Gələcəyi - indiki tarixi
şifrələnən fantastik pyes
Ədəbiyyatşünaslar, tənqidçilər, filosoflar, kulturoloqlar uzun müddətdir ciddi bir filoloji problem ətrafında böyük müzakirələr, ədəbi polemikalar aparırlar: fantastik ədəbiyyat deyəndə hansı əsərlər nəzərdə tutulmalıdır? Ümumiyyətlə,
fantastika nəyə deyilir? Fransız
fantastı Jül Vernin dövründə fantastikanı ya
əyləncə ədəbiyyatı, ya macəra
əsərlər, ya da elmi-kütləvi ədəbiyyat hesab
edirdilər. XIX-XX yüzilliklərdə
ədəbiyyatsevərlər, hətta bir çox filoloqlar
belə hesab edirdilər ki, bu növ əsərlərin
əsas vəzifəsi elm və texnikanın ən
dəyərli, yeni nailiyyətlərini geniş oxucu
kütləsinə tanıtdırmaqdır. Əlbəttə,
son üç-dörd əsri bəşəriyyətin
maarifçilik erası qəbul etsək, bu fikirdə,
müəyyən mənada, həqiqət var. Amma müasir dünya
söz sənətinin böyük bir qolunu təşkil
edən, geniş ədəbi-estetik, kulturoloji-fəlsəfi
yükü olan bir ədəbiyyat növünün
ədəbi-mədəni mənasını
məhdudlaşdırmağa ehtiyac yoxdur.
Fantastik əsərlərlə
bağlı araşdırmalar apararkən maraqlı
tarixi-filoloji faktlarla rastlaşmaq mümkündür. Məsələn,
fantastik əsərlər yaratmaq üçün ötən
əsrin iyirminci illərində Amerika Birləşmiş
Ştatları vətəndaşı, fantast Hüqo Hersbekin
təklif etdiyi "resept" - 75 faiz elm və 25 faiz
ədəbiyyat - indi mütəxəssislərə
tarixi-ədəbi zarafat kimi görünə bilər. Lakin fantastikaya bu cür baxış (yəni texnisizmi
bədiiliyin əsas meyarı kimi götürmək) ona
gətirib çıxarmışdı ki, XX əsrin
əllinci illərinə qədər fantastik
əsərlər ciddi ədəbiyyat nümunəsi hesab
edilmirdi. Hətta belə bir fikir mövcud idi: fantastikanın
kütləviliyi ancaq onun proqnozlaşdırıcı
xüsusiyyətlərindən irəli gəlir.
Doğrudan da, vaxtilə - elə
yaşadığımız günlərdə də -
görkəmli fantast-yazıçılar elm və texnikaya aid
çoxlu proqnozlar verib, yeni-yeni fərziyyələr,
qabaqcıl ideyalar irəli sürüblər. Zaman keçdikcə bu ideyaların əksər hissəsi
gerçəkləşir. Misal kimi nümunələr
də göstərmək olar: sualtı qayıq (J.Vern), lazer
şüası (A.Tolstoy), televiziya (Robid), atom enerjisi (H.Uels)
və s. və i.a.
Ədəbiyyatşünasların tədqiqatlarına
görə, Jül Vernin 108 fantastik ideyasından yalnız 10-u
gələcəkdən yazan fantastlar da futuroloq və
proqnozçuların yararlandıqları metodlara
müraciət edirlər: modelləşdirmə, ekstrapolyasiya
(müəyyən bir sahəyə, dövrə aid olan
məfhumların, yaxud hadisələrin başqa sahəyə,
dövrə şamil edilməsi) və analoji metod. Lakin futuroloqlar və proqnozçular yoxlama, həm də
sübutlara əsaslanan elmi araşdırmalara, yəni
kəmiyyət-fakt amillərinə arxalanırlar. Fantastikanın isə, xüsusilə də onun bir
forması olan elmi fantastikanın üstünlüyü
ondadır ki, o, keyfiyyət amillərinə, insanın və
cəmiyyətin həyatındakı sosial-fəlsəfi,
mənəvi-psixoloji, mədəni-texnoloji, ictimai-kulturoloji
dəyişikliklərə əsaslanır.
