2018 - "Tarixin
sonu"nu
inkar edən daha bir il
Yola
saldığımız 2018-ci il daha
çox Cümhuriyyət ili kimi yadda qaldı. Şərqdə
ilk demokratik respublika kimi öz yerini tutmuş Azərbaycan
Cümhuriyyətinin 100 illiyinin 2018-ci ildə geniş qeyd edilməsi
məqsədilə il boyu tədbirlər
keçirildi, silsilə məqalələr yazıldı,
konfranslar təşkil olundu. Cümhuriyyət
qurucularının hər birinin yad edilməsi, xidmətlərinin
önəmsənilməsi baxımından bu tədbirlərin
müstəsna rolu oldu.
Ötən
il əlamətdar olan digər hadisə
ümummilli lider Heydər Əliyevin anadan olmasının 95
illiyi idi. Yubiley ölkənin bütün sahələrində
qeyd edildi. Nizami Gəncəvi adına Ədəbiyyat
İnstitutu da Heydər Əliyevin yubileyinə "Heydər Əliyev
obrazı ədəbiyyatda - tarixi gerçəklikdən milli
ideala" adlanan kitabla (elmi redaktoru akademik İsa Həbibbəyli,
məsul redaktoru müxbir üzv Tehran Əlişanoğlu)
töhfəsini verdi.
Ötən
il Anarın 80, Elçinin 75, Ədəbiyyat
İnstitutunun 85 illiyi qeyd edildi. "Ədəbiyyat
qəzeti"ndə hər üç yubiley xüsusi
buraxılışla qeyd olundu.
2018-ci il gözlənilməz bir hadisənin
rezonansı ilə də yadda qaldı. Müşfiqin
sümüklərinin tapılması ilə bağlı məsələ
uzun müddət ölkə mediasını zəbt etdi.
Bütün mətbuatı skelet fotoları
bürüdü. Məsələ
komissiyanın yaradılması və yekun rəyin onlara həvalə
olunması faktı ilə yekunlaşsa da, hər halda prosesin ətrafında
fikir mübadilələri uzun müddət davam etdi. Proseslərin aktuallandığı məqamda
çoxsaylı məqalələr yazıldı. Ədəbiyyatın baxışı həmişə
fərqli olub. Hələ söhbət
Mikayıl Müşfiq kimi şairdən gedirsə.
Ötən il yazıçı-esseist Günel
Eyvazlının yazdığı "Alnımda göynəyən
güllə yeri" məqaləsi bu baxımdan fərqlənən
baxış sərgilədi. Günel Eyvazlı
Müşfiq məqamını predmet seçərək
ümumilikdə xəyanət amilini ədəbiyyatlaşdırdı.
Sənətkara edilən qibtə hissi, Salyeri kompleksindən əziyyət
çəkənlərin böyük insanları öz yolunun
üstündən götürmək üçün etdiyi rəzilliklər
bu məqalədə müxtəlif nümunələr əsasında
obrazlaşdırılsa da, əsas hədəf Müşfiq
ömrü, Müşfiq taleyi idi: "Bəlkə, kim
olursa-olsun, araşdırmadan, tədqiqat aparmadan dəfn edək?
Onun yox, bu dünyadan getmiş Müşfiqin ruhu yox, bizim -
bizim narahat ruhumuzun əvvəl-axır dinclik tapması
üçün!
Silahlar indi daha sərrastdır. Eyni anda ard-arda atəş
açmaq mümkündür. Şəxs
yerə yıxılmamış havadaca dəfələrlə
güllələnə bilər. Sizcə,
ikinci gülləni alnına vurana qədər Müşfiq
ayaq üstə dayanmışdımı? Yoxsa əmrə
müntəzir olan əslən azərbaycanlı əsgər
şair yerə yıxıldıqdan sonra, şairin
ölümünə əmin olmaq üçün ona yaxınlaşıb yenidən
alnından atəş açmışdımı? Adam
sağdır, ondan xəbər alın!".
Roman. Ədəbiyyatın
qarşılaşdığı əsas problem gerçəklik
və ona yanaşma tərzidir. Bugünkü
ədəbiyyat yeni tipoloji hadisədir. Yalnız
ictimai-ideoloji mühitin, ədəbi-bədii, estetik-mənəvi
dəyərlərin təbəddülata uğraması deyil,
daha dərin izahları olan məsələdir. Çağdaş ədəbiyyat daha çox Qərb-dünya
ədəbiyyatının təsirində var-gəl etmədədir.
