulağımı sinəsinə qoydum, bir az ağlım üstümə gəldi. Ürəyi döyünürdü. Yəqin, qardaşımı yer tutmuşdu. Qucağıma qaldırıb motosiklə qoymaq istəyəndə ayıldı və ufuldaya-ufuldaya sol əlini sağ çiyninə apardı. "Buram göynəyir" - dedi. Köynəyinin yaxasını açdım. Özü köynəyini soyundu. Çiyni yerə sürtünüb möhkəm sıyrılmışdı. Cib dəsmalımı çıxarıb qanını sildim. Qorxulu bir şey yox idi. Söz qoyduq ki, bu barədə heç kəsə bir kəlmə deməyək. Hadisədən sonra Qara nə qədər məni qızışdırmaq istəyirdisə də, özümdən çıxmırdım, daha motosikli ehtiyatla sürürdüm. Hətta o məni "qorxaq" adlandırırdı, cırnadırdı, eynimə almırdım.

Bir yaz günü yenə Qaranı yanıma alıb dəmir yolu boyunca uzanan torpaq yolda qaza basmışdım. Kefimiz yuxarı idi. Birdən köməyə çağıran sarıpaltarlı dəmiryolçuların qışqıraraq bizə papaq yellədiyini gördük. Yaşlı adamlarla ünsiyyət qura bilmədiyim üçün karıxıb özümü itirdim, ancaq Qara  komandirim kimi dəmir atımızı onlara doğru sürməyimi əmr etdi.

Fəhlələrə yaxınlaşanda dörd nəfər qollarını xərək eləyib üstünə uzatdıqları qonşumuz Əliməmməd kişini bizə tərəf gətirirdilər. Motosikli saxlayan kimi, Qara cəld yerə tullandı, nə baş verdiyini anlamağa çalışırdıq. Fəhlə qurşaqdan aşağı qanın içində idi, şalvarının balaqlarından qan damcılayırdı. Onlardan kiminsə bizə dediyi iki cümlə ilə hər şey aydın oldu. Əliməmməd kişi dəmir təkər üstə gəzən ağır təmir arabasının altında qalmışdı, qıçı qırılmışdı. Dəmiryolçular bizdən icazə almadan yaralını motosiklin lülkasına yerləşdirdilər. İki nəfər irəli yeriyib biri tərkimdə, biri ehtiyat təkərinin üstündə əyləşdi, Qara qucağımda oturdu. Yol boyu yaralı dayanmadan zarıyır, ah-uf eləyirdi.

Biz Əliməmməd kişinin həyətinə girib dayanan kimi yaralı "Yetim qalan balalarım, vay!" deyib ucadan hönkür-hönkür ağlamağa başladı. Həyətdə onun arvadından, üç-dörd iri qızlarından başqa qonum-qonşudan da qadınlar vardı. Elə bil bizi gözləyirdilər. Qıy-qışqırıq başladı. Fəhlələr yaralını götürüb evə sarı aparanda bir qadın söyə-söyə üstümə cumdu, yaxamdan yapışıb dartdı, elə bilmişdi ki, xəta bizdən keçib.

Qaranın yaşına yaraşmayan sərt səsi gəldi:

- Onu biz vurmamışıq!

Qadın əl çəkib, ağlaya-ağlaya yaralının dalınca getdi. Həyətdə ikimiz qaldıq. Motosikl qan içində idi. Evə belə getmək olmazdı. Şəhərimizin ayağında yağış suyundan yaranmış gölməçənin yanına sürdük. Qana baxa bilmirdim. Qara işə girişdi və laxtalanmış qanı ovuc-ovuc götürüb yerə tökdü. Həvəslə arabamızı yuyub, silib quruladı. Hiss edirdim ki, qürurlanır, özünü xilaskar kimi aparır. Qoy aparsın, əsas o idi ki, təmizə çıxıb rahat nəfəs aldıq. Milisə ilişsəydik, başımız ağrıya bilərdi. Axı, motosiklimizin çox macəraları vardı.

Qara anadan olan ili atam bu motosikllə ətraf kəndlərin birindən qayıdırmış. Yolda qarşısına bir oğlanla bir qız çıxır. Cavanlar əl eləyib atamı saxladırlar və xahiş edirlər ki, onları Bakı-Tiflis yoluna çıxarsın. Atam cavanların istəyini yerinə yetirir. Həmin günün ertəsi milislər qapımıza tökülüşdü. Səhərdi, təzəcə yuxudan durub piş-pişimi eləyəndən sonra həyətdə özümü günə verirdim. Milisləri görüb döyükdüm. Milislər həyət-bacaya göz gəzdirirdilər. Böyükləri məndən soruşdu:

- Atan evdədir?

- Yox! - Cavab verdim.

- Bəs anan necə?

- Evdədir, çimir.

