Elnarə Akimovanın
"Düşüncə zamanı"nda ədəbiyyat
söhbətləri
"Azərbaycan
ədəbi tənqidi müstəqillik illərində",
"Yeni təfəkkür və ədəbi tənqid",
"Çağdaş poeziya və ədəbi təmayüllər"
və s. kitabların, yüzlərlə məqalələrin
müəllifi Elnarə Akimova bugünkü ədəbi tənqidimizin
təkcə fəal nümayəndələrindən biri
olmaqla qalmır, cəsarətlə deyə bilərik,
artıq neçə illərdir ki, ədəbiyyat
haqqındakı elmimizin maraq dairəsinin genişlənməsində,
metodoloji keyfiyyətinin yüksəlməsində bilavasitə
iştirak edir. Və tənqidçinin yeni
kitabına - "Düşüncə zamanı - ədəbi
tənqid diskurs kimi" - elmi redaktor Azər Turanın
yazdığı ön sözdəki belə bir fikirlə
ümumən razıyam ki, "hər şeydən əvvəl,
Elnarə Akimova yazdıqlarının örnəyində XXI
yüzil Azərbaycan ədəbiyyatşünaslığı
üçün cərəyanlar dövrünün tənqidçi
tipini yaratdı. Cərəyanların
funksionallığının ədəbiyyatımızda nə
vaxtdan müşahidə olunduğunu ilk dəfə kompleks
halında və yeni ədəbi mətnlərin təhlilləri
fonunda dövriyyəyə qatan, cari ədəbi prosesi cərəyanlara
nəzərən dəyərləndirən və bunu predmetləşdirən
tənqidçilərimizdən biri də odur".
Əlbəttə,
milli mənsubiyyətindən asılı olmayaraq hər bir ədəbiyyat
əgər inkişaf edirsə, bir tərəfdən, həyatın
mürəkkəb sosial-mənəvi əhval-ruhiyyəsinə
çoxspektrli reaksiyasına, başqa tərəfdən,
özünün ideya-estetik təkamül-diferensiasiya
qanunauyğunluqlarına görə az və
ya çox miqyasda cərəyanlaşma imkanlarına malikdir
ki, kifayət qədər zəngin tarixi təcrübəsi
olan Azərbaycan ədəbiyyatının da belə bir
imkandan məhrum olduğunu düşünmək absurddur. Lakin dünya ədəbiyyatından bu və ya digər
dərəcədə məlum olan müxtəlif cərəyanların
təzahürlərinin bizdə də axtarılıb
tapılmasına ("o əjdahadan bizdə niyə
olmasın?") xüsusi cəhd göstərmək, yaxud
birbaşa təqliddən gələn hadisələri ədəbiyyatın
orqanik faktı kimi qələmə vermək də doğru
olmazdı.
Elnarə
Akimova öz sahəsinin kamil bir mütəxəssisi olaraq ədəbiyyatşünaslığın
ümumi tipoloji məsələlərini (və ədəbiyyat
nəzəriyyəsini) nə qədər dərindən bilsə
də, onun müasir Azərbaycan ədəbiyyatındakı cərəyanlaşma
probleminin həlli istiqamətindəki
axtarışlarının əsas istinadgahı diskursdur ki, məhz
mətn "alt qatı" ilə alındığına
görə sadəcə görüntü yaradıb yoxa
çıxmır, əksinə, ideya
daşıyıcısı (və törədicisi!)
funksiyasında təzahür etməklə haqqında söhbət
açılması zəruri olan cərəyanın obyekti barədəki
dumanlı təsəvvürü yox, bütün üzvi bədii
tərkibi ilə obyektin özünü nümayiş etdirir.
Azər
Turan yazır ki, "Akimova son yüz ildə - əvvəlcə
sosrealizmin ifrat və təşkilolunmuş ateizmini, sonra
Tanrı mövzusunda bir az örtülü, bir az mübhəm
şəkildə irfana yönəlib dəyişən
poeziyamızın rakurslarını, daha sonra ən yeni ədəbiyyatımızda
"mərkəzdənqaçma tendensiyaları"nı...
elə son yüzildə yaşanmış "qlobal
miqyaslı çaşqınlığın" metafizik təzahürü
olaraq səciyyələndirdi. 90-cı illər şeirimizdə
müşahidə olunan çöküş ovqatına
dekadans təyini daha çox onun adıyla
bağlıdır... Və bunu da
xatırlatmağı vacib sayır ki, "postmodernizmin çərçivəsində
qapanıb qalmışıq".