Belə bir hal, təbii ki, M.F.Axundzadə
zamanından başlayaraq, realizm və romantizm
poetikasının mükəmməl, milli keyfiyyətləri
ehtiva edən XX əsrin əvvəlləri üçün də
xarakterik idi. Amma həmin dövrlərdə
yazıçılar dünya nəsrindən birbaşa milli
problematikaya nüfuz üçün yararlanır,
dövrün maarifçilik, qadın azadlığı,
mövhumatla mübarizə məsələlərini qabartmaqla
problematik zərurətdən estetik müəyyənliyə qədər
yol gəlirdilər. Bugünün də
öz çeşidli problemləri var, amma yazıçı
özünü bunlardan azad edib. O, özünü
hansısa sosial sifarişin ruporu olmaqdan arındırıb. Məti
Osmanoğlu ötən il "525-ci qəzet"də
jurnalistin ona ünvanladığı "İndi yaranan bədii
mətnlərin çatışmayan əsas cəhəti nədir,
- sualına belə cavab verir: "- Mənə elə gəlir
ki, bugünkü həyatımız, həyatın ritmi, ahəngi
çatışmır. Ədəbiyyat, sanki
daha çox həyatdan kənarda nələrisə
axtarır. Mən müasir ədəbiyyatda
özümün, müasirlərimin həyatını,
problemlərini, sevinclərini, faciəsini nə dərəcədə
görə bilirəm? Məsələ budur!". ("İndi yaranan mətnlərdə
həyatın ahəngi çatmır" (Məti
Osmanoğlu ilə müsahibə. "525-ci
qəzet", 30 iyun 2018).
Məti Osmanoğlunun vurğu saldığı məqam
çox əhəmiyyətlidir və insanın zamanda yeri ilə
bağlı ideyanın nəsrimizdə işləkliyi
baxımından düşündürür. Bu gün ədəbiyyat
daha çox simvolların dili ilə danışmağı tərcih
edir. Tarixə dönüş, mifolojiyə meyil, irreal aləmlər,
fantastik dünyalar, fövqəltəbii qüvvələrin
aparıcı olması... Ədəbiyyat daha çox təhtəlşüura
enib, ədiblərimizin yaradıcılıq ruhu daha dərinlərə
varıb, mifoloji kontekstin fərqli təzahürləri verilir.
Ötən il nəsrdə bu tendensiya yenə
də qabarıqlığı ilə seçildi. Meydana qoyulan romanlarda arxetipik motivlər, fləşbek
elementləri, retrospeksiya halları, intertekstuallıq öndə
idi. Bu cəhət roman janrında
yazılan nümunələrdə daha aparıcıdır.
Zahid Sarıtorpağın "Quşların
intiharına ağlamayın", Şərif Ağayarın
"Ağ yel", Sərdar Aminin "Su sərgisi"
romanlarında insanın zamanla dialoqu sirli qatda, paralel dünya
modellərində baş tutdu.
Milli müstəqillik dövrü bizim nəsr və
poeziyamıza çöküş əhvalının bədii
təzahür şəkli kimi gəldi. Bunun səbəbləri
haqda çox danışmağa lüzum yoxdur. Zamanın portretinin təhlükədə olduğu
bir dövrdür, hələ üstəlik, milli insanın
torpaq ağrısından tutmuş, sosial-psixoloji
acılarına qədər çox məqamı içinə
alır. Qeyd edim ki, bizdə dekadans
çalarlar əsasən poeziya üçün daha xarakterik
oldu, nəsrdə bu, o qədər də hiss olunmadı.
Çünki nəsr poeziyadan fərqli olaraq
gerçəklərin təsvirinə o qədər də
köklənmədi. Poeziyada postmodernist təmayülün
şərtlərindən irəli gələn gerçəkliyin
boz, boyasız təsviri önə çıxdısa, nəsrdə
simvolikaya meyil, retrospeksiya halları, zaman
sıçramalarının işləkliyi əsas istiqamət
kimi qabardı.
Nəsrlə bağlı məqalələrimdə daim
aktuallandırdığım bir məqama bu yaxınlarda Qismətin
tərcüməsində oxuduğum - Adam Kirşin "Qlobal
roman - XXI əsrdə dünyanı yazmaq" kitabından təqdim
olunmuş parçada da rast gəldim. Müəllif
çağdaş dünya romançılarının
kökləndiyi özgələşmə kimi mövzudan bəhs
edərək yazır ki, romançıların "bu gün
daha çox pessimist olması - qəddarlıq, özgələşmə
və istismar kimi mövzulara fokuslanması - qlobal roman
yazmağın, əslində, ədəbiyyatın
dünyanı təmsil etmək gücündə olmaq həqiqətinə
kölgə salmamalıdır". Demək
ki, dünya romançıları eyni məqamda birləşirlər.
Bəs necə?! Özgələşmə
çağdaş dünyanın gətirdiyi mövzudursa, onun
həqiqətini də çağdaş dünyada
aramalıyıq. Bu, insanı sürətlə
robotlaşmağa aparan dünya düzəninə
qarşı yazıçının çaldığı həyəcan
təbilidir. Ötən il bu məqam
nəsrin əsas düşüncə və inikas predmetinə
çevrildi.