Milislər qımışıb bir-birinə baxdılar və çıxıb getdilər. Anam çimib çıxandan sonra əhvalatı ona danışdım. Narahat oldu ki, görəsən, nə baş verib? Həm də milislərə verdiyim cavabdan utanıb qızardı.

- Yad adama, "Anam çimir" deməzlər. Ondansa deyərdin, anam evdə yoxdur, nənəmi çağırım.

- Nənəmi soruşmadılar - deyə ona qısıldım.

Axşam xəbər çıxdı ki, milislər atamı işdən aparıblar. Özü də bilmədən qız qaçırılmasında iştirak edibmiş. Sevgililər xalaoğlu, xalaqızı imişlər. Heç kəs onların bir yerdə kənddən çıxmasından şübhələnməyib. Anası qızının qaçırılmasına razı olmadığına görə şikayət veribmiş. Qız anasının qorxusundan "Məni zorla qaçırdıblar" deyib dururmuş. Nənəm işə qarışıb. Əsasını götürüb qonşunun maşınına minib, qızgilə gedib. Qızın ilan anası quyruğunun üstündə dayanıb dediyindən dönmürmüş, atamı günahkar çıxarırmış. Uzun söhbətdən sonra nənəm qızın tərs anasının qulağına nə pıçıldayıbmışsa, o, qorxa-qorxa atamdan şikayətçi olmayacağına söz verib və məhkəmədə quzuya dönübmüş. Qız dindiriləndə atam haqqında deyib: "Onun məsələyə qarışacağı yoxdur".

Və atamı məhkəmə salonundan açıb buraxmışdılar. Yəqin, nənəm qızın anasını ölümlə hədələmişdi. Onun qartal baxışları adamın yeddi qatından keçirdi, sandığında, sonradan Belçikada istehsal edildiyini bildiyim "Brauninq" silahı saxlayırdı.  Qəhvəyi rəngli cib pistoleti  atasından yadigardı. Nənəm hərdən silahı yağlayıb siləndə qımışıb deyirdi ki,  Leninə bu silahdan atəş açıblar.

Atam Qaraya lap uşaqlıqdan mehr salmışdı, çünki qardaşım özünü sevdirməyi bacarırdı, mənim kimi vasvası, adamayovuşmaz, qaraqabaq deyildi. Nə paltar alınsaydı, özünə yaraşdırardı, qabağına nə qoysaydılar, yeyərdi, hansı iş dalınca göndərsəydilər, gedərdi və işi yarıdardı.

Bilirdim, atam çevik adamları sevir, bivecləri görən gözü yoxdur, onlara qarşı barışmazdı. Həyətimizdə hərdən əlimi cibimdə görəndə üstümə bozarırdı:

- Əllər cibə qoymaq üçün deyil! Ayağına dolaşan daşı götür, bir kənara qoy!

Ayağımın altına baxırdım, həyətdə bu daşı görməmişdim, bunu bura kim atıb? Atam gedəndən sonra həmin daşın üstündə otururdum, fikir-xəyal məni aparırdı. Nə ölüvaylığım yadıma düşürdü, nə də atamın dedikləri. İçim alovlanırdı. Böyük işlər görmək istəyirdim. Amma o böyük işlər nə idi, nəyə nədən başlamaq lazımdı? Bunu bilmirdim.

Şərtləşdiyimiz kimi avtobus sürücüsü Priozyorsk şəhərinə çatdığımızı xəbər verdi. Axşam düşürdü, hava qaralırdı. Kim nə bilsin, buralara bələd deyiləm. Öz ağlıma da gəlməmişdi ki, heç olmasa sürücüdən bu şəhər haqda nəsə bir məlumat alım. Avtobus şəhərin girişindəki hərbi komendantlığın qarşısında dayandı. Düşdüm. Sən demə, bura bağlı şəhər imiş. Patrullar qarşımı kəsdilər, içəri keçmək cəhdlərim baş tutmadı. Qardaşımın xidmət etdiyi hərbi hissədən buraxılış vərəqəsi təqdim etməliydim. Bir leytenant mənimlə üz-üzə dayandı. Mənim kimi azıb bura gələnlər çox olduğundan hazır təklifləri vardı: - Gecəni iki kilometrlikdəki yolüstü Sarışağan kəndində keçirə bilərsən. Orda mehmanxana yoxdur, amma evlərdə ucuz qiymətə kirəçi saxlayırlar. Kəndin dəmiryol stansiyasında telefon qovşağı var, istəsən, bir saatdan sonra qardaşına zəng vur, danış.

Leytenantı şirnikdirmək istədim, xeyri olmadı. İçəri buraxmasa da, sağ olsun, məni ayıq saldı:

- Səni içəri buraxa bilmərik, ixtiyarımız yoxdur, ancaq qoçaq oğlanların qabağını kəsmək mümkün deyil.

 

 

Əjdər OL

Ədəbiyyat qəzeti.- 2019.- 26 oktyabr. S. 16-17.