"Düşüncə
zamanı" Elnarə Akimovanın son beş
ildə "Ədəbiyyat qəzeti"ndə dərc
edilmiş, demək olar ki, əksəriyyətini qəzetdən
oxuduğum məqalələri əhatə etsə də,
kitab mənə bir monoqrafiya səviyyəsində olduqca
bütöv, daxili vəhdətdə və mükəmməl
təsir bağışladı. Və heç şübhə
eləmirəm ki, bu, kitabın strukturu üzərində
ciddi, məsuliyyətli və xüsusi zövqlə
düşünülməklə yanaşı, müəllifin
elmi-intellektual təfəkkürünün özünün təbii
sistemliliyindən irəli gəlir: Elnarə Akimovanın
müxtəlif illərdə - XXI yüzilin
başlanğıcından bəri qələmə
aldığı ən müxtəlif ədəbi-tənqidi məqalələr
nə qədər pərakəndə, yaxud ixtiyari şəkildə
ayrı-ayrı kitablara toplansa belə, əminəm ki, həmin
kitabların heç biri eklektik görünməyəcək...
"Düşüncə zamanı"nı
bütövləşdirən konkret amillər də var ki,
onlardan biri məqalələrin yazıldığı son
beş il, o biri isə dərc olunduğu "Ədəbiyyat
qəzeti"dir.
Söhbət nəsrdən başlanır. Və ilk olaraq özünün
bütün poetik miqyası ilə məhz roman janrı
müzakirəyə çəkilir:
"Bu gün bizdə roman janrı ilə bağlı
aparılan polemikalarda daha çox şikayət, müqayisə
fərqi ilə dünya və milli nəsri
qarşı-qarşıya qoyub, üstünlüyü birmənalı
şəkildə birincinin xeyrinə həll eləmək cəhdi
öndədir.
Dünya romançılığının
çağdaş durumu və tarixi təcrübəsi hər
halı ilə bu üstünlüyü çevrələyir".
Hər cür müqayisənin nöqsanlı olması
barədəki məlum kəlamı hələlik bir tərəfə
qoyub sözügedən müqayisənin təfərrüatına
varsaq haqq-nahaq belə bir qənaətə gələcəyik
ki, bizdə roman yaradıcılığı mədəniyyəti,
ayrı-ayrı dəyərli təşəbbüsləri
çıxmaq şərti ilə, elə də yüksək
deyil. Və
"Düşüncə zamanı"nın
müəllifi bunun səbəbini ilk növbədə "məhz
ötən əsrin 30-40-cı illərində meydana
çıxan əsərlərə sərf olunmuş zəhmətin
güdaza getməsi"ndə görür. Belə
ki, "bu dönəmdə milli varlıq yad düşüncəyə,
yad kontekstə güzəştə getdi və güzəşt
ədəbiyyatı estetik hadisə doğura bilmədiyi
üçün 30-cu illər romançılığı
da bu janrla bağlı meydana bədii-estetik səviyyə
baxımından uğurlu mətn qoya bilmədi". Müəllif dəfələrlə barəsində
bəhs olunmuş belə bir mülahizəni bir daha
xatırlatmağa məcburdur ki, "yazıçılar xalq
həyatını, inqilabi səciyyəni, yeni quruculuq məsələlərini
önəmsəməyə girişdilər. XX əsrdə
(əslində, həmin əsrin əvvəllərində - N.C.) başlanan hərəkat
yarıda qaldı. Ədəbiyyat dəyərlərindən
uzaq düşdü... Milli, etnik mənlik
şüuru əvvəlcə bədii, sonra isə
ictimai-siyasi təfəkkürdə təşəkkül
tapır. 30-cu illər bu şüur hadisəsinə
qarşı yönəlmiş planlı ədəbiyyat nümunələri
meydana qoydu. Türk ordusu
işğalçı kimi təqdim olundu, islam bir din olaraq
müasirliyə zidd hesab edildi, "Müsavat"
"Daşnaksütyun"a bərabər tutuldu".
Elə
görünə bilər ki, Elnarə Akimova milli kontekstdə
roman janrının taleyi diskursundan kənara çıxıb
ümumən milli ədəbiyyatın (və hətta mənliyin!)
tarixinin həll edildiyi bir dövrə daxil olur və bu lənətə
gəlmiş dövrdən insanlıq adına
nə salamat çıxdı ki, həmin illərdə roman
kimi heç kimi maraqlandırmayan bir epik yaradıcılıq
inersiyası da xələldar olmaya? Sovet ideologiyasının
sonsuz ehtirasla öz romanını yaşamağa
başladığı bir dövrdə başqa romana yer
vardımı?..
"Düşüncə
zamanı"nın müəllifi (və
roman janrının tərcümeyi-halı) baxımından
paradoksal olan odur ki, dövr bütün ictimai-siyasi kataklizmlərilə
əsl roman dövrüdür, ancaq nə edəsən ki,
janrın (və ədəbiyyatın!) missiyasını məhz
ideologiya öz üzərinə götürür.