Yazıçı Qurban Yaquboğlu bu mövzuda
yazdığı "Mən yoxam" romanında məsələyə
daha geniş kontekstdə nəzər yetirməklə onu nəsrimizin
aktual vurğusuna çevirməyi bacardı. "Mən yoxam"! Əsərin adı belə, çağdaş
insanın zamanda yerini göstərmək baxımından
simvolik sayılır. Nəsillərarası
soyuqluq, qan qohumlarının yadlaşması, keçmişlə
qırılan bağın gətirdiyi boşluq insanın həyatında
mənəvi xaosun, nizamsızlığın zəmini olur. "Mən yoxam"
romanında bir şəxsin düşüncələri, mənəvi
aləmi ötən illərin yaddaş
qarışımında açılır. Dünyanın faniliyinə köklənmək,
ömrü boyu xatirə yığa-yığa qurulan
ömür hekayətləri romanın sətirləri
arasından ovuc-ovuc tökülür. Qurban
Yaquboğlu indinin içində keçmişi konkretləşdirir,
retrospeksiya mətnin struktur tərkibində zaman
kateqoriyasının elementi, təhkiyə-diskurs səviyyələrində
meydana qoyulur. Müəllif obrazları,
onların müxtəlif tale yollarını, aqibət və
yaşantılarını çərçivələnmiş
nəql strukturunda birləşdirməyə nail olur.
Sərdar Aminin "Su sərgisi" romanında da əsas
ideya insanı kökünə bağlamağa, inanc və ruh
sisteminin bərpasına yönəlib. Modernləşdikcə
ənənələrindən qopan, ruhu korlanan, robotlaşan,
maddi-texniki dəyərlərə uduzan, təbiət
başlanğıcını itirən, əvəzində
hissizləşən, duyğuları öləziyən,
günah girdabında çabalayan insanın durumu əsərin
ideya-estetik, məzmun-problematika rakursunu, hərəkət
ritmini müəyyənləşdirir.
Hər zaman qeyd etdiyim bir məsələ var. Elə
mövzular var ki, nəsrə gətirilməsi lazımdır,
vacibdir, önəmlidir. Məsələn, Azərbaycanlıların öz tarixi
torpaqlarından deportasiyası (1948-53) mövzusu, repressiya,
cümhuriyyət mövzuları və s. Ötən il Mənzər Niyarlının "Vətəndən
vətənə" povesti ("Azərbaycan" jurnalı,
2019, ¹ 10, 11) repressiya mövzusuna, qəribçilik həyatına
diqqət çəkən əsər kimi nəsrimizdəki
bu istiqamətdə mövcud boşluğu doldurmaq
yönündə atılan çox uğurlu addımdır. Mövzu Mənzər Niyarlı
yaradıcılığı üçün yad deyil. Müəllifin bu mövzuda yazılmış
"Qara örpək" povesti hələ illər öncə
bir çox məqamlara həssaslığı ilə diqqət
çəkirdi. "Vətəndən vətənə"
povestində mövzu şaxəlidir, əsas süjetdən
törəmə xətlər ayrılır: repressiya
dövrünün ağrıları, sürgün həyatı,
məhv olmuş ailələr, gözü yolda qalan
övladlar əsərdən keçən əsas motivlərdir.
Üstəlik, müəllif bura Kamal və Həlimə
arasında sevgi motivini də əlavə edir. Povestdə İkinci Dünya müharibəsinin
insanları aclıq, təkliklə imtahana çəkən dəhşətləri
də yer alır. "Atası vətən xaini,
sürgün həyatı sürən, köçkünlər,
kimsəsizlər üçün tikilən barakların birində
əmisinin himayəsində yaşayan bir qız"...
Bütün çətinliklərə rəğmən
haqsız yerə casus adı ilə damğalanıb
sürgünə göndərilən atasının yolunu
gözləyən Həlimənin iç dünyası, sevən
qəlbi, mənəvi vuruşları əsərdə əsas
təsvir predmeti kimi mənalanır.
Hekayə. Ötən il hekayə ilə
bağlı bir neçə müsabiqə keçirildi. Mir Cəlal
adına beynəlxalq hekayə müsabiqəsi
(qeyd edək ki, müsabiqənin seçilmiş hekayələri
"Azərbaycan" jurnalının 6-cı sayında
işıq üzü görmüşdür), Mahmud
Kaşğarlı adına hekayə müsabiqəsi və s.
Qeyd etdiyimiz kimi, bu gün nəsrin ifadə vasitələrinə
çox yeniliklər daxil olub. Hətta prozaya
adlayan gənc yazarın qələmində belə, bu yeniliklərə,
forma mürəkkəbliklərinə meyil - şüur
axını, fantasmaqoriyaya, retrospektiv
sıçrayışlara aludəçilik qaçılmazdır
və çağdaşlığın göstəricisi kimi
zəruri elementə çevrilməyə başlayıb.