Fantastika - vaxtilə kosmik eranın gəlişini
tezləşdirərək oxucunu qarşıda gələn
kosmik era ilə - planetlərarası uçuşlarla tanış edir, bu bəşəri hadisəyə insanları
hazırlaşdırırdı. Televiziya, kompüter
texnologiyaları, qlobal və lokal informasiya informasiya
şəbəkələrindən, məsələn,
İnternetdən tutmuş, ta mobil rabitə
vasitələrinə qədər hər bir texniki yenilik ilk öncə
fantastların təxəyyül məhsulu
nəticəsində - ideya şəklində
yaranmışdır: daha sonralar isə onların ixtira
edilməsi faktları dediklərimizə əyani
sübutdur. Ancaq bütün bunlar heç də
onu göstərmir ki, fantastik əsərlərin
müəllifləri "çertyojlarla",
"rəqəmlərlə" işləyirlər. Elmin
müxtəlif sahələri ilə yaxından tanış olan fantastlar alim deyil, ilk növbədə,
yaradıcı sənətkar, başqa sözlə,
həyatın söz formasını yazan yazıçılar
sayılır. Fantastika, xüsusən də bədii fantastika
heç də elm ilə söz sənətinin "calağından"
ibarət deyil, dünya ədəbiyyatının
müstəqil bir qolu, həm də çoxəsrlik və
zəngin ənənələrə malik bir yaradıcı
fəaliyyətin istiqaməti, bədii
təxəyyülün məhsuludur.
Fantastik əsərlər də
bədii söz sənətinin başqa nümunələri
kimi, yazıçıya imkan verir ki, müxtəlif
ədəbi üsullardan istifadə etməklə,
yaradıcı təxəyyülün məhsulu olan
gerçəkliyin bədii formasını - ilkin sənət
modelini yaratsın. Fantastik əsərləri oxuyan oxucunu
hər şeydən əvvəl insan münasibətləri,
fərdin cəmiyyətdə yeri və rolu,
şəxsiyyətin iç dünyası,
psixoloji-mənəvi aləmi, intellekt maraqlandırır.
Milli söz sənətimizdə
bədii fantastikanın yalnız bir istiqaməti - elmi fantastika
daha çox inkişaf edib. Onu da nəzərdən
qaçırmaq olmaz ki, bu mövzuya milli filoloji
elmlərimizdə yetərincə az müraciət
olunub.
Dünyamızın gələcəyi, "zaman"
maşınında səyahət, yerkənarı sivilizasiya
nümayəndələri ilə əlaqə, başqa
günəş sistemlərinə uçuşlar, özgə
varlıqlar, Yer planetindən kənarda mövcud olan həyat,
elmi-texniki inkişaf, qlobal - bəşəri
məsələlər və başqa problemlər
Azərbaycan fantastik yazıçılarını da
həmişə maraqlandırıb.
Hələ XX yüzilliyin otuzuncu illərində
elmi-bədii fantastikanın maraqlı
nümunələrindən sayılan "Gələcək
şəhər" hekayəsini (1933) qələmə alan tanınmış ədib Yusif Vəzir
Çəmənzəminli əgər ötən əsrin
otuzuncu illərinin siyasi repressiya qurbanı olmasaydı,
bəlkə də ədəbiyyatımızda böyük bir
fantastik yazıçı yetişə bilərdi. İstedadlı nasirin 1934-cü ildə yazdığı
"Qızlar bulağı" romanındakı qeyri-adi
elementlər bir daha onu göstərir ki, ədibin bədii
fantastikaya olan marağı ötəri deyildi.
Ötən əsrin 50 və 80-ci illərində Bakıda
rusdilli sovet fantastlarının böyük
nümayəndələri yaşayıb-yaradırdı:
Q.Altov, E.Voyekunski, İ.Milkin, R.Baxmatov, İ.Lukyanov, V.Juravlyov,
V.Ostrovski, P.Amnuel, R.Leonidov, V.Karaxanov, M.İbrahimbəyov
və b. Bu dövrdə həm də bədii fantastik
əsərlər Azərbaycan dilinə tərcümə
edilməyə başlandı. Ədəbiyyatın böyük
bir qolu olan bədii fantastikaya respublikamızda maraq
məhz bu amillərə görə get-gedə
gücləndi. Və bu da Azərbaycan dilində
yazıb-yaradan fantastların sıralarını
artırdı: Anar, Elçin, Emin Mahmudov, Namiq Abdullayev,
Əhməd Xaspoladov, Z.Quliyev, Hüseyn İbrahimov, Sadıq
Elcanlı, Qabil Əhmədov, Vüsal Nuru və
başqalarının yaradıcılığında. Əlbəttə, burada söhbət yalnız Quzey
Azərbaycan ədəbiyyatından gedir. Güney
Azərbaycan ədəbiyyatında fantastikanın yeri
məsələsi başqa tədqiqat mövzusu olduğuna
görə, biz bu barədə məlumat yerə bilmirik:
halbuki, o tayda Səməd Behrəngi kimi maraqlı ədib var.
Yazılı
ədəbiyyatımızı nəzərdən
keçirəndə görürük ki, söz
sənətinin hər iki qolunda fantastik metodun izləri,
elementləri özünü güclü göstərir. Milli ədəbiyyatşünaslıq
məqalələrində qədim miflərimizdə,
əfsanələrimizdə, nağıllarımızda,
dastanlarımızda və hətta eposlarımızda fantastikadan,
o cümlədən fantastik elementlərdən geniş
istifadə edildiyi barədə müfəssəl məlumat
olduğuna görə, biz bu barədə söhbət
açmaq istəmirik.