Yeri gəlmişkən, "milli, etnik mənlik
şüuru əvvəlcə bədii, sonra isə
ictimai-siyasi təfəkkürdə təşəkkül
tapır" müddəasının doğruluğuna XX əsrin
əvvəllərindən sonrakı vəziyyət
üçün olduqca böyük şübhə ilə
yanaşmaq lazım gəlir. Ümumiyyətlə, XX əsrin əvvəlinə
qədər bütün əsrlərin ictimai-siyasi hadisələrinin
fövqündə olan Azərbaycan ədəbiyyatının
(Nizaminin, Nəsiminin, Füzulinin, Vaqifin, Mirzə Fətəlinin,
Mirzə Cəlilin, Sabirin) həmin dövrdən sonra "əsrin
əsiri" (Anar) olduğunu görmək o qədərmi
çətindir?
Elnarə
Akimovanın "Yeniləşən nəsrin İsa
Hüseynov mərhələsi" bu sözlərlə
başlayır:
"İsa
Hüseynov Azərbaycan nəsrinin milli ruh və emosiya potensialını
özünə qaytardı... Təsadüfi
deyil, 60-cı illər nəsrinin keyfiyyət özəlliklərindən
bəhs edən bütün mətnlərdə (əslində,
diskurslarda - N.C.) İsa Hüseynovun rolu bu
yöndə xüsusi önə çəkilir, mənəvi
diriliyin, qurulan sahmanın, yeni düşüncə hərəkatının
təməli olaraq dəyərləndirilir".
Və
"Düşüncə zamanı"nın
müəllifi bir daha roman zamanının əvvəllərinə
qayıdır:
"İsa
Hüseynov yaradıcılığı elə bir dönəmdə
parladı ki, bu dönəmə qədər milli varlıq yad
düşüncəyə, yad kontekstə güzəştə
gedərdi... Amma məsələ bununla qapanmırdı ki...
Zamanın dəngəsi pozulmuşdu, sistem bir tərəfdən
sovet varlığını təcəssüm etdirmək,
dövrün epoxal hadisələrinə yeni münasibətin
bədii həllini verməyi yazıçıların
qarşısına qoyur, onlardan xalq həyatını, inqilabi
səciyyəni, yeni quruculuq məsələlərini önəmsəməyi
tələb edir (artıq qeyd etdiyimiz kimi, bu, bütün
eksperimental tərəflərilə məhz ictimai-siyasi epoxa
idi, xalqın içindən gəlmədiyinə görə
nəinki ədəbi epoxaya çevrilə bildi,
özünün ən humanist təzahüründə belə,
antiədəbi olaraq qaldı - N.C.), digər tərəfdən
20-ci illərə qədər mövcud nəsr ənənəsinin
yetişdirməli olduğu zehniyyətin qarşısını
alırdı".
Nə qədər
haqlı olub-olmamasına münsiflik etmək çətin
olsa da, Elnarə Akimova təsadüfən demir ki,
"Çingiz Aytmatov manqurtluq sindromunu ədəbiyyatın bədii
təcəssüm predmetinə çevirəndə İsa
Hüseynov soyumuz, kökümüz, baba yazımız kimi məsələləri
qabardıb ictimai düşüncəyə təsir göstərməyə
nail oldu... Odur ki, ədəbiyyatın milli
düşüncəyə təsiri məsələsi XX əsrin
əvvəllərindən sonra ilk dəfə İsa
Hüseynovun əsərlərilə start götürməyə
başladı".
Lakin
"Düşüncə zamanı"nın müəllifi
aşağıdakı mülahizələrində nəinki
tamamilə haqlıdır, eyni zamanda böyük
yazıçının yaradıcılığının
ideya-estetik (və sosial-ideoloji) mahiyyətini anlamaq
üçün çox sərrast bir retrospektiv
"diaqnoz" müəyyən edir ki, "İsa
Hüseynov güvənilən insanların pozulan mənəviyyatından,
onlara verilən imtiyazların artırılması ilə
getdikcə cəmiyyət üçün daha təhlükəli
olmasından, bu insanların milli hiss, milli düşüncədən
uzaqlaşmasından, azğınlaşmalarından ilk dəfə
yazmağa başladı... Dünənə qədər
mühitin qəhrəmanları olanlar İsa Hüseynov nəsrində
artıq antiqəhrəmanlara çevrildilər".
Müəllif
Azərbaycan nəsrində "itirilmiş zaman" sonra
başlayan "özünəgəlmə zamanı"nın daha bir mühüm faktı kimi
İsmayıl Şıxlı yaradıcılığına
(və "Dəli Kür"ə) müraciət edir. Lakin
romanın tarixi bədii dəyəri üzərində
çox dayanmayıb keçir müstəqillik illərinə:
"Müstəqillik dönəmində yazılan əsərlərdə
"Dəli Kür" romanının hansı təzahürlərini
seçmək mümkündür?" Və verdiyi sualın "qəribəliy"indən
özü də təəccüblənirmiş kimi ona
maraqlı bir "anticavab" verir:
"Zənnimcə, müqayisə oxşarlıqdan daha
çox fərqliliyə rəvac verən faktlara yol
açır.
Çünki bu dönəmin nəsri artıq
fərqli hadisədir".