Belə bir durumda Səfər Alışarlı, Əlabbas,
Azad Qaradərəli, Meyxoş Abdulla, Yaşar Bünyad, Təranə
Vahid, Kənan Hacı, Qanturalı, Alpay Azər, Azər Qismət
və digərlərinin realist qələmlə mətnlər
meydana qoyması təkcə yazıçının öz
üslubuna, yazı və ifadə manerasına sadiqliyi deyil, həm
də həyat gerçəklərinin onların nəzərlərində
hələ də əhəmiyyətini saxlaması ilə
ölçülməlidir. Bu
yazıçıların hekayələri cəmiyyət
gerçəklərinin təsviri, fikir konkretliyi və
çağın qabarıq ideyaları üzərindədir.
Əlabbas nəsrinin fokuslandığı müstəvi
dəyişməyib, o, daha çox milli əyalət həyatına
maraqlıdır, milli süjetə sədaqəti ilə
seçilir, xalq dilinin qatları üzərində köklənir. Həyatın
küncə sıxışdırdığı insanlardan
yazır, onların ağrılarını, bu
ağrıları yaradan səbəbləri təsvir predmetinə
çevirir. Yaşar Bünyad nəsrimizə
gec gəlsə də, ard-arda yazdığı hekayələrlə
seçilə bildi, hazırkı səs çoxluğu, motiv
və intonasiya qarışıqlığında
özünün nəsr dili, nəql texnikası, mövzuya
yanaşma özəlliyi ilə fərqlənməyi
bacardı. Yaşar Bünyad insanların
sosial problemlərini, yaşamaq uğrunda mücadiləsini,
müharibə fəsadlarını günün təhkiyəsinə
gətirməyə çalışır. Daha çox mənəvi dəyərlərin
qürubunu bədii mətnlərində
obrazlaşdırır və dəyərlərə
baxışı dəyişən, ailə bağları
qırılan, cəmiyyətə, doğulduğu məkana
özgələşən fərdin problemlərini qabartmaq,
saxta əxlaqi qaydalara, sosial normalara qarşı
çıxmaqla fərqli bir dünyagörüşdən
çıxış edir.
Görünür, meqapolisin problemləri artdıqca kəndə
qayıdış sevdası daha qabarıq önə
çıxmaqdadır. Özü də
yazıçılarımız bu mövzunu daha səriştə
ilə qələmə alırlar. Əlabbasın
"Arvanada dəfn" hekayəsi də mövzunun uğurlu
bədii həllini verən mətn idi. Yaşar
Bünyadın "Quşlar qayıtdısa..." hekayəsində
də müəllifin düşüncə sırası
insan-təbiət münasibətlərinə qədər
varır, atalar və oğullar problemi, laxlayan patriarxal dəyərlərə
etiraz ruhu ilə bitkinlik qazanır.
Ümumiyyətlə, bu hekayələr dəyərlərin
dayanıqlığına illüstrasiyadır. Qapalı ənənəvi
dünya və onun insanları.. İnsanların doğulduqları yurda
bağlılığı, ailə dəyərlərinə əhəmiyyəti,
kökə, mentallığa sadiqlik əsas
çalarlardır. Yazıçı bu dəyərlərdən
və vəziyyətlərdən yola çıxaraq daha yan
motivlərin törəməsinə yol açır. Sosial motivləri qabardır, özgələşmə
məsələlərini diskursa çevirir, müharibə
illərinin dramatizmini önə çəkir.
Çağımızın
həqiqətidir, XX əsrin sonlarından başlayaraq ədəbiyyat
ideya böhranı üzərindədir, dünyanı
ağır ictimai-siyasi və mənəvi kataklizmlərdən
xilas edəcək ali niyyət və ideallar
zəminində idrak etməkdədir. Günel
Şəmilqızının "Qəhrəman" hekayəsi
bu mənada, bəşəriyyəti dəyişməyə
yönəlmiş ideya ədəbiyyatının bir nümunəsi
kimi təcəssümlənir. Orxan Fikrətoğlunun
ötən il çap olunan hekayələrində
klassik nəsr problematikasının - müsəlman fanatizminin
ironik planda aktuallanması, Orta əsr dini təfəkkürünün
diriliyinə işarələr yer alır. Məsələn,
müəllifin "Dəccal" hekayəsinin
düşüncə aktı birbaşa bu olmasa da, kontekst, həm
də vurğuladığımız məqamdan keçir.
Lakin uğur mətndə motivasiyasını
tapan həyat hekayətinin seçilməsində deyil,
bütünlükdə struktur məzmunu və kompozisiya əhatəliyindədir.
Müəllif bir neçə janr elementindən istifadə
edir: satirik tərzdə başladığı hekayəni
getdikcə dram, sonra isə faciə hüdudunda yanaşı gətirir.