Əsatir və miflərdəki ruhlar, tanrılar,
danışan heyvanlar; nağıllardakı sehrli üzük,
adamı gözəgörünməz edən sehrli papaq
(H.Uellsin "Gözəgörünməz adam"ının
izləri Şərq - Azərbaycan şifahi xalq
ədəbiyyatındakı "sehrli papağ"a gedib
çıxmır ki?!), uçan xalça, divlər,
əjdahalar, cənnət-cəhənnəm, ilanlar
padşahlığı; dastan və eposlardakı Misri
qılınc, qanadlı at, əbədi həyat suyu,
özüyeriyən başmaqlar, Təpəgöz və s.
məgər fantastik əsərlərin təsvir vasitəsi,
obrazı və mövzusu deyilmi?
XX əsrdə Azərbaycan
ədəbiyyatında fantastikanın yalnız bir qolu daha
geniş inkişaf etmişdi ki, o da elmi fantastika
bölümünə aid idi. Məhz buna
görə də milli bədii söz sənətimizdə
elmi-fantastik əsərlər daha çox
yazılıb-yaradılırdı.
Azərbaycan bədii fantastik nəsri barədə
məlumatlar olsa da, ümumili məlumatlar verəndən sonra
belə bir məntiqli sual ortaya çıxa bilər: digər
ədəbi növlərdə necə deyək ki, dramaturgiyada
- fantastikadan istifadə edilmişdimi? İlk
növbədə, yadımıza tanınmış
Azərbaycan yazıçısı Ənvər
Məmmədxanlının 1970-ci ildə yazdığı
"Kəllə və qızılgül" pyesi
düşür. Müəllif bu
əsərin janrını feerik komediya kimi
müəyyənləşdirmişdir. Fikrimizcə,
müəllif "feerik" (əfsanə məzmunlu teatr
tamaşası, yaxud fantastik hissələri simvollarla
əvəzlənən pyes) anlayışını fantastika
sözü ilə əvəz edə bilərdi. Əsəri təhlil edəndən sonra onun
psixoloji-fantastik bölümün tələblərinə
bütünlüklə cavab verdiyinin şahidi olduq. Onu qeyd etmək lazımdır ki, əsərin
qəhrəmanının (baxmayaraq ki, o, robotdur) faciəli
taleyini oxuyandan sonra müəllifin pyesin janrını komediya
kimi müəyyənləşdirməsi bizim
üçün bir qədər qaranlıq qaldı. fikrimizcə, yazıçı senzuranı azdırmaq
məqsədilə onu elə yazmışdı. Həm də unutmaq olmaz ki, o dövrdə fantastik metodu
ilə yazılmış əsərləri ciddi
ədəbiyyat nümunəsi kimi qəbul etmək
istəmirdilər. Ə.Məmmədxanlının
bütün yaradıcılığına məxsus
fəlsəfi ümumiləşdirmə və üslub
ağırlığı bu pyesində də özünü
göstərir.
Özü də müəllifin
toxunduğu insan psixologiyası, əbədilik və
azadlıq, dünya və həyat kimi problemlər
əsərə psixoloji çalardan başqa, həm də fəlsəfi
mənalar verir. Demək olar ki, ilk və həm də
uğurlu bir fantastik dram əsəri kimi "Kəllə
və qızılgül" dramı bizim ciddi
marağımıza səbəb oldu.
Üçhissəli bu pyes on yeddi
"röya"dan ibarətdir. Çox
maraqlıdır ki, müəllif
ədəbiyyatşünaslığımızda qəbul
edilmiş şəkil və ya səhnə deyil,
"röya" anlayışını işlətmişdi. Birinci hissənin ilk röyası Neyrokibernetika
İnstitutunun laboratoriyasında elmi şuranın iclası
ilə başlayır. İnstitutun üç
elmi əməkdaşının - Fərid, Cahid və
Rizvanın yaratdıqları Ron adlı elektron robot
səhnənin yuxarısındakı ekranda kötük
üstə oturaraq əlində tutduğu insan
kəlləsinin sümüyü üstündə
qələmlə nə isə yazır. Layihəyə
görə, Ron düşünən maşındır və
o, canlı həyata qovuşmadan onun haqqında
düşünməlidir. Lakin bu cansız robot elə ilk
səhnədə üzünü insanlara tutub deyir:
"Düşünmək -
yaratmaqdır. Yaratmaq üçünsə mən
azad olmalıyam. Bu ekrandan qopub
düşməliyəm. Zirzəmiyə enib
beynim üzərində özüm işləməliyəm. Lakin məni süni bir zəka kimi yaradan tanrılar,
mənə süni bir azadlıq verməyə qorxurlar. Tanrılarda prinsip yoxdur. Tanrılar həmişə
prinsipsiz olublar..." (Ənvər Məmmədxanlı,
"Seçilmiş əsərləri: II cilddə",
Bakı, "Yazıçı" nəş., 1985,
səh.137).