İkinci
sual da ("Çağdaş
romanşünaslığımızda "Dəli
Kür"dəki hansı dəyərlərin qorunması,
prosesə ötürülməsi faktı ilə üzləşirik?")
birinci qədər "anticavab"a gətirib
çıxarır:
"Son dövrün nəsr nümunələrinə
dayaqlansaq, bizdə öz yaşam qanunları ilə seçilən
milli obraz nəzərə çarpmır. Bu obrazın sələfləri
də milli yaddaş daşıyıcıları kimi, sanki
tarixə dönmüş, funksionallıqlarını dondurmuşlar".
Və belə məlum olur ki, "Dəli Kür"
mövzusu "o zaman təsvirə çəkilir ki, cəmiyyətdə
xaos nizamı, disharmoniya harmoniyanı əvəz edir. O zaman nəsr də inersiya
ilə milli yaddaşı silkələyərək onu
ayıq-sayıq salmağa çalışır, milli
psixologiyamıza yabançı elementlərin, ünsürlərin
qovuşmasına etiraz edir".
Əlbəttə,
"Düşüncə zamanı"nın
müəllifinə irad tutmaq olar ki, o, "Dəli
Kür" diskursunda cavabdan daha çox suallar verir, hətta
demək olar yalnız suallarla kifayətlənib əsaslı
bir mövqe üzərinə gəlmir. Ancaq belə
bir irad verilən sualların doğurmalı olduğu o əsl
cavabdan biri ümumiyyətlə məhrum edərdi.
Və məqalədəki suallar üzərində
düşünə-düşünə məndə də
belə bir sual yarandı: Doğrudanmı, "Dəli
Kür"ün baş qəhrəmanının - Cahandar
ağanın özündən sonrakı Azərbaycan nəsrində
az-çox mükəmməl "paradiqma"sı yoxdur?..
Hər nə
isə...
"Bu gün tarixi roman janrına diqqət ön
plandadır.
Yalnız tarixi roman janrında deyil, çağdaş
romanlarda (təbii ki, söhbət müasir mövzulu
romanlardan gedir - N.C.) belə, əsas istiqamətverici fonu tarix
təşkil edir, hətta bir neçə zamanı bədii təcəssüm
predmetinə çevirmək meyli əsəri roman içində
roman kimi təqdim edir oxucuya"... Elə isə tariximiz niyə
qəhrəman yarada bilmir?.. "Tarixin yeni
kontekstdən oxunuşu"nun doğurduğu (və hər
cür fundamentalizmi darmadağın edən) "analitizm"ə
görəmi?.. Daha dərinlərə varmaq
sövqünün gətirib çıxardığı
mifik-kosmik düşüncənin ardınca gələn dərin
absurdluqdanmı?.. Yoxsa ruhumuzun etnos (və
epos) damarının boşalmasından?.. Elnarə Akimova hər halda bu qənaətdədir
ki, "Dəlü Kür" dəyərlərin dəyişdiyi
bütün zamanlar üçün yazılmış əsərdir.
Əsərin bu gün tarixi missiyasını
davam etdirməsi fikrimizin sübutudur". Nə
inanmağa əsas var, nə də inanmamağa? "Dəli
Kür"ün "Su sərgisi" ilə müqayisəsi
də mənə çox müəmmalı
göründü... Həmişə
cavabları ilə fərqlənən ədəbiyyat
analitikinin bu dəfə suallar xaosunda dolaşması da bir
cür axtarışdır. Və hər söyləm
cümləyə (hökmə!) çevrilmədiyi kimi, hər
diskurs da özünün mətn təzahürünü
tapmır axı... "Alt qat"ın "üst qat"dan,
"iç struktur"un "dış struktur"dan, mahiyyətin
hadisədən nə xəbəri?..
Müstəqillik dövrü Azərbaycan
romançılığının iki böyük əsəri
çox geniş müzakirələrin mövzusu oldu ki,
onlardan biri "Göz muncuğu", ikincisi "Baş"
idi. "Düşüncə zamanı"nda hər iki
əsər yüksək peşəkarlıqla təhlil edilir.
Lakin hərəsi bir rakursdan... Anarın
"Göz muncuğu"nun təhlilində, tamamilə təbii
olaraq, sosioloji üsuldan imtina olunur. Çünki
"burada zaman və insan amili ümumən, bütün -
ictimai-siyasi, mədəni-tarixi, fəlsəfi-psixoloji səviyyələrdə
özünün Varlıq məqamına tabedir və elə
bu məzmun, məziyyətlə də ciddi ədəbiyyat
faktı kimi həmişə düşündürəcək..."
Elçinin "Baş" romanında isə
"tarixi gerçəkliyin sərbəst
interpretasiyası" hakimdir. Və burada fon
nə qədər şərti-mifoloji səciyyə
daşısa da, söhbət tarixin bilavasitə
sosiologiyasından gedir.