Mübariz Cəfərlini daha çox problematika - yetkin şüur,
özünü dərk edən fərd məsələləri
düşündürür. Yazıçının ötən
il "Azərbaycan" jurnalında
çap olunan hekayələrində müəllif irfan
düşüncəsi, insanın katarsis prosesini ideal və
real təzahürlərində mətnə gətirməyə,
dərinlərinə varmağa çalışır, ruhla
cismin bağlılığı ideyasını təcəssüm
etdirir.
Elçinin
son dövr nağıllar adı altında təqdim etdiyi hekayələrdə
predmet, təsvir ünvanı nəbatat, heyvanat aləmi -
ağac, kol, quş və s. olsa da, təhkiyənin
arxasında həyatın özü, duyğular aləmi, insan
görünür. Yazıçı günü-gündən
ucuzlaşan, dəyərini itirən bu dünyada sevgi
mövzusunu daha fərqli düşüncə sferasında təqdim
edir, insana dair ali hisslər ağaclar,
quşlar üzərinə köçürülməklə,
orijinal bədii interpretasiyada təqdim olunur.
Bu məqamda bir məsələyə də diqqət
yetirməyə dəyər. Milli həyatımızın
təzadları ədəbiyyatımızın daxili məzmununa
çevrilə bilirmi? Bunu yazıçıların
özləri dəfərlərlə belə izah ediblər:
indi həyat ədəbiyyatı geridə qoyur, baş verən
reallıqlar sənətdəki reallığı üstələyir.
Bəlkə bu gün yazıçının,
şairin darıxmağı, depressiyaya düşməsinin səbəbi
budur? Həyat acılarını dəf edə
bilməmək? Axı ədəbiyyat həm də
işığı tapmaq və ora tuşlanmaq sənətidir...
Poeziyamızda da daha çox eyni obraz funksionaldır. Düzdür,
müəyyən istisnalar var, hətta ənənəvi
mövzu rakurslarından yanaşsaq, burada vətən, sevgi,
Tanrı bağlı şeirlərin patetik ifadəsindən
tutmuş romantik-lirik qəhrəmanın
sızıltılarına qədər hər növ
yanaşmaların olduğunu görəcəyik. Məsələ də məhz bunda, yanaşma fərqindədir.
Belə ki, bu gün yeni estetika vəd edən, fərqli forma və
ideya məfhumlarının uğurlu sintezini yaradan Hədiyyə
Şəfaqət, Orxan Bahadursoy, Fərid Hüseyn,
Könül Arif, İntiqam Yaşar, Tural Turanın şeirlərinin
qəhrəmanı qarşısında İlham Qəhrəmanın
ötən il çap olunmuş "Ağlama, qələm
eşidir" kitabında xalq şeiri müstəvisində
meydana çıxan mətnləri, Faiq Hüseynbəylinin sevən,
mənəvi-ruhi-ilahi məxrəcə köklənən
romantik fiquru, Rəbiqə Nazimqızının qadın
yaşamını, onun sosial statusunu yeni təqdimat formasında
görükdürən nümunələri heç də
aciz görünmür. Yaxud Şəhriyar del Geraninin "Mənim
ixlasım" və "Setara" şeirlərində,
Ümid Nəccarinin "Qaranlığın fotosu"
kitabında, Emin Pirinin "Venesiyaya məktublar"ında,
Ulucay Akif və Eminqueyin son dönəm mətnlərində ehtiva
olunan mədəniyyət qatının gücü həm də
onunla əlamətdardır ki, şeirin stixiya ilə deyil,
özünəqədərki poetik-estetik təcrübəsini
şair "mən"inə adlatmağa nail olur.
Poema janrı ilə bağlı meydanda olan boşluqdan əvvəlki
məruzələrimdə də dəfələrlə
çıxış etmiş, bunun səbəblərini şərh
etməyə çalışmışam. Ötən il
bu istiqamətdə müəyyən addımlarla yadda
qaldı. Nəriman Həsənzadənin Milli Qəhrəmanımız
Mübariz İbrahimova həsr etdiyi "İstiqlal əsgəri",
Sona Vəliyevanın "Səmərqənd - "Gur
Əmir"də düşüncələr" və
"Səmərqənddə Usta Əlinin türbəsi
önündə" adlı lirik poemaları, Fərid
Hüseynin "Səmərqənd divanı" adlı poetik silsiləsi, xüsusilə,
tarixi mövzunun poetika axtarışlarının istiqamətini
ifadə etməyə imkan yaratdı. Bu gün
poema janrı müəyyən nümunələr
timsalında keçmişimizin miyqaslı hadisələrinə
yenidən qayıdır, tarixi şəxsiyyətlərimizin
obrazını, şanlı türk epoxasını yaradan sərkərdələrin
daxili güc və əzəmətini lirik-epik janrın
sınağında təcəssümə
çalışır.
