Qırxıncı qapıya yazılan şeirlər

 

Bəzən belə olur: indi dediyin hər bir söz həm də keçmişdən gəlir, ünvanına çathaçatda bu söz sərt, kəskin reaksiya oyadırsa, demək keçmişin yarası var içində. Demək, bu sözlərdə aldanış var, oxun ucundakı qan... hələ qurumayıb, qurumaz da...

Söz bədii mətndə öz dəqiq ünvanını tapmaq üçün sonsuz sayda çevrilmələrə, şəkildəyişmələrinə məruz qalır, bir mətn özünə oxşayan və ona qarşı duran minlərlə mətnlərdən hörülür.

İndi belə düşünək ki, bu sonsuz sayda mətnlərin özünəməxsusluğu hansısa bir keyfiyyətin - strukturyaradıcı xassənin hesabına yaranıb-formalaşır; zənnimizcə, bu xassəni ayırd etmək, onu bütün aspektləri ilə öyrənmək üçün əsasən iki tip mətnin mövcudluğuna işarə etmək lazımdır: hissin, duyğunun iziylə hərəkət edən, o hisslərin dərinliyini göstərməyə can atan şeirlər, bir də konseptual mətnlər. Birinci halda məzmun bədii formanın davamı kimi, onu addımbaaddım "izləməklə" doğulur, nəyə işarə edirsə, anidən onun formasını alır, elə olur ki, bu mətnlərdə hansısa kompozisiya elementi şeirin başlanğıcı ilə sonunu bir nöqtədə "görüşdürür" və elə bu anda mətn indiyə qədər gəldiyi yolu danıb başqalaşır, yəni hisslərin dərinliyindəki, dərinlik ölçüsündə tapılan nəsnələr indiyə qədər rəsm edilənlərin üstündən xətt çəkib onları daha münasib formatda göstərir. İkinci halda isə forma "danışır", əvvəlcədən bəlli olan nəsnələrə uyğun şəkildə cızılan yolların çarpazlaşdığı anda, yəni yenə də hansısa məqamda görüşdüyü anda mətnin dərinliyindəki dil zühur edir, indiyə qədər, belə deyək, inandığımız nəsnələrlə inanmadıqlarımız arasında mərz çəkib dünyanı dəyişdirir, daha doğrusu, dünya və gerçəklik haqqında təsəvvürlərimizin sınırlarını genişləndirir. Bu iki tip şeir bir-birindən dinamikasıyla fərqlənir, birinci tipdə üslubu formalaşdıran intonasiya tam olaraq daxilə yönəlikdir, ikincisində isə həm daxilə, mətnin dərinliklərinə, həm də ordan kənarda özünün seçdiyi predmet-anlayışlara doğru. Bu fərqli mətnlərdə həmin dinamikanın aşkarlayıcısı rolunu fərqli kompozisiya forması müəyyənləşdirir. Hissin, ürəyə qəfil gələn anımın dərinlik ölçüsünə əsaslanan mətnlərdə strukturyaradıcı kompozisiya elementi kimi qəfillik xassəsini nişan vermək olar. Bu tip mətnə klassik nümunə kimi Dirili Qurbaninin "Bənövşəni" şeirini göstərmək olar. Ürəyə daman hisslərin axışı elə bir libasda və rəngdə meydana çıxır ki, sən göy qurşağına baxdığını zənn etdiyin anda kadr qəfildən, özü də sürətlə dəyişir, bu oyun, yəni metafora və təşbehlərlə oyun əşyanın, yəni təsvir obyektivinə gətirilən nəsnənin olmasıyla itməsi, olmaması arasında çox sayda suallar yaranır, həm də ritorik suallar, yəni bir şeyi görməklə, görməmək arasında qalmaq əslində, ondan vaz keçib başqa həqiqətlərə edilən işarələrin dalınca getmək anlamına gəlir. İlk sətirlərdə hər şey real və görünəndir, yaz çağında bağlanan gül dəstəsi (, nazik əlinlə...) bəlli bir məqamda qıza çevrilir və əksinə... Çevrilmə isə bütün məqamlarda görüntünü yox etməyə, yəni real olanı anidən nəyləsə əvəz edib görüntünü itirməyə xidmət edir.  Bu ani çevrilmə və transformasiyalar həm də bu nadir, ürək yandıran gözəlliyin əslində olmaması, yəni göylərdən dərilməsinə, göylərin dərinliyindən gəlməsinə qiyas edilir. Bu da çevrilmənin ən fantastik məqamı: Dəstə-dəstə dərib taxar buxağa // Bənövşə qız iylər, qız bənövşəni...