"Baş"
romanı çıxar-çıxmaz onun barəsində
onlarca kifayət qədər maraqlı məqalələr
yazıldı, ancaq Elnarə Akimovanın yazısı mənə
elə ilk mühakimələrindən daha analitik gəldi:
"Tarix... hara qədər görünə bilər,
hansı səciyyəsi ilə funksionallıq kəsb edə
bilər kimi suallar Elçinin prozasında həmişə
öz önəmini itirib və tarixdə olmuş hər
hansı fakt elə bədii illüstrasiyada təqdim edilib ki,
daha çox bədii mətn olaraq yaşamaq səlahiyyəti
qazanıb".
"Baş"
romanını "tarixə yönəlmiş, onu dirçəltmiş
yeni missiyanın" məhsulu hesab edən tənqidçı-ədəbiyyatşünasla
mübahisə eləmək bir də ona görə çətindir
ki, doğrudan da, "Elçin Bakının kəndlərindən,
koloritindən yaza-yaza nəhayət, onun tarixinə vardı,
geniş və dərin bədii nüfuzun göstəricisi
olaraq vardı və bu yolla, əslində, XIX əsr Azərbaycanının
mənəvi və siyasi reallığına, bir qədər
də dərinə getsək, milli-genetik
boşluqlarımızın qatlarına varmağa müvəffəq
oldu".
Lakin məsələ romanın yalnız ideya-məzmun təhlili
ilə bitmir.
Və məqalə müəllifi çox dəqiq bədii
struktur analizi də təqdim edir:
"Baş" romanında bütün obrazlara məxsus
diskursların bədii təhkiyə şəkli Başın
yaddaşıdır, hər şey onun yaddaşından
keçən informasiyada nəql olunur, ya da sadəcə, hər
mühit, hər kəs öz yaddaşını, hekayətini,
keçmişini nəql edir. Nəhayətində nə baş
verir: belə kiçik yaddaş xatirələri birləşərək
mətnin özünü tarixin yaddaşına ehtiva edən
obraza çevirirlər".
Başlanğıcdan
üzvi vəhdətdə olan bu diskursu davam etdirsək görəcəyik
ki, hər cəhətdən (!) zəngin tariximizin
"Baş"da açılan, yaxud açılan kimi də
üstü örtülən XIX əsr qatı əlaqəli
və ya zahirən əlaqəsiz çoxlu sayda yarımqatdan
ibarətdir ki, hər biri öz izahını tələb
edir... Əks-təqdirdə, Rüstəm
Kamalın "aqoniya" fəlsəfəsi özünün
"mürtəce" aktuallığını heç zaman
itirməyəcək.
Elnarə
Akimova "Göz muncuğu" ilə
"Baş"ın
doğurduğu ideya-estetik təəssüratlardan
ayrılmamış müsahibini, əgər belə demək
mümkünsə, müstəqillik dövrü nəslinin
roman yaradıcılığı eksperimentləri barədəki
söhbətə dəvət edir: müzakirə obyektləri
Mirmehdi Ağaoğlunun, Şərif Ağayarın, Zahid
Sarıtorpağın, Sərdar Aminin romanlarıdır... Və
səciyyəvi haldır ki, "Düşüncə
zamanı" müəllifi söhbətə yeni nəslin
roman barədəki təsəvvürünə ən
azından zahirən ciddi görünən bir iradla
başlayır:
"Mirmehdi
Ağaoğlunun "Bu gün səbr elə" əsərini
oxuyub bitirən kimi öncə onun niyə roman adı ilə
təqdim olunması təəccübləndirdi məni. Bu ki
roman deyil, povestdir, hətta təqdim olunan hekayət nə qədər
roman yükü, roman ağırlığı daşısa
belə... Roman daha əhatəli, daha artıq insan taleləri,
zaman və məkan çevrilmələrini,
çeşidli bədii materialı qapsayan janrdır və mənim
üçün roman, ilk növbədə,
yazıçının məlum hədd-zirvə məqamı
seçib ondan aşağını seyr edirmiş kimi, əsərindəki
insan və ona aid nə varsa, onu dəyərləndirməsidir".
Hekayədən
romana (hətta epopeyaya) qədər nəsr janrlarının
iyerarxiyasını müzakirəyə çıxarmaq tək
bizdə yox, çox xalqların ədəbiyyatında (və
ədəbiyyatşünaslığında) maraq doğurur,
lakin təcrübə göstərir ki, bu cür müzakirələr
nə qədər maraqlı başlanırsa, o qədər də
maraqsız bitir, yəni heç bir nəticə hasil olmur...
Elnarə Akimovanın roman üçün müəyyənləşdirdiyi
(və janrın "klassik tərif"indəkindən də
bir az tələbkar) kriteriyaya gəldikdə
isə, nəyi nəzərdə tutduğunu daha konkret
aydınlaşdırmaq istəyirsə, gərək
barmağını bir mətnin üzərinə qoyub göstərsin
ki, mən bunu deyirəm.
