"Mən"
olmağımın tarixçəsi...
(Əvvəli ötən saylarımızda)
Universitetdə oxuyanda
(1968-1973)
10-15 oğlan, aramızda bir dənə də qız yox
idi, mırt vururduq, birdən qərara gəldik ki, gedək
restorana, orada vaxt keçirək. Oradan çıxanda mən əliaçıq
oğlan kodeksini doğrultmaq üçün birinci qalxıb
ofisianta tərəf getmək istəyəndə Eldar əda
ilə saxlayıb pulu özü verdi. Hüquq tələbələri isə saymazyana
heç yerlərindən də tərpənmədilər -
onlar özlərindən o qədər razı idilər ki, kiməsə
xoş, əliaçıq görünməyi heç
düşünmürdülər də. Sonralar Eldar,
özü də mənim kimi uşaq-muşaq
olsa da, kinayə etdi: hara soxulurdun, sənin o qədər pulun
vardı ki, qonaq edəsən?!
Litva səfəri iki fakta görə mənim
yaşamımda önəmlidir. Ömrümdə elə
oldu ki, öz puluma yox, türlü qurumların puluna 3-4 dəfə
məhz Litvaya getmiş oldum. Mən nə
Estoniyada, nə Latviyada olmuşam, Litvada isə bu qədər
olmağım təsadüflərin mistik oyununa bənzəyir.
İkinci fakt isə odur ki, Vilnüsdə tanış
olduğum qızlarda və oğlanlarda Litva millətçiliyini
görəndə elə bil ayıldım: niyə bunlar
hamısı millətçi oluban ruslaşmaya
qarşıdılar, mən yox? Mən bəyəm
bunlardan əskiyəm?!
Sonralar oxudum ki, demə, Məhəmməd Əmin Rəsulzadə
də Gürcüstanda gimnaziyada oxuyanda gürcü tələbə
dostunun millətçiliyinə baxıb elə olmuşdu. Dünyada
başqa kültürlərlə bağlı ikitərəfli
yol prinsipində get-gəl var. Bir yol korlanma gətirir, o biri
yaxşılaşdırma. Biri
korlamış uluslar, bizi düzəltmiş uluslar...Bu,
neçə yüzillərə narazılıq və ya minnətdarlıq
verən paradiqmalardır. Ortaçağ Müsəlman
dünyasında yaşayan Azərbaycan insanları
"kafir" dünyasına korlatma eli
kimi baxanda əski ellinlərin barbarlar dünyasına elə
baxmalarından uzağa getmirdilər. Ancaq irəlidə
yazdım ki, Şeyx Sənanın Doğuda
populyarlığı göstərir ki, qızlar (lap seks
turizmi yadıma düşdü) və sevgi planında kafirlər
dünyasına sərt düşmənçilik xeyli
yumşalırdı. Bizi düzəldən
uluslar paradiqmasında birinci yeri güman ərəblər,
sonra farslar tuturdu. Özümüzü
"qılınc müsəlmanı"
adlandırmağımız göstərir ki, ərəblərin
bizi qılıncla düzəltməyinə yaxşı
baxmışıq. Düzdür,
özümüzü qılınc müsəlmanı
adlandırmağımız Ortaçağlara gedib
çıxmır, bəlkə XIX yüzilin erkənlərinə
çıxır. Elə bu yüzilin
ortalarından da Dünya tarixində yeni aşama, etap
başladı. "Bizi kimlər düzəldə
bilər" sualının cavabında firənglər və
ya Avropa həm Osmanlılar, həm bizlər, həm
çinlilər, həm yaponlar, həm hindlilər
üçün genəl cavab oldu. Bu da təmiz proses
deyildi. Bizi düzəltmək pərdəsi
altında bizi korlayanlarla bağlı çoxlu konspiraloji nəzəriyyələr
yarandı. Azərbaycanın
çağdaşlaşmaq (modernləşmək)
ideoloqları "bizi Avropa düzəldə bilər"
ideyasından çıxış edirdilər. O anlamda
yox ki, Avropa müstəmləkəsi olaq. O mənada ki,
Avropadan görüb-götürməklə düzələ
bilərik. "Dünya gör-götür
dünyasıdır" diskursu bu anlamda azərilərin
başqalarını yamsılamasına ideya dirəyi qoyurdu.