Beləliklə, elə ilk epizoddan
görürük ki, əsərdə böyük, həm
də bəşəri xarakter daşıyan
münaqişə yaranır. İnsan və
yaratdığı düşünən maşın
arasında münaqişə mübarizəyə
çevriləcəkmi? İnsan, yaxud robot, şüur və
ya elmin yaratdığı düşünən maşın,
Yaradan, ya da yaradılan yaşayacaq bu dünyada?! Bu sualları elə əvvəldən ortaya atan
yazıçının bəşəri
məsələlərə belə həssaslıqla
yanaşmasını ancaq alqışlamaq olar. Ron insanın yaratdğı ilk elektron robotlar nəslinin
nümayəndəsidir. Lakin o, hələ ilk
nəsil maşınlardandır. Əlbəttə,
həm o dövrün, həm də zəmanəmizin oxucusu
müəllifi qınaya bilər ki, dünya
fantastlarının yaratdıqları bioloji robotlar az qala insanı üstələdikləri halda, nə
üçün əsərin qəhrəmanının beyni
əlli ton ağırlığındadır? Hələ üstəlik də böyük bir binanın
zirzəmisində yerləşir, özü də bir
şəhərin işlətdiyi elektrik enerjisi qədər
enerjini "udur"?! Ancaq unutmaq lazım deyil
ki, Ə.Məmmədxanlı elmi-tantastik əsər
yazmağı qarşısına məqsəd
qoymamışdı. Yazıçı insan
psixologiyasının qatları, sirləri və
qəribəlikləri ilə maraqlandığına
görə əsər daha çox psixoloji dram formasında
qələmə alınmışdır.
Beləliklə, Ron adlı robotun beyni
ondan ayrı, Neyrokibernetika İnstitutunun təcrübə
laboratoriyasının yerləşdiyi binanın yekə
zirzəmisində yerləşir. Yazıçı
robot simasında insana, onun hiss və duyğularına,
yaddaş və şüuruna, hətta sovet
ideologiyasının az qala tabu qoyduğu
bir məsələyə - şüuraltına (və ya
Ziqmund Freydin təklif etdiyi təhtəlşüura)
münasibətini, özü də cəsarətli
münasibətini bildirir. Yazıçı
insan psixologiyasının müxtəlif tərəflərini
və elementlərini maddiləşdirərək onun dərin
qatlarına varmaq istəyir. Belə ki, robotun beyninə
"nitq", "düşünmək",
"məntiq", "şöhrət",
"özünütənqid" və başqa
"bloklar"ı açıb-bağlamaqla onun
"tanrı"ları olan insanlar (həm də
müəllif) insan psixologiyasını
öyrənməyə, göstərməyə
çalışırlar. Və hardasa buna nail ola
bilirlər. Gəlin, bir-bir bunları
nəzərdən keçirək.
"Nə qədər ki, o, bir şey
yaratmamışdır, nə isə ixtira etməmişdir, -
mən onun düşündüyünə
inanmayacağam..." - dramaturq, sanki institut direktorunun bu
sözləri ilə oxucunun özünü
düşündürməyə vadar edir. Qeyd etmək lazımdır ki, əsər sovet
ideologiyasının ictimai düşüncədə və
mənəviyyatda hakim mövqe tutduğu bir dövrdə
yazılsa da, oxucu müəllifin sovet
yazıçılarına xas olmayan bir cəsarətlə
şəxsiyyət azadlığını tərənnüm
etdiyini görür, həmçinin yaşadığı
zamanın qayda-qanunlarına qarşı barışmaz
sənətkar mövqeyi ilə rastlaşır. Gənc
alim Cahidin dediyi sözlərə diqqət yetirək:
"Nə üçün onun
azadlığı bizi qorxudur? Biz ona
düşüncə vermişik ki, düşünməsin? Quşa qanad vermişik ki, uçmasın? Proqrama
görə, o, şəxsiyyətə dönüb məhv
olur...".
Əsəri oxuduqca ədəbi-fəlsəfi problemlər
silsiləsinə rast gəlirik: azad düşüncə,
yaradıcı şəxsiyyət və zaman, fərd və
cəmiyyət, seçilmiş fərdlər, maşın
və fərd, tarixə, xalq
adət-ənənələrinə biganəlik, yaradan və
yaradılan, nəsillər arasındakı
münasibətlər, təbiət və dünya,
məhəbbət və gözəllik, təklik və
əbədiyyət və s.