Saf-çürük elədiyi yeni nəsil romanlarına
münasibətdə tənqidçi-ədəbiyyatşünasın
peşəkar tələbkarlığı ilə bərabər,
istedadlı qələm sahibinə, az-çox uğurlu
tapıntılara (hətta uğur vəd edən
axtarışlara) son dərəcə humanist, qayğı ilə
yanaşması da göz qabağındadır. Və mənə xoş gələn
bir də odur ki, Elnarə Akimova təqdim etdiyi əsərə
(və müəllifə) kənardan baxmır, onu dərindən,
hərtərəfli görməyin bütün məsuliyyətini
öz öhdəsinə almaqla dediyi tənqidçi
sözünə bəri başdan böyük nüfuz, səmimi
etibar qazandırır... Ədəbi marağını da gizlətmir...
"Qəhrəmanı qadın olan əsərləri
oxumağı sevirəm. Müəllifin hansı cinsdən
olmasının önəmi yoxdur. Əsas olan
qadının iç nəzərlərindən
açılıb təhlilə cəlb olunmasıdır. Bizdə bu kontekstdə yazılan mətnlər
azdır. Xüsusilə, yeni dövr
qadınının obrazını yaratmaq cəhdləri
şeirimizdən fərqli olaraq nəsrdə o qədər də
funksional deyil. Çağın yeniləşməsinə
uyğun, dəyişən yeni qadın qəhrəmanın
prozaya adlamasının vacibliyini yazılarımda
sırası gəldikcə vurğulayıram".
Deyəsən,
mətləbdən uzaq düşürük... Mətləb
isə ondan ibarətdir ki, "Düşüncə
zamanı"nın müəllifi yeni nəsil ədəbiyyatında
özünün müəyyənləşdirdiyi kriteriyaya
müvafiq roman nümunələri göstərə bilir, ya
yox?.. Bəlkə, yanılıram, ancaq mənə
elə gəlir ki, Elnarə Akimova təhlil elədiyi roman mətnlərində
nə qədər ciddi məziyyətlər qeydə alsa da,
Elçinin məşhur ifadəsilə desək, bir küll
halında onların heç birini, məsələn, "Dəli
Kür", "Göz muncuğu", "Baş" kimi əsl
roman hesab etmir.
Hekayə
janrının bugünkü imkanlarına gəldikdə isə,
görünür, nikbin olmaq üçün daha çox əsas
var: bir tərəfdən, zəngin klassik ənənə, digər
tərəfdən, heç vaxt təravətini itirməyən
intensiv yaradıcılıq axtarışları. Və əslində, janrın təbiəti də
bizə daha doğmadır. Xüsusilə ən müxtəlif
mənalarda manevr imkanlarının genişliyinə görə...
Poema
diskursunda ilk narahatlıq "indi poema janrına müraciət
azalıb"dan ibarətdir... Çünki
"bu gün gənc yazarlar bir neçə şeirdən
sonra özlərini daha iri forma olan poema janrında deyil,
birbaşa nəsrdə, özü də nəsrin daha
geniş (bu sözün yerinə nəzərdə tutulan mənanı
vermək üçün daha uğurlu bir ifadə tapmaq
lazım gəlmirmi? - N.C.) janrı sayılan romanda sınayırlar... Bu gün poema janrına müraciət edən
şairlər əsasən orta və qocaman yaş senzinə mənsub
olanlardır".
Elnarə Akimova müstəqillik dövrü
poemalarının bir neçə uğurlu nümunələrini
təhlilə cəlb etsə də, janrın
"qocalması" qənaətinə gəldikdən sonra
belə, "lakin bu, janrla bağlı pessimizmə
qapılmağa imkan verməməlidir. Gözlədiyimiz
əsər bir gün ortaya qoyulan çoxsaylı nümunələrin
içərisindən doğulub görünəsidir.
Yetər ki, şairlərimiz janrı yaşatmağa
israrlı olsunlar" desə də, aydın
görünür ki, poema janrının taleyində nə isə
çox ciddi hadisələr baş verir... Bu
hadisələrin mahiyyətini daha dərindən anlamaq
üçün, əlbəttə, araşdırmanın
miqyasını genişləndirmək, üzərindən
keçilən həqiqi sənət hadisələrini layiqincə
tədqiq etmək lazım gəlir.