Tənqid və ədəbiyyatşünaslıq. Ədəbiyyat tarixinə
yeni baxış, onun inkişaf yollarının və mərhələlərinin
elmi-nəzəri baxımdan təhlilə cəlb olunması məsələsi
ötən il akademik İsa Həbibbəylinin "Ədəbiyyat
tarixi konsepsiyası" ilə bağlı davamlı
yazdığı məqalələrdə prioritetə
çevrildi. Cavanşir Yusiflinin "Formanın müqəddəs
sirri" adlanan yazılarda, Nizaməddin Mustafanın
"Səhv nəzərləri sərf-nəzər etmə
vaxtı" adlı silsilə mətnlərdə tədqiqatların
əsas mündəricəsi oldu. Eləcə də
bəzi müəlliflərin yazılarında ədəbiyyat
tarixi ilə bağlı bir çox məsələlər
predmetə baxışın çağdaşlığı
ilə seçildi. Məsələn, "Ədəbiyyat
qəzeti"ndə təqdim olunan Niyazi Mehdinin "Janr
kodlarının kodlaşdığı iki Azərbaycan",
Rahid Uluselin "Ənəlhəq", Azər Turanın
"115 yaşlı "Hali-vətən",
"Poeziyamızın mifi - həpsi rəngidir",
"Şerim sonsuz, fikrim fəzalar qədər dibsiz -
Mikayıl Rəfili", "Azərbaycan"
jurnalının birinci və ikinci saylarında çap olunan Qorxmaz Quliyevin
"Kontekst və kod" məqalələri və s. bu kimi mətnlər
ədəbiyyatımıza yeni, fərqli baxışın
nümunələridir.
"Ədəbiyyat
qəzeti"nin müzakirə saatında diskurs predmetinə
çevrilən "Azərbaycan Cümhuriyyəti: tarixi,
siyasi və ədəbi-fəlsəfi aspektləri ilə",
"Repressiya: gizlin və gerçəkləri ilə",
"Cənubi Azərbaycan ədəbiyyatı: tarixdən bu
günə" kimi müxtəlif mövzulu məsələlərin
şərhində məqsəd ötən illərin prosesində
hansı durulmalar getdiyini, onun dərki, idrak və şərh
üsullarında baş verən
köklü dəyişmələri ortaya çıxarmaq
oldu. Tarix ondan aralandıqca keçmişə
daha uzaq və uca nəzərlərlə baxışın
predmetinə çevrilməlidir. Əks təqdirdə,
bizə qalan ya yerində saymaq olacaq, ya da abidə sənətkarımıza
və sərvətlərimizə uzanan əl və dil
haramzadalığına baxıb köks ötürmək. Bizim olanlara sahib
çıxmasaq ərazimiz kimi tarixi-etnik
yaddaşımızı da itkilərə məruz qalmaq təhlükəsi
gözləyir. Bu baxımdan, şərqşünas alim
Səadət Şıxıyevanın ötən il
"Ədəbiyyat qəzeti"ndə "Azərbaycan
şeirinin qərib səhifələri" adı ilə təqdim
etdiyi silsilə yazıları milli ədəbiyyatımızı
bütün tərəfləri ilə görməyə,
tanımağa imkan yaradan mətnlər kimi estetik
özünüdərk faktıdır. Orta əsrlər Azərbaycan
şeirinin tədqiqi və təbliğində mövcud
problemlərə toxunan bu məqalələrdə Səadət
xanım tutarlı faktlar, qaynaqlara istinadən anadilli Azərbaycan
poeziyasının divan və fəlsəfi şeirinin
bünövrəsinin qoyulmasında xidmətləri olan
hürufi şair Rəfii, Qənbəroğlu və Xoca
Dehhanidən Azərbaycan ədəbiyyatının nümayəndələri
kimi bəhs edir.
Anarın beşcildliyinin ilk cildi kimi nəşr
olunan "Söz dünyası" kitabı bütöv ədəbi
epoxanı əyaniləşdirən yazıları içinə
almaqla konkret zaman görüntülərinə fokuslanır,
burada ədəbiyyat tarixi, klassika və çağdaş
nümunələrin kəsb etdiyi mahiyyət və
ölçülər təcəssümlənir. Belə də olmalıdır, Anarın söz
dünyası yazdıqlarının içərisindədir,
onu yaşatmağın, bugünün ixtiyarına verməyin
yolu bu mətnlərin cəmiyyətin intellektual dairələrində
rezonansını və mənasını tapmasından
keçir.
Ötən
il AMEA-nın müxbir üzvü Tehran
Əlişanoğlunun təsisçisi və baş redaktoru
olduğu "Tənqid.net" jurnalının 12-ci sayı
(2016-2017) işıq üzü gördü. "Müstəqil
Azərbaycanın müstəqil ədəbiyyatı və müstəqil
ədəbiyyat elminin 25 illiyinə" həsr olunan jurnalda əsas
hədəf cari ədəbi prosesə müxtəlif aspekt və
baxış bucaqlarından nəzər yetirmək, müstəqilliyin
yaratdığı imkanlardan açılan mənzərələri,
fikir və ideya dünyamızı, düşüncə
arsenalımızı görükdürmək idi.