Hər şeydən əvvəl bu
əsərin yazıldığı dövrə nəzər
salmaq vacibdir. Çünki bu dövrdə bəşəriyyəti
maraqlandıran, hətta qorxuya salan
məsələlərlə, problemlərlə tanış olmadan bu kimi müxtəlif əsərlərin əsas
mənasını başa düşmək mümkün
deyil. 1970-1980-ci illərdə dünya
təkcə elmi-texniki inqilab deyil, həm də hərbi,
siyasi, ekoloji və mənəvi böhranlar içində
çabalayırdı. Bu problemlərin
böyük əksəriyyəti indi də aktualdır. Baxmayaraq ki, onların bəziləri öz həllini
tapıb, ancaq o zaman - XX əsrin ikinci yarısından sonra iki
rəqib sistemə bölünən dünya bir neçə
ümumi və xüsusi, həm də bəşəri problem
qarşısında aciz qalmışdı. Elm və
texnika - inkişaf məhvə doğru aparıb
çıxarmır ki? Elmi-texniki inqilab ekologiyanın
düşməni deyil ki? Atom təhlükəsi
realdırmı? Sovet İttifaqı dünyanın
inkişafına mane olmur ki? Üçüncü
Dünya müharibəsi olacaqmı? "Kəllə
və qızılgül" pyesi qələmə alınan
vaxt bu və digər suallar hamını -
tərəqqipərvər bəşəriyyətin
əksər düşünən insanlarını narahat
edirdi. O vaxt hətta belə bir lətifəyə oxşar
məsələ də dillərdə gəzirdi: "Bir
dahidən soruşurlar ki, Üçüncü Dünya
müharibəsində hansı tərəf qalib
gələcək? Cavab verir ki, qalibin kim olduğunu
deyə bilməz, fəqət onu dəqiq bilir ki,
Dördüncü Dünya müharibəsində əsas silah
daş və ağac olacaq".
Belə bir şəraitdə fantastik
səhnə əsəri yazan Ə.Məmmədxanlı
dünya ədəbiyyatının ən gözəl
ənənələrindən istifadə edərək, onu bir
ziyalı kimi narahat edən məsələlərə
münasibətini bildirir. Müqayisə üçün onu da
xatırlamaq yerinə düşər ki, o dövrdə
bütün dünyada yaranan elmi-fantastik
əsərlərdə əsas süjet xətləri bunlar idi:
1) Gələcəkdə Yer planetinin taleyi; 2)
Üçüncü Dünya müharibəsi və ya atom
savaşı; 3) Başqa planetdən gəlmələrin
"kosmik səlib yürüşünə" qarşı
ümumplanetin müdafiəsi ideyası; 4) Elmi-texniki
inqilabın, xüsusən də kompüter və robot
texnikasının inkişafı nəticəsində yarana bilən
təhlükə, yəni insan öz yaratdıqlarının
əsirinə çevrilməsi qorxusu... Bu mənada "Kəllə və qızılgül"
dramı dördüncü süjet xəttinə malik
psixoloji-fantastik əsərdir. Əsərə
nəzər salaq. Robot Ronun tələbi ilə beyninin
açarını onun azadlığını dərhal
nəzarət altına alsınlar: "Yoxsa onun
azadlığı bizə baha oturar, yaxud bu azadlıq onu tez
qudurdar".
Yazıçı, sanki bununla
ötən əsrin əllinci illərində - keçmiş
sovet diktatoru İ.Stalin vəfat edəndən sonra,
keçmiş SSRİ-də baş verən demokratik dəyişikliklərə,
o dəyişikliklərin meydana gətirdiyi məşhur
dissident hərəkatına işarə edirdi. Dramaturq
düşündüklərini, hətta robot Ronun dilindən
deyir: "Müəllim, mənim azadlığıma
qeyri-azadlıq lazımdır?" Məlum
məsələdir ki, adi bir robotun dili ilə sənətkar
bu sualı zəmanəsinə verirdi, o dövrün siyasi
sistemindən bunu soruşurdu. Robot ona qızılgül
hədiyyə gətirən, laboratoriyada adi
süpürgəçi işləyən Lumu xala ilə
söhbətlərində belə, çox ciddi, həm də
fəlsəfi məsələlərə toxunur: "Ron.
Gözəllik nə qədər həyəcanlı
imiş...
Nəzəri olaraq mən bilirdim ki, güllər,
çiçəklər hansı milyard atomların kiçik
tufanıdır, amma təsəvvür eləməzdim ki,
gözəllik ilə üz-üzə gələndə...".
Və ya:
"...Deyirəm, bəlkə mən o üç
nəfər gənc tanrının, tanrılıq
təcrübələri az tanrıların dahiyanə
səhviyəm?".
