Azərbaycan şeiri – 2018
Bəzi qeydlər
2018-ci ilin poeziyası haqqında qətiyyən bədbin
olmağa dəyməz, Azərbaycan şeiri poeziyamızın
yaşarı ənənələrinə bağlıdır,
eyni zamanda, müasir şeir mədəniyyəti, həyatı,
gerçəkliyi inikas nöqteyi-nəzərindən də
yeni, novator keyfiyyətləri ilə diqqəti cəlb edir. Əlbəttə, bir ilin
şeirləri haqqında danışmaq, icmal səciyyəli
bir yazıda şeirlə bağlı bütün problemlərdən
söz açmaq çətindir, gərək şeirimizin bir
ildə hansı uğurlara nail olmasından danışaq,
ayrı-ayrı mövzulara toxunaq, şeirimizin sənətkarlıq,
dil-üslub məsələləri ilə bağlı məqamlara
diqqət yetirək, müxtəlif nəsilləri təmsil edən
ayrı-ayrı şairlərin şeirlərindən misallar gətirək,
şeirimizdə bizi razı salmayan, nəzmkarlığa,
şeirbazlığa, qrafomaniyaya aid qüsurları da etiraf edək,
hələ üstəlik, bütün bu məsələlərə
elmi-nəzəri prizmadan da yanaşaq.
1. Müasir Azərbaycan poeziyasının ən
yaşlı nəsli keçən əsrin otuzuncu illərində
dünyaya gələn, əllinci illərdə ilk şeirləri
və ilk şeir kitabları nəşr olunan,
altmış-yetmişinci illərdə ədəbiyyat aləmində
etiraf olunan, sonrakı onilliklərdə isə poeziyada
öncüllər sırasında olan şairlər nəslini
xatırlayaq.
Doğrudur, indi onların əksəriyyəti
dünyalarını dəyişiblər, ancaq o nəsildən
Nəriman Həsənzadə, Fikrət Qoca, Yusif Həsənbəy,
Eyvaz Borçalı, Musa Yaqub, Məmməd İsmayıl - bir
sözlə, yaşı səksəni keçən və ya
səksənin astanasında olan şairlərimiz yenə eyni
şövq ilə yazıb-yaradırlar. Fikrət
Qoca bəlkə hər gün şeir yazır, poeziya onun vərdişinə
deyil, söz demək ehtiyacına çevrilib. Nəriman Həsənzadənin şeirlərində
isə ötən illərdə yazdığı ən
yaxşı şeirlərin rahiyəsi duyulur. "Sinəm-stolüstü qalın kitabdı, Hər
gün varaqlayıb oxuyuram mən" - bu qalın kitabı
biz də varaqlayırıq və 88 yaşlı bir şairin
poetik enerjisinə heyrət edirik. O, həyatda, cəmiyyətdə,
təbiətdə, insan münasibətlərində baş
verən heç bir hadisəyə biganə qalmır, Cocuq Mərcanlı
şagirdlərinə üz tutur, Aprel döyüşlərində
həlak olanlardan da söz açır, sevgi şeirləri də
yazır, 37-ci ilin repressiya qurbanlarını da yad edir,
doğulduğu Poylunu da unutmur. Məmməd İsmayıl Vətəndə
yaşamasa da, Vətən havalı şeirləri ilə mətbuatda
sözünü deyir: "Qəribi qürbətin
qadını sevməz, Sevsə, olsa-olsa, torpağı sevər".
Nəriman Həsənzadə kimi Məmməd İsmayıl
da yaşa dolduqca içindəki poetik enerjini sönməyə
qoymur.. Son illərdə də
o şedevrlərin sırasına yeniləri qatılır.
Xüsusilə, "Qürbət haradı bilsən",
"Qapı", "Niyə beləsən, Vətən"
şeirləri... Musa Yaqubun son şeirlərində isə
şair ömrü ilə bağlı bəzi etiraflar səslənməkdədir
ki, bu etirafları həmin nəslin dilinə gətirmədikləri,
amma ürəklərində o hissləri, o duyğuları
yaşatdıqları qənaətindəyik:
Bir
yorğun torpağam, dincə qoyulmuş,
Daha əkilməyim, biçilməyim yox.
Köhnə
qarağacam, içi oyulmuş,
Bir də
körpülənib keçilməyim yox...
...Hanı
bu dünyanın sevgi tərəfi?
İnsanın insana ərki tərəfi?
Hanı
dan üzünün ağ tərəfləri,
Dövrünün qızılı çağ tərəfləri?