Ötən
il ədəbi tənqiddə də yubiley
ab-havası yaşandı. Mir Cəlalın 110 illiyi ilə
bağlı "Azərbaycan" jurnalının
dördüncü sayında Nizami Cəfərov, İntiqam
Qasımzadə, Nəriman Həsənzadə və Təyyar
Salamoğlunun məqalələri yer aldı. Vaqif Yusifli, Azər
Turan, Cavanşir Yusifli, Rüstəm Kamal, Məti Osmanoğlu, İntiqam
Qasımzadənin yubiley yaşları ölkə mətbuatında
geniş qeyd olundu. Adıgedən şəxslərlə
bağlı meydanda mötəbər söz səsləndirmək
əzmini də elə tənqidçilərin özləri
nümayiş etdirdi. Diqqət edək: Elnarə Akimovanın "Vaqif
Yusifli - ədəbiyyatımızın isti qanı",
"Rüstəm Kamalın ədəbiyyat dili", "Məti
Osmanoğlunun yaddaş və zaman mətnləri",
"Cavanşir Yusifli - ən gözəl tale
adamı"; İradə
Musayevanın "Əşyaların ruhunu görən
adam" (Rüstəm Kamal haqqında), "İntiqam
Qasımzadə və yaxud: sonuncular...", "Ədəbi tənqidimizdə
Vaqif Yusiflinin yeri"; Rüstəm Kamal haqqında Nizami Cəfərovun
"Miqyaslı və obyektiv", Azər Turanın
"Böyük sirrin yenidən oxunuşu", Məti
Osmanoğlunun "Sözün o üzündəki gerçək",
Tehran Əlişanoğlunun "Rüstəm Kamal haqqında
xəyalat"; Məti Osmanoğlu haqqında Rüstəm
Kamalın "Ədəbiyyatın dilini bilən adam"; Azər
Turan haqqında Rüstəm Kamalın "Azər Turan həqiqəti",
Vaqif Yusiflinin "Türk düşüncəsinin irfan
çobanı" məqalələri və s. ədəbi tənqidin
daha çox təhlil və müqayisə məqamlarını
önə çəkməklə bərabər, dünənlə
bugünün təcrübələrinin
qarşılaşdırılmasının üzərinə
vurğu salmaq, ədəbiyyat tarixi, tənqid, ədəbi
proses barədə daha geniş elmi-nəzəri təsəvvürlər
əldə etmək cəhdi ilə önəmli
görünürlər.
Kamal Abdulla ötən ildən başlayaraq "Ədəbiyyat
qəzeti"ndə çap etdirdiyi "Əvvəl-axır
yazılanlar" essesi ilə janrın dinamikliyinin
qorunmasını təmin edir. O, narrativi mifin, Antik dövr mədəniyyətinin
içində qurur, nəzər nöqtəsini həmin qatdan
müxtəlif dövrlərin ədəbiyyatına və
şəxsiyyətlərinə, deyək ki, Füzuli, Cavid,
Ə.Haqverdiyev sənətinin fəlsəfi-estetik mahiyyətinə
adladaraq psixi-altşüur, duyğu-təəssürat
laylarına, mistik çevrələrə daxil olmağa,
yaradıcı şüur, təxəyyül üzərində
kəşflər aparmağa çalışır.
Əlbəttə, indi esse janrının inkişafı
ilə bağlı problem yoxdur. Əksinə, daha
çox şaxələnib, mövzu və əhatə spektri
genişlənib, estetikası və poetik biçimi dəyişib.
İndi hər hansı əsərin, filmin təhlili
daha çox esse janrının tələbləri çərçivəsində
baş tutur. Məsələn, tənqidin baxım tərzi,
rakursunu, ifadə-dil mənzərəsini yeniliyə kökləyən
Mətanət Vahidi, Ülvi Babasoyu, son instansiyada - ədəbiyyatda yeni olmasına
baxmayaraq düşünmə və ifadəolunma tərzinə
görə seçilən Cahan
Seyidzadəni, Rəvan Cavidi, Orxan Həsənini göstərə
bilərik ki, yazılarında sənət, mətn,
sözün və insanın taleyi haqqında fəlsəfi çevrə yaradır, bugünün nöqteyi-nəzəri,
praqmatikası baxımından şərhinə
varırlar.
Son zamanlar yazıçılarımızın ölkəmizdən
kənarda qazandığı uğurlar ədəbiyyatımızın
təbliği baxımından çox əhəmiyyətlidir. Varisin Rusiya
Federasiyasının Soçi şəhərində Avrasiya
materikinin "LiFFt-2018" ədəbiyyat üzrə
üçüncü festivallar festivalının baş
mükafatına layiq görülməsi sevindirici
faktlardandır. Kamran Nəzirli illərdir Belarus
ilə qarşılıqlı əməkdaşlığı
davam etdirir. Yazıçılarımızın
əsərləri Türkiyə, Moskva, Misir, Almaniya, Amerika və
başqa hüdudlarda çap olunur. Elçinin
"Baş" romanı Misirdə nəşr edildi.