Bu artıq klassik fəlsəfə
deyil, fantastikanın yaratdığı texniki
fəlsəfəsidir. Fikir verəndə görürük
ki, yazıçı belə texniki fəlsəfədən
həyat fəlsəfəsinə çox asanlıqla
keçə bilir: "Ron. Lumu xala, mənim heç kəsim
və ya heç nəyim yoxdur, yalnız
düşünməkdən başqa... nəsillər
gələcək bu dünyaya, nəsillər gedəcək bu
dünyadan, mənim isə işim-gücüm yalnız
düşünmək olacaq...
Lumu. Yox bala,
heç kəs bu dünyada qurd ilə qiyamətə
qalmayacaq. Bir də axı nəyə
lazımdır, kimə lazımdır həmişə bu
dünyada qalmaq? Yay deyirsənmi, yay elə haman yaydır, qış
deyirsən, qış elə haman qışdır, boşboz
deyirsən, vallah bozbaş elə haman bozbaşdır...".
Robotun beyninə
"özünütənqid" bloku bağlayandan sonra
"tarixdə ilk dəfə ağıllı bir varlıq
öz ağlını bəyənmir". Bunu eşidən
insanlar arasında belə bir dialoq gedir:
"Direktor. ...Bəyənmir,
indidən özünü dahi hesab etsəydi, sizi axmaq
vəziyyətdə qoyardı. Rizvan. İlahi,
nə qədər çətin imiş Tanrı olmaq!
Direktor. Mümkün deyil
Tanrı olmaq! Əgər
mümkün olsaydı, göylərin bütün
tanrıları bir-birinin dalınca istefaya
çıxmazdılar.
Ron. Elədir, müəllim, öz
yaratdıqlarından geri qalan tanrılar həmişə
tərəqqiyə əngəl olublar". Əgər
Tanrı tərəfindən yaradılmış insan nə
isə yaradırsa, deməli, özü də allahlıq
mərtəbəsinə yüksəlir. İslam və
Şərq, xristian və Qərb fəlsəfəsini
çox gözəl bilən, sufiliyə və
hürifizmə, dialektik materializm və ateizmə yaxından
bələd olan Ə.Məmmədxanlı bu səhnə əsərində
fəlsəfənin bütün sahələrindən
bəhrələnmişdir. Yazıçının klassik
fəlsəfədən texniki fəlsəfəyə,
həyat fəlsəfəsindən siyasi
fəlsəfəyə necə keçdiyini biz
aşağıdakı parçadan da aydın
görürük: "Rizvan. Təbiət
ulduzdan əvvəlki maddəni milyard ilə çalxalayandan
sonra bizim beynimizi yaratdı. Amma ulduzdan əvvəlki
maddəni nənəm nehrəsinə töküb bir milyon il
çalxalasaydı, bu gün mənim əlimdə bundan daha
kamil bir beynim olardı...".
Siyasi fəlsəfəyə və ya
yazıçının yaşadığı mühitə
etirazına aid isə bu parça yaxşı misaldır:
"Rizvan. Nə danışırsan, Ron? Hər tərəfdə maqnitofon var, nə
danışırıqsa yazılır. Xahiş edirəm,
mümkün qədər idealizmdən uzaq ol!
Ron. Hərdən mən bir az düşünmək
istəyəndə, sən dərhal qorxuya
düşürsən.
Rizvan. Ah, Ron, elə düşün ki,
xatasız olsun! Yoxsa professor bizi ittiham edər ki, sənin
simanda idealist bir maşın yaratmışıq...".
Yuxarıda qeyd etdiyimiz yaradan ilə yaradılan
arasındakı bəşəri problemi isə
yazıçı belə göstərir:
"Ron. ...Məni quraşdırarkən, şəxsən
sən nəyə doğru can atırdın?
Cahid. Həyatın
adiliyindən qaçırdım. Ürəkdə
həmişə sonsuz idrak yanğısı var.
Anlamadığın böyük qaranlığı
işıqlandırmaq arzusu... Biz çox az bilirik, Ron, amma biz çox bilməliyik... Və kainat
özü bizim üçün xam materialdır, yeni bir kainat
qurmaq üçün... Beş milyard il sonra bizim
günəş sistemi məhv olsa belə, yenə insan
düşüncəsi qalacaq və bəlkə o insan
düşüncəsi yeni günəş sistemi
tikintisinə başlayacaq...".
Burada dramaturq artıq rəsmi hakim
sovet materialist düşüncəsindən uzaqlaşaraq
idealist fəlsəfəsinə yaxınlaşır. Bəs həyatın mənasını müəllif
nədə görür?
"Ron. Deyirdi həyat nədir anlamadım,
amma qeyri-mümkünə inanıb yaşamaq lazımdır. Deyirdi
sən getməyi bacarsaydın, Ron, mən inanardım ki,
sən gəlmişdin, yaxud yox olsaydın, inanardım ki,
sən vardın...".