Şeirimizin
ikinci bir yaşlı nəsli də var ki, onların ədəbiyyata
gəlişi altmışıncı illərin
sonlarına-yetmişinci illərin əvvəllərinə təsadüf
edir - Firuzə Məmmədli, Ramiz Rövşən, Sabir
Rüstəmxanlı, Çingiz Əlioğlu, Vaqif Bayatlı
- bu şairlər poeziyada müxtəlif üslubları təmsil
edirlər. Sabir Rüstəmxanlı 1967-ci ildə
yazdığı məşhur "Vətən"
şeirinin intonasiyasına indiyə qədər sadiqdir və əgər
müasir Azərbaycan poeziyasında vətənpərvərliyin,
azərbaycançılığın, milli birlik
ideyasının necə təcəssüm olunduğunu izləsək,
Bəxtiyar Vahabzadə, Xəlil Rza Ulutürk, Məmməd
Araz isimləri ilə yanaşı, Sabir Rüstəmxanlının
da adını bu sırada görürük.
Heç inanmağımız gəlmir ki,
"böyük şair olmağı bir kimsədə
şübhə doğurmayan" (Anar), sözün əsl mənasında
bir şair kimi populyarlığını qoruyub saxlayan Ramiz
Rövşən artıq yetmiş iki yaşındadır. Amma
yaşın şair ömrünə və şeirin
ömrünə heç bir dəxli yoxdur. Ramiz Rövşən adi həyat hadisələrini, ən
sadə həqiqətləri - həyat, ölüm, sevgi,
Allah, Dünya və İnsan haqqında duyğularını
poeziya dili ilə, özü də orijinal şəkildə
ifadə edir. Amma burada duyğular və
hisslərlə yanaşı, bir mühüm məqamı da vurğulamalıyıq.
Ramiz Rövşən şeiri həm də bizə məlum
adi həqiqətlərin tamam yeni izahıdır...
2.
Şeirimizdə Qarabağ müharibəsi və onun
doğurduğu itkilər, sosial və mənəvi bəlalar,
itirilmiş torpaq ağrıları haqqında yüzlərlə
şeirlər yazılıb, indi də yazılır. Bu şeirlərin hər birinin vətənpərvərlik
duyğusundan yarandığına qətiyyən şübhə
etmirik. Amma o şeirlərin bir çoxu bədii
keyfiyyət baxımından, hətta ortabab şeir səviyyəsindən
aşağı olduğunu etiraf etməliyik. Bu şeirlərdə bir-birini təkrar edən motivlər,
şablon ifadələr həddini aşır. Əlbəttə, həmişə dərddən
yazmaq olar, necə ki, həmişə Vətəndən, dağlardan,
dənizdən, payızdan yazmaq... amma ənənəviləşən
mövzuya da yenilik gətirmək olar. Təbii
ki, bu, şair istedadı ilə bağlıdır. Vaqif Bəhmənli köhnə ifadə ilə desək,
"məhsuldar" şairdir, amma Vaqif bəzi istisnaları
nəzərə almasaq, həmişə öz poetik səviyyəsini
saxlaya bilir. Onun Qarabağ yanğısından doğan
"Dərd qoşması" dərdin poeziyasını
poeziyanın dərdinə çevirən bir şeir kimi diqqəti
cəlb edir:
Yolunca
saraldı gözümün kökü,
Qalmadı
ürəkdə yağ, Qarabağım!
Başıma
haranın külünü töküm,
Qayıtsın
əzəli çağ, Qarabağım!
Böyürtkən
atlanmır barı üstündən...
Sazaqlar
çartladır narı üstündə!
Çiçəyi
burnunda, barı üstündə,
Çürüyür
tarlanda tağ, Qarabağım!
Fələk
töhmət çöpü təpdi dərimə,
Sən
sönük bir çıraq; səməndəri mən...
Cismimi
Bakıya tulla, yerimə,
Qeyrətli
bir Vaqif doğ, Qarabağım!
Şeirimizdə
Qarabağ mövzusu haqqında düşünəndə istər-istəməz
keçən əsrin doxsanıncı illərində qələmə
alınmış və hər misrasından ümid, inam, qələbəyə
çağırış ifadə edən "Ayağa dur,
Azərbaycan", "Ayağa dur, məmləkətim",
"Qalx ayağa, məmləkətim" (Məmməd Araz,
Xəlil Rza, Zəlimxan Yaqub) şeirləri yada
düşdü. Xüsusilə, xalq şairi
Qabilin o illərin ən haraylı, çağırış
şeirindəki həqiqəti xatırladıq.
