Xalq yazıçısı Anar gənc yazarlarla görüşüb

 

Edebiyyatqazeti.az xəbər verir ki,23 oktyabr tarixində Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar bir qrup gənc yazıçı şairi qəbul edib. Görüşün əsas səbəbi Azərbaycan Yazıçılar Birliyinin təşəbbüsü ilə çap olunan yeni antologiya haqqında fikir mübadiləsi aparmaq olub.

Yeni çap ediləcək Antologiya ilə bağlı fikirlərini yazarlarla bölüşən Birliyin sədri kitaba daxil edilən əsərləri şəxsən oxuduğunu  burada iştirak etməyən, amma kitabda yer alan digər qələm sahibləri üçün qapılarının açıq olduğunu bildirib.

Antologiya haqqında onun tərtibçisi, tənqidçi Əsəd Cahangir məlumat verib. O, antologiyada gənc qələm sahiblərinin şeir, hekayə esse janrında ədəbi nümuanələrinin toplandığını vurğulayıb. Çıxışında tənqidçi görüşdə iştirak edən qələm sahiblərini AYB sədrinə təqdim edib. Onlar haqqında ətraflı söz açıb.

Sonra söz gənc yazarlara verilib.

Yazıçı Günel Eyvazlı Anar müəllimin təklifi ilə hazırlanan antologiyaya bu görüşə dəvət oldunduğuna görə  təşəkkürünü bildirib. Həmçinin, təkliflərlə çıxış edərək gənc dramaturqlara dəstək verməyi xahiş edib: "Teatrlar gənc qələm sahibləri ilə işləməlidirlər. Teatrın yeni ideyalara ehtiyacı var. Cəfər Cabbarlı, Hüseyn Cavid, hətta Şekspir belə tamaşa sifarişlərinin nəticəsində dramaturqa çevriliblər. Biz gəncləri isə bacardıqları qədər teatrdan uzaqlaşdırırlar. Sizdən xahiş edirəm ki, bu işdə mənə, mənim kimi digər gənc qələm sahiblərinə, gənc dramaturqlara dəstək nümayiş etdirəsiniz. Bir məsələni vurğulayım, Sovetlər dönəmində Rusiyada fəaliyyət göstərən Maksim Qorki adına Ədəbiyyat İnstitutuna təhsil almaq üçün yazıçılar axın edirdilər. İndi bu ənənə davam edərsə, Yazıçılar Birliyi gənc qələm sahiblərini təhsil almaq üçün adıçəkilən İnstituta göndərərsə, bu, ədəbiyyatımıza xeyir gətirə bilər". Sonra G.Eyvazlı "Ədəbiyyat qəzeti" yayınları seriyasından çap edilən "İşıq" adlı yeni kitabını Xalq yazıçısı Anara təqdim edib.

Dünya Gənc Türk Yazarlar Birliyinin sədri, şair İntiqam Yaşar, Ulucay Akif, Rəvan Cavid öz təkliflərini diqqətə çatdırıblar.

Görüşdə iştirak edən gənc qələm sahibləri Ümid Nəccari, Bahəddin Salman, Şəfaqət Cavanşir, Şahanə Müşfiq, Ağasəlim Əmri çıxış edərək onlara digər gənc qələm sahiblərinə, istedadlı yazıçılara göstərilən dəstəyə görə təşəkkürlərini bildiriblər.

Görüşün sonunda Birliyin sədri Anar təkliflərlə bağlı fikrini bildirib. Sayt məsələsi ilə əlaqədar düşünəcəyini, görüşlərin gərəkli olduğunu, pyesi olan şəxslərin isə əsərlərini Yazıçılar Birliyinin Dram şöbəsinə təqdim etmələrini tövsiyə edib.

Qeyd edək ki, adıçəkilən antologiya yaxın günlərdə işıq üzü görəçək.

 

Ədəbiyyat qəzeti.- 2019.- 26 oktyabr. S. 20.