Pyesin ən maraqlı
cəhətlərindən biri də odur ki, fantastik
əsər yazmasına baxmayaraq, Ə.Məmmədxanlı elm
və texnikanın inkişafının insanların öz
tarixi keçmişini unutmasına aparıb çıxarmasını
tənqid edir. "Cəhrə"
sözünü eşidən robot onun mənasını
soruşanda, böyük texniki nailiyyət sahibi olan alimlər
buna cavab verə bilmirlər. Deyirlər ki,
gərək özləri muzeyə gedib cəhrənin nə
olduğunu öyrənsinlər. Müəllif,
həmçinin, insan xasiyyətindəki
şöhrətpərəstlik, eqoizm və başqa bu kimi
mənfi cəhətləri də tənqid edir. Robotun beyninə "eqoizm blokunu" calayan kimi o,
"mən-mən" deyə yalnız özündən
danışmağa başlayır. Yaxud
"şöhrət bloku" işə düşən kimi
Ron xüsusi "kabinet" xəstəliyinə
düşür. Ancaq
süpürgəçi nəvəsinin göndərdiyi
qızılgülü cansız maşına
bağışlayanda o, heç nə anlamır. Sanki yazıçı bununla demək istəyir ki, məhz
gözəllik hissinə malik olan insan qəlbi canlı
adamı cansız və ruhsuz maşından, robotdan
fərqləndirir.
Əsrlərin
görüşdüyü bir zamanda həyatın axarı
hansı səmtə doğru olacaq? Müəllif bu
bəşəri suala cavab axtarır:
"Əfruz. Bura gəl, Cahid,
ora, çölə bax, Cahid, yağış altında
tək-tənha bir at gəlib rels yanında durub
başını aşağı salıb. Niyə
çıxıb bir yana getmir?
Cahid. Burda, bu rels yanında yolu
qurtarıb Ruz, yeddi min il çapandan
sonra indi bilmir hara getsin.
Əfruz. Bəşəriyyət...
Cahid. Uşaq kimi zalımdır, Ruz!".
İnsan və təbiət, insan və dünya
probleminə isə dramaturqun münasibəti birmənalı
deyil: "Rizvan. Mübarəkdir, Lumu xala, tamaşa
eləyirəm, bu, o qocaman süpürgədir ki, min
illərdən bəri bəşəriyyəti zir-zibil
içində boğulmaqdan xilas eləyib, çünki
bütün saysız-hesabsız canlılar içində bu
dünyanı zibilləyən yeganə bir məxluq varsa, o da
hamamdan çox çimməyi sevən insandır...".
Konstruktorların birinin beyninin
fotoşəklini çəkib öz beynini ona oxşatmaq
istəyəndə robot görür ki, beyni buna dözmür. Ron məcburiyyət qarşısında qalıb tez onu
demontaj etməli olur. Robot ilə alim arasındakı dialoq
isə XX əsr ilə insan
arasındakı sorğu-suala bənzəyir: "Ron. Canlı beynin davam gətirmədiyinə mənim elektron
beynim davam gətirmədi. Və üstəlik demə,
siz hələ məni yaradıb qurtarmamış
mənimlə mübarizəyə başlamısınız. Şüurardınız
min dəfə deyirmiş, sökül deyirmiş, yox ol
deyirmiş!
Rizvan. Şüurardım
min dəfə lənətə gəlsin, yəni mən bu
qədər prinsipsizəm?
Ron. Ah, tanrılar həmişə prinsipsiz olublar. Məni yaradanda siz bilirdiniz ki, əgər
düşüncə düşüncədirsə, heç
vaxt xamuta gəlməyəcək və düşünən
bir dəmir belə, əmrə boyun əyə bilməz.
Rizvan. Ron, bizi sənin elektron beynini
canlı beynimizə dost və eyni zamanda nəcib bir rəqib
kimi quraşdırmışdıq.
Ron. Elə ona görə mənim elektron
beynim düşünməyə başladı ki, mən
kiməm, yaxud nəyəm? Əgər mən yalnız
özüm üçünəmsə, onda özüm
üçün nə idim?".
Pyesin sonunda haqqında söhbət gedən Ron -
əsərin "baş qəhrəman"ı olan robot
özünə "texniki qəsd" etsə də, oxucuda
bu intihar bədbinlik doğurmur:
"Ron. Bilirəm siz yorulmayacaqsınız. Bir halda
ki, siz havanı yormursunuz, torpağı yormursunuz, suyu
yormursunuz və siz axırda ulduzları da
yoracaqsınız! Və beyniniz heç
vaxt başa düşməyəcək ki, hər şeyi
başa düşmək mümkün deyil.
Rizvan. Maşın
üçün mümkün deyil, Ron. Düzdür,
bizim idrakımız mühasirədədir. İfrat
böyük ilə ifrat kiçik arasında. Ulduzun sonsuzluğu arasında. Amma biz bu
mühasirəni qıracağıq. Biz
idrakımızı bu mühasirədən
çıxaracağıq. Nə dedin, fikrin,
düşüncənin düşməni çox
böyükdür? Elədir,
düşünməyən, böyük sonsuz kainat
düşünən bu kiçik planetə kəc baxır.