Bu qəfillik, qəfil çevrilmə hisslərə, onların mətndə cızdığı trayektoriyaya əsaslanan şeirlərdə qəribə aura formalaşdırır, məna, semantika həmin trayektoriyanın nişan verdiyi xətlərin qovuşduğu nöqtədən aydınlanır.

Müasir poeziyada da bu tipli şeirlər mövcuddur. Allahşükür Ağanın mətnləri bu mənada həmin tip şeirlər haqqında daha ətraflı söz açmağa imkan verir.

 

Onun bir şeirinə diqqət edək:

Axşam qoyub gəldiyim ayaq  izlərimi

Səhər  qarşılayıram,

Demək yaşayıram.

 Bir ayaq ləpirim

Axşam yağan yaz yağışından

Bir ovuc su saxlamış içində...

Bir  alagöz sərçə su içir

Ayaq ləpirimdən.

 Başını yuxarı qaldırdıqca

Sərçənin duasını eşidirəm:

"Allah, sabahımız üçün də

Bir ayaq  saxla".

Elə sevinirəm ki,

əyilib baxıram

ayaqlarıma...

 

Bu mətndə rəsm edilən mənzərə əslində, "təsadüfi" xarakter daşıyır (tapılma, rastına çıxma anlamında), qəfil insanın qarşısına çıxan nəsnə elə o anın ötüb-keçdiyi anda unudulur, yəni olsun ki, diqqəti bir elə cəlb etmir, sadəcə yaranır və solub gedir... Yəni şeirdə adıkeçən detalın mənalandırılması, assosiasiyalar doğurması, bu anımların heç gözlənilməyən ideyalarla nəticələnməsi ... bir xətt üzəriylə hərəkət edir. Hərəkət edir, amma tamamlanmır, sabah, biri gün başqa bir detal, yaxud onun adi bir parçası həmin detalın doğurduğu assosiasiyalara qoşulub tam fərqli hissiyyat yarada bilər. Yəni bu tipli şeirlərin cızdığı yol, hisslərimizə nüfuzetmə üsulu nağıllarımızdakı "qırxıncı qapı"nın sirlərini (effektini-!) xatırladır. Sənə elə gəlir ki, hər şey həmin qırxıncı qapıya qədərdir, sən buna aldanıb bu yolda bütün fəhmini, duyma bacarığını işə salıb onu qavramaq istədiyin anda başqa həqiqətlər meydana çıxır, yəni bu tipli mətnlərdə oyun səhnəsi (metafora və təşbehlərlə oyun) anidən, qəfil şəkildə dəyişir və gözlərinin heç öyrəşmədiyi mənzərənin şahidi olursan, bir anlığa o mənzərəni anlamaq istədiyin zaman çərəyində həmin mənzərə, yeni-yeni yaranmış səhnə mizanı - mətn səni qavrayır. Fəhm edir, səndən özünə "don biçir", səni, bütün hisslərini oxuduğun şeirə qatır və beləliklə insan ürəyindən kosmosa, ilahi dərgaha açılan yol görünür, oxucu özü də oxuduğu şeirin bir parçasına çevrilir, yəni

"Allah, sabahımız üçün də

Bir ayaq  saxla".

Bu niyə belə olur? Bədii mətn, əsər sənə təsir elədiyi andan sən də onun müəllifinə qoşulur, onu yaradanlardan biri olursan, ən maraqlısı - onun müəllifinə qarşı durursan...