Bizi korlayanlar, düzəldənlər məsələsində
gürcülərlə ciddi problemimiz olmamışdır. Ermənilərlə
isə ciddi problemimiz o idi ki, biz onlara, onlar bizə korlama
qaynağı kimi baxmışıq. Rusiya
İmperiyasına bizi salandan sonra ruslara baxış da
oxşar oldu.
Millətçiliyi Doğu ölkələr Avropadan
öyrəndi.
Qabaqca Avropadan millətçilik Şərqlə
qonşuluqda olan uluslara, - gürcülərə, ruslara
keçdi. Buradan türklərə, bizlərə,
tatarlara keçdi. Buradansa İrana,
Hindistana yayıldı. Mənim Litvadan
sonra millətçi olmağımın belə tarixi konteksti
var. Dumanlı yadıma düşür ki, Ağaoğlu da
qadın haqları ilə bağlı yazılarında
Gürcüstanda gimnaziyada oxuyanda kimdənsə, ya bir
gürcüdən, ya bir ermənidən etgilənmişdi.
Çox maraqlıdır ki, Vilnüsdən gələn
günün ertəsi mən çayxor oldum. Nənəmin
şirin çayları məni çaydan bezdirmişdi.
Gələndə isə sanki millətçiliyim
çaydan ləzzət almağıma təsir etdi. Sözsüz, Vilnüsdə də "qız
bişirmək" məsələsi bizim hamımızı
bərk düşündürürdü. Dəstəmizdə
olan hüquq tələbələri bu yöndə nəsə
edirdilər. Hətta Eldar da. Onunla bağlı bir məzəli olayı
danışım. Gördüm yoxdur.
Getdim qaldığımız otağa ki, onu
çağırım. Qapı
bağlı idi, onu səsləyəndə oradan həyəcanlı
qışqırdı ki, qızlar vardı, biri ilə oldum, o
birisi çıxıb qapını bağladı,
açarı özü ilə apardı. Məsələdə
Eldarın açıq biabırçı uğursuzluğu
vardı. "Biri ilə oldum"
sözü ilə düşdüyü axmaq vəziyyəti
ört-basdır etməyə çalışırdı.
Ancaq əvəzində özümü dostunu
biabırçılıqdan qurtaran bacarıqlı oğlan
kimi duyub ləzzət aldım. "Səni
mənə tapşırıblar" deyən Eldardan
intiqamımı aldım, çünki mən də
qızlarla ünsiyyətdə olurdum, di gəl heç birisi
qapını bağlayıb məni otaqda qoymamışdı.
İki
litvalı qız tələbəsi mənə dəhşətli
ləzzət verən söz demişdi: siz nə
yaraşıqlı oğlanlarsınız. Bundan
sonra bir hüquqçunu göstərib "o lap dəhşətdir"
demişdilər. Mən gülüb soruşmuşdum: mən
də sizə yaraşıqlı görünürəm? "Hə" demişdilər (bəlkə də
üzə düşmüşdülər).
Sözsüz, o qızların məni də
yaraşıqlı sayması özümlə bağlı
"yaraşıqlı deyiləm" fikrimi dəyişməmişdi. Ancaq belə
soruşmağımı indi düşünəndə
anlayıram ki, o çağlar narsistlik məndə zəif
idi və yaraşıqlı olmamağımla asanca oynayıb
özümü dolaya bilərdim. O ki qaldı litvalı
qızların bizi qəşəng görməsinə,
sözsüz, bu da mənim millətçiliyimə qürur
payını verdi. Həm də
bir ulusun başqasına hansı estetikada görünməsi
ilə bağlı gələcək düşüncələrimin
əsasını qoydu. Hər halda Kazanda bunu
duymamışdım, ilk dəfə Litvada, sonra Rusiyada
gördüm ki, qarasaçlı, qarayanız qafqazlılar
soyuq Avropa ölkələrinin sarı qızlarına dəhşətli
estetik effektdə və temperamentdə görünürlər.
İndi dəbdə olan terminlə desək, qafqazlı
oğlanlar seksual oğlanlar brendini, reytinqini, imicini
qazanmışdılar və bundan istifadə etməyi
bacarırdılar.