"Ümid sənədir ancaq..." şeiri...
Qabilin doxsanıncı illərdə səsləndirdiyi
bu çağırış nidasının həqiqət
olduğunu 2016-cı ilin Aprel döyüşləri təsdiq
etmədimi? Nədənsə,
şeirimizdə belə nümunələrin sayı getdikcə
azalır, amma Ramiz Duyğunun, Rəşid Faxralının,
Əbülfət Mədətoğlunun, Musa Ələkbərlinin,
Rəfail Tağızadənin, Əli Rza Xələflinin, Adil
Cəmilin, Əli Nəcəfxanlının, Rizvan Nəsiboğlunun
bəzi şeirlərində həmin tendensiyanın davam etməsinə
yalnız sevinmək olar.
3. Lirik qəhrəman,
yəni şair fikrən də, ruhən də azaddır. Şairlər bir vaxtlar, sanki içərilərinə
çökmüş dumanı ciyərlərindən
çıxarıb azad nəfəs alırlar. Məsələn, Ağacəfər Həsənlinin
şeirlərində fikir ahəngi ön plana keçməkdədir.
Və onun şeirlərində də yenilik
hissi, "eyni havaya oynamamaq", həyata, dünyaya
düşüncə çevrəsindən yanaşmaq prinsipi
üstünlük təşkil edir.
Ramiz Qusarçaylı bu ədəbi nəslin içərisində
xüsusilə seçilir. Onun nisgilli
"Toy" şeiri sübut edir ki, Ramiz hər hansı bir
hadisəsini poeziya hadisəsinə çevirə bilər.
Daha bir şairdən söz açaq. İnqilab İsaqın
şeirləri barədə həmkarımız Rüstəm
Kamal acı bir təəssüf hissilə yazır ki:
"Ədəbi tənqidin "əyalət" sindromu nəticəsində
dəyərli bir şairin obrazının yetərincə təqdim
olunmaması təəssüf doğurur". Amma
elə Rüstəm Kamal İnqilab İsaqın kitabına
yazdığı ön sözdə bu sindromu aradan
qaldırır və onun şeirlərini layiq olduğu tərzdə
təhlil edir. Yazır ki: "İnqilab İsaqın
poeziyasında bəlağətli deklarasiyalar və yüksək
nidalar səslənmir, sanki sualtı axın şeirin
üstü ilə gedir, sükutu intonasiyanın axarı
üzə çıxarır". Doğrudur.
Və biz təfərrüata varmadan İnqilab
İsaqın "Bir uşaq ağlayır" şeirini misal
gətirəcəyik. Bu şeir bir
qaçqın ananın dilindən söylənilir. Bu şeirdə hüzn və kədər var, amma
ritorikadan uzaq bir kədər. Kədərlənən
təkcə ana deyil, qüssəyə qərq olan həm də
şeirin özüdür, təşbihlər, metaforalar, xitablar
da bu hüznün içindədir.
O uşaq
ağlayır, ovutmayın siz,
İtən yurd yerində yuxusu qalıb.
Yüyürüb
o cıdır, çəmən boyunca,
İçində bənövşə qoxusu qalıb.
O uşaq
aldanmır, vallah, şirəyə
Böyüklər çox zaman aldanan kimi.
O uşaq
ağlayır hey "Şuşam" deyə,
Odlanır dünyaya boylanan kimi.
Tapın
o uşağın oyun yerini,
Bənövşə üzdüyü çəməni
tapın.
Tapın
üç almanı, nağıl yerini,
Tapın,
ay böyüklər, Vətəni tapın!
Kiridin
uşağı, kiridin görək!
4. 2018-ci
ilin Azərbaycan şeirində sənətkarlıq məsələləri
ilə bağlı nə demək olar? Əslində,
çox şey. Vəzn məsələsindən
tutmuş şeirimizin bədii təsvir vasitələrinə
qədər, qoşmalı, gəraylılı,
çoxbölgülü heca şeirindən sərbəst
şeirinə qədər, Avropa şeirindən, türk
poeziyasından gələn təsirləri də unutmayaq,
klassik poeziya ənənələrinə
bağlılığı da...
Qoşma şeir forması Azərbaycan poeziyasında bəlkə
ən davamlı, ən sabit bir ənənənin
mövcudluğunu təsdiq edir. Poeziyada hansı meyillər, təmayüllər
yaransa da, onların hər biri müəyyən müddət ərzində
"populyarlıq" qazansa da, xalq şeirinin milli ruhunu,
özəlliyini qoruyan qoşma hər dəfə yeni nümunələrlə
öz varlığını qoruyub saxlayır. Xüsusilə,
keçən əsrin doxsanıncı illərində, habelə
XXI əsrin əvvəllərində qoşmaya meyil nəinki
azalmış, əksinə, deyərdik ki, maraq bəlkə də
artmışdır. Həm də yeni
qoşmalarda müasir poetik təfəkkür, "köhnə
havada" təzə söz demək diqqəti cəlb edir.
