Təsəlli duası

 

 

Təsəlli duası

 

Bizdə Solmaz xanım vardı -

 

"İşıq" nəşriyyatında - iqtisadçıydı,

 

Mən redaksiya müdiriydim.

 

Bir-birimizin işi

 

Bir-birimizdən keçsə ,

 

Bir-birimizin sözü

 

Bir-birimizin boğazından keçməzdi -

 

Aramız dəyərdi tez-tez.

 

Bakılı qızı Elmira xanımın diliylə desəm:

 

"Küsməyimiz asan,

 

Barışmağımız ondan da asan olardı"!

 

 

 

Bir gün otaqlarına girəndə, gördüm

 

Cuhud şənbəyə oturan kimi oturub,

 

Gözlərini zilləyib bir vərəq kağıza.

 

- Solmaz xanııımm...

 

Dik atıldı:

 

- Bismillah! - Əlini yerə qoyub,

 

Qoydu başına, - Allah saxlamış,

 

Gəlirsən, qapını döysənə!

 

- Açıq qapını da döyürlər sizdə?!

 

- Bıy... xəbərim olmayıb heç!

 

- O kağızdı elə?!

 

- "Təsəlli duası"dı.

 

- Dua yazdırmısan özünə?

 

- Yazdırmısan nədi, özüm yazmışam?!

 

- Maşallah, mollalığın da varmış!

 

- Sən Allah, yozma!

 

- Ay qız, özün deyirsən!

 

- Bilirəm deyirəm!

 

- Bəlkə qara camaatın diliylə deyəsən!

 

- Deyim da:

 

"Solmaz xanım, sən gözəl qızsan,

 

Qəşəng qızsan, yaraşıqlısan,

 

Boy-buxunlusan, ətli-canlısan,

 

Allah hər şey verib sənə!

 

Gözmuncuğu kimi

 

Bir dəstə paxıl da verib Allah sənə,

 

Əziyyət çəkirsən əllərindən!

 

Kim hürür hürsün, vecinə alma".

 

 

 

İndi mənim

 

Kefimə soğan doğrayan olur hərdən,

 

Haqdı nəzakət xatirinə susuram,

 

Gəl ki, altını çəkirəm günlərlə -

 

Qanım qaralır, ürəyim tappa-tap

 

Yumruqlayır sinəmi,

 

Ana gərəkdi yansın halıma.

 

Onda Solmaz xanımın

 

"Təsəlli duası" götürüb

 

Dəstək eləyirəm əhvalıma!

 

 

 

Asan yoxdu şairləri...

 

Onda ki, sözün hünəri vardı,

 

Söz üstə asırdılar şairləri onda.

 

Şirvanşah Əxsitan

 

Şabran qalasına saldırdı Xaqanini -

 

Zindanda çürütsün,

 

Şamaxıda Nəsimi doğuldu!

 

"Haqq mənəm, haqq məndədi!"

 

Üsyanına qalxdı Nəsimi, -

 

Dərisini soyub,

 

Boğazından asdılar Hələbdə,

 

Kərbəlada Füzuli doğuldu.

 

Sultan Süleymanın məmurları

 

"Rüşvət deyildir, deyə"

 

Salamını almayanda,

 

Ustadın ruhu sarsıldı,

 

Qazaxda Vaqif doğuldu.

 

Allahın Qacara qıyıb,

 

Aman verdiyi çağında

 

Şuşada həlak elədilər Vaqifi, -

 

Şirvanda Sabir doğuldu!

 

 

 

Gördülər əjdaha kimidi şair,

 

Bir başını kəsirsən, beşi çıxır.

 

Demə, şairin min canı varmış,

 

Şairi asmağın

 

Dövlətə ziyanı varmış!

 

 

 

İndi zaman dəyişib,

 

Asan yoxdu şairləri,

 

- yazırlar yazsınlar, -

 

Cəhənnəmə canı!

 

Onsuz da

 

Sözün məsuliyyəti itib,

 

Şeirin həyəcanı!

 

 

 

Geoloq-şair Oqtay Rza

 

Ötən əsrin səksəninci illərindən danışıram,

 

AzTV-də "Uşaq verilişləri redaksiyası" vardı,

 

Üz-gözündən uşaq təbəssümü əskilməyən

 

Kamran İbrahimov idi baş redaktoru.

 

Adamı özünə çəkən sehri vardı təbəssümünün,

 

Arxasında etimadsızlıq, qanqaraçılıq görməzdin.

 

Kasıb vaxtlarımız idi,

 

Tez-tez şeir oxumağa çağırardı bizi.

 

Həm şeirimizi oxuyardıq, xalq görüb tanısın,

 

Həm qonorarımızı alardıq.

 

Onda bərəkətliydi pul -

 

Ha xərcləyirdin, yenə cibində bir şey qalırdı,

 

Üstünə gəlirdi bir yandan!

 

başınızı ağrıdım, günlərin birində

 

Geoloq-şair Oqtay Rzayla eyni verilişə düşdük.

 

Ona qədər üz-üzə gəlmişdik,

 

əl verib görüşmüşdük.

 

Şeirimizi oxuyub, qonorar kağızına qol çəkib,

 

Eşiyə çıxanda Oqtay müəllim qolumdan tutdu:

 

- Hardansan?

 

- Kürdəmirdən?

 

- Ola bilməz!

 

- Niyə?

 

- Mən ordanam axı!

 

- Ola bilməz?!

 

- Niyə sən ola bilərsən, mən ola bilmərəm?!

 

- Kürdəmirdə şair qıtlığı var,

 

Hüseyn Nadirlə Əfrayıl Məhərrəmi tanıyıram.

 

- Arvadın haralıdırsa, sən oralısan,

 

Eşitmisən?!

 

Gülüşdük.

 

- Ay qohum...

 

- Bəli, Oqtay müəllim.

 

- Neçə uşağın var?

 

- uşaaq?! - Gözlərim böyüdü.

 

- Balaca hamıdan böyük,

 

Çiynimizdən ölüncə düşməyən yük!

 

- Subayam, - dedim, - Oqtay müəllim!

 

- Ola bilməz!

 

- Niyə?

 

- Vallah, ata olmağına inandırmışdın məni!

 

 

Qəşəm İsabəyli

Ədəbiyyat qəzeti.- 2019.- 26 oktyabr. S. 28.