Bax, mən beləcə dəyişib millətçi
oldum. Universitetin axırıncı kursunda isə hətta
muğamdan, "Segah"dan ləzzət almağa
başladım. Onlara sevgi ilk dəfə
küçədə Qədirin "Sona bülbüllər"ini
eşidəndə başladı. Qədir
hələ tanınmayanda onu mən dayımın
dostlarının kirayə götürdükləri evdə
görmüşdüm. Otaqda Rəmiş
çalırdı, Qədir oxuyurdu. O çağ bu
"duet" məni tutmamışdı, sonra isə Qədir
məni muğamata bağladı.
Dedim ki,
dayım dostları çox olan ağdamlı idi. Ağdamın bütün seçilən
oğlanları sırasında olduğundan Rəmişlə,
Qədirlə yaxınlığı təbii idi. Rəmişin bir qardaşı da vardı, dayım
onunla da dostluq edirdi. Onun adı Vaqif idi.
Çox yaraşıqlı, qartal burunlu
oğlan idi, Ağdam futbol komandasında hamının sevdiyi
hücumçu idi. Dünyanın qəribə
işləri var. Adı narkoman, nəşəxor
çıxmış (bəlkə də yalan idi) Rəmiş
indi də sağdır (Allah onun canını sağ etsin),
Vaqif isə cavanca, - 40 yaşlarında öldü, deyəsən,
onun mədə problemi vardı. Anamın məktəbdə
şagirdi olmuşdu və mən evli olanda anama hörmət
olaraq işlətdiyi mebel dükanından mənə nəsə
güzəştli vermişdi.
***
Qayıdım universitetə. Burada oxuyanda mənim
bir səfərim də olub, Donetskə. Tələbə
elmi cəmiyyəti xətti ilə Cəlal adlı oğlanla
getmişdim. Çatmaqaş,
yaraşıqlı gənc idi, bir yerdə oxuyurduq, ancaq səfərdə
dostlaşdıq. Donetskdə konfransda
gördüm ki, çıxış edənlərin
Bakıdakı çıxışlardan bir fərqi var. Onlar
tez-tez tekstin ritmindən danışırdılar. Bu, bədii əsərdən ritorik
danışmağın yerinə pozitiv söyləmlərlə
danışmaq cəhdi idi. Görünür,
artıq gələnəksəl ədəbiyyatşünaslıqdan
bezmişdilər, ancaq semiotik-struktur metodu da bilmirdilər.
Nədən çıxış etməyim
yadımda deyil. Haradan ağla gələ
bilərdi ki, bu şəhər vaxt gələcək
Ukraynanın separatçı mərkəzlərindən
olacaq?!
Universitetin 2-ci kursunda neyçünsə mən
dilçilik bölməsinə düşdüm. Hərçənd
dilçiliyin önəmini qanmırdım, ona görə də
şəkilçilərlə bağlı monoqrafik
araşdırmalar məndə kinayə doğururdu,. Yalnız sonralar bildim ki, şəkilçilərlə
ilgili mənə faydasız görünən
araşdırmalar elə nəsnələr tapa bilər ki,
tutalım, türklərin şumerlərlə
qonşuluğunu sübut etmək məsələsinə
"dəhşətli" arqument verə bilər.
Yazıda mənim orfoqrafiyam, qrammatikam bərbad idi,
vergülün harada qoyulmasını, abzasın nə zaman
olmasını öyrənməyə özümü
heç cürə zorunlaya bilmirdim. Düzdür,
Əlövsət müəllimin (prof. Ə.Abdullayevin)
tapşırığı ilə söz birləşmələri
üzrə bir kurs işini yazanda həmin birləşmələrin
növlərinin açılması ilə bağlı
spekulyativ variasiyalar aparanda fantaziyamın uçuşundan ləzzət
almışdım. Dilçilik məni
ciddi ilgiləndirdi. Ümumi dilçilik dərslərində
strukturalizmlə bağlı bölməni oxuyanda. Bundan
qabaq yadıma düşür ki, fəlsəfə ilə
bağlı oxuduğum dərslik mənə çətin gəlməmişdi,
hətta bir az ləzzət vermişdi. Ancaq bu oxu məni fəlsəfəyə doğru itələməmişdi.