Dünyada nizamsız şəkildə, hara gəldi dağılmış əşyaları, insan münasibətlərinin assosiativ dərki həmin o əşyaları, həmin o münasibətləri bərqərar edən sirlərin toxunduğu materiyadan nəşət tapır, onun içinin ən gizlin yollarından keçib gəlir və dünyanın aşkar görüntüsünü aldıqda sehrli nağıllarımızdakı həqiqətə işarə edir. (Yol məhz burda bitir və başlayır-!). Ayaq izləri / ləpirlər gecə-gündüz təkrarlanır, qarşımıza çıxır, bizə nəfəs alıb yaşadığımızı bildirir, həm də ayaq izinin/ləpirin "ovcunda" saxladığı yaz yağışı minlərin, milyonların ümid yerinə çevrilir, həm də yanından ötüb-keçdikdə hiss etmədiyimiz, fərqində olmadığımız varlıqların bəslədiyi ümidlərin... Bu şeir bizə V.Bayatlının gənclik illərində yazdığı, həm də çox mübahisələrə səbəb olan bir mətnini xatırlatdı. Orda bir misra vardı: bir bala sərçənin bir dam üstündəki göyündən böyük... Ən kiçik, nəzərə çarpmayan, heç nöqtə boyda da olmayan bir nəsnənin bütün dünyanı qanadlarında saxlaması hər iki şeirdə fərqli assosiativ metodla gerçəkləşir.

 

Başqa bir mətnə baxaq:

Xəbər gözləyən nənəm,

Çoxdandı dayanıb

Bir səsin nişanında.

Qorxuram həyətdəki

Uşaqların ağzından

Bir səs çıxıb

Gedib dəyə nənəmə.

Kababı köz öldürər,

İgidi söz öldürər,

Babamı güllə öldürdü,

Nənəmi səs öldürər.

Siz Allah, səs salmayın...

 

Bu, assosiativ şeirə fikrimizcə, ən mükəmməl nümunə sayıla bilər. İlk baxışdan hər şey aydındır, ancaq o dərəcədə, o qədər aydın ki, izah etmək sadəcə qeyri-mümkündür. Dünyada ancaq müşkül cəhətləri, mübahisə doğuran yönləri olan nəsnələri izah etmək olar, belə aydın şeylər izah gəlmir və yatmır. Mənanın yaranma mexanizmi, şeirdə, bədii mətndə hansısa nəsnələrə, şeirin, bədii mətnin özünün seçdiyi əşyalara "bağlanma", özünü orta tapma yolu ilə gerçəkləşir. Konkret nümunədə həmin "bağlantı" bayatı strukturudur, daha doğrusu, insan hissinin bayatıda açdığı şırımlardır. Yəni o formanı, o strukturu böyük bir tarixçəsi, həm də danışdıqca tükənməyən tarixçəsi olan insan hissi yaradıb, həm də maksimum qısa formada. Çox uzun, həm də iztirabdan qaysaq bağlamış yolun elə bir məqamı seçilib təqdim edilir ki, bu nöqtədə ağrı və insan tam olaraq bilinir, demək assosiativ şeirdə əsas olan fəhmdir. Dünyanı başına alan səsləri bir ömür boyu dinləmək, danışmamaq, sükutun, sükunətin içində belə artıq qeyb olmuş səslərin ayaq izlərini axtarmaq sadəcə dəhşətdir. Assosiativ şeirin forması ilə bağlı bunu da qeyd edək: mətndəki məna onu oxuduğumuz anda bizimlə bağlanır, başa düşdüyümüzü güman etdiyimiz anda yadlaşır, çıxıb gedir, bir də qarşına çıxanda fərqli şəkil alır, demək onu anlamaq səninlə bərabər həm də ondan asılıdır, hər şey açır və solur, amma itmir...

Həm də: ən çox sevdiyin şey - ürək eləyib heç toxuna bilmədiklərindir...

 

"Bayıl türməsi" şeirindən:

Ayağımı yerə bərk vururam

Burda, bax burda,

Müşfiqin  dodağının  qanı var.

Burda, bax burda,

Müşfiqin bir şeiri var, divara yazılan,

Hecası cızılan.