Ron. Və
yaşadığınızın eynidir sizin beyniniz. Dağları,
dənizləri, uçurumları, qaranlıq meşələri,
yeraltı zəngin filiz yataqları və bütün
sairə ilə...".
Robot məhv olan zaman əlindəki kəllə ilə
qızılgülü nə edəcəyini soruşanda o,
kəlləni qaytarır, gülü isə əlində
saxlayır: "...Qoyacağam yoxluğumun qəbri
üstünə, əbədiyyətə nəğmə
oxusun!" - və son
sözü bu olur: - "Gördüyünüz röya
sizə deyəcək ki, gözəllikdən qopan
çılpaq düşüncənin başına çox
bəla gələcək".
"Rizvan. ...Biz
onunçün "gözəlliyi qavrayış" blokunu
quraşdırıb qurtara bilməmişdik, amma elə bil
bütün o saysız-hesabsız kamil blokların hamısından
o yarımçıq blok daha yaxşı
işləyib və elektron beyin gözəllik nədir
sualına cavab tapıb.
Əfruz. Yox, Rizvançik,
"gözəllik nədir" sualına gözəllik
özü belə, cavab verə bilmir. Sirr bizə
cavab vermir, amma bizi xoşbəxt eləyir. Bu özü
bir sirdir. Və bütün dünyanın anlaşılmaz
sirləri içində bizi xoşbəxt eləyən
yeganə bir sirr varsa, o da yalnız gözəllikdir ki, insan
ürəyini heç vaxt ondan qoparmaq olmaz!".
Doğrudan da, insan nə yaradırsa,
ilk növbədə gözəllik haqqında
düşünür. Ə.Məmmədxanlını
da məhz insan taleyi düşündürdüyünə
görə belə gözəl əsər
yazmışdır.
Beləliklə,
sadaladığımız ədəbi
nümunələrdən də göründüyü kimi,
bədii fantastika geniş araşdırma və filoloji
mübahisələr tələb edən ədəbiyyatın
böyük qoludur.
İlk baxışdan müasir
Azərbaycan ədəbiyyatında fantastikanın yeri çox
da əhəmiyyətli görünmür. Lakin insanlarda,
xüsusən də gənclərdə elmə, biliyə,
sənətə, həmçinin texnikaya həvəs, maraq
və məhəbbət yaradan fantastik əsərlərin rolu
danılmazdır. XX əsrin əksər
böyük ixtiraları və texniki nailiyyətləri
barədə məlumatlara ilk öncə fantastik yazarların
əsərlərində rast gəlinməsi faktı da
dediklərimizə əyani sübutdur. Ədəbi
dilin vasitəsilə elmi anlayışların, xüsusilə
də sahə terminlərinin inkişafında fantastik
ədəbiyyatın, ilk növbədə isə
tərcümə ədəbiyyatının xidmətləri
əvəzsizdir. Dünya dillərinin
bir-birinə yaxınlaşmasında, ümumişlək
beynəlxalq terminlərin yaranmasında fantastik
əsərlərin rolu artıq ədəbiyyatşünaslar
tərəfindən qəbul edilmişdir.
Çağdaş Azərbaycan dilinin
ədəbi və bədii qatında çoxlu yeni
ifadələr, anlayışlar, terminlər var ki, onlar ilk
əvvəl fantastik əsərlərdə
işlənmişdir (kompyüter, lazer, robot və s.). Fantastik əsərlərin orta məktəb
dərsliklərinə salınması müsbət
nəticə verə bilər. Quru elmi
dilə nisbətən bədii dillə qələmə
alınmış fantastik əsərlər vasitəsilə
elmin bir çox sahələri ilə tanışlıq
məktəblilərin intellektual inkişafına böyük
kömək edə bilər. Məsələn, riyaziyyatın,
fizikanın, kimyanın, astronomiyanın, tarixin və başqa
fənlərin öyrədilməsində,
mənimsədilməsində kiçikhəcmli fantastik
hekayələrin böyük rolu ola bilər.
Məhz buna görə də elmin, biliyin, inkişafın
və texnikanın son uğurlu nailiyyətlərini,
həmçinin fantastik proqnoz, ideya və fikirləri
ədəbiyyata gətirən, insan ağlının ən
dərinliklərində olan informasiyanı belə üzə
çıxarmağı bacaran, oxucuları
heyrətləndirən fantastik ədəbiyyata xüsusi
önəm və dəyər verilməlidir.
Aydın Xan
Əbilov
Ədəbiyyat qəzeti.- 2019.- 26 oktyabr. S. 26-27.