Strukturalizmi oxuyanda Sössürün nəzəriyyəsi və
semiotika ilə tanış oldum. Semiotika ilə strukturalizmi mənə çəkimli
edən marksist dilçilərin struktur dilçiliyi zorla, əmmalar
qoya-qoya tanıtması oldu.
Mənim millətçiliyim
"Müsavatçı-burjua" millətçilərinin
yazdıqlarından qaynaqlana bilməzdi, çünki
onların nə yazdıqlarını bilməzdik. Ancaq Sovet
sistemində rus dilində danışmağın, bilməyin
hər yerdə üstün tutulmasını görməyə
bilməzdik. Rəhimlə, Kamalla, Eldarla millətçi
söhbət aparmamağımız yadımda deyil. Ancaq artıq mən danışığımdan
"uje"ni, "voobşeni", "prosto"nu təmizləməyə
başlamışdım. Üç-dörd
ay əziyyət çəkdim və onlarsız
danışmağa tam öyrəşdim.
Allah bilir nə dərəcədə düzgün və
dərindan qandığım strukturalizm və semiotika marksistlər
onları hər fürsət düşəndə tənqid
etdiklərindən məni daha da ilgiləndirdi. Hansı
marksisti oxuyurdumsa, strukturalizmdə, semiotikada nələrinsə
yaxşı olduğunu yazandan sonra mütləq burjua elmində
onların önəminin şişirdilməsini
yazırdı. Sonra struktur dilçiliyi özünün
əsas metodu etmiş alimləri oxudum - onlar isə dəridən-qabıqdan
çıxırdılar ki, göstərsinlər: bu
dilçilik heç də marksizm-leninizmə yad deyil.
Orta məktəbdə riyaziyyatla, həndəsə ilə
maraqlanmamağım strukturalizmi yaxşı anlamağıma əngəl
oldu. Ancaq mən artıq ədəbiyyatşünaslıq,
dilçilik üzrə gələnəksəl elmlərin
ritorikasından, emosional, yəni ya heyranlıq, ya qəzəbli
dildə danışığından bezmişdim. Bu söylədiyim rusca kitablara aid idi. Azərbaycanca isə indiki terminlə desəm,
aşırı performans ruhu vardı. Adamlar,
sanki humanitar elmlərin bazasında olan
"ağıllı" cümlələri yaxşı ifa
etməkdə yarışırdılar. Onlar
dilin, ədəbiyyatın yeni qatlarını, incəliklərini
açmaq üstündə yarışmırdılar. Tarçalan əski mahnını ifa etdiyi kimi
hamının bildiyi qatlar haqqında min dəfə deyilmiş
cümlələri ifa edirdilər.
Dedim ki, o
çağlar strukturalizmi yaxşı qanmaq səviyyəsində
deyildim. Bir dəfə ağkostyumlu arıq,
hündür oğlan bizə dərs deməyə gəldi.
Dedilər Moskvada oxuyub. Əlləri
ilə laylar cızaraq nələrisə danışmağa
başladı. Heç nə anlamasam da
yadımda qaldı. 4-5 ildən sonra bildim
ki, bu oğlan Aydın Məmmədov imiş və görünür,
dilin fonoloji, morfoloji, sintaktik qatlarından
danışırmış. O niyə bizə bu
anlamadığımız nəsnələri
danışırdı? Özünü göstərmək
üçün, yoxsa ümid edirdi ki, kimdəsə cücərəcək
toxumlar atır?
Ancaq yenə də, nə qədər struktur
dilçiliyi dərindən bilməsəm də, amerikan
dilçisinin (deyəsən, İnqvenin) cümlənin dərinliyini
ölçən modelini dilimizin sintaksisinə
uyğuladım. Məndən başqa heç kim - nə
müəllimlər, nə tələbələr belə
şeyləri bilmirdilər. Musa Adilov təəccüblə
atama söyləmişdi ki, oğlun bizim bilmədiyimiz ədəbiyyatı
oxuyur.
Davamı gələn
sayımızda
Niyazi MEHDİ
Ədəbiyyat qəzeti.- 2019.- 26 oktyabr. S. 29.