"Düşüncə
zamanı" müəllifinin poeziya barədəki
düşüncələrinin xronologiyasına nəzər
yetirsək sxolastik müntəxabatçı mövqeyindən
aydın seçilən bir fraqmentallıq və ya impulsivlik
görərik: cümhuriyyətə gedən yolun şairi Məhəmməd
Hadi, yeni düşüncə aspektlərilə Cavid
yaradıcılığı, şair ola bilərdi, professor
oldu - Mikayıl Rəfili, Rəsul Rza moderni, yaxud şəklin
müəllifi - Zaman, Ağ bir zanbaq kimi açıldı səhər
(Əli Kərim), Bir kəs ki, onun qibləsi yalnız Vətən
oldu (Bəxtiyar Vahabzadə), Səhəri gözləyək
göyün üzündə - Məstan Günər... Lakin bu fraqmentallıq və ya impulsivlikdə tənqidçı-ədəbiyyatşünasın
maraq dairəsinin, yaxud ədəbi zövqünün diktə
etdiyi bütövlüyü də nəzərdən
qaçırmaq olmaz. İlk növbədə
o baxımdan ki, Elnarə Akimova müasir Azərbaycan
poeziyasının tanınmış tədqiqatçısı
kimi onda həmişə yeniləşmə meyillərinə
həssas olub. Və məsələ onunla da bitmir ki, bu
meyillər nə dərəcədə davamlı, yaxud
epizodikdir... Doğrudan da, bizdə poeziya nəsr
kimi öz təbiəti etibarilə "ağır-səngin"
deyil - sözünü realist başlayıb romantik qurtara
bilir, yaxud əksinə. Ona görə də Azərbaycan
şeirində stabil poetik cərəyanlardan daha çox
ümumən cərəyan axtarışlarından və ya
tendensiyalarından danışmaq meyli güclüdür...
Elnarə Akimovanın diqqət mərkəzində dayanan
şairlərin - Vaqif Səmədoğlu, Vaqif Bayatlı Odər,
Ramiz Rövşən, Məmməd İsmayıl, Çingiz
Əlioğlu, Şəhriyar Del Gerani, Ümid Nəccari... əksəriyyəti
özündə bu və ya digər modernist cərəyanın,
yaxud modernizmin bütövlükdə kompleksini nümayiş
etdirir.
Kitabda "Azərbaycan poeziyasında yeni təfəkkür
kultu - modernizm" başlığı altında üç
yazı verilir ki, bu yazıların hər birində modernizmin
poetik təfəkkür üçün nə demək
olduğu sualına cavab axtarılır. Və görünür,
müəllifin ən aktual qənaəti bundan ibarətdir ki,
"müstəqillik dövrünün poeziyasındakı
yeniliklərdən bəhs etmək müəyyən hallarda
etirazla qarşılanır: Avropa cərəyanlarının
milli şeirimizə süni şəkildə tətbiqinin
civarında yeni poeziya yarandımı ki? Zənnimcə,
yarandı... Müstəqillik dönəminin
poeziyası öz keçmişi, gələnəkləri, zəmin
aldığı fəlsəfi-psixoloji notlara qədər yeni
xarakterli poeziya idi".
Əlbəttə,
mübahisə eləmək olar... Hətta belə
bir fikrə də gəlmək mümkündür ki, tənqidçi-ədəbiyyatşünas
müstəqillik dövrünün poeziyası barədəki
gerçəklikləri təsbit eləmək əvəzinə,
görmək istədiklərini, arzularını bəyan edir.
Ancaq
düşünəndə ki, bu, riyaziyyat deyil, ədəbiyyatdır,
heç proza da deyil, poeziyadır, onda müəlliflə bəri
başdan razılaşmaq, ona haqq qazandırmaq meyli
üstün gəlir... O tənqidçi ki, şeirdən
danışanda bir az da şair olmadı,
onun düz sözünün də təsiri olmaz...
"Ən azı bu poeziyadakı obrazın
yaşamları, keçıb gəldiyi gerçəklər,
fəci yaşantılar sırası, içinin təbəddülatları,
əzabları başqa idi və o, poeziyaya yeni bir
dünyanın insanı kimi qədəm qoyurdu. Ədəbiyyat
isə bütün hallarda yeni insanla təzələnir".
Elnarə Akimova çağdaş Azərbaycan
postmodernizmindən bəhs edərkən onun sosial-mənəvi
köklərini "keçid dövrü kimi xarakterizə olunan
90-cı illər"dən alır. Və yazır:
"Üstündən
iyirmi beş ildən çox zaman kəsiminin
keçməsinə baxmayaraq o dövrə xas olan xüsusiyyətlər
- cəmiyyətə, varlığa pessimist baxış dəyişməyib,
bədbin ruh poeziyamızda yenə də üstünlük təşkil
edir".
Şübhəsiz,
bu da şairi əvvəl Tanrı dərgahına aparır,
sonra da postmodernizm axtarışlarına...
Yeri gəlmişkən,
bizim ədəbi-ictimai təfəkkürümüzdə qərarlaşmış
köhnə bir paradoksu yada salmaq istəyirəm: sovet
ideologiyasının mənəm-mənəm deyən
vaxtları belə bir təsəvvür yaradılmışdı
ki, guya Qərb dünyası mənəvi krizis keçirir, bu
dünyanın insanı həyatın hər cür nikbin təzahürlərinə
inamı itirib, elə bir ruhi-psixoloji çıxmaza
qapılıb ki, gecə-gündüz intihar barədə
düşünür və s. və i. Antisovet ədəbiyyat,
xüsusilə poeziya üçün Qərbin həmin
"üstünlüy"ü də olduqca cazibədar (və
estetik!) göründüyü 60-cı, 70-ci illərdə Azərbaycan
poeziyasında da bir "intiharçılar" cərəyanı
peyda oldu. Və məsələ burasındadır ki,
tanımadıqları Qərbə tanıdıqları
ideologiyanın təbliğatı, daha doğrusu, əks-təsiri
altındakı "vurğunluğ"un,
çox keçmədi (məhz 90-cı illərdə!) ki, hər
cəhətdən əsassızlığı meydana
çıxdı - məlum oldu ki, Qərb dünyası bizdən
qat-qat nikbin imiş. Və o olayı ki biz özümüzə
dərd edib mənən "zənginləşirik", onlar
həll edirmiş...