Əlizadə Nurinin bir qoşmasında olduğu kimi:
Haçandı
durnalar uçur canımdan,
Haçandı canımda payızmış, Allah.
Məni
bu dünyanın yadına salan,
Mənim
unutduğum o qızmış, Allah...
Şirin
xəyallırım acını çəkir,
Ölümdü
- kəfənin ucunu çəkir...
...Baxdım
ki, bir söyüd içini çəkir, -
O da mənim
kimi yalqızmış, Allah.
Hər
gün dodağıma baş çəkir adın,
Yanım,
bir az isin, - üşüyən qadın...
...Çərpələng
düzəltdim, o da uçmadı, -
Bu
ömür islanmış kağızmış, Allah!
İndi isə 2018-ci ilin sərbəst şeirləri
haqqında. "Azərbaycan" və "Ulduz"
jurnallarında, "Ədəbiyyat qəzeti"ndə xeyli sərbəst
şeirlər çap edilib. Heca vəznli şeirlərdə
olduğu kimi, burada uğurlu nümunələr az deyil,
şairlərimiz Rəsul Rzadan, Vaqif Səmədoğludan,
Əli Kərimdən, Fikrət Qocadan, Ələkbər
Salahzadədən, İsa İsmayılzadədən, Camal
Yusifzadədən, Çingiz Əlioğludan gələn
yaşarı ənənələri davam etdirirlər. Təbii ki, bu sırada böyük şairimiz Rəsul
Rza ənənələri mühüm rol oynayır. Kimsə inkar etməz ki, Rəsul Rza Azərbaycan sərbəst
şeirinin ən gözəl nümunələrini
yaratmışdır. Biz Rəsul Rzadan
sonra sərbəst şeiri yeni bir düzümə gətirən
Ələkbər Salahzadəni də unutmamalıyıq.
Deməli, Azərbaycan poeziyasında sərbəst
şeir artıq bir ənənə yaratmışdır.
İndi bu ənənəni Tahir Taisoğlu, Səlim
Babullaoğlu, Elxan Zal Qaraxanlı, Qəşəm Nəcəfzadə,
Əlisəmid Kür, Mahirə Abdulla, Fərid Hüseyn, Bilal
Alarlı, Tərlan Əbilov, Dəyanət Osmanlı, Rasim Qaraca,
Aqşin Yenisey, Aqşin Evrən, Xuraman Hüseynzadə,
Könül Arif, Emin Piri, Ümid Nəccari, Səhər, Ramil
Əhməd, Qismət kim sərbəstçilər var.
Özü də əksəriyyəti cavanlardır.
Sənə
parçalı-buludlu bir hava göndərirəm,
Yağış
da yağa bilər;
şimşək də çaxa bilər,
günəş də çıxa bilər.
Sənə parçalı-buludlu bir sevda göndərirəm.
Həsrət
də ola bilər,
nifrət
də ola bilər,
xoşbəxt də edə bilər,
bədbəxt də edə bilər.
Mən hərdən
çox səs-küylü,
hərdən lal-sükutluyam.
Nə qədər
bədbinəmsə,
o qədər
ümidliyəm.
Bir az payız kimiyəm;
parçalı-buludluyam.
"Ulduz"
jurnalının 2018-ci il noyabr nömrəsindən
misal gətirdiyimiz bu şeirin müəllifi Səhər
Əhməddir. Bu şeirdə çox
böyük bir fikir axtarmayın, adi bir insan münasibətinin
təbiət hadisəsi ilə müqayisəsi diqqəti cəlb
edir və hər halda, müqayisə tutarlıdı,
Cavanların sərbəst şeirlərinin əksəriyyətində
qafiyədən əsər-əlamət görmürsən,
amma burada qafiyə də var. Şeirin ritmi də yerindədir.
Və ona görə də bu, sərbəst
şeirdir.
2018-ci ilin şeirləri ilə bağlı bu
yazını da beləcə sona çatdırırıq və
Azərbaycan şeirinin gələcəyinə daha
böyük ümidlərlə boylanırıq.
Vaqif
YUSİFLİ
Ədəbiyyat qəzeti.- 2019.- 7
sentyabr.- S.8.