Sabir Rüstəmxanlının ötən il
iki kitabı Almaniyada çap olundu. Qəşəm
Nəcəfzadənin Moskvada müxtəlif dillərdə
kitabları işıq üzü gördü. Gənc
şairlər - Fərid Hüseynin ötən il
çap olunmuş "Səmərqənd
divanı"nın Özbəkistanda keçirilmiş təqdimatı
poetik fikrimizin yayılma arealının genişlənməsinə
şahidlik edən nümunədir. İntiqam
Yaşar, Tural Turanın Özbəkistanla qurduğu əlaqə
və bu əlaqələrin davamlı olmasını göstərən
xəbərlərin təqdimi yeni nəsil ədəbiyyatımızın
sabahı ilə bağlı perspektiv vəd edir.
Amma bu məqamda bir məsələyə
toxunmağın yeri var, düşünürəm. Dünyanın
hər yerində mənbə kimi qəbul olunan nəzəriyyə
kitabları mövcuddur. Bizdə isə belə
kitabların tərcüməsi hələ meydanda yoxdur.
Eləcə də milli ədəbiyyatımızda
seçilən elmi-nəzəri mətnlərin, dünya ədəbi-fəlsəfi
cərəyanların təhlilini verən məqalələrin,
düşüncə və fikir intibası yaradan nümunələrin
tərcümə edilib Qərbə inteqrasiyasını
stimullaşdırmaq gözəl olmazmı? Tərcümə Mərkəzimiz bu cür vacib məqamları
nəzərə alsa, elmi-nəzəri arsenalımızın
sınırlarını genişləndirmiş olar. Məsələn, bu yaxınlarda "Alatoran"
yayınlarında Qorxmaz Quliyevin tərcüməsində
Mişel Fukonun "Sözlər və nəsnələr"
(Numanitar elmlərin arxeologiyası) kitabı işıq
üzü gördü. Bu, əsl mədəniyyət
hadisəsidir. Peşəkar əsər, peşəkar tərcümə
və səviyyəli nəşr! Belə tərcümələri
mümkün qədər çoxaltmaqla ədəbiyyata səmərə
verə bilərik. Yoxsa "dünya ədəbiyyatı"
deyibən bir ox ətrafında firlanmaqla deyil ki. Gərəkdir ki, bunun
çağdaşlığını, təzahürlərini
də verəsən.
Müxtəlif dillərə tərcümədən
danışdıq. Həm də ədəbiyyatın dili
birdir, deyirik. Tərcümənin vacibliyi də
bu birgəliyi duymaq, ortaq estetik məhvərdə
görüşmək üçün vacibdir. 1982-ci ildə
Bakıda keçirilən məşhur beynəlxalq
konfransın adı belə adlanırdı: "Ədəbiyyatın
dostluğu, xalqların dostluğudur"! Bu
fikir əbədidir, heç zaman gücünü itirməyəcək.
Ötən il Karlos Fuentesin belə bir
fikrini oxumuşdum: "Əgər mən öz mədəniyyətimin
bacardığı hər bir şeyə, əsasən də
məqsədlərinə, fəaliyyətinə
bağlıyamsa, onda sivilizasiyaların toqquşması
erasında yaşayırıq tezisini qəbul edə bilmərəm.
Çünki beynimdəki bütün sivilizasiyalar
mənimdir. Onlar dalaşmırlar, danışırlar,
bir-birilə söhbətləşirlər, ruhumun lap dərinliklərində
ünsiyyət qurur, həm sevincin, həm də kədərin
nisbiliyini, geri düşsə də, həmişə
mövcud olacaq olanı (mənim qədimi Yerli və İslam
mədəniyyətlərimi) qucaqlayır, özünü əbədi
sayana (varlığımın qərbli, xristian izlərini)
sahib çıxırlar. Və bütün
bunların görüşdüyü nöqtələri -
hamımızın içindəki söz, düşüncə,
yaddaş və fantaziyaya xeyir-dua verməyin
lazımlılığını anlamaq üçün
mübahisə edirlər. Bizdən istəyirlər
ki, sivilizasiyaların dialoquna qoşulaq və tarixin sonunu inkar
edək. Biz son sözümüzü söyləmədikcə,
tarix necə sona çata bilər?".
Ədəbiyyat
tarix və insanın "son" problematikasından
qurtulması üçün var olmalıdır! Hər
şeyin bir sonu olsa da, tarixin sonu mədəniyyət
yaradanların əli ilə dayandırıla bilər!
Çünki Romen Rollana inansaq, "yaratmaq ölümü
öldürmək deməkdir"!
Elnarə AKİMOVA
Ədəbiyyat qəzeti.- 2019.- 7 sentyabr.- S.6-7.