Uzun
sözün qısası, ədəbi əlaqələrin,
birtərəfli (və dünya ədəbiyyatının qədimlərdən
bir vəhdət, bütöv kimi mövcudluğundan irəli
gələn çoxtərəfli) təsirlərin stimulverici əhəmiyyətini
danmamaq şərtilə belə bir əsaslı qənaətə
gəlmək olar ki, modernizm kimi postmodernizmin də hər bir ədəbiyyatda,
o cümlədən Azərbaycan ədəbiyyatındakı
kökləri bizim təsəvvür elədiyimizdən daha dərin
qatlara gedib çıxır... Keçid dövrünün -
90-cı illərin yaratdığı "bədbin ruh"
barədəki təsəvvür isə çox üzdəki
təəssüratlar olmaqla yanaşı, ədəbiyyatın,
xüsusilə poeziyanın hərəkatını, proseslərini
anlamaq üçün bilavasitə tətbiqində vulqar
sosiologizm təhlükəsini hiss etdirməyə bilməz.
"Düşüncə
zamanı"nın müəllifi ədəbiyyatın elmindən
də söhbət açır: fikir həyatımızda
İsa Həbibbəyli, tənqidi-ədəbiyyatımızın
(ədəbiyyat tənqidimizin - N.C.) isti qanı Vaqif Yusifli, tənqidçi
imzası - Tehran Əlişanoğlu, ən gözəl tale
adamı Cavanşir Yusifli, zaman və yaddaş mətnləri
ilə Məti Osmanoğlu, ədəbiyyat dili ilə Rüstəm
Kamal və ədəbiyyatla cənnətə uçan
Ülvi Babasoy...
Bu
söhbətlər həm də ona görə maraqla oxunur (və
az qala hər detalı ilə yadda
qalır) ki, həm elmi dəqiqliyi var, həm publisistik vüsəti,
həm də səmimi romantikası... Hər biri də öz
miqdarında, nə az, nə də
çox...
"Düşüncə zamanı" ilə birlikdə
"Müstəqillik ədəbiyyatı müzakirə
diskursunda" da işıq üzü gördü ki, mən
ikincini də birinci qədər Elnarə Akimovanın
kitabı hesab edirəm. Əvvəla ona görə ki, "Ədəbiyyat
qəzeti"ndə aparılan həmin müzakirələrə
moderatorluğu birbaşa o edib, ikincisi isə,
mövzuların, sualların seçimində, eləcə də
müzakirələrin geniş polemik miqyas alması ilə
yanaşı, mətləbdən uzaq düşməməsində
onun peşəkarlığı həlledici olub. Nəhayət, burada moderatorun elə replikaları,
yaxud analitik mülahizələri var ki, hər biri bir məqalə
tutumunda.
Və bu
kitabın da elmi redaktoru, həmçinin ön
sözünün müəllifi Azər Turanla
razılaşmalı olacağam ki, "Azərbaycan ədəbiyyatının
problemləri iyirmi beş ildən
çoxdur ki, heç bir mənada və heç bir halda belə
geniş və qapsamlı şəkildə müzakirə
obyektinə çevrilməyib... Bu kitab Azərbaycan
ədəbiyyatşünaslığının ayrıca səhifəsi
kimi bundan sonrakı dövrlərdə də mütəxəssislərin
diqqətini cəlb edəcək, ona müstəqillik
dövrü ədəbiyyatımızın mənzərəsini
və palitrasını yansıdan ciddi ədəbiyyatşünaslıq
faktı kimi yanaşılacaqdır".
Həm
"Düşüncə zamanı"nda, həm
"Müzakirə diskursu"nda, həm də ümumiyyətlə,
Elnarə Akimovanın ədəbi mülahizə, mühakimə
və qənaətlərini bu dərəcədə mükəmməl
(və milli təfəkkürün yaratdığı ədəbi
mətnin kamilliyi naminə hər cür məhsuldar diskursa
açıq!) edən nədir sualının cavabını
heç bir tərəddüd etmədən onun peşəkarlığından
irəli gələn güclü məntiqilə mənəvi
zənginliyinin ifadəsi kimi ortaya çıxan (və məntiqindən
heç də az güclü olmayan) daxili inamı
arasındakı dialoqun zühurunda axtarardım...
Nizami CƏFƏROV
Ədəbiyyat qəzeti.- 2019.- 26 oktyabr. S. 18-20.