Gərək  o divar parçasını

götürüb saxlayaydıq.

 

Bu mətnlərdə hiss və duyğuların, özü də hamının yaddaşından qopan nəsnələrin iziylə gedib dərdin, iztirabın obrazı yaradılır, məsələn "İtmiş gecə" şeirində olduğu kimi, yaxud "Səs salmayın" mətnində işarələndiyi kimi. İztirabı yatmış nəhrin, ürəyin içində oyatmaq üçün yuxarıda vurğuladığımız kimi, bayatı texnikasına istinad edilir, həm açıq aşkar forma olaraq, həm də misralar arasına bayatı toxumlarını səpməklə; misralar arasındakı şırımlara səpilən toxumlar şeirdən şeirə adlayır, deyək ki, insanın ən kədərli, həm də dərdin ən dözülməz məqamında üzünə baxdığı əşyanın içiylə axıb gedən misralar (qeyb olmuş anımlar...) su üzünə çıxır, yəni bu şeirlərdə bir yatmışlıq ovqatı var, oxuduqlarımız yuxudan ayılan duyğulardır, belə olduğu üçün də hər şey, sanki gizli bir məkanda baş veribmiş kimi görünür, həm də mətnin içinə atılan detallar, məsələn, itniş, qeybə çəkilmiş gecənin qatara bənzədilməsi, o qatarın tarixin, insan talelərinin tuneliylə hərəkət etməsi və birdən güllələnmiş şairlərin əllərinin görünməsi...bu mənzərəni rəsm edə-edə hərəkətə gəlir. Öz içində boğulan səslər, insan fəryadı sükutun içində bir daha boğazlanır, məhz bu perspektivə uyğun olaraq insan ən yaxınındakı səsə deyil, ən uzaqdakı ilğımların batıb çıxan rənginə, dərd və sevinclərin göy qurşağına ifrat həssaslıq göstərir.

Allahşükür Ağanın şeirlərində sükut səsin batana qədərki tarixçəsini əks etdirir, bu səslər eşidilməsə də duyulur və məhz belə olduğu üçün bütün ağrısıyla hiss edilir. Bu mətnlərdə insanlar bir-birlərindən xəbərsizdilər, bu mətnlərdə hamı dərin fikir içindədir, dərd, kədər bütün məmləkət torpaqlarını şumlayıb, ümid yalnız sərçələrin hələ çıxmamış qanadlarında, dünyaya hələ gəlməmiş uşaqlar üçün darıxıb dükanda atılıb-düşən, onlar üçün darıxan paltarların qırışlarındadır.

Bir şeir, bir mətn... hardan gəlir, bunu bilmirik, daha doğrusu, bunu bilmək bizim maraq dairəmizə heç cürə daxil olmur.., bu mətn hara gedir, bunu da bilmirik, çünki son nəticədə o bizimlə məşğul olur. Sadəcə, küləyi dəyir bizə, nəyisə xatırladır, olduğumuz dünyadan nəyisə bizim üçün kəşf edir, vəssalam. Əsl mahiyyət bu olmamalıdır, Orta əsrlərdə yaranmış, hardansa sızıb gəlmiş mətnlərin külü hələ də istidir, nələrsə bu közün, bu külün içində xatırlanıb yada düşür, nələrsə yenidən tutaşıb yanır, bu yer üzündə əbədi köçəri şeylərin külü qalır ancaq... Nəsə nəyisə xatırladır, hər bir mətn yalnız köçüb gedəndən sonra işarəyə dönür, bu işarə həmin mətni, yaxud mətnlər sırasını əvəz edir. Bu dünyada ən güclü şey elə o işarənin özüdü, həmin mətnlər dövr edib geri qayıdanda işarələr də başqalaşır, mətnlər haqda təsəvvürümüz dəyişir, bir mətn artıb çoxalır, budaqlanır, ta ölümə qədər...

 

 

Cavanşir YUSİFLİ

Ədəbiyyat qəzeti.- 2019.- 26 oktyabr. S. 30-31.